Mir Cəlal, yaxud ədibin
idealları
Ədib
deyəndə o ədəbiyyat adamı başa
düşülür ki, qələmindən çıxan hər
söz milli ədəbi zövqün inkişafına xidmət
elədiyi kimi, hər fikir, mülahizə, mühakimə də
millətin intellektual tərəqqisinə təkan versin. Və hər
bir böyük ədib, eyni zamanda, öz xalqının mütəfəkkiri
olduğundan onun idealları zaman- zaman vətənin qabaqcıl
övladlarının şəxsində mənimsənilərək
bütövlükdə millətin mənəvi sərvətinə, özünüdərk (və
özünütəsdiq!) enerjisinə çevrilir.
Azərbaycan
xalqının XX əsrin sonlarında qazandığı
müstəqillik, heç şübhəsiz, bir neçə
yüzillik tarixi olan
milli azadlıq ideallarına, bu idealların həyata
keçirilməsi uğrunda aparılmış ardıcıl mübarizələrə əsaslanır.
Və həmin idealların təmərküzləşib daha
məqsədyönlü xarakter almasında, bu və ya digər
dərəcədə kütləviləşib ümumxalq səciyyəsi daşımasında XX əsrin əvvəllərindən
başlayaraq sürətlənən ictimai- siyasi, mənəvi-mədəni
və ideoloji proseslər xüsusi rol oynamış, öndə
gedərək xalqa doğru yol göstərmək
missiyasını mütəvaze bir məsuliyyətlə yerinə
yetirən ziyalı-mütəfəkkirlər
yetişmişdir ki, onlardan biri də böyük ədibimiz
Mir Cəlal Paşayev olmuşdur.
Mir Cəlal
öz taleyi ilə Azərbaycanın Şimalı ilə Cənubunun
ümummilli bütövlüyünün təbii simvoludur…
1908-ci
ilin aprel ayının 26-da Cənubi Azərbaycanın Əndəbil
kəndində dünyaya gəlmiş, lakin dövrün təlatümləri
(və özünün taleyi) onu hələ uşaq
yaşlarında Şimali Azərbaycana - Gəncə
şəhərinə gətirib
çıxarmışdı. 1920-ci illərdə Gəncədə
orta, orta- ixtisas təhsili almış, bir neçə il
müəllim- məktəb direktoru işləmiş,
1930-1932-ci illərdə Qazan Pedaqoji İnstitutunun Dil- ədəbiyyat fakültəsində oxuduqdan sonra
Bakıya qayıdaraq Azərbaycan Dövlət Elmi-Tədqiqat
İnstitutunun aspiranturasına daxil olmuşdur.
1930-cu illərdə
Mir Cəlal həm publisist, həm yazıçı, həm də
ədəbiyyatşünas- alim kimi məşhurlaşmış,
ali məktəblərdə dərs demiş, maraq dairəsinin (və
yaradıcılıq imkanlarının) genişliyini əks
etdirən "Sağlam yollarda" (1932), "Boy" (1935),
"Dirilən adam" (1935), "Bostan oğrusu" (1937),
Axundun iştəhası" (1938), "Gözün aydın"
(1939), "Bir gəncin manifesti" (1940), "Füzulinin
poetik xüsusiyyətləri" (1940) və s. kitabları nəşr
olunmuşdur.
Mir Cəlal
yaradıcılığının (və milli ideal
axtarışlarının) ikinci dövrü 1940-cı illərin əvvəllərindən
başlayıb 1950-ci illərin sonlarına qədər davam
edir. Və bu illərdə o, əvvəlki dövrdəki
yaradıcı fəaliyyət çoxşaxəliliyini daha da dərinləşdirib mükəmməlləşdirir,
"Xalqın ürək sözü" (1941), "Vətən
hekayələri" (1942), "Vətən" (1944), "Həyat
hekayələri" (1945), "Yaşıdlarım"
(1948), "Təzə şəhər" (1951), "Sadə
hekayələr" (1955), "Seçilmiş əsərləri"
(I cild, 1956; II cild, 1957),
"Yolumuz hayanadır" (1957), "Füzuli sənətkarlığı"
(1958) və s. kitablarını nəşr etdirməklə
müasir milli ədəbi, elmi
və ictimai fikrin canlı klassiklərindən biri kimi
böyük nüfuz qazanmış olur.
1947-ci ildə müdafiə etdiyi "Azərbaycanda ədəbi
məktəblər" mövzusundakı doktorluq
dissertasiyası isə vəfatından çox sonra (2004)
T.Mütəllimov tərəfindən
yayımlanmışdır.
