Ədəbi iftixarımız
Əziz Elçin müəllim
Sizi, qloballaşan müasir dünyanın ən sivil yazıçılarından birini, görkəmli ictimai xadimi, milli bədii təfəkkür fenomenini şərəfli yubileyiniz münasibətilə səmimi dost və qardaş məhəbbətilə təbrik edirəm!
Sizin yazıçı və filoloq alim kimi dərin və çoxcəhətli yaradıcılığınız, böyük ənənələri olan türkçülük və azərbaycançılıq üzərində təməl tapıb. Siz böyük yazıçı İlyas Əfəndiyevin genindən və sənət məktəbindən əxz etdiyiniz mənəvi dəyərləri yüksək müasirlik duyğusu ilə bədii yaradıcılığa gətirmisiniz. Onun əsasını qoyduğu yeni ədəbiyyatın - 60-cı illər ədəbiyyatının yaradıcılarının ön sırasında İ.Hüseynov, S.Əhmədli, Anar, M. İbrahimbəyov, Y.Səmədoğlu, İ.Məlikzadə ilə birlikdə sizin möhtəşəm adınız dayanır.
Mən sizinlə düz 40 ildir ki, (1978) ünsiyyətdəyəm. Bədii və elmi yaradıcılığınız haqqında onlarla məqalə, ədəbiyyatşünas dostum Vəfa Xanoğlanla birgə "Ədəbi-proses və ədəbi nəsil" kitabını yazmışam. Demək istəyirəm ki, qırx ildir yaradıcılığınızı izləyirəm. Bir tənqidçi kimi mənim üçün yazıçı Elçin "Baladadşın ilk məhəbbəti" hekayəsindən başlayır. Əlbəttə, bu ilk əsəriniz deyil, sizi müasir ədəbiyyata daxil edən ilk yaradıcılıq uğurudur. Abşeron mirvarisi kimi totalitar sovet ideologiyası təpkisi altında ədəbiyyata gələn Baladadaşın aerodrom kepkası və çırpa-çırpa rəzalətdən uzaqlaşdığı nimdaş parusin şalvarı yarım əsrdən artıqdır ki, bizi əsarətdə saxlamış rejimə etiraz əlaməti kimi yaddaşıma həkk olunub. Yaradıcılığınızın zəngin bir hissəsi olan lirik-psixoloji hekayələrinizin əksəriyyətinə bu kontekstdə təhlil vermək olar. Onda məlum olar ki, siz niyə bizə doğma olan bu kiçik janrda M.Cəlil, Haqverdiyev,Y.V.Çəmənzəminli, S.Rəhimov, M.Cəlal, İ.Əfəndiyev ənənələrini davam etdirmiş 60-cı illər ədəbiyyatının məcrasında bu janrı bədii fəlsəfi təkamülündə xüsusi xidmət göstərmisiniz. Təsadüfi deyil ki, hələ ilk hekayələriniz haqqında XX əsrin korifey tənqidçiləri Məmməd Arif və Məmməd Cəfər yüksək fikir söyləmişlər.
Şübhəsiz ki, siz 60-cı illər nəslinin əsas üslubunun - lirik-psixoloji üslubun yaradıcılarından birisiniz. Lakin sizin üslubun uzun fərdi xüsusiyyətləri də vardır. Üç nöqtə ilə başlanan mübtədasız yarımçıq cümlələr hələ 70-ci illərdə təhkiyənizin ekspressivliyinizdən xəbər verir, yazıçı üçün vacib olan "Sözün yeri dar, mənanın yeri geniş olsun!" kimi məşhur prinsipin əyani ifadəsi idi.
Hələ ilk hekayələrinizdə ("Qatar. Pikasso. Latur." "Gümüşü, narıncı"), simvol, eyham fantasmaqoniya da var idi. "Mahmud və Məryəm", "Ağ dəvə" romanlarının çapından sonra məlum oldu ki, üslubunuzun alt qatında mifik-mistik elementlər də var. Mif, əfsanə, rəvayət, nağıl, yaradıcılığınızın təkcə predmeti yox, həm də milli-mənəvi ənənələrini təşkil edir. "Ağ dəvə" romanındakı Balakərimin tütəyi ədalətsiz dünyanın qəm nəğmələrini dilə gətirir. Ağ dəvənin ləpirlərində bitən ağ çiçəklər xalqı istiqlal ümidli sabaha aparır. Sizin romanlarda möhtəşəm epos modeli, epos üslubu var - "Mahmud və Məryəm" və "Ağ dəvə" epos təfəkkürünə köklənib. Həm təhkiyə, həm də bədii fəlsəfi idrak bu formatdadı. Bu da həmin əsərləri nağıllar kimi dastanlar kimi xalqa doğmalaşdırır.
