Şaman türküsü
Romandan parça
Qoca alaçığa
yaxınlaşanda it üstünə
cumub bir neçə ağız hürdü və qəfildən hürüşünü
kəsərək nədənsə
qorxubmuş kimi geriyə çəkilə-çəkilə
ulamağa başladı.
Vücudu səksəndi.
Əvvəlcə itə acıqlanmaq istədi, ancaq dərhal da fikrindən daşındı.
- Basar! - Alçaqdan iti adıyla səslədi.
Ancaq it onu eyninə almadı.
Bunu gözləmədiyindən
tutulan kimi oldu.
İtini bir də səslədi,
eyni hal təkrar olunca qocanı təəccüb
bürüdü.
O, itinə yaxşı bələd idi. Ayaq səslərini uzaqdan duyunca qaçıb qabağına gələr,
üz-gözünü çarıqlarına
sürtər, onun işarəsi olmadan bircə addım belə atmazdı.
Altı
il öncə
yaylaqda döl mövsümündə tanıdığı
yaşlı bir çobandan alıb gətirmişdi. İki qoyuna dəyişdiyi
küçüyün qulaqlarını
kəsərək özü
böyütmüş, yalını,
suyunu verməyi belə kimsəyə etibar etməmişdi.
İtini
tanıyandan bəri ona hürdüyünü,
bu sayaq uladığını ilk dəfə
idi ki, eşidirdi.
"İtin sahibinin üstünə cumması,
ya qurd kimi
ulaması yaxşı
əlamət deyil"
- öz-özünə düşündü.
Yenidən iti səsləyərək
sakitləşdirmək istədi. Ancaq bu dəfə də it ona məhəl qoymadı.
Goca get-gedə
artan həyəcan içərisində canından,
varlığından nəyinsə
qopub əskildiyini duyaraq ayaq saxladı,
ixtiyarsız olaraq geriyə - yürüyüb
gəldiyi səmtə
doğru bir neçə addım atdı. Sanki nə isə itirmişdi, tapmaq ümidi ilə keçib gəldiyi yerləri arayıb axtarmaq istəyirdi.
Vücudundan nəyin qeyb olduğunu anlamadığından
çaş-baş qalmışdı.
Ancaq birdəncə
ağlına gələn
fikirdən dalağı
sancdı və başını qaldırıb
qorxa-qorxa ətrafı
gözdən keçirincə
quruyub yerindəcə
qaldı.
Ruhu vücudundan sıyrılıb
çıxmışdı, oğrun-oğrun ətrafına
göz gəzdirə-gəzdirə,
özündən sonra
bir şey qoyub getmək istəməyən adam tövrü ilə addımlayırdı.
O, ümidsiz halda çıxıb gedən
ruhunun ardınca bir-iki addım atdı.
Ancaq nə fikirləşdisə getmədi,
gedə bilmədi, dayanıb durdu.
İt bir də uladı.
O, Basarın hürüşünün
və ulartısının
səbəbini yalnız
indi anladı.
İt, ruhunu görmüşdü.
Ancaq özündən
savayı bir kimsə vücudundan ayrılaraq çıxıb
gedən ruhunu görmədiyindən itin
ulartısına əhəmiyyət
verən olmadı.
Ölümünə az
qalmışdı.
"Hər şey yarımçıq qaldı,
daha nəyi isə bitirməyə, tamamlamağa zamanı qalmayacaq", - içindən
dərin bir təəssüf hissi axıb keçdi.
Əslində öləcəyi bir həftə öncə ürəyinə dammışdı,
ancaq dünyadan belə tez köçəcəyini
ağlına gətirmədiyindən
heç nəyə məhəl qoymamışdı.
Yenidən geriyə döndü.
Onun alaçığı aulun
sonuncu yurd yeri idi, burdan
o yana dağın
yamacı başlayırdı.
Ruhu alaçığın
yuxarı səmtindəki
açıqlığa çıxmış,
tələsmədən üzü
yoxuşa doğru qalxırdı. Hərəkətlərində qəribəlik hiss olunurdu; hərdən dönüb geriyə ona - tərk etdiyi vücuda sarı baxır, sonra yenidən yoluna davam edirdi.
