Qürbətin bircə adı
var, o da qürbətdir
"Zamanı yaşamaqmı? Xeyr,
qürbətdə zaman yaşanmaz; onu milyonlarca lifdən
hörülmüş qalın bir xalat kimi boynunuzda
daşıyarsınız: Yaşamaq deyil, daşımaq..."
Bu
ilin may ayında Şimali Kipr
Lefke universitetinin professoru Saadeddin Yıldız hoca ilə
tanışlığımızın 22 ili tamam olur. 22 il demək dilə asan gəlir…
Qəzavü-qədər
deyilən gücün məşum rüzgarları məni vətən
dediyim doğma torpaqlardan adını eşidib
üzünü-özünü görmədiyim (qürbət olsa da), qürbət
deməyə dilimin gəlmədiyi
bir məkana - Dardanel boğazının sahilində qərar
tutan dünya türklüyünün ən ağır
sınaqlardan keçdiyi şəhidlər diyarı
Çanaqqalaya atacaqdı. Və bu atış bir möcüzə əsəri idi, hələ
Türkiyəyə gəlməyin haradasa mümkünsüz
olduğu sovet illərində şüuraltı bir fəhmlə
yazdığım şeirdə belə misralar vardı:
İki
sahil yaxasıyam,
Həsrət-həsrət
baxasıyam.
Mən
Dardanel boğazıyam,
Hamı
məndən keçib gedər...
Niyə
Bosfor, Bereng deyil, Dardanel yazmalıydım axı?! Bu Dardanel sözünü məni yazdırmağa məcbur
edən hansı qüvvə idi? O qüvvənin həyati planı ilə aradan yeddi il
keçdikdən sonra Türkiyənin başqa bir yerinə
yox, bir zaman qəlbimə damızdırılan Dardanel
boğazının sahilində qərar tutan Çanaqqala 18 Mart Universitetində uzman kimi
çalışmağa gedəcəkdim.Üniversitet, uzman
kadrosu və əli hər yerdən üzülmüş bir
insan oğlu, yəni mən! Əlbəttə, vətənimdə
iki il yarım işsiz qaldıqdan sonra bir təsadüf (təsadüfmü?)
nəticəsində Türkiyədə işə düzəlməyimə
sevinəcəkdim.Amma bu işin alışıq
olmadığım universitetdə yox, qəzetdə, jurnalda, nəşriyyatda,
radioda, televiziyada olmasını daha çox istərdim.
Çünki jurnalda, televiziyada, nəşriyyatda iş təcrübəm
vardı, üstəlik bunların hamısından da əvvəl
şairliyim vardı. Çox sonralar biləcəkdim ki, uzman
ştatı universitetdə ən aşağı vəzifədir,
uzmanlara da hardasa vəzifəsinə uyğun gözlə
baxırlar… Amma bu da vardı ki, Çanaqqalaya -
universitetə özümdən öncə sözüm gəlmişdi.
Beləcə tanış olacaqlarım
özümdən əvvəl sözümlə tanış
olmuşdular və beləcə ilk tanışlıqlara
Bakıdan gətirdiyim ədəbi təcrübənin verdiyi
arxayınlıqlarla başlayacaqdım. Elə bu tanış olduqları sözümə
görə də məni gözlədiklərimdən daha
yaxşı qarşılayacaqdılar.Yəni
alındığım uzman ştatım bu
tanışlıqlara əsla əngəl olmayacaqdı.
İndi ayrıca bir üniversitet şəhərinə
çevrilən Çanaqqala 18 Mart Universiteti mənim işə
başladığım dönəmlərdə bir zamanlar
texnikum olmuş köhnə bir binada yerləşirdi… Bəxtimin
kəsməyini ondan biləcəkdim ki, hansı xoş təsadüfə
görəsə (bəlkə elə mənim taleyimin əlləri)
kafedramızda çalışan müəllimlərin hamısı
türkçü idi. İlk gün Vahit Türk, Saadeddin
Yıldız, Bünyamin Hami Tonqa ilə tanış
olacaqdım. Sonralar bizim kafedraya yeni-yeni müəllimlər gələcəkdi,
amma mənimçün yuxarıda adlarını çəkdiyim
adamlar əsl dost olaraq qalacaq, çətin günlərimdə
tale qardaşlarım kimi davranacaqlardı. Bunu
vurğulamaq yerinə düşər ki, adlarını
çəkdiyim müəllim yoldaşlarım olmasaydı, yəqin
ki, qardaş qürbəti olsa da, bu hicrət illəri mənimçün
çəkilməz olardı. Brodski
demişkən, qürbətə düşən
yaradıcı adamın həyatının janrını
sorsanız, tragi-komediyadır deyə bilərik. Vətəndə
min kişidən biri olan yaradıcı adam
qürbətdə milyonlardan birinə çevrilir. Nə
olur-olsun, qürbət vətənə çevrilməz,
qürbətin bircə adı var, o da qürbətdir!
...Hələ
bir kimsənin yoxdu xəbəri
Səni bu yerlərə səsləyən nədir.
Bəlkə
də kim bilir qürbət elləri
Qərib məzarların həsrətindədir.
Gəlir
damağına ölümün dadı
Güllə açılacaq, tiyə çıxacaq.
O yerlər
dirinə sahib durmadı,
Gəlib ölünəmi yiyə çıxacaq.
Qərib
gecələrin yuxusu sərvaxt ,
Qürbət gündüzlərə zülüm
dolanır.
Anan
dolanardı başına bir vaxt,
İndi ətrafına
ölüm dolanır...
