Samət Əlizadə - Füzuli sözünün xiridarı

 

Samət Əlizadə… BDU-nun filologiya fakültəsində təhsil alarkən mənim müəllimim olmuş, Ədəbi dil tariximizdən mühazirələrini dinlədiyim bu gözəl insanı, elm aləmində kifayət qədər nüfuz qazanan, həm füzulişünas, həm nəsimişünas, həm qorqudşünas, həm mətnşünas, həm də bir dilçi kimi şöhrət qazanan bu görkəmli alimi unuda bilmirəm. Xoşbəxtəm ki, filologiya fakültəsində təhsil aldığım o illərdə Azərbaycan filoloji elminin sütunları olan Məmməd Cəfər Cəfərov, Muxtar Hüseynzadə, Səlim Cəfərov, Ağamusa Axundov, Tofiq Hacıyev, Əkbər Ağayev, Fərhad Zeynalov (ruhları şad olsun!) mənim müəllimlərim olmuşlar.Və bunların arasında Bəxtiyar Vahabzadə ilə Samət Əlizadə ən çox sevdiyim müəllimlər idi. Bəxtiyar müəllim bizə "Azərbaycan sovet ədəbiyyatı" fənnindən mühazirələr oxuyurdu, amma dilirndən bircə kəlmə də nə sosrealizm, nə də partiyalı ədəbiyyat kəlmələrini eşitdim. O, poeziyamızın, nəsrimizin, ümumən klassik və müasir ədəbiyyatımızın şedevrlərini sevdirirdi. Samət müəllim isə dilimizin tarixindən, Azərbaycan ədəbi dilinin incəliklərindən söz açırdı. Xüsusilə, Füzulinin qəzəllərindəki məcazlardan, "düşvarı asan eyləyən" hünərindən elə şövqlə danışırdı ki…İllər keçdi və mən Samət Əlizadənin bütün yaradıcılığı ilə yaxından tanış oldum, "Azərbaycan" jurnalında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi ona dil tariximizdən, Füzuli yaradıcılığından məqalələr yazmağı sifariş etdim.

"Füzuli dünyaya 500 yüz il əvvəl gəldi və 500 il ərzində bir də dünyaya Füzuli kimi şair gəlmədi. Füzuli sanki daş qəlbləri titrətmək, kar və kor vicdanları oyatmaq, insanların diqqətini bədii sözün ülviyyətinə yönəltmək və sənət bayrağını hər yerdən görünən bir zirvəyə sancmaq üçün gəlmişdi. O, sanki şüursuz şeiri və duyğusuz şairləri puç etmək, ənənəvi mövzu və süjetlərdə  ilhamsız və səriştəsiz yazılan, cılız və sısqa hissləri tərənnüm edən mənzumələri iflasa uğratmaq üçün yaranmışdı" - Samət Əlizadənirn  "Şeirirn sönməz şamı və aydın sabahı" məqaləsi ("Qobustan" jurnalı-1995) bu sətirlərlə başlayır və həmin məqalədə o, Füzulinin "Şəm" və "Sübh" rədifli qəzəllərini şərh edir.

Elə həmin il Samət Əlizadənin "Şah beytlər" (Füzuli "Divan"ına şərhlər) kitabı çapdan çıxdı  və bu kitab Füzuli sevdalılarının sevimli kitabına çevrildi. Neçə illərdir ki, mən də o kitabı hara getsəm, harda olsam, yanımda gəzdirirəm. Hər gün vaxt tapıb Samət müəllimin böyük şövqlə şərhini verdiyi qəzəlləri oxuyuram. Oxuyuram və Samət müəllimin klassiki duymaq, onun qəzəllərindəki məna qatlarını necə məharətlə incələmək istedadına qibtə edirəm.

Azərbaycanda şərhçilik sənəti XI əsr şairi, filosofu, sözün əsl mənasında  bu sənətin əsasını qoymuş Xətib Təbrizidən başlayır. O, ərəb şairlərinin (Əbu Təmmamın, İbn Düreydin, Banət Suadın və b.-nın) çətin mənalarla dolu, o dövrün oxucuları üçün  anlaşılmaz görünən şeirlərini qrammatik cəhətdən şərh edir, onların izahını verir, şərh etdiyi sözlərin etimologiyasına baş vurur, forma ilə məzmunun əlaqəsindən - onların vəhdətindən söz açırdı. Xətib Təbrizinin məşhur bir kəlamı var: "Şeiri tədqiq etmək onu nəzmə çəkməkdən daha çətindir".Xətib Təbrizinin poeziya, ədəbi tənqid, nitq mədəniyyəti, əruz və qafiyə elmi, Quranın şərhi ilə bağlı çoxlu əsərləri var və mərhüm ədəbiyyatşünas Malik Mahmudovun onun həyat və yaradıcılığına həsr etdiyi monoqrafiyada  bu əsərlərdən geniş söz açılır. Xətib Təbrizinin həm sağlığında, həm də sonrakı əsrlərdə ardıcılları (Eynəl Quzat, Yusif Xoylu və b.) da şərhçilik sənətini davam etdirdilər və beləliklə, bu sənət filoloji mahiyyət kəsb elədi. XIX əsr ədəbi məclislərini xatırlayın. Məclis üzvləri klassiklərin qəzəllərini şərh edir, oradakı məna incəliklərinə baş vururdular.

