Xalq yazıçısı
Elçinə məktub
Salam, əziz dostum
Elçin. Mən məktub janrında
yazan ən gənc yazıçıyam.
Bu uzun ömrüm
boyu cəmi üç, ya da dörd məktub
yazmış olaram.
Bəlkə sonuncu yazdığım
məktub da budur.
Sən həyatımda
yeganə insansan ki, ona ikinci
məktubu yazıram. Birinci məktubu
Moskvada tələbə
ikən sənin sifarişinlə yazmışdım.
Sən də Moskvada oxumaq istəyirdin. Amma atan - böyük yazıçımız İlyas
Əfəndiyevin Moskva
və xüsusilə,
bizim institut haqqında təsəvvürü,
yumşaq desək, çox da yaxşı
deyildi. İlyas müəllim düşünürdü
ki, oradakı insanların yarısı səhər tezdən içib sərxoş olurlar, ikinci yarısı da günün ikinci yarısında onlara qoşulurdu. Sonra da vur-çatlasın başlayırdı.
İlyas
müəllim isə nəinki Moskvada, Bakıda, hətta evin içində sənin üçün darıxırdı.
Mənim sənə yazdığım məktubda qarşıma qoyulan vəzifə Moskvanı, xüsusilə, Ədəbiyyat İnstitutunun təlim-tərbiyə sahəsini elə tərifləməli idim ki, İlyas müəllim sənin Moskvada oxumaq fikrini bəyənsin. Bilirdim, İlyas müəllim mənim yazdığıma inanıb səni gözündən uzağa buraxan deyil, amma məktubu yazdım. Zaman hər şeyi həll edir. Doğrudan, İlyas müəllim səni Moskvada oxumağa buraxmadı. Sonra özün dünyanı gəzdin, elə Moskvada da mənnən az olmadın.
Səhv etmirəmsə, birinci məktubun altında yazdığım tarix 1963-cü il idi.
İndi
isə 2018-ci il, aprel ayının 27-sidir.
Sənin ad günün yaxınlaşır. Səsim olmadığından
yubileyində çıxış
edə bilməyəcəyəm.
Ona görə ürəyimin
sifarişilə sənə
bir məktub yazmağı qərara aldım.
Təvazökarlıqdan uzaq olsa da,
deməliyəm ki, yaş çoxluğu sarıdan mən səndən təcrübəliyəm. Əvvəla, yaş çoxluğu qocalıq deyil - təcrübə çoxluğudur.
Yaşayıb, gördüklərimizdən dərs almışıqsa,
yaş çoxluğu
- kamillikdir (bu da özümə təsəllidir). Doğrudur, bu
sözlər sənə
yazdığım birinci
məktubun əvvəli
kimi səslənir.
Neyləyim qardaş, deyirlər: qocalanda adamın ağlı çaşır, qocalar işə yaramır və ilaxır və il
axır... Lakin danılmaz bir
həqiqət var, onu deyənlər də axırda qocalır. Cavanlığımda
qocalmaq haqqında yazmışdım:
Deyirlər qocalanda adamın ağlı çaşır.
Yalandır, lap ağ yalan!
Ağıllı yaşa dolub bir az da ağıllaşır.
Axmaqlar yaş ötdükcə bir az da axmaqlaşır.
Əziz dostum Elçin, Allahımızın insanın
ağlına və zəhmətkeşliyinə görə
verdiyi ilk böyük
ödül ağıllı
və zəhmətkeş
övladdır. Böyük yazıçımız İlyas Əfəndiyevin
ilk böyük mükafatı
sən idin. Elə ilk hekayələrin ədəbiyyatımıza
yeni istedadlı bir yazıçının
gəldiyini deyirdi.
Mütaliən, əsərlər haqqında yazdığın
dərin təhlili məqalələrin ciddi bir ədəbiyyatşünas
alimin yetişdiyini göstərirdi. Məşhur yazıçı da oldun. Namizədlik, doktorluq yazıb,
müdafiə edib, alim də oldun.
Mən bunları asanlıqla sadalayıb keçirəm.
Amma bunların hər biri bir uzun
ömrün zəhmətini
tələb edir.
Hələ çalışdığın
vəzifələr...
Gəl bir nəzər salaq, görək bir ömürdə sən neçə kamil insan ömrü yaşamısan.
1. Xanımını canından
artıq sevən kişi ömrü.
2. Övladlarının fəxr
etdiyi ata ömrü.
3. Dostlarına etibarlı, harda - darda olsalar,
əl uzadıb əlindən tuta bilən dost ömrü.
4. Alim ömrü.
5. Ziyalı bir vətəndaş ömrü.
6. Bütün bu ömürlər bir məşhur xalq yazıçısının, dramaturqun,
ssenaristin ömrü fonunda yaşanıb.
Ömür illərin sayı deyil, gördüyün işlərin sayıdı. Bağışla məni, Elçin, görülən işləri
belə sadalayanda, doğrusu, qıdığım
tutur, özüm-özümə
gülürəm. Amma neyləyəsən,
bunları da demək lazımdı.
Çünki sən bunları
ad almaq üçün
yox, qəlbinin ehtiyacı olduğu üçün etmisən.
