Elçin müəllim
öz yaradıcılığı ilə bu gün də
Azərbaycan müasir
ədəbiyyatının klassikidir.
Onun əsərlərinə
dünyanın bir çox
ölkələrində
müraciət olunur,
teatrlarında səhnəyə
qoyulur
İki
ilə yaxın davam edən "Dördüncü divar"
layihəsi ilə bağlı görüşdüyüm kino,
teatr, sənət adamlarının demək olar ki, hər
birindən Elçin Əfəndiyevin
yaradıcılığı, şəxsiyyətilə
bağlı xoş və maraqlı fikirlər eşitmişəm.
Eşitdiklərim mənim onun yaradıcılığı ilə
bağlı müxtəlif qənaətə gəlməyimə
də səbəb oldu. Bu qənaətdən sonra, doğrusu,
Elçin müəllimin yaradıcılığından
"Ölüm hökmü" və "Baş"
romanlarını oxumaqla kifayətləndiyim üçün
xeyli təəssüf hissi yaşadığımı da
etiraf edirəm.
"Dördüncü divar" layihəsinin Elçin müəllimin yetmiş beş illiyinə həsr olunan xüsusi buraxılışını hazırlayarkən də onun haqqında görkəmli sənətkarlarımızdan gözəl sözlər eşitməyim, təbrikləri dinləməyim mənim bu təəssüfümü daha da artırdı. Sənət aləmində sözlərini demiş, möhürlərini vurmuş insanların bu qədər sadə, dəbdəbədən uzaq, ürəkdən gələn xoş sözləri əlbəttə ki, əbəs deyildir. Bunu onların səsindəki səmimiyyətdən, üzlərindəki təbəssümdən də hiss etmək olurdu.
Yaradıcılığı ilə yanaşı istər ədəbiyyatda, istərsə də sənət aləmində mütəvazi nüfuz sahibi olan Elçin müəllimə cansağlığı, könül rahatlığı arzulayaraq "Dördüncü divar" layihəsinin bugünkü qonaqlarının ona ünvanlanan təbriklərini diqqətinə çatdırırıq.
Azər Paşa
Nemətov
Azərbaycan
Dövlət Akademik Milli Dram
Teatrının bədii
rəhbər-direktoru
Elçin müəllim mənim yaxın
dostumdur. Mən onun xətrini çox istəyirəm.
Elçin müəllim romanları, pyesləri, esseləri ilə
çox böyük yazıçıdır. Tənqidi
yazıları ilə isə o, həm də çox
yaxşı tənqidçi və ədəbiyyatşünasdır.
Və nəhayət ki, ədəbiyyatın zirvəsi hesab
olunan dramaturgiyadır ki, Elçin müəllim orda da
özünü çox yüksək səviyyədə
göstərməyi bacarıb. Mən onun "Ah, Paris,
Paris", "Mənim ərim dəlidir", "Mənim
sevimli dəlim" əsərlərini səhnələşdirmişəm.
Sonuncu dəfə isə "Cəhənnəm sakinləri"
əsərini teatr üçün hazırladım. Bu əsər
bizim teatrımızda çox böyük uğurla nümayiş
olunur. Elə dünən gecə biz Türkiyənin Konya
şəhərində keçirilən maraqlı teatr
festivalından qayıtdıq. Bizim teatr da daxil olmaqla, on bir ölkənin
teatrı orda iştirak edirdi. Və ən yüksək qiymət alan tamaşa bizim Elçinin "Cəhənnəm
sakinləri" əsəri oldu. "Cəhənnəm
sakinlər"i ordan çox böyük uğurla
qayıtdı.
Böyük xoşbəxtlikdir ki, bizim qədim Azərbaycanımızda
qədim xalqımızın böyük
yazıçıları, ədəbiyyatşünasları
olub. Nizami Gəncəvidən,
Məhəmməd Fizulidən, İmadəddin Nəsimidən
üzü bəri gəlsək, bizim böyük mütəfəkkirlərimiz,
söz adamlarımız olub. Elçin müəllim
də onların davamçısı kimi çox ləyaqətli
yazıçı və insandır. Hesab
edirəm ki, onun ad günü xalqımız üçün
də sevimli gündür. Mən şəxsən
öz adımdan, ailəm adından, bizim Milli Akakdemik Dram
Teatrı adından və Azərbaycan Teatr Xadimləri
İttifaqı adından Elçini ürəkdən təbrik
edirəm. Ona firəvan, gözəl həyat
arzu edirəm. Bizi yeni-yeni əsərləri
ilə həmişə sevindirsin.
