Daha "...bir nəzər"
Səhv nəzərləri
sərf-nəzər etmə vaxtı
Əvvəli var
Yeni təmayüllər:
dramaturgiyanın meydana gəlməsi
Azərbaycan
ədəbiyyatına Qərb təsirlərindən
danışarkən bizim filoloqlar sovet dövründən bu yana hər şeydən əvvəl dram
janrının yaranmasını qeyd edir, M.F.Axundovun komediya
yaradıcılığını diqqətə
çatdırırlar. Bu zaman hadisənin təsir mənbəyi
kimi Rusiya faktoru qabardılır, Osmanlı və tatar ədəbiyyatlarında
da dramaturgiyanın eyni zaman kəsiyində meydana gəlməsi
isə əksər hallarda unudulur, türk-İslam ədəbiyyatının
bu ortaq təmayülü az qala sırf Azərbaycan
hadisəsi kimi qələmə verilir. Halbuki
Mirzə Fətəli özü dram əsərlərinin
yaranma zərurəti haqqında bəhs edərkən Rusiya təsirinini
xüsusi vurğulamayıb. 1871-ci ildə:
""Gülüstan" və "Zinətül-məcalis"
dövrü keçmişdir. Bu gün bu
cür əsərlər millətin işinə yaramır.
Bu gün millət üçün faydalı və
oxucuların zövqü üçün rəğbətli
olan əsər- drama və romandır",-
deyəndə də, Şahzadə Cəlaləddin Mirzəyə
məlum məktubunda komediyalarını yazmaqda öz
xalqını "Avropada məlum olan dram və teatr sənəti
ilə tanış etmək" məqsədi
güddüyünü bildirəndə də onu nəzərdə
tutur ki, "bəlkə mənim
başqa həmvətənlərim də son dərəcə
faydalı olan bu gözəl sənətin şərtləri
və tələbatı ilə tanış olub, bu cür əsərlər
yazmağa başlasınlar". Mirzə Fətəli ictimai
proseslərin müasirləşməsini istəyirdi, fəaliyyətində
bu xətti əsas götürmüşdü; teatrın
böyük potensialını görür və ədəbiyyata
sırf maarifçi meyarlarla yanaşdığı
üçün Avropa janrı olan dramı məhz sosial faydalılıq
nöqteyi-nəzərindən üstün tutduğunu söyləyirdi.
Lakin ədəbiyyat tariximizdə fərqli (bəzən
yanlış) traktovkalara səbəb olmuş faktlar da
mövcuddur və obyektivlik naminə bunları da nəzərdən
qaçırılmamalıyıq. "Mirzə Fətəlinin
faciəsi" məqaləsində Əbdürrəhim bəy
Haqverdiyev nəql edir ki, "1849-cu ildə canişin Vorontsovun
əmri ilə Tiflisdə teatr binası tikilmişdi. Erməni,
gürcü və Azərbaycan dillərində teatr əsərləri
yazmaq üçün canişin üç komisyon təşkilinə
əmr verdi. Erməni,
gürcü komisyonları tezliklə işə
başladılar. Azərbaycan komisyonunda işləmək
üçün Mirzə Fətəlidən başqa adam tapılmadı. Axırda Mirzə Fətəli
özü təklikdə komediyalar yazmağa
başladı"... "Mirzə
Fətəli Axundovun həyat və fəaliyyəti"
adlı başqa bir məqaləsində
öz-özünü təkzib edərək, Tiflisdə o
zaman teatr olmadığını, Mirzə Fətəlinin
komediyalarını teatr görmədən, səhnə ilə
qətiyyən tanış olmadan qələmə
aldığını yazmasına baxmayaraq, Ə.Haqverdiyevin
yuxarıdakı versiyası hələ də yaddaşlardan
silinməyib. Çar hakimiyyəti əsarət
altına aldığı xalqların Qərb mədəniyyətinə
inteqrasiya olunmasında maraqlı idi və bu mənada bir
çar məmuru olan Axundovun canişin Vorontsovun təhriki ilə