Və
görkəmli ədibin həyatının,
yaradıcılığının üçüncü
dövrü 1960-cı, 1970-ci illəri əhatə edir ki, həmin
illərdə bu gün "Mir Cəlal müəllimin
kafedrası" adlanan ADU (indiki BDU) Azərbaycan ədəbiyyatı
kafedrasına rəhbərlik etmiş (1961-1978), əməkdar
elm xadimi adına (1969), bir
sıra dövlət mükafatlarına, orden-medallara layiq
görülmüş və "İnsanlıq fəlsəfəsi"
(1961), "Xatirə hekayələri" (1962), "Gülbəsləyən
qız" (1965), "Seçilmiş əsərləri"
(I cild, 1967; II cild, 1967; III ciild 1968; IV cild, 1968), "XX əsr
Azərbaycan ədəbiyyatı" (1969, F.Hüseynovla),
"Ədəbiyyatşünaslığın əsasları"
(1972, P.Xəlilovla), "Şəfəqdən
qalxanlar" (1972), "Klassiklər və müasirlər"
(1973), "Silah qardaşları" (1974), "Dağlar dilə
gəldi" (1978) və s. kitabları işıq üzü
görmüşdür.
Mir Cəlal
yaradıcığının, eləcə də milli ideal
axtarışlarının dövrləri həm də ümumən
Azərbaycan ictimai fikrinin müvafiq dövrlərinə uyğundur ki, bu, heç
şübhəsiz, mütəfəkkir ədibin taleyinin mənsub olduğu xalqın
taleyi ilə nə qədər bağlı olmasının
bilavasitə təzahürüdür.
O,
yaradıcılığa publisistika ilə başlamış, xüsusilə 20-ci, 30-cu illərdə "yeni həyat"
uğrunda "bütün cəbhə
boyu" qızğın ictimai- siyasi mübarizənin gənc
intellektuallarından olmuşdur. "Lenin
komsomolu"nun önündə gedən bu
"intellektual"lar, bir tərəfdən, sosializm
quruculuğunun ideoloji əskərləri idilərsə, digər
tərəfdən də, milli dilin, ədəbiyyatın,
tarixin (ümummilli ruhun!) təəssübkeşləri olmaqla
əmin idilər ki, sosializm - "yeni həyat" Azərbaycan
xalqına işıqlı gələcək vəd edir.
Və kommunist
ideologiyasının, demək olar ki, tamamilə iflasa
uğradığı, bu ideologiyanın "şah əsəri"
olan Sovetlər Birliyinin dağıldığı müasir
dövrdə belə, nə qədər paradoksal görünsə
də, həmin gənclərin
ideallarına, eləcə də bu idealları uğrunda
mübarizələrinə haqq qazandırmaq lazım gəlir.
Hər şeydən əvvəl ona görə ki, hələ
XIX əsrin əvvəllərindən Azərbaycanın həm
Şimalında, həm də Cənubunda cücərməyə
başlayan, həmin əsrin ortalarından etibarən tədricən
bütöv bir
hərəkata çevrilən, XIX əsrin sonu - XX əsrin əvvəllərindən
isə ciddi siyasi-ideoloji mahiyyət kəsb edən milli
özünüdərk (və müstəqillik) hərəkatı
özünün müxtəlif
tərəflərilə bilavasitə varisliyini bu
ideallarda, bu mübarizələrdə
(və bu intellektual gənclikdə!) davam etdirməyə məhkum
idi… Əgər 20-ci, 30-cu illərdə formalaşmış
(və kifayət qədər nüfuzlu şəxsiyyətlərlə
təmsil olunan) həmin ziyalılar nəsli olmasaydı, Azərbaycan
xalqının sonrakı onilliklərdəki ictimai-siyasi (və
ideoloji) taleyinin
necə olacağını təsəvvür
etmək, görünür, o qədər də çətin
olmazdı.
20-ci illərdə müxtəlif mətbuat
orqanlarında aktual mövzularda analitik məqalələri
çap ediləndə Mir Cəlal, təbii ki, çox gənc
idi. Ancaq həm
sürətlə qazandığı şəxsi həyat təcrübəsinin
qeyri-adi zənginliyi, həm fitri dünyagörüşü
(və yaradıcılıq istedadı), həm də əlinə qələm
aldığı ilk illərdən rəhbər tutduğu
peşəkarlıq məsuliyyəti onun yazılarının
istər ideya-məzmununa, istərsə də ifadə-üslubuna
əhəmiyyətli təsir göstərmişdir.