Fəxrəddin Manafov
Xalq artisti
Bu gün müasir Azərbaycan ədəbiyyatına nəzər
salsaq tam məsuliyyətimlə deyə bilərəm ki, teatr
üçün dram əsərlərinin, həmçinin,
kino ssenarilərinin müəllifi kimi Elçin müəllim
ən öndə dayanan dramaturqlardan birincisidir. Əlbəttə
ki, hal-hazırda teatrlarımız üçün əsərlər
yazan başqa dramaturqlarımız da vardır. Amma
Elçin müəllimin yazdığı əsərlər
Azərbaycan teatr məkanında, xüsusən də paytaxtda
olan Akademik Milli Dram Teatrında, Səməd Vurğun adına
Rus Dram Teatrında, eləcə də Gəncədə, Lənkəranda,
Naxçıvanda və başqa bölgələrimizdə fəaliyyət
göstərən
teatrlarımızda da səhnəyə qoyulub, dəfələrlə
izlənilib, sevilib. Hətta, mən bildiyimə
görə, 2013-cü ildə Elçin müəllimin "Mənim
sevimli dəlim" pyesi Londonun "Tristan Bates"
Teatrında səhnə təcəssümünü
tapmışdır.
Təəssüf hissi ilə deyə bilərəm ki,
teatrda işlədiyim dövrlərdə Elçin müəllimin
hansısa əsərində iştirakım olmayıbdır. Amma kino sahəsində
bəxtim gətirib. Bu gün böyük
məmnuniyyətlə yada salıram ki, Elçin müəllimin
iki möhtəşəm ssenarisi əsasında çəkilmiş
filmlərdə iştirak etmişəm. Bunlardan
biri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
çəkilmiş "Hökmdarın taleyi" filmidir.
Həmin filmdə İbrahim xan obrazını
canlandırmaq mənə nəsib olub. Əsərin
çəkilişləri çox maraqlı keçdi. Filmin operatoru Dilşad Fatxulin Moskvadan dəvət
olunmuşdur. Çünki ssenari kino texnikasının
tələbi ilə o qədər dəqiqliklə
yazılmışdı ki, orada operator işi çox vacib
idi. Bu filmdən sonra mən Elçin
müəllimin ssenarisi ilə ekranlaşdırılan
"Mahmud və Məryəm" filmində Ziyad xan
obrazını canlandırdım. Bu film isə
Türkiyə və Azərbaycanın birgə layihəsi idi.
Və mənim üçün çox gözəl,
ürəkaçıcı layihə idi. Həmçinin,
aktyorluq sənəti baxımından da mənim
üçün çox cəlbedici idi. Çünki
iki fərqli teatr və kino məktəbinin nümayəndələrinin
Elçin müəllimin ssenarisində görüşməsi,
iş birliyi böyük maraq doğururdu. Türk
sənətçiləri ilə bir araya gələndə
onların işə münasibətlərində çox
maraqlı fikirlər gördüm, kinoyla baglı müxtəlif
texniki tərəflərinə fikir verdim.
Mən, ümumiyyətlə, Elçin müəllimin
bütün əsərlərini mütaliə etmişəm və
zaman-zaman həmin əsərlərə qayıdıb yenidən
vərəqləmişəm. Mənim
üçün fəxrdir ki, onun ssenarilərinə çəkilən
filmlərdə işləmişəm.
Çox istərdim ki, Elçin müəllim teatr
üçün yeni əsərlər yazsın. Mən də
həmin əsərlərdə iştirak edim. Əgər bu iştirakım baş tutarsa, bu, mənə
yalnız şərəf və məmnunluq hissi bəxş edəcək.
Elçin müəllimə cansağlığı arzu
edirəm. Arzu edirəm ki, onun yaradıcılıq enerjisi
heç zaman tükənməsin. Həmişə
yeni əsərlər yazsın, biz də imkanımız
olduqca onun əsərlərində iştirak edək.
