Sirri bilənlərin qeybə çəkilməsi
Xalq yazıçısı
Elçinin yaradıcılığı üzərinə
qısa gəzişmələr
Mənim
uşaqlığım Buzovna ilə Zuğulbanın
arasında, sahil boyu uzanan qumlu sahillərdə keçib. Burda yaşayan insanların
xarakteri də yerin təbiətinə uyğun - bəzən
sakit, bəzən təlatümlü idi, bu yerlərin koloriti
bizim ruhumuzun mayası ilə bir yoğrulmuşdu, biz dənizkənarı
uşaqları idik, məskənimiz qumlu sahillər idi,
qayaların arxasındakı yastı-yapalaq evlərdə
yaşayan sadə kənd camaatı gündəlik
qayğılarla yaşayıb, ömrü başa vururdular. Orta məktəbin 4, ya 5-ci sinfində oxuyanda dil-ədəbiyyat
müəlliməsi olan anam evə bir kitab gətirdi. Bu,
Elçinin "Seçilmiş əsərləri"nin 1-ci cildi idi. Qızılı
rəngli kitab gecə-gündüz əlimdən düşmədi.
Mən bu kitabda öz mühitimi
tapmışdım, dəniz kənarında yaşayan sadə
adamların şirin, məzəli, bəzən də son dərəcə
kədərli əhvalatlarını oxuyub mütəəssir
olmuşdum.
Məmmədağa
Sarı hamama gedib özünü kisəçi Cabbara
yaxşıca kisələdəndə mat-məəttəl
qalmışdım; bu ki, eynən elə bizim kəndin el
hamamıdır! Mirzoppa da, milisioner Səfər də, Məsməxanım
da tanış personajlar idi. Yəni,
bizim kəndin də Mirzoppası, Səfəri, Məsməxanımı
vardı. "Bir görüşün tarixçəsi"ni yazan yazıçının bütün bu
incəlikləri, kənd stixiyasını, kənd
adamlarının bir-birinə münasibətini dərinliklərinə
qədər bilməsi heyrətimə səbəb olmuşdu.
Sonra acgözlüklə "Toyuğun diri qalması"nı, daha sonra isə "Dolça"nı
oxudum. İlboyu kitab əlimdən düşmədi.
Anam da baxıb gülümsəyirdi, deyirdim,
ana, yazıçı bizim kənddən yazıb, sən də
oxu, görəcəksən. Sonralar anam Xədicə
xanım da bu kitabı oxudu, mənə - 12 yaşlı
oğluna izah elədi ki, yazıçı məhz belə
olmalıdır, o, təsvir etdiyi məkanı,
yaratdığı obrazları dərinliklərinə qədər
tanımalıdır. Sonralar anam kitab
mağazasına yolu düşdükcə "Mahmud və Məryəm"i,
"Beş dəqiqə və əbədiyyəti",
"Ölüm hökmü"nü də alıb gətirdi.
Bu gün də həmin kitablar mənim
kitabxanamdadır. Onları anamdan qalan ən
əziz yadigar kimi qoruyub saxlayıram. Xalq
yazıçısı Elçin mənim
uşaqlığımın ən sevimli
yazıçılarından oldu. O əsərlərdə
mənim uşaqlığım yaşayır,
uşaqlığımın kəndi və o kəndin
insanları yaşayır. Heç nə dəyişməyib,
hər şey öz yerindədir. Hərdən
keçmişə səyahət kimi o əsərləri
götürüb təkrar-təkrar oxuyuram. Bu da yəqin ki, keçmişə daha çox
bağlı olduğumdan irəli gəlir. İnsan heç vaxt öz keçmişindən
qaça bilmir, bu heç mümkün də deyil. Çünki bu gün varıqsa, bizi o keçmiş
yaradıb. Keçmişin təcrübələrindən
doğan xəyallar çox vaxt gələcəkdə
gerçəyə çevrilir. Deməli,
keçmişdən qidalanan xəyallar həm də gələcəyi
barındırır. İllər
keçdikcə o kitabları oxuduğumuz dövrlə
bağlı xatirələrimiz və kitabın bizdə
oyandırdığı, əvvəllər fərqində
olmadığımız duyğular bu kitabları ilk dəfə
oxuduğumuzdakı heyranlıqla birləşir. Bu əsərlər artıq mənəvi
inkişafımızın bir parçasına çevrilir.
Elçin bizim mənəvi dünyamızın
formalaşmasında çox böyük rol oynamış
yazıçılardandır. Kitabxanamda onun müxtəlif
illərdə çap olunmuş (2005-ci ildə nəşr
edilmiş "Seçilmiş əsərləri"nin oncildliyi də daxil olmaqla) otuzdan çox
kitabı var. O vaxt mən sonsuz bir təşnəliklə bu əsərləri
oxuyanda heç ağlıma gəlməzdi ki, nə vaxtsa mənim
də yollarım yazı sənətiylə kəsişəcək
və hörmətli Elçin müəllim mənim taleyimdə
həlledici rol oynayacaq. Həyatın, dünyanın o qədər
atişləməz yolları, qəribə işləkləri,
xoş təsadüfləri var ki...
