Savaş
Hədis-hekayə
Bir kənddə Allahını tanıyan, Peyğəmbərini
qəbul edən, dini ayinləri, ibadətlərini
vaxtlı-vaxtında yerinə yetirən, böyük külfət
sahibi olan bir İmanlı Kişi yaşayırdı. Kişinin
beli-baltası, çəkici-orağı əlindən
düşməz, əkin-biçinlə məşğul
olar, qoyun-quzu saxlayıb böyük külfətini
halallıqla dolandırar, bunun üçün Yaradanına
dönə-dönə şükranlıqlar edərdi.
Halal neməti qazanmağın zəhmətli yolunu seçən
İmanlı Kişi Allahına olduqca bağlı adam idi. O, hər tikə halal nemət
üçün Allahına şükranlıq etməkdən
yorulmazdı. İnsan qəlbi də hava kimi hərdən
tutulub-açılır. Bax, qəlbin
havası şübhənin təsirilə dəyişəndə,
durumunu itirməmək üçün gərək iradəli
olasan.
İmanlı Kişinin qulağına çatdı ki, bəs deməzsən, öz
kəndlərindən, ətraf kəndlərdən camaat
bir-bir, iki-bir axınıb yaxınlıqdakı meşəyə
üz tutur. Orada "Hündür Ağac" deyilən bir zorba
yarıquru, yarıyaşıl bir bitili var. Kimsə
adamların qulağına əridib tökür ki, istəklərin,
arzuların dava dərmanı, əlacı o Hündür
Ağacdır. Gedin, müftə-müsəlləm,
ruzinizi ondan diləyin. Nə vaxta qədər
alnınızın təri, əllərinizin qabarı ilə
külfətinizə çörək qazanacaqsınız?
Nə vaxta qədər qoyun-quzu dalınca
qaçacaq, torpaqda eşələnəcəksiniz? Nə vaxt dincələcəksiniz, insan kimi
yaşayacaqsınız? Gedin meşəyə,
ibadətinizi Hündür Ağaca eləyin".
Bu çağırış kimin ağlına
batdısa, qəlbinə yol açdısa, üz tutdu
Hündür Ağacın məkanı olan meşəyə
sarı. Bunu
eşidən İmanlı Kişi bərk qeyzləndi:
"Bircə o qalmışdı ki, Allaha şərik
qoşalar… İndi mən iti baltamı
götürüb o Hündür Ağacı baltalayıb
yanı üstə sərərəm.
İmanlı Kişi ovxarlı baltasını əlinə alıb üz tutdu
yaxınlıqdakı meşəyə sarı. Dar Dərəyə
çatanda Şeytan tanınmaz bir qiyafədə yerişi yer
titrədən İmanlı Kişinin qarşısını
kəsdi:
- Əlibaltalı kişi,
hara belə gedirsən? Yoxsa
yanacağınız qurtarıb, odun tədarük eləmək
fikrindəsən?
İmanlı Kişi meşəyə
gedişinin əsl məqsədini onu
yolundan eləyən kəsə izah etdi:
- Şeytan dinc durmur, camaatı düz yolundan sapdırır. Buna dözmək
olmaz. Hündür Ağacı dibindən
baltalayacağam, qoy bəndələr göyü qoyub yerdə
Allah axtarmasınlar.
Şeytan
İmanlı Kişinin
qılığına girib
gülümüsündü:
- Camaat bir şey
bilməsə, fikrini dəyişməz. Bəlkə,
Hündür Ağacda bir hikmət var. Yəqin möcüzə
göstərir ki, ona qarşı bu qədər axın var.
İmanlı Kişi Şeytanın
qılığına yatmadı, əksinə,
onun qeyzi bir az da şiddətləndi:
- Hərzə-hərzə danışma!
Bu Şeytanın uydurmasıdır. O,
yağlı vədlərlə camaatın qəlbinə girib
yarananı Yaradanından uzaq salmağa
çalışır. Yox, mən buna imkan vermərəm.
İmanlı Kişini sözlə
qətiyyətindən döndərə
bilməyəcəyini hiss edən Şeytan güc
nümayiş etdirməyə üstünlük verdi:
- Mən də Hündür Ağacı Allah hesab edib ona biət
edirəm. Heç cür imkan verə bilmərəm ki, sən
Hündür Ağacı baltalayıb yerə sərəsən!..
O dedi, bu eşitmədi.
Bu dedi, o eşitmədi. Axırda Dar Dərədə
küşk tutası oldular. İmanlı Kişi onu
yolundan eləmək istəyən naməlum kəsin
qollarını arxadan çatıb baltanı boğazına
dirəyir:
- Məlunlara qahmar çıxdığın üçün səni
öldürüb cəhənnəmə vasil edəcəyəm!
