Həsrət damlaları

 

Mən, hər zaman dostlarımla yaşadım. Uzaqda olmaları da, uzaqlara məhkum qalmam da önəmli olmadı heç vaxt. Dost, məsafələri aşaraq gəlir; atdığı hər addımda "dooost!" deyərək gedər gedəcəyi yerə. Könlü heç zaman rahat olmadan, gözü heç zaman qurumadan sürən bir yolçuluq...

Könlüm rahatlanmasın, gözümün bulağı qurumasın deyə, irmaqlar kimi axmaq istədim: Çay, torpağa can verən buludu da, ilk suyunun süzüldüyü yeri, altından qaynadığı qayanı, onu yaz-qış bəsləyən bulaqları və keçdiyi dərələri də unutmaz. Bulud dostdur, qaya, çay və dərə dost... Su belə, okeana qədər uzanacağı halda ilk yumağını sarıdığı yeri unutmur; bulud olub təkrar dönür ilk süzüldüyü dağların zirvəsinə... Mən necə unudaram!..

İrmağın önünə dağlar dikilər; amma o, qıvrılıb yol bulub, axar. Bu gün deyilsə sabah, sabah deyilsə o biri gün aşar əngəlləri və varacağı yerə varar. Barajlarda bağlanmış, göllərdə durdurulmuş, okeanlara qarışıb qeybolmuş zənn edilən irmaqlar, biz fərqində olmasaq belə, bir yağmur buludunun qanadlarında öz torpaqlarına dönər və eyni macəranı yenidən yaşar. İrmaq, hər dəfəsində yenidən başlayacaq qədər səbirli və əzimlidir. Aşıq Veysəlin dediyi kimi, "Pavlikəyə  tutulsa da", tarla-tarla dolaşıb buğda başaqlarında südə dönsə də, mənzilindən sapmaz. Su, onu yenidən qaynağına qaytaracaq olan dosta qaçar hey; mən necə duraram!..

Su, önünə çıxan əngəllərə məğlub olsaydı, onun suladığı milyonlarca çiçək solar, milyonlarca ağac quruyardı. Çiçəklərin qoxuları unudular, ağacların kölgələri yox olardı. Çiçəklər solmamış, ağaclar qurumamış və dünya rayihəsiz qalmamışdır; çünki su, yavaşısa da durmamış; yüyürüb dostlarının ürəklərini sərinlətmişdir...

Könül də su kimi axar dosta doğru: hər cür əngəlləri aşaraq.. önünə əngəllər çıxarıldıqca yeni bir yol taparaq...

Araya Toroslar girdi. Türkiyəmi bir ucdan bir uca əyilə-bükülə keçən bu dağ zənciri, Ağsuyu, Göysuyu, Pozantıyı sırtından aşağılara doğru daşıra-daşıra yüksələrkən dostları əngəlləməyə qalxmış kimidir. İçimizdə gizlicə titrəşib duran sazın nəğmələri nə zəncir dinlər, nə kəmənd,  kələpçə!...

Mən - indi igidləri doğranmasın deyə atını "Ölüm çarxı"nın üstünə sürüb paramparça olan bir böyük şəhidin, Canpolat bəyin ruhunun dolaşdığı diyarda, göyüzünü arşınlayıb qardaşlarımı qurtarmağa qoşarkən qanadsız qalan  igidimin qurda-quşa yem olduğu diyarda, Kamalın yaza-yaza əridiyi, yaza-yaza böyüdüyü diyardayam. Daha iyirmi yaşında vətəninin torpağına qarışan şeir fidanının - Süleyman Uluçamgilin doyamadığı diyarda... Bir onlara can atır ürəyim; bir yuvalarında eləcə buraxdığım dostlarımın iqliminə...

Sular! Okeandan dönüb Porsuq sahillərinə zərrələnərkən mənə uğrayın: Sizə qarışıb buludlanacaq həsrət damlalarım var. Oraya göndərəcək salamlarım  saçılıb sərpiləcək çiçəklərim var...

 

Qürbətdə zaman

 

- Sivasda durnalar, hər biri bir uzaq dağın ardına səpilmiş sevgililərin ürəklərini oynadan qərib, içdən, əsrarlı və məzlum fəryadlarla, qatar-qatar, boyunlarını görünən bir təslimiyətlə üfüqlərə uzadaraq uçub gedərkən, qürbət duyğusunu incə-incə səpərlərdi ürəklərə. Sivasda hər ürək bu üzdən yanıqdır. Bu yazını, o fəryadlarla könlü burxulanlara ithaf edirəm.

Qürbət, zamanın o biri üzünün aydınlandığı yer: Sözlüklər nə deyirsə-desin, zamanın əsl tərifini qürbətin lüğətindən oxumaq lazımdır...

Şair, "Yəkparə bir anda gün, saat, mevsim..." demiş. Qürbətdə "an"ın özü yəkparə; ona saat da nüfuz edə bilməz, gün və mövsüm də. Bir nəfəslik bildiyimiz an belə uzun, əngin və dərin...

