Yazıçının şəxsiyyəti
"Mənim əsərlərim
mənim şəxsiyyətimə bənzəyir".
Neçə gün idi
ki, Elçin Əfəndiyev
haqqında yazmaq istəyirdim, bu fikir başımda
dolaşırdı; bəlkə də bunu
kimsə deyib, bilmirəm. Ağlıma gələni
dedim - başıma da
gəlsə, qürur duyaram!
Onunla cəmi ikicə dəfə təmasda olmuşam: birinci dəfə Astarada, Mədəniyyət evində. Anarla birlikdə xalqın görüşünə gəlmişdi. (Təəssüf ki, indi xalq əyalətlərdə tanınmış yazıçılarla görüşlər üçün tamarzıdır!). O görüşü mən aparırdım. Hamımız tanınmış, cavan, enerjili Azərbaycan yazıçılarını canlı görürdük, dinləyirdik, eşidirdik. Ayrı aləm idi - əsərlərindən tanıdığın yazıçıyla canlı söhbət edəsən, sual verəsən, cavab alasan, onun sənə, ətrafdakılara, həyata, insani dəyərlərə, ölümə... münasibətini və xüsusi vurğulayım ki, fərqli baxışlarını öz ağzından eşidəsən, təbii təbəssümünü, gözlərinin gülən rəngini, sevinc işartılarını, yaşından, çəkisindən ağır ləngərli yerişlərini görəsən, ağır başlı kişilər sayağı hikmətli sözlərinə... qulaq asasan... Vallah, ayrı aləm idi! Həmin görüşün humanist duyğuları indi də içimdə dolaşır.
Elçin Əfəndiyevi ikinci dəfə Mərkəzi Komitə
Aparatında işləyəndə görmüşəm. Yenə
Anarla birlikdə gəlmişdi; bu dəfə çox həyəcanlı
və gərgin idilər, dost itirmişdilər
- mənim də yaxşı tanıdığım,
tanınmış Azərbaycan ziyalısı Araz
Dadaşzadə Moskva xəstəxanalarının
birində vəfat etmişdi, cənazəni
Bakıya gətirmək lazım idi. Bazar günüydü, Aparatda tək-tük adam
vardı. Mən MK katibinin köməkçisiydim,
təbii ki, yerimdəydim; katib
müşavirədə, mərhumun ailəsi isə qərib bir şəhərdə əziz-girami
adamını itirmişdi, cənazə ilə
baş-başa qalmışdı. Belə bir zamanda humanist dost sədaqəti,
dost köməyi lazım
olur. Elçinin və Anarın
son dərəcə üzüntülü,
həyəcanlı və
gərgin səylərini
gördüm, içimdə
bu böyük yazıçıların şəxsiyyətinə
yenidən heyranlıq
hissləri oyandı.
Moskvadakı nümayəndəliyimiz "telefon atəşinə"
tutuldu (o zamanlar mobil telefonlar yox idi!), istirahət
günü onları yerində tapmaq müşkül məsələydi.
Nəhayət, günün
axırına kimi cənazə onların israrlı və gərgin səyləri nəticəsində Bakıya
gətirildi...
Bu görüşlər və daha sonralar
onun şəxsiyyəti
barədə Söhrab
əmidən tez-tez eşitdiyim xoş sözlər, habelə, yaxın qələm dostlarımın yazıçının
xeyirxah əməllərindən
ağızdolusu danışması
Elçin Əfəndiyevin
humanist Şəxsiyyət obrazını
yaddaşıma əbədi
yazdı. Halbuki, mən bütün bunlara qədərki Elçini də tanıyır və sevirdim - Yazıçı
kimi!
Təfərrüata varmadan Elçin Əfəndiyevi
yazıçı kimi
də xarakterizə etmək gücüm olsa, qısaca bunları deyə bilərəm: o, müasir
Azərbaycan ədəbiyyatının
ən məhsuldar simalarından biridir. Onun çoxşaxəli ədəbi
və ictimai fəaliyyəti sözün
əsl mənasında
təqdir olunmalıdır.