Son sözün varsa, de.
Savaşda basılan Şeytan
qalibə yalvarmağa, onu dilə
tutmağa başladı:
- Sən məni öldürməklə heç nə
qazanmayacaqsan. Əgər rəhmə gəlsən,
məni bağışlasan, səni var-dövlət sahibi
edib, sayılan-seçilən zənginlərin cərgəsinə
qoşaram.
İmanlı Kişini maraq götürdü.
- Hansı yolla?
Şeytan
ipucu əldə etdiyinə sevindi:
- Mən bilirəm ki, sən ağır həyat tərzi
yaşayan çoxuşaqlı bir bəni-adəmsən. Cehiz ucbatından qızlarını ər evinə
köçürə, başlıq dərdindən
oğlanlarını evləndirə bilmirsən.
Yaşadığın ev də
başına uçhauçdadır. Məni
bağışlasan, düçar olduğun çətinlikdən
çıxış yolunu göstərərəm.
İmanlı Kişi fikirləşdi ki, doğrudan da rəqibini öldürməklə
nə qazanacaq?
Bağışlasa, üzünə gün
doğa bilərdi. Odur ki, Şeytanın ricasını qəbul
edib onun əl-qolunu açdı ayağa qaldırdı:
- Mən sənin təklifini qəbul etdim.
Şeytan
əlini cibinə saldı, bir kisə qızıl
çıxardıb İmanlı Kişinin ovcuna basdı:
- Mən də vədimə əməl edib işlərini
aşırmaq üçün sənə bir dolu kisə
qızıl bağışlayıram. Görməsə,
yenə verəcəyəm.
İmanlı Kişi Şeytanın
səxavətindən barındı, ona
qızğın təşəkkürlərini bildirdi:
- Çox sağ
ol. Məni ehtiyacın pəncəsindən
xilas etdin. İş başa çatdı,
yoxsa bu yaxşılığınla bağlı bir
sözün, ismarıcın, ya şərtin var?
Şeytan məqsədinə lap yaxınlaşmışdı,
əməlilə dağın başında duranı dərənin
dibinə endirə bilmişdi. Dedi:
- Hə, bir balaca
şərtim var.
- Çəkinmə, de.
- Şərtim odur
ki, sən Hündür Ağacla
bağlı niyyətindən əl çəkəsən. Camaata baş
qoşmağa dəyməz. Camaatın
ağzını yummaq, ayağını saxlamaq çətindir.
Hündür Ağacın ziyarətinə gedirlər,
qoy getsinlər. Hündür Ağaca Allah
deyirlər, qoy desinlər. Ağaca Allah deməklə
ağacdan Allah olmayacaq ha…
İmanlı Kişi naməlum səxavətli kəsin təklifini, şərtini
əqidə tərəzisində çəkdi. Özlüyündə
xeyli o yan-bu yan etdikdən sonra ovcunda sıxdığı
qızıl kisəsinə diqqət yetirdi. Yavaş-yavaş onu çətinliklərdən
qurtaracaq, firavan həyata qovuşduracaq qızıl kisəsinin
əfsununa düşdü. Astadan, lap astadan dilləndi
ki, nəsə müqəddəs bir şeyi itirdiyini hiss etdi:
- Nə deyirəm, sən deyən olsun…
İmanlı Kişi qənimətini -
mükafatını alıb səxavətli naməlum kəsdən
əl götürdü. Bu arada bir dəstə adam onların
yanından keçib Allah kimi qəbul etdikləri
Hündür Ağacın ziyarətinə gedirdilər. Şərtə görə İmanlı Kişi
onlara mane olmadı. İti baltanı
Hündür Ağacın gövdəsinə endirmədən
hacatını qoltuğuna vurub yarımfikirli halda evlərinə
döndü. İndi onu qarşıda yeni
- dəbdəbəli bir həyat gözləyirdi.
***
Qızıl da qar kimidir. Günəş
işıq saçanda qar əriyir. Qızıl
da ehtiyaca xərclənəndə əriyir. İmanlı Kişi Şeytanın verdiyi
qızılın hesabına dolaşıq işlərini
sahmanladı. Qızlarını
köçürdü, oğlanlarını evləndirdi.
Üstəlik möhtəşəm bir
bürcü-hasar da tikdirdi. Nədənsə
bu imarətin içində canı qızmadı,
üşüdü. Halbuki, əvvəllər
kasıb komasında və qəlbində qəribə,
möcüzəli bir Günəş istiliyi vardı.