komediya yazmağa başlaması mümkün və hətta məqbul
idi. Mirzə Fətəli canişinin
tapşırığını millətinin maraqlarına
uyğun görüb, bu tapşırığa həvəslə
əməl edə bilərdi. Onun komediyalarında
çar məmurlarının yerli əhaliyə münasibətdə
əsasən, nəsihətçi, tərbiyəçi,
nizamlayıcı və cəzalandırıcı rolunda
çıxış etmələrini də həmin versiyanın təsdiqi
üçün bir arqument saymaq mümkündür. Bu baxımdan Rafael Hüseynovun Əsgər ağa
Gorani haqqında məqaləsində
açıqladığı bir məktub da maraq doğurur. 1873-cü il martın 2-də Bakının
general-qubernatoru D. Staroselski Tiflisə, Qafqaz canişini baron
Aleksandr Pavloviçə belə bir məktub yazıb:
"Martın 10-da müsəlmanların Novruz
bayramıdır (köhnə stillə- R.H.). Buranın yerli əhalisindən
bir neçə şəxs həmin gün M.F. Axundovun "Vəzir-i
xan-i Sərab" adlı əsərini ("Vəzir-i xan-i Lənkəran"
olmalıdır- R.H.) tatar (çar məmurları Azərbaycan
dilini rəsmən belə adlandırırdılar-N.M.) dilində
oynamaq fikrindədirlər. Böyük pəhriz
müddətində teatr tamaşası verilməsi yasaq
olduğundan və məzkur əsər senzor siyahısında
qeyd edilmədiyindən, mən əsərin oynanmasına icazə
verə bilmədim. Fəqət, digər tərəfdən,
məncə, bu dəfə məzkur qanundan istisna
mümkündür. Çünki
bütün Zaqafqaziya əhalisi arasında Bakı əhalisi
Avropa adətlərinə ən çox yabançı qalaraq
hər cür yenilik və xüsusən tamaşadan uzaq
qaçırlar. Şübhəsiz, onların
arasında Avropa ruhlu əyləncələrə meyil və rəğbət
oyatmaq özü-özlüyündə onları bizə
yaxınlaşdırmaq üçün həqiqi vasitələrdən
biridir. (kursiv bizimdir-N.M.) Ona
görə də bu yolda birinci təşəbbüsün
maneəyə uğraması arzuolunacaq hallardan deyildir. Bilxassə, maneə rəsmiyyətdən doğur.
Zira tamaşa pəhriz vaxtı verilsə də,
tatar dilində olub, məhz müsəlmanlar
üçündür. Digər tərəfdən
də, pyesin məzmununda elə bir şey yoxdur ki, qadağan
edilən əsərlər cümləsinə daxil olmasına
səbəb olsun. Bu mülahizələrlə
məzkur məsələni nəzəri-alilərinizə ərz
etməklə martın 10-da məzkur əsərin
oynanmasına lütfən icazə buyurmaq meylində
olub-olmadığınızı teleqrafla bildirməklə bəndəni
şərəfyab buyurmağınızı rica edirəm".
(Nəticə tarixdən məlumdur: canişin etiraz etmir və
Mirzə Fətəlinin vəfatından bir il sonra
böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü,
Nəcəf bəy Vəzirov və Əskər ağa
Goraninin yaxından iştirakı ilə realnı məktəbin
şagirdləri tərəfindən hazırlanmış
"Lənkəran xanının sərgüzəşti"
komediyası Bakının Sobraniye salonunda tamaşaya qoyulur. R.
Hüseynovun sözlərinə görə, həmin tarixi
hadisəni 1873-cü il martın 25-də
Tiflisdə çıxan "Kavkaz" qəzeti belə qiymətləndirmişdi:
"Bu tamaşa, demək olar ki, dünya yaranandan indiyə
kimi tatar dilində birinci tamaşa idi".)
