Dilimizi yaşadanlar
Ədəbiyyatımızda, özəlliklə şeir
tariximizdə folklorun yeri başqa xalqların söz sənətindəkindən
daha böyük, daha önəmlidir. Doğma oğuz dillərində
(Türkiyə və Azərbaycan türkcəsi, türkməncə,
qaqauzca) yaranmış folklor örnəklərini rus şifahi
ədəbiyyatıyla tutuşdurduqda bu daha aydın
görünür. Fikir, duyğu, obrazlılıq, ifadə
əlvanlığı, həyatın ən çeşidli və ciddi məsələlərinə münasibət baxımından
bayatılarımız rus çastuşkalarından
çox-çox zəngindir. Əlbəttə, unutmaq olmaz ki
rus nağıllarından Puşkin, rus folkloru və bizim
"Aşıq Qərib" dastanından Lermontov kimi dahilər
bəhrələniblər, amma bununla belə rus
xalqının şifahi ədəbiyyatı Puşkin və
Lermontovla, Tütçev və Nekrasovla bir sırada dayana bilməz.
Oğuz şeirinə gəldikdə isə, şifahi ədəbiyyat
nümayəndələri kimi qəbul olunan Qurbani,
Qaracaoğlan, Abbas Tufarqanlı,
Dadaloğlu irsi Yunis
İmrə, Molla Pənah Vaqif, Məhdumqulu irsiylə bir cərgədədir.
Bunun əsas
səbəbi
adlarını çəkdiyimiz və neçə-neçə
başqa söz sərraflarının
yüksək bədii səviyyədə dilimizin
saflığını qorumalarıdır. Dədə Qorqud və
Yunis İmrə dilini yaşadanlar da məhz bu böyük
söz ustaları
olmuşlar.
Türkiyə
tədqiqatçılarının "divan ədəbiyyatı",
bizdə "klassik ədəbiyyat" adlanan yazılı söz sənətimiz
Orta əsrlərin dəblərinə uyğun olaraq ərəb, daha çox fars dilində
yaranırdı, öz dilimizdə qələmə alınan məsnəvilər,
qəzəllər, qəsidələr də qəliz ərəb-fars tərkibləri,
üçmərtəbəli izafetlərlə dolu olurdu.
Füzuli
yazırdı:
Ol səbəbdən
farsi ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar
olur.
Məndə
tovfiq olsa bu duşvari asan eylərəm,
Növbahar olqaç dikəndən bərqi-gül izhar
olur.
Dahi
Füzuli "Leyli və Məcnun"u, divanını
türk dilində qələmə alıb doğma dildə
yüksək poeziya yaratmaq kimi düşvar (çətin) işi
asanlaşdırsa da,
bu gün onun əsərlərini ərəb-fars sözləri
lüğətiylə oxumalı oluruq. Altı yüz il, beş yüz il
öncə yaranmış qoşmaları, gəraylıları,
bayatıları isə lüğətsiz mütaliə edirik.
Yadımdadır orta məktəbdə, gərək ki, səkkizinci
sinifdə dərsliyimizdə Qasım bəy Zakirin "Suzi təpişi
nari səğər gərçi yamandır"
misralarını heç nə anlamadan əzbərləyirdik
(indiyəcən yadımda qalıb!). Halbuki elə Zakirin "Durnalar" və bu səpkidə başqa qoşmalarının sadə,
saf dili hər kəsə aydındır.
Bu gün də dərsliklərimizdə - hər sinifə,
hər yaşa uyğun olaraq, şifahi ədəbiyyat örnəklərimizi
çağırılmamış qonaq kimi deyil, öz layiqli
yerində tədris etsək şagirdlərdə şeirə,
bədii sözə daha çox maraq oyadarıq.
Müqayisə üçün dörd misala müraciət
edək. Azərbaycan ədəbiyyatından Həbibi, Qurbani,
Anadolu ədəbiyyatından Baqi və Qaracaoğlan.
Səfəvi
sarayında "Məlik üş-şüara" - şairlərin
şahı
adı qazanmış, Şah
İsmayılın ərkyanə
zarafatla və rəğbətlə yanaşdığı Həbibinin
hələ nisbətən aydın qəzəlindən bir
neçə beyt:
Gər səninçin
qılmazam çak, ey büti-nazikbədən,
Görüm
olsun şol qəba, əynimdə pirahən-kəfən
Çıxmaya
sevdayi-zülfün başdan ey məh,
gər yüz il
Üstüxani-kəlləm
içrə tutsa əqrəblər vətən
Düşdü
şəbnəm bağı, gəl, ta gül nisar etsin sana,
Səbzənin hər bərqinə bir dür ki,
tapşırmış çəmən.
