Lansarote
Povestdən parça
Min doqquz
yüz doxsan doqquzuncu ilin on dörd dekabrında, günün
ikinci yarısı başa düşdüm ki, Yeni ili şən əhvalda qarşılamaq mənə
nəsib olmayacaq, - həmişə olduğu kimi. Sağa, Feliks For prospektinə tərəf
döndüm və yolun üstündə ilk rastıma
çıxan turist agentliyinə daxil oldum. Agentlikdə qızın başı müştəriyə
qarışmışdı. Qarabuğdayı
idi, açıq rəngli bluzka geyinmişdi, sol burun
deşiyinə persinq taxılmışdı;
saçlarına xına yaxmışdı. Özümü tam sərbəst apararaq stolların
üstünə yığılan reklam bukletlərini vərəqlədim.
- Sizə
kömək edə bilərəmmi? - bir dəqiqə
keçməmişdi ki, bu sözlər qulaqlarıma dəydi.
Yox, o, mənə
kömək edə bilməzdi; heç kim
heç nə edə bilməzdi.
Evə qayıtmaq, divanın üstünə
yayxanmaqdan başqa gözümə heç nə
görünmürdü, divana sərilib klub otellərinin
kataloqlarını vərəqlə; ancaq qız söhbəti
elə başladı ki, dönüb getmək olmazdı.
- Yanvar
ayında harasa getmək istərdim... - bu sözləri fikrimcə
şirin təbəssümlə dedim.
- Gündə
yanmaq istəyirsiniz? - Qız tam sürətlə irəli
cumdu.
-
İmkanlarım məhduddu, - ciddiləşdim bir az.
Turistin turizm agenti ilə söhbəti müəyyən
aidiyyəti jurnallardan əxz etdiyim biliklərə görə
adi alqı-satqı dairəsindən kənara
çıxmır; ya da mövzusu "səfər" kimi təxəyyülü
həyəcanlandıra bilən nəsnədən ibarət
olan bu söhbət, əksinə hər bir
alış-verişin həqiqi-sirli, dəruni insani, hardasa
mistik mahiyyətini üzə çıxarır. Bircə
anlığa özünüzü, əziz oxucu
"turistin" yerinə qoyun. Söhbət
nədən gedir? Turist firmasının
düz qənşərinizdə əyləşən əməkdaşının
sizə görə irəli sürdüyü təklifə
qulaq asmaq gərək (əməkdaş, çox zaman qız
uşağı). Vəzifəsi belədir ki, firmanın
kataloqlarında sadalanan oyun və mədəni istirahət yerlərində
mövcud olan çoxlu imkanlar haqqında məlumatlara malik
olur; istirahətə yollanan şəxslərin təxmini tərkibi,
bu kurort zonasında insanların məşğul ola biləcəkləri
idman növləri, orada başına gələcək
tanışlıqlar haqqında da müəyyən təsəvvürü
var; məhz daha çox ondan asılıdır - bəxtiniz gətirəcək,
ya yox - ya da, xoşbəxt olmaq üçün fürsət
düşəcəkmi - özü də bitmək bilməyən
həftələrdə. Onun vəzifəsi sizə bəri
başdan tədarük edilmiş, standart məzuniyyət vermək
deyil: işgüzar əlaqələrinizin
qısalığına baxmayaraq, bu qız ürəyinizdəki
bütün arzuları, gözləntiləri tam yerinə
yetirməlidir.
- Tunisi təklif
edə bilərəm. Klassik turist istiqaməti, yanvarda - münasib qiymətlə...
- əvvəlcə, məzuniyyət, sonra... - Mərakeş də
var. İndi orda möcüzələr dolaşır.
Niyə "sezonda" yox? Mərakeşin cənubunda
bütün il boyu bayramdı. Mərakeşin cənubunu yaxşı
tanıyıram, hər halda, bu səfeh yerdən
yaxşıdı. Ancaq ora necə möcüzəli olsa
da, mənə əl verməz, ora getməyim alınmaz: bax,
bunu onun başından çıxarmaq gərək.