Mir Cəlalın
elə ilk gənclik illərində formalaşmağa
başlayan milli ideallarının əsasında mənsub
olduğu xalqın hərtərəfli inkişafı,
müasir dünyanın heç bir xalqından geri
qalmaması, mövcud potensial imkanlarına dayanaraq ən
müxtəlif sahələrdə
tezliklə tərəqqiyə nail olması kimi kifayət
qədər aydın, zahirən hətta sadəlövh
görünə biləcək bir konsepsiya dayanır. Lakin nəzərə alsaq ki, bu konsepsiyanın
(ümumilikdə isə idealların!) "həyata keçirildiyi" 20-ci, 30-cu, eləcə
də 40-cı, 50-ci illərdə nə faciələr baş
vermiş, milli ruhlu ziyalıların başına hansı
oyunlar gəlmişdir, onda məlum olur ki, məsələ nəinki
sadədir, əksinə, təsəvvür edildiyindən də
çox-çox mürəkkəbdir.
Etiraf olunmalıdır ki, Azərbaycan xalqı 20-ci, 30-cu
illərə, Şərq və ya Qərb ənənələri
ilə yetişmiş tək-tək dünyaşöhrətli
dahilərini nəzərə almasaq, bütövlükdə
orta əsrlər həyat (və təfəkkür!) tərzi
ilə gəlib çıxmışdı. Ona görə də
çoxlarının nəinki dünyadan, heç Mirzə Fətəli,
Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə,
Mirzə Cəlil, Sabir, Hüseyn Cavid, Məhəmməd Hadi,
Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev,
Əhməd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə
kimi yeni dünyagörüşlü milli ziyalılardan da xəbəri
yox idi. Sovet hakimiyyəti isə ölkədə
ana dilində məktəblər açır, hər kəsə
təhsil verir, get-gedə həddini aşıb ateizmə gəlib
çıxsa da mövhumatın qarşısını
alır, nəticə etibarilə üzərinə millətçilik
damğası vursa da ilk mərhələlərdə milli
şüurun inkişafına təkan verirdi.
Və bu
paradoksal inkişaf Azərbaycan xalqını uzun illər
"müstəqillik"lə "qeyri- müstəqillik"
arasındakı hansısa "qeyri- müəyyən bir
zaman"da saxlasa da, həqiqi müstəqillik eşqinin odunu
söndürə bilmədi. Əksinə, kütləvi
savadlanma, ölkədə
istər orta, istərsə də ali təhsil
imkanlarının o vaxta qədər görünməmiş
sürətlə (və
miqyasda) genişlənməsi,
elmin, mədəniyyətin, hər sahədə
müasir texnologiyaların inkişafı, mövcud (və məlum)
ideoloji təzyiqlər davam etsə də, milli idealların
daha mükəmməl şəkildə təzahürü
üçün ciddi (və
kütləvi) intellektual zəmin
hazırladı. 20-ci, 30-cu illərin gəncləri olan Səməd
Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Əli Vəliyev,
Süleyman Rəhimov, Mehdi Hüseyn, Mirzə İbrahimov,
İlyas Əfəndiyev… kimi Mir
Cəlal da 40-cı, 50-ci, eləcə də 60-cı, 70-ci illərdə
azərbaycançılıq ideologiyasının sağlam əsaslarda
yenidən təşəkkülünə, müəyyən
diplomatik mübarizə təcrübəsi qazanmasına həlledici
təkan verdilər.
Mir Cəlalın
milli ideallarını ideya-məzmun tərkibi və ya strukturu
etibarilə təsnifə cəhd etsək, diqqəti ilk
növbədə cəlb edən (və böyük ədibin
yaradıcı dünyagörüşündə daha
mühüm yer tutan) mətləblər
aşağıdakılardan ibarətdir:
1) milli tərəqqi;
2) milli müstəqillik;
3) Azərbaycanın
Şimalı ilə Cənubunun milli- mənəvi
bütövlüyü;
4) milli mədəni irsə sahiblik;
5) milli dilin saflığı;
6) milli ailə ukladının qorunması;
7) gənc nəslin milli-mənəvi dəyərlər
əsasında tərbiyəsi.
Əlbəttə,
bunlar Mir Cəlalı düşündürən (və
uğrunda bütün həyatı boyu ardıcıl
mübarizə apardığı) ideya-mətləblərin hamısı deyil,
ancaq göründüyü kimi, çox geniş bir sahəni
əhatə etməklə vətənpərvər (və
insanpərvər-humanist) bir mütəfəkkirin milli maraq
dairəsini təsəvvür etməyə imkan verir.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2018.- 31
mart.- S.14.