(Bu qəzəli Füzuli
təxmis etmişdir)
İndi gəlin
həmin dövrdə yaşayıb-yaratmış Dirili
Qurbaninin Şah İsmayıla müraciətlə
yazdığı qoşmanı oxuyaq:
Mürşidi-kamilim,
şeyx oğlu şahım!
Bir ərzim
var qulluğuna şah mənim
Əziz
başın üçün oxu yazğımı,
Agah ol
halımdan gahbagah mənim!
Dərin-dərin
dəryaları boyladı,
Xəncər
alıb qara bağrım teylədi,
Oğlu ölmüş vəzir qəza eylədi.
Getməz dimağımdan dudi-ah mənim.
Şair
olan dərsi alar pirindən,
Baş
açmadım səğ rəqibin sirrindən
Qolu
bağlı keçdim Xudafərindən,
Üzüm gülməz heç açılmaz, ah, mənim.
Qurbani
şeirində dilin sadəliyi, təmizliyi ən incə təşbehlər
yaratmağa əngəl olmur:
Başına
döndüyüm ay gözəl pəri,
Adətdir,
dərərlər yaz
bənövşəni
Ağ
nazik əlinlə bir dəstə bağla
Tər buxaq altına düz bənövşəni.
Tanrı
səni xoş camala yetirmiş
Səni
görən aşiq əqlin itirmiş
Mələklərmi
dərmiş, göydən gətirmiş,
Heyif ki dəriblər
az bənövşəni.
Qurbani
der: könlüm bundan sayrıdı,
Nə etmişəm yarım məndən ayrıdı?
Ayrılıqmı çəkib boynu əyridir.
Heç yerdə görmədim düz bənövşəni.
1993-cü
ildə İstanbulda Türkiyə Yazarlar Sindikatının
Qurultayında çıxış edərkən Qurbaninin bu
qoşmasının son bəndini oxudum,
"Ayrılıqmı çəkib boynu əyridir"
misrası böyük
yazıçı Yaşar Kamalı valeh etmişdi. Çıxışımdan sonra xahiş etdi bu
misraları bir də təkrar edim (türklər bənövşəyə
menekşe deyirlər) və cib dəftərinə orijinalda
olduğu kimi yazdı.
XVI əsr
türk divan ədəbiyyatının tacıdarı
adlandırılan Baqinin qəzəlindən bir neçə
beyt:
Xoş gəldi
mənə meygədənn abi-havası
Billah
ğözəl yerdə yapılmış yıxılası
Diqqətlər
ilə seyr edəriz yarı sərapa
Görməzmi
idik biz də əgər olsa vəfası
Dünya
dəyər ol məhliqa dilbəri qərrə
Yusifdə
dəxi yoxdu onun hüsnü bəhası
İndi də təxminən
eyni dövrdə yaşamış el şairi Qaracaoğlanın
qoşmasını oxuyaq:
Sabahdan
uğradım mən bir gözələ
Ala
gözlərinə sürmələr çəkmiş
Daramış
zülfünü, tökmüş bir yana
Salı
vermiş incə belin üstünə
Alma-alma
yanaqları al kimi,
Boynu uzar,
gedər, sərvi dal kimi,
Səhərdə
açılan qönçə gül kimi
Sandım qan damlamış qarın üstünə.
Çıxa-çıxa
çıxdım yoluna vardım,
Verdiyi
çevrəni qoluma sardım
Uğrunda
ölümü gözümə aldım
Divanına durdum yolun üstünə.
Yaxud:
Nədəndir de, kömür gözlüm nədəndir?
Bu mənim
gecələr uyumadığım
Çətin
derlər ayrılığın dərdini,
Ayrılıq dərdinə doyamadığım.
Ya:
Dostun
bağçasına yad əllər dolmuş
Gülünü
toplarkən fidanını qırmış
Burda bir
kötünün qonuna girmiş
O mənim
sevməyə qıyamadığım
Və ya:
Aladır
gözlərin, siyahdır qaşın
Aradım cahanı, bulunmaz eşin.
Yaylanın
qarından bəyazdır döşün
Yıxılıb
üstünə öləsim gəlir
Bulaq suyu
kimi duru, yaylanın qarı kimi təmiz dil…
Tərtib etdiyim və 1999-cu ildə Bakıda nəşr
olunmuş "Min beş yüz ilin oğuz şeiri"
antologiyasında Qaracaoğlana da geniş yer verilib. İndi
xatırlamadığım hansı mənbəyəsə
isnad edərək onun doğum - ölüm illərini belə
göstərmişəm: (1606? - 1679?).
