İnsan mənzərələri
Nazim
HİKMƏT
Pirayə
xanıma
Təhsinin üzü bürüşdü.
Göbələkli balığın
bir sümüyü
girmişdi dişlərinin arasına.
Burhan Özedar
minbaşıdan soruşdu:
- Sivaslı
Əhməd paşa haqqındakı
kitabımızı oxumusunuzmu, paşam?
- Xeyr, oxumamışam.
- Bir nüsxəsini verərəm sizə.
Amma,
oxumasanız da,
Əhməd paşanı tanıyırsınız,
deyilmi, paşam?
Minbaşı
pivəsinin köpüyü
ilə məşğul idi,
sözgəlişi dedi:
- Xeyr, tanımıram,
bu hansı Əhməd paşadı?
Bizim
sinifdə
bir Əhməd
Sivas var idi,
yüzbaşı
ikən
şəhid oldu
Balkan müharibəsində.
Burhan
Özedar çaşdı.
Nəhəng
gövdəsi balacalaşdı,
büzüşdü.
Böyük
adam
yupyumru burnunu
qaşıdı.
O,
uşaqlığından bəri
belə edirdi,
başqasına
görə
utandığı
zaman.
Təhsin
bığaltı güldü:
- Bu
sivaslı paşa
əski
osmanlılardan
olacaq,
- dedi.
Yavuz
dövründə-filan…
Birdən-birə
dikəldi
Burhan:
- Nə
Yavuz dövrü,
Təhsin bəy?
Qanuni
Sultan Süleymanın
ən igid əsgərlərindəndir.
Yeniçəri
deyil,
özbəöz
türk,
eynən
mənim kimi
xalis sivaslı,
aslan kimi
komandan.
Minbaşı
bu dəfə
qəti
şəkildə
incə-mincə
səsini
qalınlaşdırmağa
lüzum görmədən
dedi:
-
Tanımıram.
Hərb
tariximizdə
belə bir
komandanın
adı
yoxdur.
Minbaşıya
baxıb,
düşündü Təhsin:
"Niyə
zarafat eləyirəm deyib,
geri çəkilmir?
Cəsarəti
əsgər
olmağındanmı
irəli gəlir?"
Dodaqları
qanayırmış kimi
danışırdı Burhan:
- Bu
gün
uşaqlara oxudulan
tarix kimiymiş
hərb
tariximiz də, paşam.
Fatehləri,
Səlimləri,
Süleymanları belə
inkar edəcəyik.
Çocuqların
xəbəri yoxdu qocaman
Osmanlı imperatorluğundan -
padşah
dedinmi,
xortdan gəlir
ağıllarına.
Mənə
elə gəlir ki,
yıxa biləcəyimiz
qədər
yıxdıq,
burda
dayanmalıyıq,
yetər
artıq.
Demokratiyada
ingilislərdən irəliyə
getməyə lüzum
yoxdur,
ənənənin
gücünə baxın həriflərdə.
Biz
mövlud oxumağı unutduq.
İnqilabdısa
etdik,
kifayətdir,
bir az da
keçmişimizə
köklənək.
Çocuqlarımızın
röyasına
şahanə
duruşuyla girməli
Yavuz Sultan Səlim.
Həyəcanlandı
minbaşı:
- Bu fikirlərinizə
şərikəm,
haqlısınız...
Nəhayət,
böyük adam dedi:
- Məsələ
qalmadı demək...
Təhsin
düşündü:
"Tamam
başqa
bir eraya giririk...
Yorulduq..."
Yenə
içinə bayaqkı
məhzunluq
çökdü.
Qaşıqladı
yeməyini
və
gözlərini qırpa-qırpa
qabaqdakı masaya baxdı -
üç
kişiydilər,
oturmuşdular üzbəüz:
Mösyü
Düval,
Cazibə
xanım,
Osman Nəcib.
Təhsinin
ahbabı idi üçü də.
Osman Nəcib
böyük ziyalılardan idi -
Təhsinin
ona baxdığını
gördü,
üstüörtülü
gülümsədi,
əsnəyirmiş
kimi
gərnəşdi.
Sonra
mədən suyu süzdü
Cazibənin bakalına,
kübarla
yaraşan
bir nəzakətlə...
Osman Nəcib
qolları və ayaqları
çox uzun bir adamdı.
Hər
yerdə
hər
zaman
insan
sanki
dumduru, dəpdərin
bir suyun içində
görür Osman Nəcibi -
orda
təmbəl bir dəniz məxluqu
kimi
rəhavətlə
və
ağır-ağır qımıldanır,
o qədər
uzanır
və
o qədər yumşalır ki,
seyr edərkən
onu
qansız,
soyuq,
iyrənc bir şeyin
ətinizə
sarıldığını
duyursunuz.
Osman Nəcib
işlədiyi yerə
az-az gələrdi,
gələndə
də,
qapanardı otağına.