Bakı
general- qubernatorunun məktubu üzərində nədən dayandımız, yəqin ki,
aydındır. Bəli, tarixşünaslıqda
qeydə alınan bu kimi faktlar
araşdırılmalıdır. Lakin diqqətdən
qaçırmaq olmaz ki, gətirilən hər iki faktın məğzində
dramaturgiyanın yox, teatrın yaranması fikri durur (bu isə
bizim mövzudan kənar məsələdir). Halbuki Məti Osmanoğlunun tamamilə düzgün
qeyd etdiyi kimi, "XIX əsrdə dramaturgiyanın Azərbaycanda
və Osmanlıda eyni onillikdə- 1850-ci illərdə
yaranması qanunauyğunluqdan kənarda baş verməmişdi".
Əhməd Hamdi Tanpınar "On doqquzuncu əsr
türk ədəbiyyatı tarixi" kitabında Osmanlıda
teatr və dramaturgiyanın yaranışı ilə
bağlı geniş məlumat verir. Azərbaycan oxucusu
üçün maraqlı ola biləcəyini
nəzərə alaraq, əsərdən bəzi faktları
diqqətə çatdırırıq. Məlum
olur ki, İstanbulda əhaliyə açıq "Bosko"
adlı ilk teatr bir sardiniyalı tərəfindən 1840-cı
ildə yaradılmış, 1842-ci ildən kütləvi
tamaşaların mütəmadi göstərilməsinə
başlanılmışdır. Sultan
Əbdülməcidin mədəniyyətə böyük
diqqət və qayğı göstərdiyi, teatrın
inkişafında maraqlı olduğu, bəzən tamaşalara
baxmaq üçün teatra getdiyi və hətta bunun əhalinin
mühafizəkar qismi tərəfindən narazılıq
doğurduğu da məlumdur (Rəfiq Əhməd Sevengil).
Təbii ki, "Bosko" və 1859-cu ildə
yaranan "Şərq teatrı"nda tamaşalar əksərən
xarici dillərdə qoyulurdu. Əhalini maraqlandırmaq,
teatra cəlb etmək məqsədi ilə o illərdə Osmanlının ilk
özəl qəzetində- ingilis təbəəsi olan
Çörçil tərəfindən nəşr edilən
"Cərideyi-həvadis"də əvvəlcə göstəriləcək
pyeslərin xülasələri, az sonra tərcümələri
çap olunurdu. Türkiyədə orijinal teatr əsərlərinin
yaranmasına dair fikirlər isə müxtəlifdir.
Osmanlı teatr sənətinin təkamül yoluna dair bir
sıra tədqiqlərdə XIX əsrin əvvəllərinə
aid iki pyesin adı tez-tez çəkilir. Bunlar
naməlum müəllifə aid "Vəkayiyi-acibə və
həvadisi-qəribəl-kəşfgər Əhməd"
(1809) və Tomas Çabertin türk dilində qələmə
aldığı "Hekayəti-ibdayi-yeniçəriyan ba bərəkəti-Piri-Bəktaşiyan
Şeyx Hacı Bəktaş Vəliyi-müslüman"
(1810) əsərləridir (tarixlər türk alimləri tərəfindən
o qədər də səhih sayılmır). 1844-cü
ildə isə həkimbaşı Əbdülhəq
Mollanın oğlu müvərrix (tarixçi) Xeyrullah Əfəndi
tərəfindən "Hekayeyi-İbrahim Paşa
be-İbrahimi Gülşəni" adlı pyesin yazıldığı bilinir.