Qaracaoğlanın
Türkiyə araşdırıcılarından Əhməd
Qüdsi Tecer isə onun XVI əsrin başlanğıcında
yaşadığını, hətta ehtimal ki XV əsrin ortalarında ömür
sürdüyünü iddia edir. Tecerin gətirdiyi dəlillərə
haqq qazandıran Əhməd Kabaklı "Türk ədəbiyyatı"
çoxcildliyinin ikinci cildində bu fikrə gəlir ki,
Qaracaoğlan duru üslubu, xalq zövqünə bağlı
məcazları ilə XVII yüzilin
şairi olmayıb, daha öncəki (XV, XVI) əsrlərdə yaşamışdır.
Şeirlərinə isnad edilərək
Qaracaoğlanın gəzərgi bir həyat keçirdiyini
söyləmək olar. O, başdan-başa Anadolunu, Balkan ölkələrini,
İranı, Azərbaycanı gəzib-dolaşmış əfsanəvi
bir şəxsiyyətdir. Həm şəxsiyyəti
haqqında rəvayətlərin, həm
yaradıcılığının xalq arasında geniş yayılması nəticəsində hətta ondan sonra yaranmış və
ona mənsub olmayan şeirləri də bəzən ona aid
edirlər. Şairin özünə aid olan,
yaxud onun böyük təsiri altında olan şairlərin və
aşıqların Qaracaoğlan "möhürlü" əsərləri
Türkiyə, Azərbaycan və türkmən ədəbiyyatının
ən parlaq səhifələrindəndir.
Qaracaoğlanın 1991-ci ildə Bakıda
çıxmış kitabına ön söz yazan Qara Namazov
və İsmayıl Öməroğlu
qeyd edirlər ki, "Azərbaycan Qaracaoğlanın ikinci vətənidir.
Şairin Gədəbəydən olması,
Göyçədə yaşaması haqqında rəvayətlər
də mövcuddur".
Amma daha
vacib məsələ Qaracaoğlan şeirlərinin Azərbaycan ədəbiyyatının
müxtəlif örnəkləriylə səsləşməsidir.
"Əsli
və Kərəm" dastanında Kərəm:
Qəribin
boynuna kəfən biçilməz,
Əcəl
camı çox ağırdır içilməz,
Üç
dərdim var, bir-birindən seçilməz
Bir
ayrılıq, bir yoxsulluq, bir ölüm
- deyirsə,
Qaracaoğlan
da:
Qaracaoğlan
der qondum köçülməz
Acıdır
əcəl şərbəti, içilməz
Üç
dərdim var, bir-birindən seçilməz
Bir
ayrılıq, bir yoxsulluq, bir ölüm
Kərəm:
Hey
ağalar necə olur
Halı yardan ayrılanın?
Axır
düşər qürbət elə
Yolu yardan ayrılanın.
Qaracaoğlan:
Ey
ağalar, böyləmi olur
Halı yardan ayrılanın.
Enər,
ümmana tökülər
Seli yardan
ayrılanın
- misralarını gətirən Q.Namazov və
İ.Öməroğlu qeyd edirlər ki, Azərbaycanda da
geniş yayılmış
Ala
gözlü, nazlı dilbər,
Qoyma məni el yerinə.
Gümüşdən
kəmərin ollam
Dola mənə
bel yerinə
- mahnının sözləri
Qaracaoğlanındır.
Mən
Qaracaoğlan şeirinin daha bir özəlliyinə diqqət
çəkmək istəyirəm - onun M.P.Vaqif poezayasına
ruh yaxınlığına, həyatı, şəhvani,
erotik çalarlarına…
Əhməd
Kabaklı yazır: "Qaracaoğlan şeirindəki gözəllər
divanlardakı "miniatür gözəllərə" bənzəməz,
bunlar canlı-qanlı, hərəkətli, gerçək
gözəllərdir. Bu qadınlar özəl
geyimləri, çöhrələri, saç düzümləri,
huy və xarakterləri ilə yaşayan
varlıqlardır".
Bu
sözləri tamamilə Molla Pənah Vaqif gözəllərinə
də aid etmək olar.Qaracaoğlan deyir:
Qoy
dolanıb dursun qolun boynumda,
Heç ölüm qorxusu yoxdur eynimdə.
Bir gecəlik
mehman olsam qoynunda
Sabah oldu deyə qaldırma məni.
Yaxud:
Ala
gözlərini sevdiym dilbər,
Gözəl camalını görməyə gəldim.
Mən sənə
söylədim sözün doğursu
Soyunub qoynuna girməyə gəldim.
Məsələ onda deyil ki, XVIII əsr şairi M.P.Vaqif
daha öncə yaşamış Qaracaoğlandan təsirlənib. Ola bilsin ki, Vaqifin Qaracaoğlandan
heç xəbəri də yoxmuş. Məsələ şeirimizin iki qolunun Anadolu və
Azərbaycan qolunun - müəyyən etaplarda eyni estetik
prinisiplərlə inkişaf etməsində, gəlişməsində
və dəyişməsindədir. Və bu qənaətdən
çıxan daha mühüm nəticə budur ki, Azərbacan
və Türkiyə şeir tarixini bir-birindən təcrid
olunmuş şəkildə araşdırmaq, sistemləşdirmək,
mövzu, üslub, forma və məzmun baxımından özəlliklərini
izləmək mümkün
deyil.