- Ərəb ölkələrini sevmirəm, - deyə
sözünü kəsdim. - Ancaq... - Birdən
düşündüm və Livanda gördüyüm
qızı xatırladım, onunla gecə klublarının
birində qarşılaşmışdıq: qız deyildi, od parçasıydı, gözəldi, söz
ola bilməz, hələ bir sinəsi. Həmkarlarımdan
biri əlcəzairli qızların dəstə-dəstə
gedib yiyəsiz başına kef çəkdikləri Hamametedəki
otel haqqında mənə bəzi şeylər
danışmışdı. Bununla
bağlı qəribə sözlər və əhvalatlar
danışırdı. Bəli, ərəb ölkələri
belə baxanda heç də pis yerlər deyil, yalnız bircə
şərtlə ki, onların səfeh dinlərindən bir az kənarda olasan.
- Mənimçün
problem o deyil ki, bunlar ərəb ölkələridir,
ondadı ki, müsəlman ölkəsidi bunlar, - sözümə
davam etdim. - Müsəlman olmayan başqa bir ərəb
ölkəsinə səfər yoxdu ki? - Bu, hardasa televiktorinada
fırıldaq suala bənzədi. Müsəlman olmayan ərəb
ölkəsinin adını çəkin: cavab
üçün cəmi 40 saniyəniz var. Yavaşca
ağzını açdı.
- Seneqal
var... - dedi, sükutu pozmaq üçün. Seneqal?
Niyə görə də olmasın? Eşitmişəm ki, Cənubu Afrikada ağların
nüfuzu hələ də yüksəkdir. Diskotekaya
baxmaq kifayətdir - bir qız qoluna girib səninlə bunqala
gedəcək; lap deyək ki, o, heç fahişə-filan
deyil, onlar bu işlə daha çox keyf üçün məşğul
olurlar. Əlbəttə, hədiyyə, müxtəlif
qızıl əşyaları almaq xoşlarına gəlir;
ancaq hədiyyəni hansı qadın sevməz? Özüm də anlamıram bütün bunları
niyə xatırladım; hər halda qadınla olmaq istəmirdim.
- İstəmirəm,
- dedim. Qız gözlərini qaldırıb təəccüblə
mənə baxdı; doğrudan da düşüncələrimdə
bir neçə aralıq mərhələni
buraxmışdım. Qız təzədən
qovluqların içində eşələnməyə
başladı. "Bilirsiniz, Seneqalın
qiyməti altı min frankdan başlayır..." - nəhayət
sözünü bitirə bildi. Kədərlə
başımı buladım. Ayağa durdu
ki, başqa qovluqlara baxa bilsin; adamın Allahı var, bu
qızların ürəkləri var da, onlar maliyyə arqumentlərini
nəzərə ala bilirlər. Pəncərənin o
biri üzündə isə yoldan keçənlərin
üstünə qar ələnirdi, az
zamanda ayaqlar altında palçığa dönürdü.
- Kanar
adaları haqqında düşündünüzmü
heç?
Cavab vermədiyimə
görə peşəkar təbəssümlə izah eləməyə
başladı:
-
İnsanlar Kanar adaları haqqında təsadüfi hallarda
düşünürlər... Bu, Atlantik
okeanında adadır, Qolfstrimin yuduğu Afrika sahillərində.
İl boyu mülayim və isti hava. Bəzi
müştərilərimiz ora yanvarda gediblər və
çimiblər... - O, məlumatı anlamağım
üçün bir az fürsət verdi,
sonra davam etdi: - Xüsusi təklifimiz var: "Buqenvil
Playya". Həftə ərzində
üç min iki yüz doxsan frank ödəyirsən, yanvar
ayının doqquzu, on altısı və iyirmi
üçü Parisdən uçuş. Yerli
normalara görə otel - özü də dörd ulduzlu.
Otaqda: vanna, fen, kondisioner, telefon, televizor, mini-bar, fərdi
paltar seyfi, çarhovuza açılan eyvan (dənizə
açılması üçün əlavə pul ödəməlisən).
