Qatarlar və Çəhrayı qız
"Bu
dünyada qatarlar gedər"
Bir neçə gün sonra Azərbaycanın xalq
yazıçısı, eləcə də uşaqlıq xəyallarımın
formalaşmasında əvəzsiz rolu olan Elçin Əfəndiyevin
75 illik yubileyidir. Bu münasibətlə, Elçin müəllimə
ünvanlanmış bütün təbriklərə mən də
qoşulur, Azərbaycan ədəbiyyatına qazandırdığı
əsərlərə görə öz adımdan təşəkkür
edirəm.
Məncə, hər bir yazıçının sevilmə
səbəbi, hər bir oxucunun sevmə səbəbi kimi
müxtəlif olur. Və görkəmli yazıçıların əksəriyyətinin
yolu öz oxucusu ilə əvvəlcə hekayələrində
kəsişir. Hekayələr əsas ünvana
gedən cığırlar kimi oxucunu müəllifin gələcək
böyük əsərlərinə qədər
ötürürlər. Mənə
Elçin Əfəndiyev yaradıcılığına
istiqamətlənməyimdə "bələdçilik"
edən, eləcə də xəyal dünyamı daha da
genişləndirən "Bu dünyada qatarlar gedər"
hekayəsi olub. Bizim yolumuz
məhz bu hekayədə - içindən "Bakı -
Moskva", "Bakı - Novosibirsk, "Xarkov - Bakı",
"Bakı - Odessa", "Mahaçqala - Bakı"
qatarları keçən "Əbiligilin kəndində"
kəsişib.
Dəqiq xatırlayıram ki, onda çox uşaq idim. O qədər uşaq idim
ki, hələ "həyat" sözü ilə "həyət"
sözünü bir-birindən fərqləndirə bilmirdim. Nə
orfoqrafik, nə də məna cəhətdən... Mənim üçün həyat elə səhər
açılan kimi əynimi, ayaqqabılarımı geyinib
oynamaq üçün qaçdığım həyətimizdən
ibarət idi. Onda həyətimiz mənə
dünya boyda böyük gələrdi. Amma bilərdim
ki, uzaqlarda lap, lap uzaqlarda başqa həy(a)ətlər
də var. Yarı anamın danışdıqlarından,
yarı da adını çəkdiyim bu hekayənin də
olduğu müxtəlif kitablardan. Və bilirdim
ki, o uzaqlara qatarlarla getmək mümkündür. Dənizlərə uzaq olan yerlərdə yaşayan
uşaqların nağılları da, yuxuları da qatarlar olur
həmişə. Elə ümidləri və xəyalları
da... Uzaqlardan ümid gətirən və uzaqlara
xəyallar aparan qatarlar.
Bizim kəndimizdən
qatar keçməzdi. Mənə
görə dünyanın bütün qatarları çox
uzaqlardan keçərdi, yalnız Əbiligilin kəndindən.
Bu hekayə
mənim uşaqlıq illərimin ən ləzzətli kəşflərindən
biri idi. Hər dəfə başqa bir maraqla oxuyar, başqa
bir zövqlə xəyala dalardım. Gah qatarların
getdiyi yerlər barədə düşünər, gah sirkə
gedən heyvanları və onların sirkdə göstərdikləri
tamaşaları gözümdə canlandırmağa
çalışar, gah da nə vaxtsa mənim də bu
qatarlarla Əbiligilin kəndindən keçərək uzaq,
böyük şəhərlərə gedəcəyimi xəyal
edərdim: "Əbiligilin kəndi dəmir yolundan yarım
kilometr aralıdakı dağın ətəyində idi. Bu kənd
il on iki ay dumanlı-çiskinli olardı
və bu dumanın-çiskinin içindən gecəgündüz
qatarlar keçərdi. Gecələr bu
qatarların səsi kəndin bütün evlərinə
dolardı və bu qatarlardakı adamlar, bu qatarların
daşıdığı avtomobillər, gedib-gəldiyi
böyük-böyük şəhərlər kəllayı
otaqda palazın üstündə salınmış
yorğan-döşəyin içində Əbilinin gözlərinin
qabağına gəlirdi".