Sevdiyim,
üstündə uçan quşların
Tutub qanadını qırmağa gəldim.
Yaxud:
Babalın
boynuma,iştə mən öldüm,
Məzarım köksünə qaz, kərəm eylə.
Ya:
Ölüm,
ardıma düşüb də yorulma
Var get,
ölüm, bir zaman da yenə gəl!
Anamı,
atamı dün aldın yetər
Var get
ölüm, bir zaman da yenə gəl.
Bunlar və
onlarca Qaracaoğlan
misralarını - həm də bu gün bizim
danışdığımız dildə səslənən
misralarını söz tariximizdən necə və niyə
çıxarmalıyıq. Nəsimi, Füzuli
Türkiyə ədəbiyyatı tarixlərinə daxil
edildiyi kimi Yunis İmrə də, Qaracaoğlan da, Pir Sultan
Abdal da Azərbaycan ədəbiyyatı tarixinin ayrılmaz
simaları olmalıdırlar.
Sovet dönəmində belə bir təşəbbüs imkansız olduğu halda, bu
gün bunun qarşısını kim ala bilər?
Eyni cür Türkiyə tədqiqatçıları da
Dirili Qurbanini, Abbas Tufarqanlını, Sarı
Aşığı ortaq ədəbi dəyərlərimiz
kimi araşdırımalıdırlar.
Ormanda böyüyən
adam azğını
Çarşıda, bazarda insan bəyənməz.
Mədrəsə
qaçqını, süfrə pozğunu
Salam verməyə dərvişan bəyənməz.
Elin
qapısında qaravaş olan,
Burunu
fırtıqlı, gözü yaş olan,
Bayramdan-bayrama
bir taraş olan
Bərbərə gəlib də dükkan bəyənməz.
Qazaq Abdalın
bu "Bəyənməz" rədifli daşlaması daha çox məişət
xarakterlidir. Neçin Türkiyənin yalnız uzmanları
deyil, geniş oxucu kütləsi də Azərbaycan
aşığı Abbas Tufarqanlının (XVII əsr) eyni rədifli, amma ictimai siqləti
daha yükək olan və bu gün də aktual səslənən
üsyankar qoşmasıyla
tanış olmasın.
Ay həzərat,
bir zamana gəlibdi
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar
atanı, qızlar ananı
Gəlinlər də qaynananı bəyənməz.
Adam var
çox işlər eylər irada,
Adam var ki
yetə bilməz murada,
Adam var ki
çörək tapmaz dünyada
Adam var yağ yeyər, balı bəyənməz
Adam var ki
adamların naxşıdı,
Adam var ki
anlamazdı, naşıdı,
Adam var ki
heyvan ondan yaxşıdı,
Dindirərsən heç insanı bəyənməz.
Aşıq
Abbasın çox sevdiyim gəraylısı var:
Duman, gəl
get bu dağlardan
Dağlar
başı bar eyləsin.
Nə
gözlərim səni görsün
Nə könlüm qubar eyləsin.
Haşa,
sevdiciyim haşa,
Deyilənlər
gəldi başa
Bu yandan
özün tut daşa
Bir yandan el car eyləsin.
Türkiyənin böyük təsəvvüf şairlərindən
olan Pir Sultan Abdalı da Azərbaycanla sıx tellər
bağlayır. Nəsimi təsəvvüf, hürufilik
ideayalarını əsasən əruz vəznində
yazdığı şeirlərində ifadə edirdisə, Pir
Sultan Abdalın heca vəznində yaradıcılığı
qızılbaş-bektaşi əqidələrinin Anadoluda
geniş yayılmasında müstəsna rol
oynamışdır.
Çaldıran savaşında Sultan Səlimin odlu
silahları, topları qarşısında müqavimət
göstərə bilməyən Şah İsmayıl Xətai
Anadolu torpaqlarına əqidələri, inanclarıyla daxil
olmuşdur.
Ələvilik, bektaşilik, nəqşbəndlik və sairə
təriqətlərə tapınan yüzlərlə şair və
aşıq, onların yaratdığı örnəkləri yayan dərvişlər
Türkiyə ədəbiyyatında önəmli yer tuturlar.
Türk ədəbiyyatçılarının "təkkə
şairləri" adıyla müəyyənləşdirdiyi bu üslubun ən parlaq nümayəndələrindən
biri Pir Sultan Abdaldır. Tədqiqatçı Lətif Uğurtəkin
"Abdal" sözünü belə izah edir: "Abdallar, əksəriyyətlə
oturaq və qismən köçəri bir halda yaşayan ələvi-qızılbaş
zümrələrindən ibarətdirlər, soy etibariylə
türkməndirlər".
