Abşeronla vidalaşma
Lirik poema
Elçin Əfəndiyevə həsr
olunur
Uzaqlaşan
axşamın
közərən
işıqları,
məscid
günbəzlərində
gəzən
kölgələr
bir də
ki,
buludlar
ardında gizlənən qəmər
arxamca
əl edir, boylanır…
buraxmır
məni!
…Axı,
nə istəyir
mənnən
o qızıl
ləpədöyəndəki
gümrah gümültü? -
Mən
bütün bunlarla
beləcə kövrək
ayrılmaq
istəmir, istəmirəm ki…
Sahilin
suiti leşi yadımda,
sulardan
sıyrılan paslı boruda
çarmıxa
çəkilmiş o quşcuğaz da!
O
hasar dibində zibillikdəki
özünə
yem gəzən
qağayılar da
gözümün önündən
getmir bircə an…
Onu da bilirəm:
indi buraya
içləri nəşəli
cayılla dolu
maşınlar gələcək,
çox çəkməyəcək!
həmən bu idillik… səsli sükutu
quşlara atılan
güllənin səsi,
özlərini göstərən
gədələrin boş
hırıltısı pozacaq…
Mən bütün
bunları xatırlayıram.
Ancaq ki, yenə də
bilirəm yəqin,
bütün bunlardan
o yana
başqa bir Abşeron da var!
Orada
Buzovna Bilgəh arası
uçan yol qırağı
yaşıl çəmənlər,
Novxanı çimərliyində
çimən körpələr;
Maştağa çildağçıları,
dəlixana önündəki
dayanacaqda
daima fikirli ana-bacılar;
bəxtikəsik qardaşım,
əziz Nəsirin istixanasında
heç bir vaxt solmayan qərənfillər
var.
Qaz Əlinin arxayın,
nurlu gülüşü
də ordadır,
axşamçağı
Yanardağ yamaclarında
qaçışan odlu bənövşələr də!
Elə oradaca
Motsartın vətəni Zalsburqdan
gələn
İqdirli dostum Kənan bəy,
imişlili adaşım
Çingizlə birgə
içdiyim çay,
göyçəli qəddibükük
cavan aşığın
çaldığı saz yada düşür…
Günbatan təndirində
Masazırın duz gölü,
Qurdağzının ehsan quyusundan
Çəkdiyimiz vedrədən
Yaxa-başımıza axıb-tökülən
suyun sərinliyi;
qardaşım kürd
Cümşüdün
fin Aulikkinin ayağı altda
kəsdiyi qoyunun gözlərindəki
sarsıdıcı mütilik,
uşaqlıq dostum Akifin
sayı yaddan çıxan,
Allah saxlamış,
qızları da ordadır!
Türkanıda dərisi yanmış
Əzizə xanımı xatırlayıram…
Xəlil
bəy Ulutürkün
dar çərhovuzunda
uşaq kimi çimişən
Sabir kirvəylə "Acali"
Abbas;
Saray bağlarında
Cəfər həkimin
səxavətli süfrəsi
başında
Məmməd Arazın közərən
gözləri;
hələ bunlardan
da qabaq,
lap əvvəllər, Pirşağıda
ustadım Rəsul
Rzanın bağında
rəhmətlik Ənvər
Məmmədxanlı ilə
oynadığım şahmat,
içdiyim o çay;
yetim Kamal Əhmədin
Gorədil rəsmlərindəki yarımçıq Ay,
Elbəy
Rzaqulunun bağ divarlarında
yanıb kül olmuş
Səttar
rəsmləri yadıma
düşür!
(Anarın "Gün keçdi"sini
yuduğumuz məclisdə
necə xoşbəxt idi Arif, ilahi!)
hələ
Timuçin Əfəndinin
aşıq Mahmudu, Çingiz Fərəci
qorxudan Toplanını,
Alışoğlu Ramizin
çiyələk xalısında
"otlayan" dostları;
Tofiq Ağakərimin güzgülü
divarlarda
asdığı toxumluq xiyarları,
və sairə…və ilaxır… demirəm.
Bunlardan
hamısı belədir,
yəqin…
Ancaq…
Abşeronla vidalaşmaqçın
bunlar da, bunlar da, bilirəm,
azdır!
…Bu avazım Abşerona
Dost-doğma, tanış
avazdır!
Abşeronun havası saz,
haçan gəlsən
ətirlidir,
gül-çiçəkli bahar-yazdır.
Aman, çıxma qız ovuna!
Gələn, gəlsin buz ovuna.
Söz yox inək-buzovuna…
Buzovnadır bax, "bu zona"!
Buzovnadır bax, "bu zona"!
Halal qismət ər əkəndi,
Şəfa verib, dərd əkəndi.
Namərdə ox, mərdə qandı,
Mərd
məkandı, mərdə
kandı,
Mərdəkandı, Mərdəkandı!
Attanmaqçın barısından
Şiv tapmazsan,
şüvül hanı?
Öyrən müdrik qarısından,
Şəhər çıxar yarısından…
Toyu olsun Şüvəlanın!
Qızıl qumu qurşağatan,
Ev-eşiyi xoş-abadan,
Pak süd əmib pir, çağa da,
Millət
yaşar Pirşağada,
Pir uşağı Pirşağada!
Bu torpağın dərdi hanı,
Zər atanın
nərdi hanı?
Nər dəvənin - nər divanı!
Nardaranda
nar dərənin
Daban tutmaz nərdivanı!
Mən dərmişəm - dərdim
hanı…
Aşıq atdım - var toxanı!
Deyin, az içsin
soxanı, -
Toyxanada
bir şağanlı
Tüğyan edir divanalı!