İranə
Tağızadə
Xalq artisti
Mən çox xoşbəxtəm ki, mənim yaradıcılıq bioqrafiyamda Uilyam Şekspir, Fyodor Dostoyevski, Tennessi Uilyams, Jan Kokto ilə yanaşı Azərbaycan ədəbiyyatının gözəl ismi, xalq yazıçımız Elçinin də əsərləri yer alır. Və bu əsərlərin mənim yaradıcılığımda xüsusi yeri vardır. Elçin müəllimlə birlikdə biz iki tamaşa üzərində işləmişik. Mən onun iki tamaşasına quruluş vermişəm. Bunlardan biri "Teleskop" tamaşasıdır, hansı ki, Rus Dram Teatrının səhnəsində həyata keçirilib. Bu, bizim Elçin müəllimlə yaradıcılıq tandemimizin başlanğıcı olub. İkinci işimiz isə, əlbəttə ki, teatr ictimaiyyətində çox böyük rezonans doğuran "Sənətkarın taleyi" tamaşasıdır. Bu tamaşa, məlum olduğu kimi, dahi Hüseyn Ərəblinskiyə həsr olunub. Elçin bu əsərində Ərəblinskini yenidən səhnəyə qaytararaq ona həyat verdi, onun ölməzliyini bir daha sübut elədi. Elçin müəllim bu əsərini Ərəblinskinin timsalında o çətin illərdə Azərbaycan peşəkar teatrının yaradılmasında, inkişafında, teatrın yeni mərhələyə keçməsində zəhməti olan bütün teatr fədailərinə həsr etmişdir. Akademik Milli Dram Teatrında bu tamaşa böyük müvəffəqiyyətlə səhnəyə qoyuldu. İki il sonra Elçin müəllimin istəyi və təşəbbüsü ilə mən bu əsəri işlədiyim Rus Dram Teatrında da səhnəyə qoydum. Eyni müvəffəqiyyət və uğurla bu tamaşa bu gün də teatrın repertuarını bəzəyir. Elçin müəllim böyük intellektual, dünya və rus ədəbiyyatını incəliklərinə qədər sevən, bilən insandır. Mən hər şeydən əvvəl Elçin müəllimin insanlığına, dünyagörüşünə, daxili mədəniyyətinə vurulmuşam. Elçin müəllim öz yaradıcılığı ilə bu gün də Azərbaycan müasir ədəbiyyatının klassikidir. Onun əsərlərinə dünyanın bir çox ölkələrində müraciət olunur, teatrlarında səhnəyə qoyulur.
Elçin müəllimə uğurlar və
cansağlığı arzulayıram. Arzu edirəm ki, o, bundan sonra da gözəl əsərlər
yazıb-yaratsın. Və öz mükəmməl əsərləri
ilə Azərbaycan ədəbiyyatını zənginləşdirsin.
Lyudmila Duxovnaya
Xalq artisti
Bizim
böyük yazıçı-dramaturq Elçinin
yaradıcılığı ilə mənim
tanışlığım hələ onun pyeslərində
oynamamışdan öncə olub. Həmişə
böyük zövq ala-ala məni öz aktuallığı ilə cəlb
edən komediyalarını, hekayələrini, pyeslərini oxumuşam. Onun personajları
çox canlı və müasirdir... Elçini müasir
dövrümüzün Cəlil Məmmədquluzadəsi hesab
edirəm. Mənə Elçinin pyeslərində rol ifa etmək
də nəsib olub. 1995-ci ildə Səməd Vurğun
adına Rus Dram Teatrında "Salam, mən sizin
dayınızam" tamaşasında Silvana teatrın primadonnası olub. Nəinki
daxili plastika, həm də xarici görüntü
üçün dəqiq kostyumlar tələb edən çox maraqlı iş idi. Təsadüfi
deyil ki, sonralar mənim qəhrəmanımın geyimi Cəfər
Cabbarlı adına Dövlət Teatr Muzeyinə verildi. Akademik
Milli Dram Teatrında 1997-ci ildə səhnələşdirilmiş
"Ah, Paris, Paris" əsrindəki rolum mənə
"tanış" bir iş idi. Bu, Azərbaycan teatr tarixində
ilk quruluş idi ki, həm rus, həm də Azərbaycan dillərində
idi. Biz ölkəmizin bir çox rayonlarında olduq və
bizi gözəl qarşıladılar. Xüsusən,
teatrı sevən ulu öndər Heydər Əliyev bizi
yüksək qiymətləndirirdi. Elçin, öz əsərləri
kimi - çox xoş, sadə və ünsiyyət üçün
açıq insandır! Bütün qəlbimlə onu yubileyi
münasibətiylə təbrik edir, can sağlığı,
ilham, sönməyən enerji, yaradıcılıq
uğurları arzulayıram.