Birdəncə dünyanın gözlərində
dəyişdiyini, özgələşdiyini,
yabançı bir örtüyə büründüyünü
hiss etdi. İndiyə qədər yer
üzünü bu rəngdə, bu biçimdə görməmişdi.
Sanki yaşadığı ömürdə dünyanın
üstünə bir pərdə çəkilmişdi,
indi birdən-birə bu pərdə açılaraq yer üzünün ona bəlli olmayan gizli, qapalı səmti aşkara çıxarılmışdı.
Səma gözlərinə tərsinə
çevrilmiş dəniz
kimi görünürdü.
Onu həyata
bağlayan bütün
ilmələr qırılmış,
zehnini, düşüncəsini
biganəlik ovqatı sarmışdı.
"Bundan belə neyləyəcəkdi ki...
Gözlərinin önündəcə
çıxıb gedən
ruhunu yolundan eləyə, tərk etdiyi vücuduna qaytara bilməyəcəkdi...
Yox, bu mümkün
deyildi... Taleyi ilə barışmaqdan
savayı çarəsi
qalmamışdı daha".
Ancaq bulanmış
zehni ixtiyarsız olaraq onu ruhunun
getdiyi səmtə səsləyirdi.
Alaçıqdan aralanaraq həyəcan və təlaş içərisində ruhunu
təqib etməyə
başladı.
Ayaqlarından daş asılıbmış
kimi zorla yeriyirdi. Sanki görünməz
əllə onu tutub saxlamaq istəyirdilər. İnadla dartınır,
onu tutub saxlayan əllərdən qopub açılmağa çalışırdı, ancaq
müqavimət göstərməyə
halı yox idi; gücü, taqəti ruhu ilə birgə vücudunu tərk etmişdi.
Ruhu ondan xeyli aralanmışdı. İndi sadəcə
uzaqdan-uzağa onu görür və gözdən qaçırmamağa
çalışırdı.
"Bəlkə ruhunu səsləyərək bu
ayrılışın sirrini,
səbəbini öyrənsin...
Görən eşidərdimi onu?
Səsinə, harayına
dönərdimi, ayaq saxlayardımı?".
Var gücü ilə ruhunu səslədi:
- Eheheyyy!!! - Onu nə adla çağıracağını
bilmirdi.
Dodaqlarının tərpəndiyini, ağzının
açılıb yumulduğunu
hiss etdi, ancaq səsi çıxmadı. Səsi yox
idi. Ruhu səsini özüylə
alıb aparmışdı.
Dili olmadığından
səsi, harayı şüşə kimi çiliklənib içərisinə
töküldü.
Ruhunu bir də səslədi:
- Eheheyyy!!!
Ancaq eynən
bayaqkı kimi səsi çıxmadı.
Auldan xeyli uzaqlaşmışdı.
Dönüb geriyə baxdı.
Qürub günəşinin şəfəqləri
aulun bəyaz, gümbəzə bənzər
alaçıqlarını qızılı rəngə
boyamışdı. Bir azdan
günəş dağların
arxasına çəkilib
itəcək, qaranlıq
düşəcəkdi.
Əlini qaşlarına kölgələyərək
ümidsiz baxışlarla
dağın yaxasını
eninə-uzununa ələk-vələk
elədi. Artıq ruhu gözə
dəymirdi.
Birdən-birə yalnızlığını, kimsəsizliyini,
ruhu üçün qəribsədiyini duydu. "Güman
ki, dağın zirvəsini aşmış,
daşların, qayaların
arasında itmiş, yaxud quşa dönüb səmanın
sonsuzluğunda qeyb olmuşdu", - ani olaraq fikrindən keçirdi.
Başını qaldırıb səmaya baxdı.