Lakin orası da var ki, türk
dramaturgiyasının binasının qoyulması bu əsərlərlə
əlaqələndirilmir və bu da səbəbsiz deyil. Əvvəla, libretto xarakteri
daşıdığı ehtimal edilən ilk iki pyes əldə
qalmamışdır. İkincisi, əsrin əvvəllərinə
aid edilən bu əsərlərin türk dilini öyrənən
avropalı tələbələr tərəfindən təlim
məqsədi ilə quraşdırıldığı və
səhnələşdirildiyi güman edilir. Xeyrullah Əfəndinin pyesinə gəlincə, bu əsər
əldə olsa da, yaradıldığı dövrdə nəşr
edilməmiş, tamaşaya qoyulmamış və deməli,
Ə.H. Tanpınarın da vurğuladığı kimi,
türk-İslam ədəbiyyatında "dramaturgiyanın
inkişafına təsiri olmamışdır, hərçənd
teatr zövqünün bu dövrdə harayacan irəlilədiyini
göstərmək üçün tutarlı bir
faktdır." Türk ədəbiyyatşünaslığının
lap ilk çağlarından peşəkar dramaturgiyanın ilk
əsəri olaraq İbrahim Şinasinin 1859-cu ildə qələmə
aldığı, 1860-cı ildə "Tərcümani-əhval"
qəzetində təfriqələr şəklində
çap etdirdiyi "Şair evlənməsi" pyesi qəbul
olunmuşdur, bu gün də belə sayılır. Əsərin
Sultan Əbdülməcidin sifarişi ilə
yazıldığı (həmin illərdə Sultanın əmrinə
əsasən, Dolmabağça Saray Teatrı tikilib istifadəyə
verilmişdi) fikri geniş yayılmışdır, amma onun həmin
teatrda tamaşaya qoyulması haqqında məlumat yoxdur (təfriqələr
halında çap olunduqdan sonra böyük marağa səbəb
olsa da, müxtəlif səbəblər üzündən
"Şair evlənməsi"nin 12 il
sonra səhnələşdirildiyi deyilir). Osmanlı
teatrının inkişaf yolundan danışarkən onu da qeyd
etməliyik ki, 1860-cı illərdə İstanbulda bir
neçə teatr truppası fəaliyyət göstərir,
türk dilində ilk tamaşalar da qoyulurdu, amma bunlar tərcümə
əsərləri idi, tamaşalarda da rolları milli
azlıqların təmsilçiləri oynayırdılar.
Nəhayət, 1868-ci ildə "Teatroyi-Osmani"
teatrının istifadəyə verilməsi ilə paytaxtda səhnə
həyatı canlanır və əvvəlcə Əhməd
Midhət Əfəndinin "Eyvah" pyesi, 1873-cü il aprelin 1-də isə Namiq Kamalın məşhur
"Vətən, yaxud Silistre" pyesi tamaşaya qoyulur. Bununla da türk milli teatrının
yaradılış prosesi başa çatır. Tədqiqatlardan onu da öyrənirik ki, 1866-1877-ci illər
ərzində Türkiyədə 200 pyes yazılmış və
ya tərcümə olunmuş, çoxu da tamaşaya
qoyulmuşdu. Bunu əsl teatr və
dramaturgiya bumu kimi qiymətləndirmək olar. Şübhə yoxdur ki, İstanbulda səhnə sənətinin
bu coşqun inkişafı türk-İslam mədəniyyətinin
digər qollarına da təsirini göstərmişdir.
Daha bir maraqlı fakt da Azərbaycan və Türkiyə ilə eyni
onillikdə tatar dramaturgiyasının əsasının
qoyulmasıdır. Volqaboyu və Kazan
tatarlarının ilk dram əsəri sayılan "Biçarə
qız" pyesini 1887-ci ildə Abdurrahman İlyasi qələmə
almış, professional tatar teatrının yaradılması
tarixi isə 1898-ci ilə təsadüf etmişdir. Həmin
il Kazanda Galiəsgər (bizim ləhcə
ilə Ələskər) Kamalın "Bəxtsiz igid"
(Ə.B.Haqverdiyevin "Bəxtsiz cavan" faciəsinin adı
ilə oxşarlığa diqqət etməli!) pyesi səhnələşdirilmişdir.