Məbud Məhərrəmov
Xalq artisti
Moskvada
dərc olunan "Yunost" ədəbiyyat jurnalı
vardı. Orada Elçin müəllimin
"Gümüşü furqon" əsəri dərc
olunmuşdu. İlk dəfə həmin əsəri
oxumuşdum. Bu əsərdən sonra onun əsərlərinə
marağım daha da artmışdı. Bundan başqa,
Elçin müəllimin atası bizim İlyas Əfəndiyev
mənim atamla dost olublar. Sonralar Elçin müəllim mənə
dedi ki, mənim atamla İlyas müəllim Şəkidə
bir məktəbdə dərs deyiblər.
Sonralar
teatrda Elçin müəllimin pyesi əsasında işlənmiş
"Salam, mən sizin dayınızam" tamaşasında
Əhməd dayı rolunu ifa edirdim. İlyas müəllim həmin
tamaşanın premyerasında iştirak edirdi.
Mən Elçinin teatrda səhnələşdirilən əsərlərində yaxından iştirak etmişəm. "Mənim ərim dəlidir", "Mənim sevimli dəlim", "Poçt qutusunda xəyal" tamaşaları üzərində onunla işləmişik. Ən sonda isə "Üns" Yaradıcılıq səhnəsində Bəhram Osmanovun quruluşunda hazırlanmış "Şekspir" tamaşasında baş həkim rolunu ifa etdim. Ümumiyyətlə, qəribə bir təsadüf var ki, Elçin müəllimin əsərlərində mən ya ər rolunu, ya da həkim rolunu ifa etmişəm.
Arzu edirəm ki, Elçin müəllim yeni əsərlər yazsın, nə qədər imkan var, mən də onun əsərlərində məmnuniyyətlə iştirak etməyə hazıram. Ona cansağlığı, yaradıcılıq uğurları arzulayıram.
Ayan Mirqasımova
Xalq artisti
Elçin
müəllimin "Mənim ərim dəlidir" əsərində
Qız rolunu canlandırmışam. Tragikomediya janrnda əsərdi.
O tamaşadan sonra baxırdım ki, tamaşaçılar məndən
avtoqraf alırlar. Eyni tamşaçılar ikinci,
üçüncü dəfə bizi izləməyə gəlirdilər.
Tamaşaçılar onun pyesləri əsasında
hazırlanmış tamaşalara gəlirlər, baxırlar və
bəyənirlər. Çünki Elçin müəllim bu
gün müasir dünyada nələr baş verdiyini çox
gözəl müşahidə etməyi bacarır. Onun əsərlərini
tamaşaçılar çox bəyənirlər.. Aktyorlar
da çalışırlar ki, Elçin müəllimin əsərlərində
iştirak etsinlər. Bilirlər ki, həmin rollar onlar
üçün parlaq olacaq. Elçin müəllimi yubileyi
münasibətilə təbrik edirəm. Ona sağlam can və
yaradıcılıq uğurları arzulayıram.
Firdovsi Atakişiyev
Əməkdar artist
Sovet
dövründəki darıxdırıcı ideoloji ədəbiyyat
fonunda Elçin müəllimin yazdığı əsərlər
həmişə özünəməxsusluğu, romantizmi ilə
seçilib. Yaxşı yadımdadır, məktəb illərində
ədəbiyyat müəllimim həmişə mənə
deyirdi ki, sənin danışığın
yazıçı Elçinin danışığına bənzəyir.
Onun sözlərindən sonra mən Elçin müəllimin
televiziyadakı bütün çıxışlarını
dinləməyə başladım. Mənə çox
maraqlı gəlirdi ki, onunla mənim səsimdə hansı
oxşarlıq ola bilər... Və mən ədəbi dilin, səmimi
danışığın təcəssümünü
Elçin müəllimin səsində,
danışığında, diksiyasında anlayıb, dərk
etmişəm.