Göy üzünün
dərinliyində bir dəstə quş səssiz-səssiz dövrə
vururdu. Uzaqdan-uzağa baxışları ilə quşların səfini bir xeyli arayıb darasa da, onların
arasında ruhu gözlərinə dəymədi.
"Ruhu quşa çevrilmiş olsaydı,
mütləq gözümə
toxunardı", - deyə
düşündü.
Saqqız ağacının dibində
yastı bir daşın üstündə
oturdu. Burdan aul ovuc içi kimi aydınca görünürdü.
Ta gənclik illərindən
ömrünün dərdli,
kədərli anlarında
tək-tənha dağın
yamacına qalxaraq bir daşın üstündə oturub içinə, ruhuna sığınar, saatlarla
ona doğma olan aulun mənzərəsini
süzər, gərilmiş
əsəblərinə bu
yolla sığal çəkərdi. İllah da
qürub günəşinin
aulun üzərinə
sehr, əfsun dolu qəribə bir gözəllik yayması onu alıb başqa bir dünyaya aparardı.
Ancaq indi ruhu vücudunu
tərk etdiyindən içində dibsiz bir boşluğun açıldığını hiss edirdi.
O, bu aulda doğulub
boya-başa çatmış,
ömür sürmüş,
yaşa dolaraq ixtiyarlaşmışdı. Bütün ağrılarını,
acılarını burda
dəf etmiş, ömrünün ən qayğısız illərini,
xoşbəxt, bəxtiyar
çağlarını burda
yaşamışdı. Onun üçün dünya bu auldan başlayır,
bu auldaca bitirdi.
Aulu gözdən
keçirə-keçirə hiss olunmadan xəyallar onu alıb ağuşuna
apardı; bir ömrün sərhədlərini
dolduracaq qədər xatirələrə sahibdi. İndi olub-bitənləri
xatırlamaqdan savayı
heç nəyə gücü çatmadığını
bilirdi.
Dünyaya gələndən bəri
yaşadığı ömrün
gizli-aşkar səhifələri
yaddaşında çevrilməyə
başladı. Ancaq ömrün vərəqləri
elə sürətlə
çevrilirdi ki, xatirələrin tünlüyündə
olub-bitənləri aydın-aşkar
izləyə bilmirdi.
Aradan nə qədər keçdiyini xatırlamırdı. Ancaq yaddaşından, xəyalından ötüb
keçən bu zaman içində sanki ömrünü təkrar yaşamışdı.
Göy üzü
qürub rənginə
boyanmışdı. Bu rəng dağları, yamacları, aulun ətəyindən axıb
keçən çayın
vadisini öz içərisinə almışdı.
Hava qaralana yaxın aula döndü.
***
Ancaq qoca ruhunun vücudunu tərk etdiyini bir kimsənin duymasını istəmirdi. Son günlərini, bəlkə
də son saatlarını
yaşadığını bilirdi. Qalan ömrünü özü istədiyi kimi başa vurmaq istəyirdi. İndi onun üçün kiminsə
təsəllisini dinləməkdən
ağır işgəncə
ola bilməzdi.
Alaçığa keçərək kürkünü
əynindən çıxarıb
bir tərəfə atdı. İşlənməkdən dəlik-deşik olmuş at dərisinin üstündə oturaraq mütəkkəyə söykəndi.
Arvadı ərinin özündə
olmadığını, üzünün,
baxışlarının bütün
ifadəsini qeyb etdiyini duysa da, nədənsə onu sorğu-suala çəkmədi. O, qarısının
heç nəyi hiss etməməsinə sevindi,
çünki sorğu-sual
başlasaydı, cavab
verə bilməyəcəkdi
- dilini itirmişdi.
Ancaq onu narahat edən
təkcə dilini itirməsi deyildi, bütün vücudunun ruhsuzlaşdığını duyur, alışa
bilmədiyi bu natamamlıqdan sıxılır,
darıxırdı.
Yaddaşında hər şey büsbütün zamanın
və məsafələrin
arxasına çəkilmişdi.
Vaqif Sultanlı
Ədəbiyyat qəzeti.- 2018.-
31 mart.- S.15.