Və
kreslosuna yayxanıb,
masanın
üstünə
qoyardı
ayaqlarını,
baxardı
divardakı
imzalı fotoqraflara:
Ziya
Göyalp,
Tələt
paşa,
Mustafa
Kamal Atatürk
və
İsmət İnönü.
Osman Nəcib
kreslosuna
yayxanmış halda
saatlarca
qımıldanmadan
gözləri
yarıaçıq,
yarıyumulu,
divarları seyr edərdi.
Müəllimi
idi Ziya Göyalp.
Dürkhaymın
adını ilk dəfə
ondan eşitmişdi.
Tələt
paşanın
əmri ilə almışdı
təhsisati-məsturədən
ilk
yardımı,
Mustafa
Kamal idi onu yüksəldən
və
İsmət İnönü idi əlindən
tutan.
Osman Nəcibin
bunların dördünə də
sonsuz hörməti
vardı,
amma,
qəlbinin dərinliyində
hər birinə bir qüsur
tapmışdı:
Ziya
Göyalp
lazım olduğundan çox
iddialı
imiş,
Tələt
paşa
lazım olduğundan çox
qaba və sadəlövh imiş,
Mustafa
Kamal
lazım olduğundan çox
cəld və
çevik imiş,
İnönü
lazım olduğundan çox
inadkar
və pəhrizbaz imiş...
Və
dördü də -
Osman Nəcib belə
düşünürdü -
böyük
bir ciddiyyətlə
bir şeylərə həqiqətən
inanmış
və
əqidələri uğrunda
döyüşmüşlər.
Halbuki bu
dünyada
heç bir şey yoxdu -
Osman Nəcib
üçün -
ciddiyyətlə
inanılmağa dəyər.
Qızmaq,
qısqanmaq,
inad etmək,
döyüşmək,
gülmək
- qəhqəhələrlə,
ağlamaq
- hıçqıra-hıçqıra -
Osman Nəcibə
görə -
boş və
gülünc şeydi.
Müftə
əldə edilən pul,
müftə
əldə edilən qadın,
müftə
əldə edilən avtomobil
və
istehza etdiyini
bəlli etmədən gülən
gözlər…
Osman Nəcibə
görə
bunlar
altmış illik
bir ömür
üçün
bəs edər.
Gəlişi
gözəl sözlər -
Osman Nəcib
belə
düşünürdü -
dünyaya
bir kərə gəlirik,
madam ki,
istəsək də - istəməsək
də,
öləcəyik,
onda,
ölüm haqqında
niyə
düşünək?
Osman Nəcibin
arvadı
Osman Nəcibi
Allahın hər verən
günü
aldadırdı.
Və
Osman Nəcib
bunu bilirdi.
Osman Nəcib
axşam yeməyindən sonra
rahat-rahat
kompotunu içərkən,
aşiq-məşuqlar
yan otaqda
görüşürdülər...
Artıq
əvvəlki deyildi,
qocalmışdı
arvadı,
buna rəğmən,
hələ
də
fövqəladə
gözəl idi baldırları
və
nədənsə,
tez-tez qovğa edərdi
aşiqi ilə
yataqda.
Və
istehza ilə gülərdi
Osman Nəcib,
gülərdi,
güldüyünü hiss etdirmədən.
Osman Nəcibin
də
məşuqələri
vardı.
Hər il
köhnəsi gedər,
təzəsi gələrdi
Avropadan.
Bu işdə
xüsusilə
İsveçrə
mallarından
istifadə edərdi
Osman Nəcib.
Onlar
gözəl,
sağlam
və ehtiraslı
olurlar,
asan qurulan
saat kimi
işləməyi
bacarırlar...
Restoran-vaqonun
pəncərələri
açılmadığından,
şüşələri
tərləmişdi
içərisi
qızmışdı
və
havasında
spirt,
pudra,
kömür
və
Qərb xörəklərinin
qoxusu vardı.
Operetta
dekorasiyasını
xatırladırdı
kiçik,
qırmızı
abajurlar,
nəşəli,
saxta,
lirik...
Fransızca
danışırdı
Mösyü Düvalla
Cazibə xanım.
On dəqiqədən
bəri
kiçicik bir
portağalı
soyub,
dilimləməklə məşğul
idi
Osman Nəcib…
Zəngin
osmanlılar
fil
dişindən düzəldilmiş
ləvazimatlardan
istifadə edirdilər
kürəklərini
qaşımaq üçün,
bunlar -
uclarında əl kimi
bir şey
olan,
incə,
uzun sapları nəfis işlənmiş
qaşıqlardı.
O
qaşıqlara bənzəyirdi
Cazibə
xanım:
fil
dişi kimi sarı bəyaz,
qaşıq
sapı kimi
incə, uzun və
kökssüz
və
kiçik başı
o əl kimi bir şey
idi.