"Abdal"
sözü şaşqın, sərsəri,
avara, axmaq anlamlarına uyğun gəlsə də şairlərin
təxəllüslərində (Qayğısız Abdal, Təslim
Abdal, Qazaq Abdal") müəyyən bir əqidə sahibi mənasındadır.
(Ağdam rayonunun Abdal Gülablı kəndindən Abdal
Qasımı da xatırlayaq).
"Təkkə ədəbiyyatı" adlandırılan cərəyan təsəvvüf, mevləvilik, ələvilik,
bektaşilik, nəqşbəndlik və s. təriqətlərə
mənsub sənətkarların
yaradıcılığı ilə
bağlıdır. Pir Sultan Abdal da, Cahid Öztellinin "Pir
Sultanın dostları" kitabında onun
davamçıları kimi bəhs etdiyi müridləri Qul
Hümmət, Qul Hüseyn, Qul Məzlum, Qul İbrahim də
bu yolun yolçularıdır.
Əhməd
Kabaklı "Türk ədəbiyyatı"
çoxcildliyində Pir Sultan Abdalın yüksək
şairlik istedadını etiraf edərək yazır ki, bu şair Səfəvilərin
Osmanlı düşmənçiliyinə və
qızılbaş təbliğatına alət olmuşdur.
Pir Sultan
Abdalın əfsanələşmiş faciəvi ömrü
də məhz əqidələriylə bağlıdır. Müxtəlif
mənbələrdə Pir Sultan Abdalla bağlı rəvayət belədir:
Osmanlı
Sultanına qarşı Səfəvi şahı Təhmasibin
tərəfini tutduğu üçün Pir Sultan Abdalı Xızır
paşa Sivasda edam edir.
Gəncliyində Xızır paşa Pir Sultanın
müridlərindən olub, Pir Sultanın ayağına
düşüb yalvarıb ki, yüksək vəzifəyə
sahib olmaqçün ona
xeyir-dua versin.
Pir Sultan müridinə: Xızır, vəzir olacaqsan, gəlib
məni asacaqsan - cavabını verir.
Xızır İstanbula gedir və doğrudan da paşa
olub Sivasa vali kimi dönür.Əski mürşidini qonaq
çağıran Xızır ona ləzzətli yeməklər
təklif edir.
Pir Sultan onları yeməkdən imtina edir və səbəbini
soruşanda belə cavab verir: Zina etdin, haram yedin, yetimlər
haqqını aldın, haram para ilə yapılan yeməkləri
mən yox, heç köpəklərim də yeməz.
Sözlərini təsdiq etməkçün şair iki
köpəyini çağırır, təamları
onların qarşısına qoyur, köpəklər yeməklərə
toxunmayınca Xızır hiddətlənir və Pir Sultanı
Sivasın Topraq qalasında həbs edir. Pir Sultan burada yeddi il yatandan sonra Xızır paşa onu
hüzuruna çağırıb: Əgər içində
şahın (Səfəvi şahının - A.) adı
çəkilməyən üç şeir söyləsən
səni əfv edərəm - deyir. Xızırın təklifindən
sonra Pir Sultan bu məşhur şeirini söyləyir:
Xızır
paşa bizi bərdar etmədən
Açılın
qapılar, şaha gedəlim!
Siyasət
günləri gəlib yetmədən
Açılın
qapılar, şaha gedəlim!
Hər
nerəyə getsəm yolum dumandır
Bizi boylə
qılan əhdü-peymandır
Zəncir
boynum sıxdı,halım yamandır
Açılın qapılar, şaha gedəlim.
Yaz selləri
kimi axıb çağlaram
Xəncər
alıb ciyərləri dağlaram
Qərib
qaldım bu arada ağlaram
Açılın qapılar, şaha gedəlim.
(Şair
başqa bir şeirində "Pir Sultan Abdalam Xətai
şahım" desə də, bu şeirində tədqiqatçıların
fikrincə, Şah İsmayılın oğlu Təhmasib nəzərdə
tutulur).
Bundan sonra Xızır paşa Pir Sultanı asmaq əmri
verir. Ancaq Pir Sultan xirqəsini dar ağacından asaraq
özü qeyb olur. Rəvayətə görə,
edamından sonra onu Malatya, Köçhasar yolunda və
başqa yerlərdə
görmüşlər. Bir rəvayətə
görə də, Pir Sultan Qızılirmaq
çayının üstündən keçib "əyil
körpü" - demiş, körpü əyilmiş, suya
batmış, şairi təqib
edənlər çayın bu
tayında mat qalmış, niyyətlərindən əl
çəkmişlər. Guya nəhayət
arzusuna çatan Pir Sultan Səfəvilərin Ərdəbil
şəhərinə çatır və bu şəhərdə
də vəfat edir. Məzarının yeri
məlum deyil.
