Sözlər
Elçinə
Bir vaxt daş kimiydi,
kərpic kimiydi
sözlər əlimdə.
Mən şeir yazmırdım ki,
sözlərdən ev
tikirdim.
Bir vaxt balta kimi,
çəkic kimiydi,
sözlər əlimdə.
Mən şeir yazmırdım ki,
öz içimi-çölümü
dağıdırdım-tökürdüm.
Sonra muma döndü
ovcumda sözlər,
Yandırdım, hərəsi bir
şama döndü,
o şamların işığında
dünyaya baxdım-getdim.
Sonra quma döndü
ovcumda sözlər,
Yavaş-yavaş
o quma qarışıb axdım-getdim...
Ramiz RÖVŞƏN
Ədəbiyyat qəzeti.- 2018.- 5
may.- S.9.