Rəssam
Ömər paşanın
qızı idi Cazibə
xanım.
İstanbulda,
Boğaziçində
doğulmuşdu.
Bir
yaşında ikən
Sultan sarayına
götürüldü.
Üç
yaşında ikən
atası rəsmin
çəkdi.
Səkkiz
yaşında ikən
piano çalmağa
başladı.
On
yaşında ikən
artıq fransızca
danışa bilirdi.
On beş
yaşından
iyirmi yaşına qədər:
"Qəndilli
üzərkən yuxularda,
Sürüklədi
mehtabı sularda."
İyirmi
bir yaşında ikən
evləndi.
İyirmi
iki yaşında ikən
əri Müfit bəylə Vyanaya
getdilər.
Üç
ildən sonra
İstanbula döndülər.
İyirmi
altı yaşında ikən -
Paris.
İki il
sonra
Ankaranı ziyarət
etdilər.
Ziyarətdən
sonra - Berlin...
Orada da
dörd il...
Sonra da -
iki il...
Yenə də
qısa Ankara ziyarəti...
Sonra Roma.
Ağ dəniz,
Loyd Triyes
tiko.
Müfit
bəy
yolda
ürək çatışmazlığından
öldü.
İstanbula
döndülər.
Cənazə
mərasimi
göz yaşları
içində
keçdi.
Hətta
ağ əlcəkli
polislər belə
kədərlənmişdilər.
Cazibə
xanım
bir müddət
xatirələrlə
ovundu.
Sonra
bank məmuru
Şefiq bəylə evləndi.
Təzə
əri
özündən kiçik idi
bir az…
Nəhayət,
portağalı soyub
dilimlədi Osman Nəcib
və
buna görə
özündən və
dünyadan
məmnundu,
sümüklü,
dərin
ovcunda tutmuşdu
isveçrəli
məşuqəsi kimi
sarı,
qabığı soyulmuş
portağalı.
Nədənsə,
gülümsündü.
Düşes
dö Rohanın
günorta yeməyindən
necə də
maraqla danışırdı
Mösyü
Düvala
Cazibə xanım.
Tək
barmaqla çalınan
piano səsləri
kimi gəlirdi
Osman Nəcibə
xörək adları və kəlimələr:
"...
Lanqust ala morney...
Şevröy
ala sentüber...
...
setün boner...
...
delis... koze...
Sos qrand
vönör.
Şampayn roze..."
Ədəblə
və
bir az da
məhzun halda
dinləyirdi
Mösyü Düval...
Bəmbəyaz
bir
gecə keçir
mavi pəncərələrin
arxasından.
Bayırda
Ay var,
dəniz var,
bayırda
Ayın gümüş nurunda
cilvələnən
bəxtəvərlər
bəxtəvəri
bir torpaq var...
Amma
bu gözəlliyin
fərqində
deyil
lüks-vaqonun
mavi şüşələrinin
içindəkilər...
Küncdəki masada
iki adam əyləşib,
əlbisələri
simsiyah,
biri
sarışın,
biri
qaraşın.
Qaraşın
adam
Mösyü Düvalı göstərib
dedi:
- Bu
fransızı
tanıyırmısınız?
-
Hansı fransızı?
- Osman Nəcibin
masasındakı.
Mösyü
Düval dö Tor.
Multimilyonerdir.
Luvr
çayı üzərində
nəfis bir villası var
-
xalis Orta əsr
abidəsi.
- İndi
almanlar
yaşayırlar orda.
- Bəlkə
də...
Amma, nə olsun?
Hərif
teleqrafla
bir alman alayını
südlə təmin edəcəyini
bildirdi.
-
Südü bizdənmi alacaq?
- Yox,
canım,
Fransadakı
fermalardan.
-
Düşmənlərini
südlə bəsləyir demək...
- Yox,
canım,
pul qazanır, pul...
Bayırda
Ay var,
dəniz var,
dənizin
üstündə
yelkəni yuxudan bir gəmi var,
Bayırda
Ayın gümüş nurunda
cilvələnən,
dənizin
masmavi qoynunda
yırğalanan
bəxtəvərlər
bəxtəvəri
bir dünya var...
- Nə
vaxtdan bəri
Türkiyədədi bu hərif?
- On
beş ildir gəlib-gedir.
Yaxın
və Orta Şərqdə
iş görən bir
şirkətin
rəisidir.
Bizdə
sement, pambıq və barıt
istehsal etməklə məşğul
olur,
merinos
qoyun
yetişdirmək istədi
Dalaman otlaqlarında,
elektrik
alacaqdı
Sakarya irmağından,
fəqət
dövlət rüsxət vermədi....
Ardı var
Hazırladı:
Dilsuz
Ədəbiyyat qəzeti.- 2018.- 31
mart.- S.16-17.