Struktur baxımından
yanaşsaq, adətən,
yazıçının bədii dünyası ideyalar, motivlər
və bədii reallıqlar üzərində qurulur. Bu sxem qəlib
olmasa da, bütün hallarda bu və ya digər dərəcədə
yazıçının bədii təxəyyülü və
düşüncəsindən süzülən məhsullarda
özünü göstərir,
insan-varlıq-dünya-ölüm əlaqələri və
münasibətləri barədə yazılan əsərlərin
əksəriyyətində ona əməl olunur. Bəlkə də belə bir sxem olmasaydı,
maraqlı tarixi-fəlsəfi romanlar yaranmazdı.
Elçinin "Ağ dəvə", "Mahmud və Məryəm"
və "Ölüm hökmü"ndən tutmuş sonuncu
"Baş" romanı da daxil olmaqla, təxminən, bu strukturla
qurulan bütün əsərləri ilk baxışdan mürəkkəb
görünür, əslində isə rəvan, səlis
formada keçmişlə bu günün tarixi
bağlantılarını yaradır, ictimai-siyasi motivlər üstündə,
zaman və məkan çərçivəsində sadə bədii
həqiqətləri məharətlə söyləyir. Tarixi faktlar bugünə və gələcəyə
bədii təxəyyülün gücü və köməyilə
daha mötəbər və daha dəqiq
ötürülür.
Elçinin yeniyetməlik çağlarımdan
ta bu günə
kimi oxuduğum hekayələrinin ("Qatar. Pikasso. Latur.",
"Beş qəpiklik
motosikl", "Qırmızı
ayı balası",
"Baladadaşın ilk məhəbbəti",
"Qış nağılı",
"Bu dünyada qatarlar
gedər", "Beş
dəqiqə və əbədiyyət", "Gül
dedi bülbülə",
"Ömrün son səhəri",
"Stalinin ölümü"
və s.) demək
olar ki, bütün elementlərində
bədii-psixoloji lirizmlə
yanaşı, incə
sarkazm, estetika və fəlsəfə
var. Mən onu Əziz Nesinlə, rus nəsrinin böyük simaları Paustovski və Buninlə də müqayisə edərdim. Ola bilsin bu müqayisələrim avam
görünsün, bunlar
mənim hazırlıqlı
oxucu kimi duyduqlarımdır. Və bunu
da əlavə edirəm ki, onun nəsrində bədii fəlsəfə
bəlkə də bundan ibarətdir ki, o, sadəcə, xarakterik motivlər, obrazlar, ənənəvi
(ya da qeyri-ənənəvi!)
formalar yaratmır, özünəməxsus nəqletməni
lirik-psixoloji çalarlarıyla,
çoxqatlı və
çoxmənalı rəngləriylə
oxucuya ötürə
bilir; düşünürəm
ki, biz belə yazıçılarımızın əsərlərini sürətlə
tərcümə etməli,
dünyaya yaymalıyıq.
Azərbaycan ədəbiyyatında Elçin
silsilə obrazlar yaradıb, bu obrazlar vasitəsilə nasir sözünü deyə bilib və böyük ədəbiyyatda qalmaq haqqını qazanıb. Elçin xüsusi
bədii zövq yaratdı və onu formalaşdırdı.
Bu isə böyük
zəhmət və istedad bahasına başa gəlir. Yazıçı kimi onun bəlkə də ən böyük xidmətlərindən biri
də elə budur. Gənc tədqiqatçılar bunları nəzərə
ala bilərlər.
Mən Elçin
müəllimi - gözəl
yazıçı və
şəxsiyyəti, yubileyi
münasibətilə təbrik
edirəm, ona möhkəm cansağlığı,
uzun ömür, yorulmaz ədəbi və ictimai fəaliyyətində bundan
sonra da tükənməz enerji arzulayıram.
1 may,
2018-ci il
Kamran NƏZİRLİ
Ədəbiyyat qəzeti.- 2018.- 5
may.- S.12.