Ölü göyərçinlər kimi...
Möhkəm özüllü evlər tikildiyi zaman xilasedicilərin üzərinə daha bir məsuliyyət düşdü: kitab yandırmaq. Elə bir dövr idi ki, kitab da, onu oxuyan da alovla cəzalandırılırdı. Məqsəd düşünməyən, müqayisə edilməyən, hər şeyə "gözəl" deyən bir toplum yaratmaq idi. Onlara görə düşünməyən, televiziya ilə beyinləri qurudulmuş, bir sözlə, beyinsiz bir toplum xoşbəxtdir. Oxuyan insan bir çox gerçəyi kitablardan öyrənir və mübarizə aparmağı bacarır. Halbuki baş verənlərə göz yumub rahat yaşamaq varkən, hər kəs bir-birinin eynisiykən oxumaq nəyə lazımdır?
Kitabın gücünü anladan bu müdhiş antiutopiya, oxuyarkən nəfəs almağı unutdurur insana. Bir an, sadəcə bir an kitab oxumanın qadağan olunduğunu, onları kimlərdənsə gizləmək məcburiyyətində qaldığınızı və hətta bunun günah olduğunu düşünün. Bunu düşünmək belə çox çətindir. Deyilmi?
Hər şeyi sıfırlayıb yeni
həyata başlamaq...
451 Farenheit - kitab
kağızlarının yanma
temperaturudur. Rey Bredberinin
"Farenheit 451" romanını
Corc Oruellin
"1984" əsərinə bənzədənlər haqlıdırlar.
Bu iki romanı
birləşdirən əsas
mövzu insanların qorxu içində yaşamasının, hüquqlarının
əlindən alınmasının,
haqqının tapdanmasının
yaşatdığı çətinliklər
haqdadır.
Əsərin qəhrəmanı on ildir,
kitab yandırmaqla məşğul olan Guy Montaq öz işini sevən bir xilasedicidir. O, gecənin
bir aləmi yola çıxması, alovların kitabları necə udması haqda heç düşünməmişdi… Heç düşünməmişdi,
insanların qorxusuz, hürküsüz yaşadığı
bir keçmişi anladan 17 yaşlı o gənc qızla qarşılaşana qədər…
Montaqın həyatındakı
bütün səhvlər
öz yerini doğrulara verdi
o andan sonra. İşinə, sevgisinə, yaşayışına
yeni, fərqli istiqamətdən baxdı
Montaq. Qarşısını ala bilmədiyi duyğuları
onu, əsla təxmin edə bilmədiyi işlər görməyə vadar etdi. Əsəri oxuduqca insan özünü təzədən
kəşf edə biləcəyinə, hər
şeyi sıfırlayıb
yeni həyata başlayacağına inanır...
Kitab oxumaq qadağa olunarsa...
"Farenheit 451" romanı
kitab oxumağın qadağan olunduğu bir dünyanın təsviri haqdadır. Görəsən, bu, nə vaxtsa
baş verə bilərmi? Bəşəriyyət necə olar
o zaman?
Roman yanğınsöndürənlərin
funksiyasının dəyişməsindən,
onların kitabları
meydanlarda yandırmasına
nələrin səbəb
olmasından bəhs edir. Kitabların nəşrinə və oxunmasına hökumətin qadağa qoymasına fikir və ifadə azadlığının qarşısını
almaq və hamını eyni fikir ətrafında toplamaq cəhdindən başqa nə ad vermək olar? Heç düşünmüsünüzmü, kitab oxumaq azadlığınız
bir gün əlinizdən alınsa, neyləyərsiniz?