Beləliklə, məsələnin
türk-İslam ədəbiyyatı kontekstində izlənilməsi
bir daha sübut edir ki, bütün Şərq
dünyasında dramaturgiyanın banisi həqiqətən də
1850-1855-ci illərdə qələmə aldığı 5
komediyası ilə məhz Mirzə Fətəli Axundov
olmuşdur. Rus imperialistlərinin yerli xalqı Qərb mədəniyyətinə
inteqrə etmək nöqteyi-nəzərindən öz
qarşılarına prioiritet vəzifə kimi qoyduqları teatrın
yaranması isə həm Azərbaycanda, həm Volqaboyu
tatarlarında Osmanlıdan sonra (və böyük ehtimalla,
onun təsiri ilə) baş vermişdir.
Yeni
tipli nəsrin yaranması
Yeni (Avropa) tipli nəsrin türk-İslam ədəbiyyatında
təşəkkül yolunun kifayət qədər dolanbac
olmasına rəğmən, bu istiqamətdə də
ümumi cizgi və paralelləri izləmək, hər halda,
mümkündür. Ən əvvəl mütləq nəzərə
almalıyıq ki, nəsr türk-İslam ədəbiyyatında
dramaturgiya kimi yeni bir növ deyildi, XIX əsrə qədər
bu sahədə zəngin bədii təcrübə
toplanmışdı. Eyni zamanda epik
şeir, süjetli mənzum hekayə, roman (bəzi hallarda hətta
epopeya) özəllikləri daşıyan türk-İslam məsnəvi
mədəniyyəti də bədii nəsrin tükənməz
qaynaqlarından idi. Bir sözlə, Avropa
tipli nəsr boş yerdə yaranmır, mövcud ənənələr
zəmininə gətirilirdi. Məlumdur ki,
qədim zamanlarda türk-İslam ədəbiyyatında nəzmlə
yazılmayan bütün mətnlər (tarixi, dini, elmi əsərlər,
məktublar və s.) nəsr sayılmışdır. Eyni zamanda şeirin təsiri ilə
formalaşmış səc`li (qafiyəli) nəsr əsərləri
geniş yayılmış, hətta adi yazışmalara da
sirayət etmişdi. Hazırladığı yeni əlifba
layihəsini müzakirə etmək üçün
1863-cü ildə İstanbula səfəri zamanı
yolüstü Batumda olarkən Səid adlı bir gəncə nəsihətnamə ("Səidə
xitab") yazan M.F.Axundov ona türk, ərəb, fars,
fransız dillərini öyrənməyi, öz fikrini
aydın, səlis bir dillə ifadə etməyi, amma yazıda
xəttin gözəlliyinə yox, mənaya diqqət yetirməyi
məsləhət görür, daha sonra əlavə edirdi:
Müqəffavü
müsəccə yazmağı bilmərrə tərk eylə
Kəlamın
vazeh olsun, mətləbi təkrar ilə yazma!
Təkəllümdə
və vəz ilə sölərsən mətləbi sadə
Şu vəzi
hini-təhrirində dəxi yaddan aparma!
Müəllif gənc müsahibini fikri qafiyəli, səc`li
şəkildə ifadə etməkdən çəkindirir,
bildirir ki bu, mətnin lüzumsuz deyilmlər və təkrarçılıqla
yüklənməsinə səbəb olur. Burada söhbət,
əsasən, inşa sənətindən (məktub və digər
yazışma formalarından) gedirdisə də, Mirzə Fətəlinin
ənənəvi nəsrə də münasibəti,
şübhəsiz, eyni idi. Həmin illərdə
Osmanlı publisistikasından və onun banilərindən olan
İbrahim Şinasi haqqında danışarkən
Ə.H.Tanpınar xüsusi vurğulayır ki, Şinasi:
"...türk dilinə sadə və şeirlə əlaqələrini
bütünlüklə kəsmiş bir cümlə gətirdi.