Lakin hər oxuduğumda məni həvəsdən salan,
qorxudan bir gerçək var idi. Çəhrayı qız! Bir gün o qatarların birindən çəhrayı
ayaqqabılı, çəhrayı corablı, çəhrayı
paltolu, çəhrayı yanaqlı, çəhrayı
papaqlı bir qız düşdü. Və Əbilinin adına, "palçıq-peyinli"
üst-başına gülməklə, Əbilinin almaq
üçün səbrsizliklə yay günlərini gözlədiyi
şokoladı bircə gözqırpmıında oyuncaq kimi
ayaqlarının altına atıb əzməklə onun xəyal
dünyasını sarsıtdı, ürəyini incitdi. Bu çəhrayı
qız Əbili kimi mənim də dünyama yad idi, hər dəfə
oxuyanda mənim də qəlbimi incidirdi. Axı
ikimizin də peşəmiz dərslərimizdən, gündəlik
işlərimizdən geriyə qalan zamanda xəyal qurmaq,
arzulamaq idi. Doğrudan da görəsən, niyə
uzaqdakı uşaqlar bizdən fərqlənirdilər və ya
doğrudan da fərqlənirdilərmi?! Mənə maraqlı
olan suallardan biri də o idi ki, görəsən niyə hekayəni
yazan müəllif ümidli olduğumuz və xəyallara
inandığımız məqamda o qız vasitəsilə
bizi qorxudur, reallıqlarla üzləşməyimizi, hər an bizi incidə biləcək bir Çəhrayı
qızın varlığını xatırlatmağa
çalışırdı. Axı Əbili
üçün də, mənim üçün də o
qatarları seyr etmək, uzaqlara səyahət edən insanlar
barədə düşünmək əvəzedilməz bir
duyğu idi. Niyə hər dəfəsində bu Çəhrayı
qız birdən peyda olur, ya Əbilinin tez bitməsin deyə aramla
yediyi şokoladı ayaqlarının altına əzir, ya da
bir insanın ona yazdığı şeirləri qatarın pəncərəsindən
tullayaraq kefimizi pozurdu. Bəlkə də heç dünyada
belə bir qız yox idi... Nədənsə, mənim üçün
Çəhrayı qız uzaq şəhərlərdə
yaşayan uşaqları təmsil edirdi və bu həqiqət
mənim bir gün həmin yerlərdə yaşamaq xəyallarımı
qorxudurdu.Mənə elə gəlirdi ki, uzaqlardakı
bütün uşaqlar Çəhrayı qız kimidir.
Uşaqlıq xəyallarıma qovuşmağım çox
çəkmədi. On yaşım olanda mənim
üçün uzaq dünya sayılan Bakıya gəldim.
Qorxa-qorxa, çəkinə-çəkinə,
hardasa Çəhrayı qızla
qarşılaşacağım düşüncəsi ilə.
Lakin biz Çəhrayı qızla heç vaxt
rastlaşmadıq. Vaxt ötdükcə bu qorxunu da, o
qızı tapmaq istəyimi də tədricən unutdum...
Ta ki Nəcib
Məhfuzun "Güllələnmiş xəyallar"
adında bir hekayəsini oxuyana qədər. Bu
hekayə mənə Çəhrayı qızı yenidən
xatırlatdı. Yenə bir qatar
stansiyası, yenə uzaqlardan gəlib uzaqlara gedən, özləri
ilə ümidlər gətirib, xəyallar aparan qatarlar. Və yenə Çəhrayı
qız. Hekayənin qəhrəmanı qatarlardakı
adamlara siqaret satan Cahşadır. Əyni nimdaş olduğu üçün sevdiyi
qız tərəfindən bəyənilməyən Cahşa əsirləri
aparan qatarda əynini yeniləmək və sevdiyi qıza
xoş görünmək üçün əsgərlərə
geyimlərinin qarşılığında siqaret satır.