Qürbətdə zaman aylara, gün, saat və dəqiqələrə ayrılmaqdadır: Onları bir-birinə yapıştırmaq, qarışdırıb birləşdirmək; "köpük-köpük, duman-duman əritmək" mümkünmü?! Siqaret tüstülərindən qurduğumuz həddəxanədə dəmirdən daha güclü, poladlaşmış zaman necə ərisin? An ərisə, gün əriməz; gün çürüsə, ay dipdiri...

Bəli, qürbətdə zaman, hər biri tək-tək ölçülüb çəkilə bilən bir çox "saat"dan hörülmüş bir qəfəs... Poladdan bir qartalın qanadlarında göyləri yırtaraq, buludları dələrək, ulduzlara toxunaraq Xəzərdən o yana uçmadan öncə varlığı belə hiss edilməyən yarım saatları, hətta dəqiqələri daha uzanmış, daha ağırlaşmış olaraq yaşamaq... qürbətin cilvəsi... Sərt və dolaşıq yalmanından asılı qaldığımız bir dev dişisi... qürbət! Qəm tanımamış bir Qazax ilxısı...

Zamanı yaşamaqmı? Xeyr, qürbətdə zaman yaşanmaz; onu milyonlarca lifdən hörülmüş qalın bir xalat kimi boynunuzda daşıyarsınız: Yaşamaq deyil, daşımaq...

Qürbətdə zaman, Sivasın soyuq qışlarında sisin ağır və bunaldıcı bir ədayla qarşı yamaclarda sürüməsi kimi, donuq, qayğısız sürüb gedir... əllə tutulur bir kütlə halında... Ayları gün, günləri saat axışında yaşayıb dönmək üçün çırpınan ürək, axmağı unutmuş bu sıxıntı kütlənin altında günləri ay uzunluğunda yaşamanın zəhərdən iynələriylə yaralanır... çarəsiz...

Nəğmələr, hələ türkülər, qürbəti əsrarlı bir buxar kimi xəyalxanəmizdə tutuşdururdular: Xəyalla gerçəyi ayırmaq üçün, yüzlərcə min metrəni geridə buraxıb uzaqlara uçmaq gərək. Qürbət, qara daşdan hörülmüş zaman divarına çarpmaq və xəyalları bir çilçıraq misalı darmadağın yerlərə saçıb qatı gerçəyə oyanmaqdır. Orada sızıltı yavaşdan və incədən başlar; içərdən və incədən sürüb gedər: Qalın kərpic divarlara su keçər kimi; izsiz dağ yamaclarında qar əriyir kimi...

Doğulduğun yerlərdə gün çox zaman iyirmi dörd saat olmur: Gündüzü gündüz, gecəsi gecə olduğundan, rahat yuxularda xəbərsiz yaşanan böyükcə bir dilim hesabdan düşər. Hüzurun, doğma üzlərini, şəfqətlərin alıb götürdüyü də olur... Amma qürbətdə hüzur ankası, şəfqət yox kimidir. Dəqiqəbaşı içinizdə çınlayan bir zəngli saat, zamanın hər bir parçasını, heç adlamadan, səkdirmədən sayıb durar... yuxuda belə!..

Yuxuda belə qürbət içinizdədir: "Bən qürbəttə değilim, qürbət bənim içimdə..." deyə bilməzsiniz. Dünyanın ən geniş göylərinin altında, qımıldanmadan bir okean misalı uzanan, genişlənən; heç dağ tanımamış yeknəsəq bir qürbət, yalqız və cılız bir söyüd fidanını əkənlər necə çevrəyə alırsa, elə çevrəyə almış. Qürbətdəsiniz və o içinizdə... Belə bir qürbətdə zaman, vəhşi bir ayğır olub, qarşınızda kişnər: "Mən buradayam; mən, daima mənəm!" deyən vəhşi və dəlixay bir ayğır...

Bəli, yuxuda belə, zaman ağır işlər. Gecə, parça-parça dilimlənib önünüzə qoyulur. Qürbətdə gecənin yarısı da, yarısından azı da yoxdur; qara təsbeh dənələri qopub necə dağılırsa, elə dağılan, bir şüşə kasə yerə düşdüyü zaman neçə parçaya bölünürsə, o qədər bölünüb hər biri ayrı-ayrı röya qırıntıları doğuran onlarca dilim... Hər addımı eyni yerdən başlayan və əsla bir sonrakı mənzilə aparmayan bir yüyürmək... Bu yüyürüşlə nə xəzərlər, arallar keçilər, nə də Qafqazlar aşılar!

Hey öz üzərinə qıvrılan və qıvrıldıqca böyüyən, böyüməkdən başqa da bir şey etməyən qaba, kirli, kövrək, dolaşıq və əyri-üyrü bir yumaq... zaman...

Bu kirli yumaq, qaba yumaq... dolaşıq, kövrək və əyri-üyrü... daima öz üzərinə qıvrılan, qıvrıldıqca böyüyən, yalnızca böyüyən yumaq.../ necə çözülür, necə, nə zaman?!.

 

Saadeddin Yıldız

 

Ədəbiyyat qəzeti.- 2018.- 31 mart.- S.18-19.