Tarix kitabından qopan vərəqlər

 

İnsan xisləti etibarilə unutmağa meyillidir. Biz bəzən həyatımızda önəmli rolu olmuş insanları da amansızcasına unuduruq. Tale bizi tez-tez bir yerdən başqa yerə atır, uzaq məkanlara düşürük, uzaqlaşdıqca keçmişdə qalanlar bizim üçün bir ilğıma dönür, yaddaşımızın üfüqlərində sərab kimi əriyib görünməz olur. Bəzənsə əlimiz çatacaq qədər yaxın olan tale qonşularımızı da unuduruq. Unutmaq da qəlpə kimi canımızda qalır, yeri zaman-zaman sızıldayır.

Bu günlərdə türk nəsrinin tanınan yeni imzalarından birinin - Əsli E. Perkerin "Cəllad məzarlığı" romanını oxudum, əsərdə rastıma çıxan bir cümlə mütaliə boyu fikrimi sürəkli məşğul etməkdəydi. Kitabı neçə gündür bitirmişəm, amma hələ də o cümlə yaxamı buraxmaq bilmir. Taleyindən qaçıb İstanbula gələn İsa adlı məzar gözətçisinin gəldiyi qənaət - o məşum həqiqət elə bil beynimə mismarlanıb. Yazıçı yazır: "İsa bu qəbiristanlıqda bir şey öyrənmişdi: unutmağın nə qədər asan olduğunu..."

Məzar keşikçisi insanların əzizlərini necə unutduğunu əyani şəkildə görür. Hansısa məzara aparan cığırı ot basanda o məzar yetim qalır. İnsan kimi məzarların da yetimi olurmuş. Tale məzarda da insanı rahat buraxmır, onunla belə kədərli zarafatlar edir. İnsan oğlunu yaratmağa sövq edən də unudulmaq qorxusudur. Çünki "həyat müvəqqəti, sənətsə əbədidir". Səhv etmirəmsə, bu fikir K. Stanislavskiyə məxsusdur. Səməd Vurğunun "Unudulmuş tək məzar" şeirini yəqin ki, oxumayan tapılmaz. Əsli P. Perkerin fikri yaddaşımda Səməd Vurğunun bu şeirinə qədər uzun bir cığır açdı:

 

Bu xəyalla gəzdikcə mən

Qəbiristanı qarış-qarış,

Gözlərimə dəydi birdən

Üstünü ot, alaq almış

Bir məzar ki, nə baş daşı,

Nə ünvanı, nə adı var,

Nə həmdəmi, nə sirdaşı,

Nə doğması, nə yadı var.

Fikrə getdi qəlbim bir an...

Qəbiristana keşik çəkən,

Gül basdırıb, ağac əkən.

Dünya görmüş bir qocadan

Soruşdum ki: sən bilərsən,

Kiminkidir bu tək məzar?

Nə yazısı, nə daşı var,

Nə üstünə gəlib gedən?

Qoca bir az gülümsədi,

Sonra qəbrə baxıb dedi:

- Qafil, özün bilməyirsən?

Səninkidir o tək məzar,

Onu dövran verdi bada;

Çox danışıb az yazanlar

Unudulur bu dünyada.

Məzar keşikçiləri olumlü dünya ilə ölümlü dünyanın sərhədində çox həqiqətlərə vaqif olurlar və onlar məzarlarda yatanların ismarışlarını dirilərə çatdırırlar. Əsli E. Perkerin "Cəllad məzarlığı" romanı elə məzarçı İsanın ağlından keçən həmin bir cümlə üzərində qurulub; insan üçün unutmaqdan asan heç nə yoxdur. Əsərin qəhrəmanı killer Həmid öldürdüyü adamları İsanın köməkliyi ilə bu məzarlığa gömür, onun qurbanları məcburən unudulmağa məhkumdurlar. Doğmaları onların harda olduqlarını, ümumiyyətlə, yaşayıb-yaşamadıqlarını bilmirlər. Yaxınları onları unutmasa da, həyat onları öz səhifəsindən silir.

Bir qadın vardı, tək yaşayırdı, zaman üz-gözündə, alnında öz ilməsini toxumuşdu, saçları pilə kimi idi. Deyirlər, o qadının gözəlliyi dillərdə dastanmış, amma olduqca abır-həyalı imiş, universitetdə oxuyanda dərsə örpəklə gedib-gələrmiş. Müəllimlər, tələbələr nə qədər inad etsələr də, başından örpəyini açmırmış. Danışırdılar ki, onu çox məşhur bir yazıçı sevirmiş, sonralar romanlarından birində onun obrazını da yaradıb. Tələbəlik illərində onu bir oğlan da sevirmiş, bu sevgi qarşılıqlı olub. Amma biləndə ki, oğlanın rayonda ailəsi var, xəyal qırıqlığına uğrayır və bir daha ərə getməyəcəyini qət edir. Qəlbinin qapılarını onu sevənlərin üzünə bağlayır.

İllər keçir, onun bacıları bir-bir ata evindən gəlin köçür, oğul-uşaq sahibi olurlar. Ata-anası dünyasını dəyişəndən sonra qardaşı onu evdən qovur. Orta məktəblərdən birində dərs deyən bu qadın naəlac qalıb içki düşkünü olan bir fəhləyə ərə getməli olur. Bu kişini sevmədən onunla sadəcə, yaşamaq zorunda qalır.