Şeirlərinin
birində Pir Sultanın ölüb-dirilmək (reankarnatsiya)
inamına yaxın
olduğuna da işarə var:
Yuri belə
Xızır paşa
Sənin
də çərxin qırılar
Güvəndiyin
padişahın
O da bir
gün devirilər
Şahı sevmək süçmü bana?
Kəm
bildirdin məni Xana
Can
üçün yalvarmam sana
Şahinşah
mənə darılar
Mən
Musayam sən Firoun,
İqrarsız
şeytani-ləin
Üçüncü
ölməm bu,
xain
Pir Sultan
ölər dirilər
(altını mən cızdım- A.)
Əhməd Kabaklı
çoxcildliyində qeyd edir ki, bütün ədəbiyyat
tariximizdə məzhəb və siyasi əqidələrini ən açıq şəkildə
bildirənlər Pir Sultan və
Nazım Hikmətdir.
Azərbaycan
ədəbiyyatı tarixində yer alan Sivas hökmdarı Qazi
Burhanəddin kimi sivaslı Pir Sultanı da ortaq
şeirimizin parlaq siması kimi
dəyərləndirməliyik.
Azərbaycan
Səfəvi dövlətinin qızılbaşlıq
ideyalarına sədaqətinə, bu əqidə yolunda ölümə getdiyinə görə… Əsas da büllur kimi təmiz, saf şeir dilinə
görə bu böyük şairi, təbii ki Türkiyə ədəbiyyatından
ayırmadan, "özəlləşdirməliyik".
Bülbül
olsam varsam gəlsəm
Haqqın
divanına dursam
Mən
bir yanıl alma olsam
Dalında bitsəm nə dersən?
misraları el mahnılarımızdan fərqlidirmi?
Yaxud
başqa bir gəraylısından:
Ağaclarda
yaşıl yarpaq
Basdığımız
qara torpaq
Yer
altında kəfən yırtmaq
Başımızdan keçər bir gün.
Bu son misralar hansı fantaziyalara qida vermir?
Alçaqda,
yüksəkdə yatan ərənlər
Yetişin imdada, aldı dərd məni
Başım
alıb hanki yerə gedəyim
Getdiyim yerlərdə
buldu dərd məni
Duyğuların
səmimiyyəti, dilin ecazkar sehri baxımından Pir
Sultanın misraları
nə qədər müasir səslənir:
Bu il bu dağların qarı əriməz
Əsər
badi səba yel pozuq pozuq
Türkmən
qalxıb yaylasına yürüməz
Yıxılmış
əşirət, el pozuq pozuq
Pir
Sultanam, yaradıldım qul deyə
Zalım
paşa əlindənmi öl deyə
Dostum məni
ismarlamış gəl deyə
Gedəcəyəm amma yol pozuq pozuq.
Pir Sultan Abdalın ictimai etirazı
bu misralarda xüsusi siqlətlə səslənir:
Uyur idik
uyardılar
Diriyə
saydılar bizi
Qoyun olduq
səs anladıq
Sürüyə
saydılar bizi
Sürülüb
qəssaba getdik
Qənarədə
məkan tutduq
Didar dəftərinə
yetdik
Ölüyə
saydılar bizi
"Pir
Sultan Abdal" adlı tədqiqatın müəllifi Camal
Anadol (yeri gəlmişkən müəllif bu kitabını Xəlil
Rza Ulutürkün əziz ruhuna ithaf edib) şairin şeirlərində
dağ mövzusuna xüsusi yer ayrılmışdır.
Pir Sultan poeziyasında dağlara sevgi şaha sevgiylə
təndir.
Ənquru
dağından bir yol aşıtdım
Əcəb Şahə gedən yollar bumola?
Saraldı
gül bənzim döndü heyvaya
Əcəb Şahə gedən yollar bumola?
Gəncə
civarında Pir Sultan dağı var, gəncəli
folklorçu alim Sədnik Paşayev bu dağın şairin
adıyla bağlı olduğunu iddia edirdi və hətta
öz şəcərəsini Pir Sutan Abdalla bağlayaraq Pirsultanlı təxəllüsünü
qəbul etmişdi.
Türkiyə
və Azərbaycanın el şairləri,
aşıqları dil, forma, məzmun və obrazlar, təşbehlər
sistemiylə bir-birinə çox yaxındılar. Anadolu şairi İbrahim Dərdli (1772-1845)
mövhumatçıların "şeytan əməli"
saydıqları telli sazın müdafiəsinə qalxır.
Telli
sazdır bunun adı,
Nə ayət
bilər, nə qazi
Bunu
çalan anlar bizi
Şeytan bunun nərəsində?