Bu haqda düşünməyin
dəhşətlərindən arınıb əsas məqsədi dərk edək: Bu, daha çox cəmiyyətin manqurtlaşmasına, insanların
beyninin "yuyulmasına"
xidmət etmək deməkdir. Düşünməyi bacaran, düşünərək
özünə yol seçən, işıqlı
insanlar bəzi cəmiyyətlər, onları
idarə edən hakimiyyətlər üçün
potensial təhlükə
mənbəyidir. Corc Oruellin
"1984" romanı ilə
"Farenheyt 451"i birləşdirən
əsas cəhət məhz cəmiyyətlərin
düşüncə azadlığının
necə əllərindən
alınmasından bəhs
etməsidir. "1984"də
də insanlar kameralar vasitəsilə güdülür, danışmağa
qorxur, işgəncələrə
məruz qalırlar.
Kitablara qadağa qoyulmasından danışırıqsa
1937-ci il repressiyalarını, 70-ci illərdə
Türkiyədə Marks və
Engelsin kitablarına qadağa qoyulmasını
və başqa bu kimi faktları
misal göstərə
bilərik."Farenheyt 451" əvvəlcə fantastik əsər təsiri bağışlasa da, oxuduqca onun reallığa
söykəndiyini hiss edir
oxucu. Romanda öncə hadisələr
öz axarı ilə gedir. Oxumağa, öyrənməyə kitablar var, insanların
düşüncə azadlığı
təmin olunub. Bəlkə də həmişə belə ola bilərdi.
Əgər sistem çox güclü olmasaydı... Romanın kulminasiya nöqtəsində
fərd ilə sistem arasında dialoq yaranır sanki. Baş qəhrəman Guy Montaqla əks cəbhədə olan müdiri ilə söhbətini xatırlayaq: Fərd ilə sistem arasında yaranan reallıq əslində ikincinin necə işlədiyini göstərir.
Cəmiyyətlərin korlanmasına, insanların
mənəvi tarazlığının
pozulmasına elə bu cür sistemlər
səbəb olmurmu?
Kitabın gücü
"Farenheit 451" romanı
elmi-fantastikanın əsas
funksiyalarını oxucuya
bir daha göstərir. Bu roman vasitəsilə
oxucu, gələcəkdə
insanlar üçün
zərərli olacaq proseslərin bu gündən işıqlandırılmasının
vacibliyini dərk edir. Bununla mübarizəyə indidən
başlamaq və ya buna hazır
olmaq çox zəruridir...
"- Ay fərsiz, deməli,
sən burada rəndəyə baxmaq əvəzinə bu axmaq-axmaq kitabları oxuyursan, eləmi? Bu kitabları
axşam, kürenin yanına gedəndə oxuyarsan - orada lap canın çıxana qədər oxu! Zərbədən qulaqları tutulan,
başdan-ayağa qan içində olan Jülyen rəndənin yanına qayıtdı.
Gözündə yaş gilələnmişdi
- onu ağladan ağrı deyil, çox sevdiyi kitabın bir az əvvəl əlindən suya düşməsiydi." - Stendalın "Qırmızı
və qara"sındandır
bu epizod.
Kitabların nəyə qadir
olduğunu, gücünü
sübut edən milyardlarla fakt göstərə bilərik...
Oxumayan insanların yaratdığı
cəmiyyət
Rey Bredberi roman vasitəsilə
monoton, elmdən, oxumaqdan uzaq düşmüş insanların
yaratdığı cəmiyyəti
tənqid edir. Yazıçı, yaratdığı dünya
ilə keçmişdə
yaşananların gələcəkdə
də yaşana biləcəyini tənqidi
detallarla göstərib,
inanılması çətin
olsa da baş
verə biləcək
bir antiutopiya kimi oxucuya təqdim
edir.
Amerika ədəbiyyatının
önəmli yazıçılarından
olan Rey Bredberinin mükəmməl əsəri
olan "Farenheit
451" tayı-bərabəri olmayan bir antiutopiya
belə deyək, məhsuludur. Francois Truffaut tərəfindən
eyni adla 1966-cı ildə lentə alınaraq şöhrətinə
şöhrət qatan
əsər, texnoloji cəhətdən inkişaf
etmiş bir toplumun geriləməyə
üz tutmuş sənətinə və insanlığına güzgü
tutur.