Rus Dram Teatrına gəldiyim ilk gündən Elçin müəllimin bir çox əsərlərində maraqlı obrazlar ifa etmişəm. Yaradıclığımın şah əsəri isə əlbəttə ki, "Sənətkarın taleyi" əsərindəki Hüseyn Ərəblinski obrazıdır. Həmin əsər sanki məhz mənim taleyimə yazılmış əsərdir. Çünki bu əsərdə mən taleyin izni ilə Milli Akademik Dram Teatrının səhnəsində Azərbaycan dilində, ondan bir neçə il sonra isə Rus Dram Teatrının səhnəsində rus dilində iştirak etmişəm. "Sənətkarın taleyi" mənim bütün dünyaya, sənətə olan baxışımı dəyişdi. Elçin müəllim bu əsərini Ərəblinskinin timsalında öz həyatını, öz qəlbini teatra həsr etmiş insanlara aid edib. Əlbəttə ki, bu əsərin səhnə təcəssümü həm teatrsevərlər üçün, həm də teatr ictimaiyyəti üçün böyük bir hadisə oldu. Mən həmişə demişəm bu sözü, yenə də demək istəyirəm ki, Elçin müəllim "Sənətkarın taleyi" əsərini yazarkən təkcə pyes yazmayıb, həm də simfonik musiqi yazıb.
Müəllif bu əsəri elə həssaslıqla, ürəklə və incəliklə yaradıb ki, istər azərbaycandilli, istərsə də rus dilli həssas tamaşaçılar bu tamaşaya göz yaşı axıtmadan baxa bilmirlər. Doğrudan da bu, insan taleyi, şəxsiyyət faciəsidir.
Elçin müəllim barəsində
çox danışa bilərəm, ürəyim də
doludur. O insanı sevirəm. Elçin müəllim çox
sağ olun, "Sənətkarın taleyi"
üçün, çox sağ olun Ərəblinski
üçün, çox sağ olun mənim belə
uğurlu yaradıcılığım üçün.
Çünki mənim yaradıcılığımı bəzəyən
sizin əsərlərinizdir.
Kamran Şahmərdan
Rejissor
May ayının 10-da Elçin müəllimin "Absurd" pyesini Səməd Vurğun adına Rus Dram Teatrında səhnələşdirəcəm. Bu mənim Elçin müəllimlə beşinci iş birliyimdir. Elçin mənim sevimli dramaturqumdur. Onunla, demək olar ki, səkkizinci ildir ki, birlikdə tamaşalar üzərində iş birliyimiz olur. Bundan başqa, Elçin müəllimin eyniadlı pyesi əsasında mən ötən il Gürcüstanda "Qatil" adlı film lentə aldım. Bugünə qədər də həmin film Gürcüstanda böyük maraqla izlənilir. Bizdə də ötən ilin əvvəlində Nizami kinoteatrında həmin filmin premyerası oldu. Sankt-Peterburq şəhərində isə Elçin müəllimin yenə də həmin əsərini səhnəyə qoydum. Bugünə qədər həmin tamaşa teatrın repertuarındadır.
Elçin müəllim Azərbaycanın ən sevimli, ən hörmətli yazıçılarından biridir.
Onun ad günü, mənə belə gəlir ki, bütün azərbaycanlılar üçün çox böyük bayramdır. Mən Elçin müəllimi ürəkdən təbrik edirəm.
Fizuli Hüseynov
Əməkdar artist
Bu ailə ilə ilk tanışlığım İncəsənət Universitetində oxuduğum illərdə bizim fakültənin dekanı Timuçin Əfəndiyevlə olub. Mən o zaman tələbə olsam da, Timuçin müəllimin maraqlı insan olması bizim aramızda dostluq münasibəti yaratmışdı. Universitetdən sonra isə teatr həyatım başlayıb. İndi xatirimə gələnlərdən deyə bilərəm ki, İlyas müəllimin üç əsərində iştirak etmişəm; "Şeyx Xiyabani", "Sevgililərin cəhənnəmdə vüsalı" və "Bizim qəribə taleyimiz" əsərlərində rollarım olub. Adını çəkdiyim son iki əsərlə biz sovetlər dönəminin axırlarında Türkiyəyə səfər də etmişdik. İndiki kimi yadımdadır ki, hər iki tamaşa İstanbul Atatürk Kültür mərkəzində çox böyük uğur əldə etmişdi. İki min beş yüzlük yer olmasına baxmayaraq o zaman orada beş minə yaxın insan vardı. Ayaq üstə olan izləyicilərin sayı əyləşənlərdən çox idi desəm səhv etmərəm.