Abdəst
alsan aldın demsəz
Namaz
qılsan qıldın deməz
Qazi kimi
haram yeməz
Şeytan bunun neresində?
İçindəmi, dışındamı?
Burğusunu başındamı?
Köksünün naxışındamı?
Şeytan lunun nərəsində?
Azərbaycanlı
Aşıq Musa (1830-1912) sanki İbrahim Dərdlinin səsinə
səs verir:
Məclisləri
abad eylər,
Nə gunahı telli sazın?
Məlul
könüllər şad eylər
Nə
günahı telli sazın
Fikrini vermir qələmə.
Zülüm
eyləmir aləmə
Pulunu
vermir sələmə
Nə günahı telli sazın?
El şairlərimiz həm də barələrində
yaranmış rəvayətlərlə də bir-birinə bənzəyir. Şair Məmməd
Aslan qeyd edir ki, Sarı Aşıqla sevgilisi
Yaxşının rəvayəti Qaracaoğlanla deyiklisi
Qaracaqız rəvayətilə eynidir.
Bir-birindən
gözəl bayatılar müəllifi kimi tanınan Sarı
Aşıq (XVII əsr) rəvayətə görə
Yaxşı adlı bir qızı sevmiş, itirmiş və
sevgilisinin yanında, üzü Qibləyə deyil, üzü
Yaxşının məzarına tərəf dəfn
olunmasını vəsiyyət etmişdir:
Aşığı
tərsinə qoy,
Tən təni
tər sinə qoy
Yaxşını
qibləsinə
Aşığı tərsinə qoy.
Sarı Aşığın məzarı
torpaqlarımıza azğın erməni işğalına qədər
Həkəri çayının yanında dururdu.
Yazılı ədəbiyyatla şifahi söz sənətimizin
arasındakı dil fərqi baxımından XVII əsrin iki
şairindən - Qövsü Təbrizinin qəzəlindən
və Sarı Aşığın bayatılarından misal gətirək. Qövsi kimi
müqtədir şairin qəzəlinin yüksək bədii
dəyərini kiçiltmədən bənzətmələrinin
orijinallığı baxımından ən uca meyarlarla
ölçülən Sarı Aşıq bayatılarıyla
müqayisə edək.
Qövsi
Təbrizi:
Cismi
canımdan mənim hicran nə istər bilmənəm
Bu
sınıq gəştidən ol tufan nə istər bilmənəm
Məndə
yox hiç aruzu, könlüm yaman bitabdır
Zəxm
yoxdur sinədə, peykan nə istər bilmənəm
Çeşmi
xumarın sənin cismimdə çün qan qoymadı
Qanı dolmuş dideyi-giryan nə istər bilmənəm.
Kasə-kasə
qan verir, şükr eləyib nuş eylərəm
Dəxi məndən gərdişi dövran nə istər
bilmənəm.
Aşiqin
zənciri tari zülfü-kakildən gərək,
Rişteyi-zınnaridən Sənan nə istər bilmənəm.
Bu da
Sarı Aşıqın bir neçə bayatısı:
Aşıq
vətən yaxşıdı
Köynək
kətan yaxşıdı
Qəriblik
cənnət olsa
Yenə vətən
yaxşıdı
Aşıq
süzgün gözlərin
Qəmdən
üzgün gözlərin
Yaxşıdan
doya bilməz
Baxsa
yüz gün gözlərin
Aşığam
aralandım
Ox dəydi
yaralandım
Mən səndən
ayrılmazdım
Zülm ilən aralandım.
Mən
aşığam yüz qandı
Əlli
qandı, yüz qandı
Ev
yıxmaq bir qandısa
Könül yıxmaq yüz qandı.
Qarşıda
qəm oyanı
El yatar, qəm
oyanı
Dəryalar
oya bilməz
Ürəkdə
qəm oyanı
Mən
aşıq yüz yerdə üz
Sona tək
yüz yerdə üz
Kirpiklər
kölgə salıb
Yarılıb yüz yerdə üz.
Mən
aşığam üzü şur
Sonam
göldə üzüşür
Milçək
qanad tərpətmə
Tel tərpənər
üz üşür
Zülfün
süda mar kimi
Oynar su
damar kimi
Sızıldatdın
Aşığı
Yağa su damar kimi.
Gözəllik
soy iləndi
Şahmar
da soy ilandı
Nəsimi
tək yolunda
Bu
Aşıq soyulandı
Bu gələn
kim? Sənəmdi
Kim mənm kimsənəmdi?
Nə
kimin kimsəsiyəm
Nə
kimsə kimsənəmdi
Mənsurumuz
yenə sən,
Səfa gəldin
yenə sən
Fikrim,
zikrim, xəyalım
Sən, sən, sən, sən, yenə sən.