Bir az da yazıçı Rey Bredberidən
söz açaq. 1920-ci ildə dünyaya
göz açan məşhur yazıçı,
92 illik həyatına
təxminən 500-ə yaxın
hekayə, ssenari, şeir və roman sığdırıb. Alfred Hitchcock kimi böyük şəxsiyyətlərlə çalışmaq
şansına nail olmuş
yazıçı ayrıca
Moby Dickin televiziya variantının ssenarisini
də qələmə
alıb. 1988-ci ildə
opera səhnəsində oynanılmaq
şansı qazanan
"Farenheit 451", Montaq
adlı xilasedicinin (əsərdə yaradılan
dünyada yanğınsöndürənlər
yangını söndürmürlər,
onun yerinə kitabların yandırılmasına
səbəb olurlar) sənətlə maraqlanan
Betti ilə tanış olmasını
və onun Montaqda buraxdığı
izləri oxuculara göstərir. Televiziyalı, amma kitabsız
bir dünyanın cəmiyyəti necə dəyişikliyə məruz
qoymasını bu əsər vasitəsilə
görə bilərik.
Kitabların yandırıldığı, insanların totalitar düşüncə sahibləri
tərəfindən istiqamətləndirildiyi
bu coğrafiya Orta əsrlərdəki sxolastik düşüncə
tərzi ilə də böyük bənzərlik sərgiləyir.
Hər iki dönəmdə kitablar yandırılır,
onların yandırılması
insanların savadsızlığına
yol açır, savadsız, oxumaqdan uzaq düşmüş insanlar isə diktatorlar tərəfindən
asanlqla idarə olunur. Rey Bredberi, kitab yandıranlarla onu oxumayanlar arasında maraqlı bağlılıq yaradıb
hər iki tərəfin diktatorlar tərəfindən idarə
olunduğunu ustalıqla
göstərir.
Yazıçı, "Farenheit 451"də antiutopiyanı totalitar bir coğrafya ilə birləşdirərək oxucunu
bir növ ayıldır - baş verə biləcək təhlükə haqda
Nostradamus, Vanqa kimi öncəgörənlik edir.
Əlbəttə, bu, bir yazıçı təxəyyülüdür.
Amma suda boğulan zaman saman çöpündən
yapışmamaq üçün
baş verə biləcək təhlükələrə
hər an hazır olmaq lazımdır. Təbii, bu təhlükə
bizim cəmiyyəti və dövləti gözləmir. Yenə də
kitab oxumayanlara, bütün gün televizorda şou-biznes xəbərlərinə, müğənnilərin
lüks həyatına
baxıb köks ötürənlərə, elmi
atıb kitabı mikrofona dəyişənlərə
qarşı tədbirli
olmaq lazımdır.
Yazıçının dediyi də
bu qəbildən olan təhlükələrdir.
Yəni hazırkı
dövrdə kitaba qarşı ən böyük təxribat elə burdan ola bilər...
Yazıçı, baş
qəhrəman Montaqın
vasitəsilə kitabların
yandırıldığı bir dünyadakı insanların düşüncələrini,
yaşantılarını oxucuya
çatdırır...
Romanı oxuduqca ağlım bir cümlədə ilişib qalmışdı: "Evin önündəki yaşıllığa atılmış kitablar qanadları qırılmış ölü göyərçinlərə bənzəyirdi." Şeirə, sözə bağlılıq belə gözəl bədii ifadə vasitəsilə qarşılaşan zaman daha çox üzə çıxır. Elə bu sözün təsiri ilə romanı oxuyub başa çatdırdım. Hesab edirəm ki, Rey Bredberinin bu romanı hər kəsin şəxsi kitabxanasının bəzəyi olmalıdır... Kitabları ölü göyərçinlərə bənzəməkdən qorumalıyıq... Bu bədii tapıntı nə qədər gözəl səslənsə belə...
Xuraman HÜSEYNZADƏ
Ədəbiyyat qəzeti.- 2018.- 31
mart.- S.29.