Çarhovuzun sahəsi min kvadrat metrdir, cakuzi,
sauna, türk hamamı, məşq zalı. Üç
tennis kortu, squash rackets üçün iki
meydança, mini-qolf, stolüstü tennis. Folklor
rəqs ansamblının çıxışı, ekskursiya və
sair (müxtəlif proqramlar).
Turun dəyərinə həm də sığorta, tibbi
yardım və ləğv edilmə halında peşman pulu da
daxil idi.
- Bu nə
yerdi belə? - sual verməkdən
özümü saxlaya bilmədim.
-
Lansarote.
2
Yeni ili heç də ürəyimcə
qarşılaya bilmədim: İnternetə girməyə cəhd
etdim, alınmadı. Yeni mənzilimə təzəliklə
daşınmışam; görünür modemi təkrar
qoşmaq lazım gələcək. Şəbəkəyə
səmərəsiz qoşulma cəhdləri başımı
ağrıtdı, saat on birdə yerimə uzandım.
Bax, bu da müasir Yeni il.
Yola düşmək üçün ayın doqquzunu
seçdim. Orli hava limanındakı köşkdən bir qucaq qəzet
aldım. "İntim-kuryer"də həmişə
eyni şeylərdən yazılırdı. "Pari-Maç" bir neçə səhifəsində
Bernar Anri Levinin Sartr haqqında məqaləsini sərgiləmişdi.
"Nuvel observatör" yeniyetmələrin
cinsi həyatına və Jak Preverin yüz illiyinə diqqət
ayırmışdı. "Liberasyon"da
isə yenə də holokost, yaddaş borcu, ölkələrinin
faşist keçmişini qurdalayanda isveçlilərin necə
əzab çəkmələri haqqında filosofluq baş
alıb gedirdi. Düşündüm ki,
yeni əsr köhnədən heç nə ilə fərqlənmir.
Yeri gəlmişkən, yeni əsr hələ
başlamayıb, bunu hansısa dilçi "Gəlin mərcləşək"
adlı tok-şouda sübut da eləmişdi. Doğrudan da yeni əsr (görünür həm də
yeni minillik) 2001-ci ildən başlanacaq. Görünür,
o, xronoloji ardıcıllıq mənasında haqlıydı;
nə olur-olsun 2000 rəqəmi ikiylə başlanır və
bunu hamı görür.
Fransa və İspaniya üzərindən uçuş
yaxşı keçdi; bütün uçuş boyu
yatdım. Ayılanda təyyarə Portuqaliya üzərində
uçurdu və təyyarənin qanadlarının altındakı
yer quraqlıq idi. Sonra döndü və
okeanın üzərində peyda oldu. Hava
limanında aldığım jurnalları vərəqləməyə
cəhd etdim. Günəş Atlantikada
batırdı, mən yenə də dünənki TV
verilişi barədə düşündüm. İştirakçılardan biri, pornofilm
iştirakçısı yeni minilliyə
qorxu-ürküsüz baxırdı; deyirdi ki, kişilər
necə var elə qalacaqlar, bundan artıq nə istəyirsən.
Amma o alim-tarixçi "əsr" sözünün
özünə ciddi məna verirdi və bu sözü necə
deyərlər dartıb uzadırdı: onun fikrincə, XIX əsr
əslində 1914-cü ildə bitmişdi. Alim-genetik,
solçu baxışları dəstəkləməklə,
özündən çıxırdı: 2000-ci ilin
astanasında Yer kürəsində bu qədər insanın
aclıqdan ölməsi ağlasığmazdır, dəhşətdir.