Uzun müddət övladları olmur, nəhayət, Tanrı onlara bir oğul payı verir. Qadın bütün sevgisini övladına verir.  Beləcə, öz içində bir qadını öldürür…

Əri dünyasını dəyişəndən bir müddət sonra yeganə övladı da doğma anasını atıb Rusiyaya yollanır və bir daha qayıtmır… Qadının gözü yollardan çəkilmir, hər gecə övladının şəkillərini, uşaqlıq paltarlarını qoxlayıb yatır. Hər dəfə kəndə yolum düşəndə o qadını dəmiryol stansiyasının həndəvərində görürdüm, yaxınlaşıb hal-əhval tuturdum. Deyirdi ay bala, sənin Urusetdə tanışın-zadın yoxdu ki? Deyirdim yoxdu, ay bibi. Ağlamsınıb deyirdi ki, oğlumdan xəbər tuta bilmirəm, ömrümə az qalıb, gəlsəydi, rahat ölərdim…

Bilə-bilə ki, oğlu gəlməyəcək, əbləhcəsinə ona təsəlli verirdim. Aradan uzun müddət keçdi, mən o qadını unutdum.

Bir dəfə əmim oğlu ilə əzizlərimizin məzarlarını ziyarət etmək üçün qəbiristanlığa getmişdik. Üstü götürülməmiş bir qəbir diqqətimi çəkdi, qəbrin üstünü adam boyu ot basmışdı. Düşündüm ki, bu yetim qəbir kimindi görən? Əmim oğlu içimdən keçəni üzümdən oxudu.

- Bu, bilirsən kimin qəbridi? Həmişə dəmiryol stansiyasının həyətində gəzib-dolaşan arvad vardı ee, onun…

Qəbrin məhzun görkəmi ürəyimi parçaladı, əyilib ot-ələfi təmizlədim, tikanlar əllərimi cızıq-cızıq elədi. Namərdcəsinə unudulan o qadını doyunca ağladım. Üzünə yenicə tük çıxmış cavan molla yaxınlaşıb "Allah rəhmət eləsin" - dedi. Dindar olmasam da cibinə bir manatlıq basıb "başla" dedim. O, "Yasin"i oxuyub qurtarınca dünyadan nakam getmiş qadının bütün həyatı gözümün önündə canlandı. Əmim oğlu "onun da taleyi beləymiş", - dedi. Yox, dedim, o, istəsəydi, hər şey başqa cür ola bilərdi…

Unutdular o qadını…

Ulduz kimi parlayıb sönən insanlar hardasa tənha ömür yaşayırlar, unudulmağın adrenalini onların iç dünyasını təlatümə gətirir, yaşanılmış ömür lent kimi geri fırlanır, ağ-qara kadrlara rənglər qatmağa çalışırlar. Sınmış qəlblərin uçurumu... Əsli E. Perker bu tematikanı digər romanında - "Sufle" romanında başqa tale bucaqlarından təşrih edir. Paris, İstanbul, Nyu-York üçbucağında qərarlaşan üç qadının qəlb sınıqlıqlarının ən yaxşı çarəsini yemək reseptində tapır. Sufle fransız mətbəxinin ən önəmli yeməklərindən sayılır. Dairəvi formada olan bu şirniyyat növü elə bişirilməlidir ki, ortası çökməsin. Parisdə yaşayan Fərda nə qədər cəhd edirsə, buna nail ola bilmir. Sufle sanki dünyanın üç ayrı-ayrı qütbündə yaşayan, doğmaları tərəfindən unudulan insanların incikliklərinin simvoludur. Həyəcanla gözləyirsən, amma yenə çöküş baş verir. Hər insanın həyatında unuduluşun macərası fərqlidir. Ana kimi, ata kimi, övlad kimi, aktyor kimi, yazıçı kimi unudulmağa məhkum olanların hərəsinin bir tarixçəsi var. Cığırını ot basmış məzarlar unuduluşun maddiləşmiş formasıdır.  Unutqanlıq həm fərdi, həm də toplumsal bir yaradır. Bu yaranın ağrılarını ən çox məzar gözətçiləri yaşayırlar, çünki onlar artıq məşum həqiqəti məzarlara uzanan ot basmış cığırlardan öyrəniblər - unutmağın nə qədər asan olduğunu...

Sürət əsrinin insanı "fast food" yeməklərlə böyüyür və onun beynindəki proseslər də sürət qatarı kimi irəliyə doğru şığıyır. Ötən əsrdən bu əsrə adlamışlar isə zamanla ayaqlaşa bilmir və əsr unuduluşun sürət yığdığı dövrdür. Bütün hallarda gecikənlər geridə qalır. Əsli Perker və yeni nəsil türk yazıçılarının əksəriyyətinin yazdığı romanlarda da bu "qaçış marafonu"nun bədii proyeksiyası oxucuya təqdim edilir. Bu əsərlərdə geridə qalanların kədərli taleyindən bəhs olunur, onların faciəsi qabardılır.

Zaman nəhrinin yuyub apardığı məzarlıqlar tarix kitabının qopmuş vərəqləri kimidir; orda nələr yazıldığını heç vaxt bilməyəcəyik...

 

Kənan HACI

 

Ədəbiyyat qəzeti.- 2018.- 31 mart.- S.25.