Oxuyurdun, yazırdın, tamaşaya gedirdin. Təqdimatlarda olurdun, müzakirələrdə aktiv iştirak edirdin. Bəzən gecə saat ikiyə-üçə kimi dost məclisində zərif, duzlu yumorunla üzlərə, gözlərə işıq çiləyirdin. Amma dəyişməyən bir şey vardı, yenə hər səhər olduğu kimi səhər saat altıda oyanıb yazacağını yazmalı idin.
Elçin, sənin kimiləri hər kəsdən əvvəl Allah görür, Allah mükafatlandırdı. Sənin ruhuna can sirdaşı, ürəyinə ömür yoldaşı Nüşabə xanım kimi kamil, mərd, sadiq bir insan verdi. Sonra da Günay, Humay, Aysu ilə ikinizi də sevindirdi.
Bu qızların hər birində sənin yaxşı mənada işgüzarlığın, zəhmətkeşliyin var. Vətən üçün, ailə üçün lazım olanda igid ər kimi döyüşə bilən oğullardı sənin qızların.
İlyas Əfəndiyevdən sonra Dövlət Akademik Milli Dram teatırımızın afişaları tez-tez tamaşaya qoyulan yeni əsərlərinlə təsəlli tapır. Çox gənc yaşlarında Yazıçılar İttifaqının katibi oldun, sonra "Vətən" Cəmiyyətini yaratdın. Vətənin dünyada təbliği ilə məşğul oldun. Əslində, elə yazıçılıq özü də o işlə məşğul olmaq deməkdi. Daha sonra Baş Nazirin humanitar sahə üzrə müavini vəzifəsində çalışdın. Ulu Öndərimiz Heydər Əliyev səni ölkənin ən yüksək mükafatı - "İstiqlal" ordeni ilə təltif etdi. Yazıçı yaşadığı zamanı beyninin və ürəyinin süzgəcindən keçirən insandır. Bizim vaxtımıza və baxtımıza çox enişli-yoxuşlu, tufanlı-qasırğalı yol düşdü. Görünür, bizi dünyaya gətirən qadınlar-kişilər həm mənən, həm də cismani son dərəcə keyfiyyətli olublar. Bizə çox sağlam - dözümlü can veriblər. İçimizdən keçən 1990-cı ilin Qara Yanvar hadisələri bizi param-parça edə bilməyib. Hadisələrin ikinci günü Akademiyanın "Kommunist" küçəsindəki binasının zalında yığılmışdıq. O gün də səhnədə siz idiniz - Anar, Elçin. Şeir deyən də oldu, danışan da, dərdin ağırlığının altında qara daş kimi qaralmış insanlar bir-birinə sığınıb susurdular. Hamının adından dünyaya müraciətin mətnini yenə ikiniz yazmalı oldunuz. Bu sizə verilən vəzifə deyildi. Siz dünyaya gələndə içinizdə bu missiya ilə gəlmişdiniz. Həmin vaxt zalın sükutunda bir pıçıltı gəzirdi. Heydər Əliyev Moskvada ailəsi ilə bizim nümayəndəliyə gəlib. Çox sərt çıxış edib. Özü də Siyasi Büronun ölüm hədəsi başının üstündə olduğu vəziyyətdə. O xəstə ürəyinin içindəki Azərbaycanın harayına hay verməyə gəlmişdi.
Bu hərəkəti onun üçün çox təhlükəli idi, amma çox da vacib idi. Qardaşım Elçin, axı bizim vətəndən başqa nəyimiz var ki!.. Amma vətən də vətəndi ha... Onun üçün hər gün ölsək, yenə azdı... Amma düşməni də az deyil, ona görə özümüzdən də güclü olmalıyıq - olduq da!
Sənin yubileyinə, belə bir günə "Baş" romanından gözəl hədiyyə olmazdı. Onu da özün yazmısan. Bu roman müasir ədəbiyyatımız üçün çox qiymətlidir.
Hələ qarşında gediləsi uzun yol var, görüləsi çox işlərin var. Təki yaradıcılıq eşqin, ehtirasın səninlə olsun. Hələ uzun illər bu eşqlə yaz, yarat.
Öz ömrünü yaratdın
Vətən üçün, el üçün.
Şükür hər şey sarıdan
Gözün toxdur, ay Elçin.
Bir ömrlük işin var
Bundan sonra qarşında,
Qəlbində, yaddaşında...
İşin lap çoxdu, Elçin.
Bir az vurandan
sonra
Səndən heç yoxdu, Elçin!
Şükür çıxdıq bu
yaza,
Şükür olan-olmaza,
Şükür ömür yolumuza!
Elçin, sənə yazdığım
bu məktubu bir də oxudum,
məktub yaza bilmədiyimi özüm də gördüm. Amma ruhdan
düşmədim. İnşallah, qarşıda yenə yubileylərin olacaq. Mən də hər yubileyinə məktub yaza-yaza yazmağa öyrənəcəm. Əgər o vaxt məndən yeni məktub almasan, onda bu
məktubu təkrar oxuyarsan, qəlbində səssiz səsimin istisini duyarsan.
Fikrət QOCA
Ədəbiyyat qəzeti.- 2018.- 5
may.- S.4.