Səc`i ya tamamilə bir tərəfə
atdı, yaxud da cümlənin təbii və məntiqi
quruluşuna mal etdi". M.F.Axundov və İ.Şinasidən
bir müddət sonra səc`li nəsr məsələsi
Hacı Zeynalabdin Marağayi tərəfindən
"İbrahim bəyin səyahətnaməsi"ndə
qoyulur:
""Tarixi-Vəssaf"ı üç dəfə
oxumuşam, indi onun bir kəlməsi də yadımda
qalmayıbdır. Ay insafsız, adam da bu qədər zəhmət
çəkib özünə lənət qazanar? Elə bir adam tapmaq olmaz ki, onu oxuyub müəllifinə lənət
oxumasın. Ona görə ki, əslən
bilinmir ki Çingiz nə qələt dartmış, nə
kimi zülmlər etmiş, bunları nə üçün,
nəyin xatirinə eləmişdir? Yaxud Hülaku nə
kimi əbəs iş görmüşdür... Müəllif
isə onu yazarkən məzmunu nəzərə almayıb
özünü göstərmək, izhari-fəzl etmək
üçün harada bir çətin lüğət varsa,
onu öz əsərinə daxil etmişdir. Bir insaflı yazıçı yazır ki,
iranlıların əcəb tamaşa inşası var.
Yazılarının elə bir kəlməsi yoxdur ki, orada
yalan şahidsiz və sübutsuz olmasın. Hara ki "vasil" sözü gəldi, hökmən
gərək "hasil" sözü də gəlib
quyruğuna yapışsın. Nə vaxt
"vücud" kəlməsini gördüm, olmadı ki
"zicud" kəlməsi onun yanında gəlməsin.
"Məzac" "vəhac"dan ayrılmır,
birinci səhifənin
axırında "druğ" oxudunsa, əlbəttə,
ikinci səhifənin əvvəlində "bifruq" görəcəksən,
"xidmət" də ki "rüfət"siz ola bilməz!
Yazmışlar ki, günlərin birində
neçə nəfər ağzı yava bir yerə
toplaşmışdılar. Şerdən,
nəsrdən hansı nə yazmışdısa o məclisdə
oxuyur və öz əsəri ilə öyünürdü.
Ədiblərdən biri qurşağındakı lülələnmiş
kağızı vüqarla çıxarıb təmtəraq
və tam iftixarla oxumağa başladı: "Qələmin
buludlarından sızan yağışla söz gülüstanını
həmişə yaşıl saxlayıb onun təravətini
artıran təbimin yüksəkliklərində pərvaz edən
şahbazı öz əlvan qanadları ilə məna
çiçəklərini boyuyub zinətləndirir, indi qəzavü-qədər
kimə sürətlə çapan hümmətimin
atını səyirdib şeir bəzmində həqiqət
çiçəklərini süsləmək, fikir yengəsi
vasitəsilə bakir sözləri xəyal örtüyü
arxasından çıxarıb bəlağət gərdəyinə
gətirmək, şahidi-məqsudun üzündən qəm və
kədər ləkələrini fəsahət rahiyəsilə
silmək, kərəm qədəmini kami-kəramət qəsrinə
basıb zəmanənin nəhəngindən ürəyimi..."
Elə buraya çatanda bir bucaqda əyləşmiş,
saçları pırtlaşıq bir kişi
ucadan bağırıb dedi:
-Ay
atası filan-filan olmuş, nə deyəcəksən, tez de, məndə
ki hövsələ qalmadı"...
Bir qədər mübaliğəli şəkildə
olsa da, Hacı Zeynalabdin Marağayi səc`li nəsrin
başlıca xüsusiyyətlərini bu parçada təfərrüatlı
bir şəkildə əks etdirə bilmişdir. Yaddan
çıxarmayaq ki, yeni nəsrin meydana çıxma zərurəti
həm də köhnə nəsrə xas olan həmin naqisliklərin
ortadan qaldırılması istəyindən irəli gəlirdi.
Ardı var
Nizaməddin MUSTAFA
Ədəbiyyat qəzeti.- 2018.- 31
mart.- S.20-21.