Müstəqillik dövründə yazdığınız əsərlər milli-mənəvi yaddaşımızı bizə doğmalaşdırmaqdadır.
Sizin yaradıcılığınızda
drammaturgiya xüsusi
yer tutur. Bunun
da tarixi "Poçt şöbəsində xəyal"
psixoloji dramından başlayır. Faktiki olaraq son illər siz
böyük dramaturqumuz İlyas Əfəndiyevdən sonra
teatrda yaranan boşluğu aradan qaldırmağa nail olmusunuz.
Mirzə Cəlilin "Dəli
yığıncağı"ndan sonra səhnəyə sizin
"dəlilər" gəlməyə başladı.
Çünki artıq nə səhnədə, nə də həyatda
ağıllılara yer yox idi, yaşamaq üçün dəli
olmalı idin. Dəlilik yeganə çıxış yolu
idi, ağıllı adamlar özünü dəliliyə
vurdu. Sizin dəlilərdə bir az Koroğlunun dəlilərindən
nişanə var, əksəriyyəti mərd və qeyrətli,
namusunu itirməmək üçün ağlını itirən
adamlardır. "Dəlixanadan dəli qaçıb",
"Mənim ərim dəlidir" ... dəliliyin
genelogiyası barəsində düşünməyə imkan
verir. "Teleskop" pyesiniz bu dünyaya amansız
ironiyadır.
"Baş" romanı
XXI əsrin Azərbaycan-tarixi prosesində
və sizin yaradıcılığınızda yeni mərhələ,
bədi-fəlsəfi hadisədir. Romanın əlyazmasını oxuyub
sarsılmışdım. Dərhal sizə ədəbi məktub
yazdım. "Ədəbiyyat qəzeti" və "525-ci qəzet"də
"Tarixi mövzuda psixoloji roman" və "Başın səyahəti"
adları ilə çap olunub. O yazının birinci cümləsi
belə idi: "Baş" başsızlıq haqqında
romandır. Başsızlıq olan yerdə dəlilik meydan
sulayır. Romanın iki bədii-psixoloji müstəvisi var:
bir başın romanı, bir də "O"nun romanı.
Başın romanı (onunla bağlı tarixi hadisələr)
əslində "o"nun romanı üçün vasitədir.
Bu roman haqqında onlarla dəyərli tənqidi məqalə
yazıldı. Fəqət onun əsl təhlili hələ
tezdir, zamana möhtacdır...
Bizim ədəbiyyatda
yazıçı-tənqidçi tipi mövcuddur. M.F.Axundzadə, A.Şaiq, M.Cəlal,
M.Hüseyn, M.İbrahimovdan
sonra bu missiyanı yüksək səviyyədə siz icra edirsiniz. Siz 60-cı illər intekllektual tənqidinin yaradıcılarından
birisiniz. Yaşar
Qarayev, Asif Əfəndiyev, Akif Hüseynov kimi həmkarlarımızla birlikdə
bu tənqidi nəzəri metodoloji və estetik prinsiplərini formalaşdırmısınız.
Sizin tənqidiniz çox dinamikdir, ədəbi prosesə real təsir gücünə malikdir.
Siz bədii mətni hiss edir, onun poetik, leksik,
semantik və struktural təhlilini verirsiniz. Hərdən mənə elə
gəlirdi ki, tənqidçi Elçin
yazıçı Elçindən
güclüdür, təfəkkürü
təxəyyülündən üstündür. Etiraf edim
ki, "Baş" romanını oxuyandan sonra bu fikirdən
daşındım. "Baş" hər şeyi vurub dağıtdı. "Baş"
dünya romanının
bədii-fəlsəfi səviyyəsini
müəyyənləşdirən müasir Azərbaycan romanıdır...
Sizin yaradıcılığınızın
bədii-fəlsəfi pafosunun
ideya-poetik konsepsiyasını
kəskin müasirlik təşkil edir. Bu müasirliyin cövhərində
zamanı qabaqlamaq cəhdi var. Buna hər şeydən əvvəl çevik bədii təfəkkürünüz və
ondan da çevik, hüdudsuz bədii təxəyyülünüz
imkan verir.
Sizə möhkəm cansağlığı
və yaradıcılıq
uğurları arzu edirəm.
Dərin
hörmətlə...
Nizaməddin ŞƏMSİZADƏ
Ədəbiyyat qəzeti.- 2018.- 5
may.- S.6.