Şərhçilik sənətinə meyil və maraq bir də keçən əsrin səksəninci illərindən qüvvətləndi. Sabir Əliyevin dörd cildlik, Hacı Ələmdar Mahirin üç cildlik Füzuli qəzəllərinin şərhlərinə həsr olunan kitabları çap olundu. Rəfael Hüseynovun, Hacı Mailin, Teymur Kərimlinin, Gülşən Kəngərlinin də bu sahədə xidmətləri az deyil. Ancaq Samət Əlizadənin "Şah beytlər" kitabında təkcə Füzuli qəzəlləri şərh olunmur, həm də  şərhçilik sənətinin xüsusiyyətləri izah olunur və bu kitab, şərhçilik sənətini elmi cəhətdən əsaslandıran  bir kitab kimi bizim ədəbiyyat və dilçilik elmimizdə ilk addım oldu.  Əvvəla, Samət müəllimin Füzuli qəzəlləri ilə bağlı şərhləri adlarını çəkdiyim alimlərin şərhlərindən əvvəl meydana çıxdı. İkincisi, Samət Əlizadə "Şah beytlər"ə yazdığı "Ön söz"də və  elə həmin kitabdakı "Füzulinin fərdi dil üslubuna dair" məqaləsində şərhçiliyin elmi -nəzəri qavrayışları ilə bizi tanış edir: bədii fikir məntiqi mühakimə, tezis-antitezis üsulu ilə ifadə edilməli, həyat həqiqəti nə qədər obrazlı şəkildə olsa da, inandırıcı, ağlabatan tərzdə əks olunmalı, elmi (dini və dünyəvi) biliklərə, təsbit olunmuş əqli nəticələrə istinad edilməli,  Füzulinin fərdi dil üslubunun əsas meyilləri və motivləri vasitəsilə elmi şərhini verməli, məcazlaşma prosesini, obrazlılığın xüsusiyyətlərini, onların qarşılıqlı şəkildə bir-birilə əlaqəsini nəzərə çarpdırmalı… Qəzəllərin praktiki şərhinə gəldikdə isə  hər beytin mənası sadə nəsr dililə qısaca şərh olunur, ardınca müəllifin elmi şərhi gəlir (bu qaydaya bizim sonrakı şərhçilərimiz də eynən əməl edirlər).. Nümunə üçün Samət müəllimin Füzulinin "Oynar" rədifli qəzəlinin bir beytinə verdiyi şərhi təqdim edək:

 

Bu qəmlər kim, mənim vardır,

                        bəirin başinə qoysan,

Çıxar kafər cəhənnəmdən,

                        gülər əhli-əzab oynar.

Mənim bu qəmlərim  ki, vardır, dəvənin (bəirin) başına qoysan, kafir cəhənnəmdən çıxar, əzab çəkənlər gülüb-oynarlar.

Dini rəvayətə görə, kafirlər ancaq o zaman cəhənnəmdən çıxa bilərlər ki, dəvə incəlib, sap kimi iynə deşiyindən keçsin (Demək, kafirlərin cəhənnəmdən xilas olmaq imkanı yoxdur). "Dəvənin incəlib iynə deşiyindən keçməsi" mübaliğəsindən şair obraz vasitəsi kimi istifadə edib, yeni bədii mübaliğə yaradır: mənim dərdim o qədər ağırdır ki, dəvənin başında olsa, (yəni dəvənin fikirləşmək, qəm çəkmək qabiliyyəti olsa) və yaxud bu dərdləri dəvəyə yükləsən, o əriyib sapa dönər,- kafirlər cəhənnəmdən azad olar; orada əzaba məhkum edilmiş başqa kəslər də azadlıq üçün imkan yarandığını görüb, sevindiklərindən gülüb-oynarlar.