Bu
bayatılar nə
zaman yaranıb - XVII əsrdəmi, XX ya XXI əsrlərdəmi?
Bu gün Qövsü qəzəlini XVII əsr şeiri
kimi qəbul edirik. Sarı Aşığın
bayatılarındakı gözlənilməz bənzətmələr,
alliterasiya və təkrirlər isə bizi ən modern poeziya
örnəkləri kimi təəccübləndirir.
"Koroğlu
və Dadaloğlu" kitabının müəllifi
Haşım Nezihi Okay yazır: "Heç kəs tərəfindən
bilinməyən, bəyənilməyən şeyin nə qiyməti
olar, nəyə yarar? Heç düşünmədən deyə
bilərik ki, Anadoluda bir xalq şairinin bir Hamiddən
(Əbdülhaq Hamid - A.), bir Cənabdan (Cənab Şəhabəddin
- A.) yüzlərlə dəfə daha fazla oxucusu və hətta
davamçısı var. Hamidlər, Cənablər salonlarda
aydınlar tərəfindən, xalq şairləri isə köy (kənd) qəhvəxanalarında,
köy dərnəklərində
köy dəliqanlıları (gəncləri) və köy
ixtiyarları tərəfindən oxunur və söylənilir.
Fərq budur. Əcəba bir
Sərvəti-Fünun şairi bu məmləkətdə
kaç (neçə) kişiyə (şəxsə) xitab edə
bilmişdir. Və onu kaç kişi
anlamışdır? Ən geniş bir təxminlə
milyonu keçərmi? Xeyr. Fəqət bir xalq şairi belə deyildir. Onu sayı milyonları aşan bir Anadolu tanır,
oxuyar və sevər".
Kitaba daxil edilən
Koroğlu və Dadaloğlu şeirləri ruhən bir-birinə
yaxındır. Nəsimi kimi, Pir Sultan Abdal kimi Dadaloğlu da asi şairdir. Yəni bugünkü təbirlə
dissident adlandırdığımız şəxslər kimi cəmiyyətdən,
quruluşdan narazılıq ruhunun daşıyıcılarıdırlar.
Koroğlunun
sazıyla bərəbər Misri qılıncı, Çənlibel
qalası və Qır atı da vardısa Dadaloğlunun
yalnız qələmi və sazı vardı, amma bu qələm
və bu saz qılıncdan da itidir. (Dadaloğlunun
Qır ata həsr etdiyi türküsü də var).
Dadaloğlu
Anadoluda, Çuxurovada anadan olmuşdur. Toros
dağlarında köçəri həyat sürən
Əfşar boyundandır. Əsl adı Vəlidir,
Atası da Dadaloğlu adıyla tanınan Aşıq Musa
adlı şair imiş. Dadaloğlunun mənsub olduğu
Əfşar əşirəti Sivasa sürgün edilərkən
üsyan qalxmış və Dadaloğlu məşhur
"Bizimdir" rədifli şeirində bu hadisələr
haqqında ölümsüz sözlər demişdir:
Qalxdı
köç eylədi Əfşar elləri,
Ağır-ağır gedən ellər bizimdir.
Ərəb
atlar yaxın edər irağı,
Uca dağdan aşan yollar bizimdir.
Belimizdə
qılıncımız girmani,
Daşı dələr mizraqımın dəmrəni.
Haqqımızda
dövlət yermiş fərmanı,
Fərman padişahın, dağlar bizimdir.
Bu
misralarda bütün dövrlərin, bütün siyasi
quruluşların, bütün məmləkətlərin
əbədi həqiqəti əks
olunmuşdur: Hər hansı hakimiyyətin hökmü
keçəridir, dağların, torpağın əbədi
sahibi xalqdır. "Fərman padişahın,
dağlar bizimdir".
Orta əsrlərin güclü ərəb-fars təsirindən
dilimizi qoruyan ən böyük sərvətimiz xalq
şeiridir, odur ki, Azərbaycan və Türkiyənin dil
tarixində folklor ağız ədəbiyyatı olmaqdan daha
yüksək bir vəzifəni yerinə yetirmişdir. Məhz xalq
şeiri dilimizin saflığını, təmizliyini,
duruluğunu qorumuş, əslində bu dili
yaşatmışdır. Bu baxımdan ta
XIX əsrə qədər Azərbaycan və Anadolunun el
şairlərini bir axarda qavramaq vacibdir.
Ulu öndərimiz Heydər Əliyevin "Bir millət,
iki dövlət" ifadəsini rəhbər tutaraq bir millətin
ədəbiyyatı da bir məcrada, bir axarda təqdim və tədqiq
olunmalıdır.
Mart 2018
ANAR
Ədəbiyyat qəzeti.- 2018.- 31
mart.- S.10-12.