Hekayənin sonunda geyindiyi kiteldən dolayı əsir
olduğu zənn edilən Cahşa güllələnərək
öldürülür. Bu sarsıdıcı səhnəni
oxuyarkən illər öncə Əbiligilin kəndindən
keçən qatarda ona həsr olunan şeirin
yazıldığı kağızın üstündə
süfrə açan, sonra da zibil kimi çölə
tullayan, Əbilinin adına,
"palçıqlı-peyinli" üst-başına
gülən Çəhrayı qızı xatırladım.
Çox güman ki, Cahşanın güllələnməsinə səbəb olan da məhz o
idi. Bu qız qatarla çox uzaqlara - Cahşanın vətəninə
qədər getmiş, Əbilini incitdiyi kimi onu da
incitmişdi...
Onunla bir dəfə də iranlı
şair Qeysər Əminpurun şeirində
"rastlaşdıq":
Qatar gedir,
Sən
gedirsən,
Bütün
stansiya gedir...
Artıq əmin idim: Bu şairi tərk edib gedən yenə
də həmin Çəhrayı qız idi. Heç
dəyişməyən, insanları incitməkdən
yorulmayan, özünə şeirlər yazdıran və
onları cırıb tullayan Çəhrayı qız.
Daha
sonralar onunla təkcə qatar
stansiyalarında yox, həyatın bütün məqamlarında,
dünyanın bütün yerlərində rastlamağa
başladıq. Oxuduğum hər romanda,
baxdığım hər filmdə, tanıdığım hər
insanın həyatında bir Çəhrayı qız
mütləq var idi. Və bu
"rastlaşma"lardan birində uşaq vaxtı
cavabını axtardığım sualı illər sonra anlaya
bildim. Elçinin ustalıqla
obrazını yaratdığı Çəhrayı
qızın peşəsi insanları heç gözləmədikləri
zamanda, xəyalın şirin tamını daddıqları
anda incitmək idi. Müəllif hekayəsində lap əvvəldən
hər kəsi xəbərdar edir: "Bu dünyada qatarlar gedər".
(Və ya bu dünya qatardır gedir) Və bu
qatarlarda hər yerə səyahət edən bir Çəhrayı
qız yaşayır. O uşaqlığından qocalana
kimi insanları incidir. O bəzi uşaqların həsrətlə
arzuladığı, hətta bəzilərinin dadını
belə bilmədiyi şokoladı ayaqlarının altında əzir,
ona yazılmış şeirlərin üzərində yemək
yeyib sonra zibil kimi tullayır, günahsız, məsumca
aşiq olmuş insanların ölümünə bais olur,
şairləri və neçə-neçə insanları
qatar stansiyalarında tərk edib gedir...
İndi mən
"Həyat" sözünün mənasını
bütün dərinliyi ilə fərqləndirə və
anlaya bilirəm:
Həyat bəzən Əbilinin səbirsizliklə
gözlədiyi içində böyük hədiyyələr
olan "lafet-mağaza" kimidir.
Həyat
bəzən illərlə qurduğumuz xəyalları, bitəcək
deyə tədirgin olduğumuz xoşbəxtliyimizi gec bitsin deyə Əbilinin
qorxa-qorxa yediyi şokolad kimi bir göz qırpımında
ayaqlarının altına atıb əzir.
Həyat bəzən bütün ömrümüzü,
ən dəyərli anlarımızı qurban etdiyimiz
sevgimizin, həsrətimizin üzərində lazımsız
bir kağız parçası kimi "süfrə
açıb", sonra da uzaqlara tullayır.
Həyat bəzən arzularımızın
qarşısına keçib reallıqlarla amansızcasna
heç vaxt gerçəkləşməyəcək xəyallarımızı
güllələtdirir.
Həyat
bəzən o Çəhrayı qız olur...
Elçin Əfəndiyev bu səbəbdən mənim
üçün əvəzedilməz müəlliflərdən
biridir. Hələ
uşaq yaşlarımda həyatın nə vaxtsa şıltaq
bir Çəhrayı qız obrazında qarşıma
çıxıb məni incidə biləcəyindən xəbərdar
etdiyi üçün...
Cahanxanım SEYİDZADƏ
Ədəbiyyat qəzeti.- 2018.- 5
may.- S.18.