Füzulinin hər bir qəzələ beləcə öz aydın, səlis şərhini tapır. İlk baxışda oxucuya adi görünən bu "əməliyyat", bu söz sehrlərinin açımı əslində, şərhçidən geniş məlumat dairəsi, müxtəlif elmlərə baş vurmaq məharəti tələb edir. Çünki Füzuli şeiriyyəti Quranla, dini rəvayətlərlə, coğrafiya, fizika, dilçilik, etnoqrafiya, etimologiya və s. elmlərlə bağlıdır. "Düşməzəm könlünə, yəni olubam öylə zəif, Dərdi-eşqinlə ki, güzgüdə görünməz əsərim?!"- orta əsr elmi deyirdi ki,  əgər əşya yoxdursa, güzgüdə şəkil də alınmaz, çünki inikas üçün əşyanın olması zəruridir. Axı, ən kiçik cisimlərin   güzgüyə əksi düşməlidir. "Adəm əvvəl səri-kuyin verib almış cənnət, Eşidib təni-mələk, sonra peşiman olmuş"- Allah-təala ilk insan və peyğəmbər olan Adəmi yer üzündə sudan və palçıqdan yaratdı. Sonra ona ruh verildi və cənnətdə yerləşdirildi.  Cənnətdə Həvva ilə nigahı kəsildi, amma yasaq edilmiş buğdanı yediklərinə görə oradan çıxarıldılar.

Ümumiyyətlə, Samət Əlizadə "Şah beytlər"də Füzuli dünyasına dərindən bələd olduğunu sübut elədi. Bir etirafını dinləyək: "Mənim gördüyüm iş ancaq iki-üç pilləli raketlə oxucunum dahi şairin sənət orbitinə çıxarmağa bənzəyir".

Samət Əlizadəni mən təkcə  şərhçi kimi təqdim etmək istəməzdim.

Samət Əlizadə - Azərbaycan ədəbi dilinin tarixini mərhələ-mərhələ izləyən görkəmli dilçi idi. "XVI əsr Azərbaycan ədəbi dili (mühazirə mətni), "Azərbaycan ədəbi dili tarixindən praktikum (Füzulinin şeir dili: mətnlər, lüğət, şərhlər), "Orta əsrlərdə Azərbaycan yazı dili", "Oğuznamə", "Əski Azərbaycan yazısı" kitabları ədəbi dil tariximizin tədqiqində alternativi olmayan dəyərli əsərlərdir.

Samət Əlizadə - "Kitabi-Dədəm Qorqud" dastanları ilə bağlı  sanballı məqalələrin müəllifi. 1988-ci ildə professor Fərhad Zeynalovla birgə bu dastanın elmi nəşrini hazırladı. Hələ ikicildlik  "Kitabi-Dədə Qorqud ensiklopediyası".

Samət Əlizadə - Nəsimişünas. Nəsimi dilinin incəliklərini şərh edən dilçi.

Samət Əlizadə - mətnşünas alim.

Əlbəttə, bir yazıda bu görkəmli alimin elmi yaradıcıdığını tam əhatə eləmək mümkün deyil.

Heyif, çox yaşamadı. Yaşı altmışı təzəcə keçmişdi ki, dünyasını dəyişdi.Amma unudulmadı. Xalq yazıçısı Anar yazır ki, "Onunla eyni ildə (1938), eyni gündə (14 mart) doğulmuşuq. Biz dost deyildik, amma bir-birimizə böyuk rəğbətimiz vardı. Onun "Dədə Qorqud" dastanları ilə bağlı çox faydalı işləri bizi bir-birinə yaxınlaşdırdı". "Samət doğrudan da ideal adamdı. Ona çatan olmaz" - bu fikrin müəllifi BDU-nun xarici dillər kafedrasının professoru Abdulla Qarayev idi. Tələbələrindən Kamil Vəli, Nizami Cəfərov onu daim xatırlayırlar. Şair-tədqiqatçı Sona Xəyal Samət Əlizadə, onun həyat və sənət yolu haqda kitab da yazıb.

Qayıdıram Samət müəllimin "Şah beytlər" kitabına. Yazırdı ki: "Yüz illər, min illər keçəcək dünyaya gələn yeni nəsillər Füzuli şeirlərini təkrar-təkrar oxuyub şərh edəcək, lakin şərhlər bitib-tükənmək bilməyəcək"- porofessor, əməkdar elm xadimi Samət Əlizadənin də elmi fəaliyyəti, Füzuli dünyası ilə bizi qovuşdurması heç vaxt unudulmayacaq…

 

Vaqif YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 31 mart.- S.21.