Tamah tutub iştahını,
Adam yoxdu işdə, hanı…
Mömin gəlsin, "məşdi"
hanı?! -
Bazar basıb Maştağanı,
Azar basıb Maştağanı!
Gəzmə düşüb hər
dükanı,
Qış ki, gəldi, kürkün hanı?
Qorxun yoxdu, ürkün hanı…
Tapdım
səndə kimi desən,
Türkün hanı bəs, Türkanı?
Türk
tanınar qopuzundan,
Top-tüfəngi, toppuzundan!
Qonaq qovmaz qapısından…
İgiddən ki, söhbət
düşdü,
Sizə
deyim Qobusundan!
Sözüm, qayıt gir dəhana…
Nə yaraşır kürdə
xına!
Dərd
var - dərman girdə xına,
Kim salmalı Kürdə xana
Məskən seçdi Kürdəxanı.
O xoşluqda surət hanı,
O eyvanı, sürahını
Görən ölər… surə hanı?!
Ayna tutub camalına
Güzgülənir Suraxanı!
Quş vuran quşu ov sanır…
Bu nə sözdür, nə əfsanə! -
Xəstə düşdü, ovsanaya
Dərman
üçün soğan
gəzdim,
Tövbə dedi o Hövsanı!
Nə sözün var mən zirəyə! -
Gəlib çıxdım mən Zirəyə.
Heyran qaldım mənzərəyə:
Qarpızsatan anddan keçir,
Dərman
əkir, zəhər biçir…
Bu da sənə məndən bilgi:
Öz işini bacar, bil gəl!
İstəyirsən dəvə min gəl, -
Pis adamın boğazında
Yaş ilgəkdir bizim Bilgəh!
Deyirsən ki, Binə qallı,
Tiyan tini tinə qaldı…
İman
üzüldü gümandan,
Meydan yenə dinə qaldı,
Nə yaxşı ki, dinə qaldı!
… Onu da bilirəm, bilirəm ancaq
Abşeron vidası bu da deyildir…
Bağların içində azan qum yollar,
Gözünü quş yemiş
qupquru əncir,
Çaydaşı hasardan boylanan kollar
Get, qalma… gəl deyir, gələndə getmə!
Sarmaşıq tuneli, Xəzər
dəhlizi,
Kəhrizin gözündə qəzil
fırlanır.
Azarlı
payızın son harayları
Sozalan xəzridə
azır, daranır.
Gündüzlə axşamın qovuşuğunda
Sükutdan törəyir toran bölgələr.
Çınqıdan alışan qov işığında
Diksinib oyanır canlı kölgələr!
Üzüm yarpağının pası-dəmiri
Xoflu xəcalətlə,
xiffətlə yanır.
Tırtılın, böcəyin qorxan
çimiri
Otların hənrini zəlzələ
sanır.
Partlamış narların kor çıraqları
Axşamlar közərən ocağa
çönür.
Sonuncu əncirlər tənha, təkcənə
Pəncərə önündə ağacda
sönür.
Payız
- qəm dənizi, batdıqca gömül…
Sinənə sinən nə sital sitəmdi!
Tanış təlaşlarla üşənir
könül,
Bilmirsən damaqda nə
dad, nə təmdi!
Ömür - bir töhfədir,
acı ya şirin,
Vaxt qara quyudur, zaman qan içir.
Nəhəng qum saatı - qədim Abşeron
Tarixin dəyirman daşından keçir!
Nazik, dar
boğazla birləşən elə
Olumlu-ölümlü iki fəzadır.
Tanrının hökmüylə gəlib
əmələ
İnsanı qum edən tale-qəzadır.
Əcəl
daşyonandır, candan qoparır,
Əli qan içində, ovuclar
sağır.
Hər kəs öz daşını özü aparır,
Kiminki yüngüldür,
kiminki ağır.
O məzar
daşları - nida, vergüllər
Mömin
ürəklərə yaysa
da qorxu,
Ağırlıq dalınca qaçır
yüngüllər,
Yüngüllük axtarır ağırın
çoxu…
Son qapan-tərəzi
oyaqdır, oyaq,
Gözünə kəpənək təkin
qonan var.
Aşrılıb üstünə fil
leşi sayaq
Günahı boynunda boyunduruqlar!
O baxan
haqdırsa, yummur gözünü,
Pərsəngə ümid yox, çox sərvaxt baxır!
Sanma hər gələnin ləpir-izini
Abşeron qumları örtəcək
axır…
…Əlvida,
Abşeron, əlvida, sənin
Barılar ardında görünməz
olan
Balaca daxmana… saraylarına!
Qərib
axşamlara düşüb
dağılan
Udod quşlarının haraylarına
Əlvida,
Abşeron… Bəkarətinə,
Ocaqlar isidən bərəkətinə,
Örüşdən qayıdan naxır-sürünə;
Hər başıpapaqlı cavan-pirinə,
Laçın iyidinə, pəri-hürünə;
O dayaz, o dərin quyuna sənin,
O şoran, o şirin suyuna sənin
Əlvida,
Abşeron… Qızıl
qumuna,
Hər qarış torpağa, daşa əlvida!
Gilavar qılıqlı, yosun qoxulu
Boş ləpədöyənin xoş
havasını,
O çırtıq çalanın,
o dəf vuranın,
Meyxana qoşanın şux avazını
Əsrdən-əsrə daşı… əlvida…
Biz gəldi-gedərik fani dünyada,
Sən yaşa, sən yaşa, yaşa, əlvida!
Dekabr, 1993
Çingiz Əlioğlu
Ədəbiyyat qəzeti.- 2018.- 5
may.- S.7.