Elçin müəllim böyük yazıçı olmaqla yanaşı, həm də çox rahat, demokratik və əlçatan bir insandır. Mənim ona, ilk növbədə, bir insan kimi böyük hörmətim var. Həmçinin, Elçin müəllim qiymətli nasirdi. Yadıma gəlir ki, tələbə vaxt səhnə danışığı dərslərində biz onun hekayələrinə tez-tez müraciət edirdik. Bizim dövrümüzdə ən çox oxunan müəlliflərdən biri Elçin müəllim idi. Onun əsərləri - "Baladadaşın ilk məhəbbəti", "Poçt şöbəsində xəyal" xüsusən də "Mahmud və Məryəm" romanı əllərdə gəzirdi. Biz həvəslə həmin əsərləri oxuyub bir-birimizə ötürərdik. Sonra isə onların müzakirəsini edərdik.
Biz onunla son olaraq, "Teleskop" əsərində
görüşdük. Elçin müəllimin "Cəhənnəm
sakinləri" əsəri nə qədər mistik əsərdisə,
"Teleskop" bir o qədər müasirdi. O, bizim
bugünkü müasir, real klassikimizdir.
Elçin müəllimin duruşunda həmişə
bir məğrurluq olub. Ona bu məğrurluğu itirməməsini,
möhkəm cansağlığı arzu edirəm.
Münəvvər Əliyeva
Əməkdar artist
Elçin müəllim barədə ürək sözlərim
çoxdur.
O, bir yazıçı kimi qadın hisslərini
duymağı çox gözəl bacarır. Mən
həmişə demişəm ki, Azərbaycanda qadın
dramlarını önə çəkən filmlərimiz
çox nadir hallarda olub. Amma teatrda məhz
Elçin müəllimin sayəsində qadın
ağrılarını üzə çıxarmaq sənət
baxımından mümkün olub.
Elə həmin ağrılı əsərlərdən
biri olan "Qatil" pyesindəki qadını
canlandırmışam. Elçin müəllimin əsəri əsasında
hazırlanmış "Qatil" tamaşası teatr tarixində
çox böyük bir iz qoydu. Tamaşaçılar
bu günə qədər həmin tamaşanın sorağındadır.
Elçin müəllimə arzu edirəm ki, daima
yaratsın. Biz onun əsərlərinin, özünün yolunu
daima teatrda gözləyirik.
Firəngiz Mütəllimova
Xalq artisti
Mən İlyas Əfəndiyevin səkkiz əsərinin
tamaşasında iştirak etmişəm. Sonradan isə Elçin
müəllimin "Mənim ərim dəlidir",
"Poçt şöbəsində xəyal",
"Arılar adasında" əsərlərində
iştirak etmişəm. İlyas Əfəndiyev
və Elçin müəllim tamam fərqli dramaturqlardı.
İlyas müəllimin əsərlərində
ən çox vətən həsrəti, Elçin müəllimin
əsərlərində isə daha çox sosial problemlər
qabarıqdı. Elçin müəllimin əsərlərini
oxuduqca daha da dərinliyə gedirsən. Onun
"Şekspir", "Mənim ərim dəlidir" pyeslərini
universitetdə tələbələrimlə birgə
hazırlamışıq. Elçin müəllim
mənim üçün qatı açılmayan sirli bir
dramaturqdu. Onun hər dəfə oxuduqca
daha da valeh oluram, hər dəfə yeni nələrsə kəşf
edirəm. Elçin müəllimin
"Arılar adasında"kı rolum tamam fərqli rol idi.
Həmin əsərlə mən Türkiyənin
yarısında qastrol səfərində olmuşam.
Çox arzu edirəm ki, o, həmişə bizim
teatrımız üçün yeni əsərlər
yazsın. Bizdə böyük sevgi ilə həmin əsərlərdə
iştirak edək.
Bəsti Cəfərova
Xalq artisti
Məlumdur ki, mən teatra gəldiyim ilk günlərdən
İlyas Əfəndiyevin əsərlərində daima
iştirak edən, böyüyən aktrisa olmuşam. Onun bir
çox əsərlərində oynamışam. İlyas müəllimlə gözəl ünsiyyətimiz
yaranıb. Mənim yadımdadır ki, o
vaxtı mən "Büllur sarayda" tamaşasında
oynayanda İlyas müəllimin nəvələri hələ
çox kiçik idi. O vaxt İlyas müəllim
onları pərdə arxasına gətirib məni öz nəvələrinə
təqdim edib deyirdi ki, bu bizim gələcəyin böyük
aktrisasıdır.