Çoxları onun ocağından od
aparıb özlərinə ocaq çatırdı. Halal ocaq olduğuna görə onun
işığı parlaq, istisi çox idi. Ev sahibi də bundan bir bəxtəvərlik duyurdu.
İndi vəziyyət dəyişmişdi.
İndi heç kimin əli
bürcü-hasarı aşıb ocağa
çatmırdı.
Nə edəsən ki, qızıl qurtarır, ancaq iş
qurtarmır. Bir kisə də qızıl olsaydı…
İmanlı Kişi dünyanın
şirin dadan malı
ilə xeyli əlləşəndən sonra birdən əqidəsi,
bu əqidənin təcəssümü olan Allah yadına
düşdü. Ətrafına diqqət yetirəndə
gördü ki, adamlar üç-üç, beş-beş
yenə meşəyə - Hündür Ağaca ibadət etməyə
gedirlər. Elə bil yatmış idi, təzədən
oyandı. O, yenə qeyzə gəlib iti baltasını
qoltuğuna vurdu: "Bu dəfə yarı yoldan qayıdan
deyiləm. Baltalayıb Hündür
Ağacın axırına çıxacağam".
İmanlı Kişi Dar Dərəyə
çatar-çatmaz keçəndəfəki naməlum kəslə
qabaqlaşdı. Şeytan hiyləsini işə salıb İmanlı
Kişini qınadı:
- Əlibaltalı bəndə,
hara belə?
- Keçən dəfə sənin sözünü tutub işimi
yarımçıq qoydum. Adamlar yenə
Hündür Ağaca ibadətdən əl çəkmirlər.
Bu dəfə işimi başa
çatdıracağam.
Şeytan
soruşdu:
- Sən bütün işlərini qaydaya sala bilibsənmi?
İmanlı Kişi:
- Yox. Qızıl qurtardı, ancaq iş
qurtarmadı.
- İstəsən, yenə
sənə yardım əli uzada bilərəm. Ancaq şərt
yerində durur. İmkan ver, camaat nəyə
istəyir, ona da sitayiş etsin, - deyə Şeytan
qızıl kisəsini əlində atıb-tutmağa
başladı.
Cazibəli qızılı görən
İmanlı Kişinin qətiyyəti yenə
azaldı, ancaq mübarizəsiz basılmağı
özünə ar bildi:
- Yox. Tutaşacağıq, Allah ya sənə
verər, ya da mənə…
Naməlum kəs əvvəlki savaşda rəqibindən xeyli
ehtiyatlanırdı. Amma bu dəfə çox cəsarətli
görünürdü. Görəsən,
nəyə arxayın idi?
Şeytan:
- Mən qalib gəlsəm, Hündür Ağacla işin
olmayacaq, baltanı götürüb geri dönəcəksən.
Hər halda səxavətimi də göstərəcəyəm,
səni əliboş yola salmaram.
İmanlı Kişi nərə
çəkmək istədi,
alınmadı, xırıltılı bir səslə dedi:
- Qələbə mənim olacaq. Hündür Ağacı
da kəsib adamlara həqiqi Allahını
tanıtdıracağam.
Küşk başlandı. Elə bil lay
divara oxşayan İmanlı Kişinin əl-ayağını
pişik yemişdi. Nə qədər
çalşırdısa, əvvəlki gücünü
toplaya bilmirdi. Naməlum kəs isə əksinə,
şirə, pələngə dönüb rəqibini ora-bura
çırpırdı. Nəhayət,
savaş bitdi, Şeytan qalib gəldi.
İmanlı Kişi ayağa durub cırım-cırım olmuş
üst-başını sahmana salmağa
çalışdı. O, məğlubiyyətinin sirrini öyrənmədən
meydanı tərk etməyəcəkdi. Bu amacla naməlum kəsdən
soruşdu:
- Keçən dəfə mən səni basmışdım, necə oldu
ki, bu dəfə sənə basıldım?
Məqsədinə çatan Şeytan
sirri gizlətmədi:
- Keçən dəfə sən həqiqət, ədalət rəmzi
olan Allah eşqinə çarpışırdın. Ona görə də qalib gəldin. Bu dəfə nəfsinin quluna çevrilib
gücünü itirdin. Səbəb budur.
İmanlı… Yox, yox, İmansız
Kişi səhvini başa düşdü. Suyu süzülə-süzülə meydanı tərk
etdi.
Noyabr 2017
Qərib MEHDİ
Ədəbiyyat qəzeti.- 2018.-
31 mart.- S.19.