Bircə
Ana - vətənmiş
Yerdə
qalanı, qürbət...
İlk
öncə Saaddədin Yıldız hoca bizdən ayrılacaqdı,
sonra Vahit Türk, ən sonda isə Bünyamin Tonqa… Amma bu ayrılıqlar dostluğumuza əsla əngəl
olmayacaqdı. İndi Vahid hoca
İstanbulda, Saaddedin hoca Şimali Kiprdə, Bünyamin Hami
Tonga isə Çanaqqalada fəaliyyət göstərməkdədirlər.
Hər üçü də sözün tam
anlamıyla ədəbiyyat bilicisi, söz
vurğunlarıdır. Onlarla
tanışlığımı mən taleyin cilvəsi və
mənə öncədən hazırlamış olduğu
sürprizi kimi qəbul edirəm. Bu yazının yazılmasına əsas səbəb,
şübhəsiz ki, Saaddədin hocadır. Dədələri
Şimali Qafqazdan Türkiyənin Sivas bölgəsinə XIX
yüzilin sonlarında köç etmişlər, qafqazlı
olmaq düşüncəsi qan yaddaşlarında hələ
də davam etməkdədir. Saadeddin hocayla söhbətlərimizdə
bunu aydınca hiss edərdim. Onunla dəfələrlə
yol yoldaşı olduq, konfranslara bir yerdə getdik. Azərbaycan ədəbiyyatını, folklorumuzu
mükəmməl bilən Saadəddin bəy əsl şeir
sevdalısı idi. Yüksək lisans və doktora öyrəncilərinə
elmi iş kimi bizim şair və yazarlarımızın əsərlərini
verdiyinin dəfələrlə şahidi oldum. Eskişəhirdə Osman Qazi
Universitetində işlədiyi zamanlarda mənim Türkiyədə
çap olunan "Bu qan yerdə qalan deyil"
kitabım haqqında mükəmməl bir yüksək lisans
tezi hazırlatmışdı...
Yazımı
uzatmadan deyim ki, keçən il Artvin şəhərinə
şeir festivalına yola düşdüyüm günlərdə
Saadəddin hocanın mənə avtoqraf yazıb göndərdiyi
kitabını alacaqdım. Çıxdığım səfərdə
"Həsrət damlaları" kitabı ilə
Saadəddin hoca da mənə yol yoldaşlığı edəcəkdi.
Saadəddin bəyin əvvəllər də
yazılarını oxumuşdum. Xüsusilə Türkiyədə "bayraq
şairi" kimi tanınan Arif Nihat Asyanın həyatına və
əsərlərinə aid elmi kitabları mükəmməlliyi
ilə məni heyrətləndirmişdi. Amma
"Həsrət damlaları" kitabı bir başqaydı.
Bəlkə də kitabda talelərimiz
arasındakı bənzərliklərə aid yazıların
çox olması məni bu qənaətə gətirmişdi,
demək çətindi. Saadəddin hoca da
mənim kimi qürbət həyatı yaşamağa məcbur
olanlardandır. Yox, yanlış dedim, onun qürbəti mənimki kimi
qürbət deyildi, iki, üç illiyinə
Qazaxıstanın Türkistan Universitetinə müəllim
kimi işləməyə getmək və geri dönmək 22
illik qürbət çiləsinə bənzəməzdi.
Amma gizləmirəm, Saadəddin bəyin kitabını
oxuduqca bir az qısqandım da. Hoca sanki hardasa fikirlərimi beynimdən oxumuş və
qabağa düşüb yazmaq istədiklərimi məndən
əvvəl yazmışdı. Sonralar
telefon görüşməmizdə özünə beləcə
də söyləyəcəkdim.
Hansı yazıçı yazacağı əsərin
hansı ədəbi cərəyana aid olacağını əvvəlcədən
fikirləşir ki?! Uşaq dünyaya özü gəlir,
adı isə doğuşdan sonra alır. İzmlər
də belədir. Beləcə, mən də
Saadəddin hocanın bu qürbət notlarına ad verməkdə
çətinlik çəkdim. Belə
yazılara bizdə mənsur şeir deyirlər, amma Saadəddin
hocanın yazıları fikrimizcə, şeirlə nəsrin
arasında bir yerdə janrının bəlirlənməsinə
ehtiyac qalmayan könül çırpıntıları və
həsrət damlalarıdır. Mən bu janrı
qarışıq olan yazıları böyük məmnuniyyətlə
"Ədəbiyyat qəzeti"nin hörmətli
oxucularına, həm də hardasa öz yazılarım kimi təqdim
etmək istədim. Şeir yaza bilməyənlərin
adından yazılmış şeirlər olduğu kimi, nəsr
də olmalıdır. Bu yazılar qürbətin
anatomiyasını elə böyük bir can yanğısı
ilə açır ki, təkrara ehtiyac qalmır. Qürbətə düşənlər nə
çəkir sualına cavab almaq istəyirsiniz, o zaman Saadəddin
bəyin dilimizə uyğunlaşdırdığım bu
kiçik hekayələrini oxuyun, o zaman yalnızca müəllifin
deyil, mənim də qürbətdə nələr
yaşadığımın şahidi olacaqsınız.
İşdi
yalan söyləsəm
Çıxart
yalanı, qürbət...
Bircə
Ana - vətənmiş
Yerdə
qalanı, qürbət...
Çanaqqala-Türkiyə
Mart-2018
Məmməd İSMAYIL
Ədəbiyyat qəzeti.- 2018.- 31 mart.- S.18.