Elə oldu ki, biz İlyas müəllimlə uzun müddət işlədik. Onunla o qədər doğmalaşmışdıq ki, tez-tez ürəyimdən keçirirdim, kaş İlyas müəllim elə bir əsər yazsın ki, mənə çox yaxın əsər olsun. Çünki İlyas müəllim məni bir insan, bir şəxsiyyət və aktrisa kimi çox bəyənirdi. Ancaq mən bu arzumu dilə gətirə bilmədim. Çünki o, 1996-cı ildə dünyasını dəyişdi.
Mənim bu arzum bir də 2000-ci ildə reallaşdı. Həmin ildə
rejissor Mehriban Ələkbərzadə mənə bir əsər
təqdim etdi. Bu, "Poçt şöbəsində
xəyal" pyesi idi. Məlum oldu ki, əsərdəki
baş qəhrəmanı canlandırmağım həm
müəllifin, yəni Elçin müəllimin, həm də
rejissorun arzusu olub.
Onu da qeyd edim ki, həmin əsər 1968-ci ildə
yazılıb və sırf Bəsti Cəfərova
üçün nəzərdə tutulmayıb. Deməli, hər
bir insanın qismət payı var. Həmin ildə mənim 9
yaşım olub. Amma qismət mənim
imiş ki, 2000-ci ildə bu pyes mənə təqdim olundu.
Bu, məhz həmin arzuladığım əsər
idi. Bir-iki nüansı çıxsaq,
"Poçt şöbəsində xəyal"dakı
Ədilə məni xasiyyətimlə uyuşurdu.
Mən böyük dramaturqumuz Elçin müəllimin
cəmi bir əsərində iştirak etmişəm. Amma
sözün əsl mənasında, rolumu oynamışam.
Bu gün də üstündən çox illər
keçməsinə baxmayaraq tamaşaçılar həmin
tamaşadan sözləri, monolqu mənim yadıma salırlar.
Sözün düzü, mən öz yaradıcılığım
boyu çox obrazları canlandırmışam. Amma Ədilə
obrazı yaradıcılıq bioqrafiyamda xüsusi bir yer tutur.
Çünki mənim qəhrəmanım
Ədilənin çox dərin fəlsəfəsi vardı.
Məşqlərdə isə həmin dərinliyə
endikcə zövq alırdım. Təkcə
Ədilə obrazımla mənim hansı səviyyədə
aktyor olmağımı müəyyən etmək olar. Həmin tamaşa bizim teatrın repertuarında yeddi
ilə yaxın getdi. Amma yenə də həmin tamaşadan doymadım.
2014-cü ildə isə öz kursumda diplom
tamaşası kimi həmin əsəri götürdüm. Burda həm də
mənim bir məqsədim vardı ki, bu da həmin əsərin
içərisində olmaq istəyimdən ibarət idi.
Ümumiyyətlə, Əfəndiyevlər ailəsi mənim
üçün doğma bir ailədir. Hətta onu da
deyim ki, İlyas müəllimin tanımazdan əvvəl
Timuçin Əfəndiyev universitetdə dekanım olub.
Amma biz İlyas müəllimin bir çox
anım mərasimlərində bir yerdə oluruq,
görüşürük. Bir dəfə
Elçin müəllim danışırdı ki, İlyas
müəllim aktyorlar haqqında evdə o qədər söhbət
edirdi ki, hərdən bizə elə gəlirdi, bütün
aktyorlar bizim qohum-əqrəbamızdılar.
Elçin müəllim bizim teatra çox doğma bir
insandır. Bu yubiley münasibətilə onu təbrik edirəm.
Deyirəm ki, yüz yaşasın. Sonda mən də bir aktrisa olaraq istərdim ki,
Elçin müəllim elə bir əsər qələmə
alsın ki, 2000-ci ildə "Poçt şöbəsində
xəyal" tamaşasından aldığım böyük
sənət zövqünü yenidən yaşayım. Cansağlığı arzu edirəm Elçin
müəllimə. Biz aktyorlar onu
çox-çox sevirik.
Hazırladı: Samirə
ƏŞRƏF
Ədəbiyyat qəzeti.- 2018.- 5
may.- S.28-29.