Sağ düşüncəli akademik ironiya silahını yerə
qoymurdu: hər bir insan kimi o da təəssüflənir ki, dünyada
müharibə və aclıq var; həm də bəşəriyyətin
taleyinin dəyişdirilməsini perspektivsiz sayır,
görünür bunun üçün insanın öz təbiətində
köklü dəyişikliklər etmək lazımdı; beləliklə,
o, mahiyyətcə pornofilm aktrisası ilə həmfikir idi, -
yeri gəlmişkən onlar bir-birlərini yaxşı
anladılar. Ancaq o, molekulyar biologiyanın son nailiyyətlərindən
bixəbər idi, buna görə də anlamırdı ki, bu dəyişikliklər
(necə qızğınlıqla bunu etməyə
çağırırdı, özü də bunların
mümkünsüzlüyünə sidqi-ürkədən
inanırdı), bu gün artıq gerçəkliyin
parçasıdır, solçu düşüncəli genetik
görünür məsələdən xəbərdar idi:
ancaq o, fəal siyasi fəaliyyətin və demokratiyanın tərəfdarı
idi, elə buna görə də bu mülahizələri qəzəblə
rədd etdi. Ümumən, bu diskussiya digərləri
kimi idiotların yığnağını
xatırladırdı. Gözlərimi
yumdum, bir də təyyarə yerə enəndə diksindim.
İşlər belə getsə,
düşündüm ki, tezliklə yeni əsrin əsl sifətini
görə bilərik.
Etiraf etmək lazımdır ki, otelə yerləşmə
əla təşkil edilmişdi. XX əsrdən bizə
nə qalacaq? Elm və texnikada nailiyyətlər.
Hər halda "tayota" mikroavtobusu dilican
deyil.
3
Əgər
Lansarote Korfu, yaxud İbisedən fərqli olaraq məzuniyyətdə
olanlara crazy techno afternoons1 təklif edə bilmirsə, onda o,
"yaşıllıqlar arasında istirahət" həvəskarlarına
daha az əl verər (bu adada təbiət
belədir). Görünür, son şans müəllim-pensiyaçılar
üçün, o cümlədən orta səviyyəli digər
ahıl turistlər üçün bu qədər cəlbedici
olan "mədəni istirahəti" inkişaf etdirməkdir.
Axı, İspan adasında, gecə
klublarının olmadığı bir şəraitdə hansısa
memarlıq abidəsini görmək intizarında qalırsan
(barokko monastırlarını, Orta əsrlərin yadigarı
olan qalaları və sair). Bədbəxtlikdən,
bütün bu gözəllik 1730 - 1732-ci illər ərzində
dalbadal, nəfəs dərmədən baş verən
yeraltı təkanlar və gizli qüvvələrin səbəbinə
vulkan püskürmələri nəticəsində məhv
edilmişdi. Görünür, indi mədəni
istirahətə də arxalanmaq yersizdi.
Təəccüblü deyil ki, Lansarotenin belə bir namünasib göstəriciləri varsa, bu adada olsa-olsa ingilis dilli ölkələrdən pənah gətirmiş, üstəlik Norveç turistlərinin kabuslarına bənzəyən əcaib pensionerlərə rastlaşa bilərsən (onların "yanvar ayında burda çimiblər" fikrini təsdiqləməkdən başqa bir elə əsaslı məqsədləri də yoxdu). Əslində, norveçlilər üçün doğrudanmı mümkünsüz nəsə varmı? Norveçlilər insan kimi yarımşəffafdırlar; onları günəş altına gətirsən, dərhal ölərlər. 50-ci illərin əvvəllərində onlar Lansaroteni turistlər üçün açdılar, ancaq sonralar ucqar Cənubda yerləşən bu adadan ayaqlarını kəsdilər, arzuları, Andre Bretonun dediyi kimi, - ömürlərinin ən uğurlu günün burada keçirməkdir. Ada sakinləri onlar haqqında həyəcanlandırıcı xatirələrə malikdirlər: bu barədə demək olar ki, gəlib-gedəni olmayan restoranların girişindən asılmış, zaman keçdikcə bəzi hərfləri pozulmuş Norveç dilində tərtib edilmiş menyu şəhadət verir. Sonra, təhkiyə boyu norveçliləri anmamaq da olar...
Mişel Uelbek
Fransız dilindən
tərcümə edən:
Cavanşir Yusifli
Ədəbiyyat qəzeti.- 2018.- 31
mart.- S.13.