Xatırlayıram,
uzun qış gecələri kəndin işıqları
sönəndə lampa işığında gecədən
sübh açılınca oturub "Ölüm
hökmü" romanını oxumuşdum. Elçin
nəsri mənim uşaqlığımın bir
parçasıdır və yeniyetmə çağlarımda
oxuduğum "Şuşaya duman gəlib" hekayəsi
duyğularımı təlatümə gətirmişdi və
bu gün də o hekayəni oxuyanda ilkin təəssürat
içimə hakim kəsilir, şirin duyğular
varlığımı bürüyür. Axı
Cavanşir niyə Mədinə ilə görüşdən
qaçdı, niyə bu qədər əfəllik elədi?
Bu sual mənə rahatlıq vermirdi, həyəcanla onların
görüşünü xəyalımda
canlandırırdım... Amma sonra duman gəlir
və bütün xəyallar o dumanın ardında
görünməz olur. Sonralar anladım ki, bu
görüş baş tutsaydı, heç bu hekayənin də
yazılmasına ehtiyac
olmazdı. Görkəmli tənqidçi, professor Vaqif Yusifli yazırdı ki, Elçin nəsri
mənəvi saflığa çağırış idi, mənəvi
saflıq isə bütün ötəri hisslərin
fövqündə yaranır. İnsan öz
hisslərini də tərbiyə etməyi bacarmalıdır.
Əks halda "Toyuğun diri qalması" povestinin qəhrəmanı
Zübeydə kimi kədərli taleyilə baş-başa
qalacaq...
Elçin müəllimin sonuncu irihəcmli əsəri
nəsrimizdə hadisəyə çevrilmiş
"Baş" romanıdır. Mən 2015-ci ilin
dekabrında müayinədən keçmək
üçün Türkiyəyə gedəndə yolda oxumaq
üçün "Azərbaycan" jurnalının
xüsusi buraxılışı kimi dərc olunmuş
"Baş" romanını da
götürmüşdüm. Əsəri
Bakı-Tbilisi qatarında oxumağa başladım, sonra Tbilisi
aeroportunun gözləmə zalında, İstanbulda
qaldığım oteldə mütaliəni davam etdirdim, nəhayət,
İstanbuldan Bakıya qayıdan günün gecəsi
Atatürk Hava Limanında bitirdim. On gün
bu romanla baş-başa qaldım və əsərdəki
başın yol səyahəti ilə mənim keçdiyim
marşrut (Bakı-Tbilisi-İstanbul-Bakı) arasında hardasa
mistik bir bağlılıq da tapmaq olar. Gürcü
əsilli rus generalı Sisianovun başından keçən
xülyalar onu başından keçməyə qədər gətirib
çıxardı. "Baş"
romanı tariximizin ibrətamiz səhifələrinə bir
yazıçı baxışıdır, hadisələr
tarixi gerçəkliklə müəllif təxəyyülünün
qovşağında cərəyan edir. Bədiilik
hadisələrin mahiyyətinə nüfuz etməyə
kömək edir.
Elçin geniş masştablı
yazıçıdır; müasirlik və tarixilik onun nəsrinin
qoşa qanadıdır. Onun əksər əsərlərində mistik realizmə
meyil hiss olunur. Bu yaxınlarda "Ədəbiyyat
qəzeti"ndə oxuduğum "Muxtar Manaflının həyatı,
sənəti və bu dünyadan qaçışı"
hekayəsi mistika ilə realizmin sintezindən doğan kədərli
bir həyat hekayətidir.
"...sonra
qatar fit verə-verə körpüdən keçəndə,
qarşıdakı dağın uzaq yamacında üstünə
ağ-göyümtül bulud çökmüş bir kəndin
qırmızı kirəmitli evləri, o evlərin ağappaq əhəng
divarları göründü və atası ağzını,
burnunu qatar pəncərəsinin şüşəsinə dirəyərək,
bir müddət o uzaq yamacdakı kəndə baxdı və:
- Kaş,
mən də orda yaşayaydım!..- pıçıldadı.
Birinci
sinif şagirdi, yeddi yaşlı Muxtar altdan-yuxarı əvvəlcə
atasına, sonra o kəndə, sonra yenə atasına baxdı
və atasının o kəndə yönəlmiş qəribə
baxışı həmişəlik Muxtar Manaflının
yaddaşına hopdu - illər keçdikdən sonra
atasının o baxışını gözlərinin
qabağına gətirəndə başa
düşmüşdü ki, o zaman o baxışlardan
yağış kimi, dəruni bir kədər
yağırmış.
Qatar
körpüdən keçib eləcə fit
çala-çala yarğana girdi və o kənd də
gözdən itdi, vaqonun pəncərəsindən
sıldırım qayalardan başqa heç nə
görünmürdü, ancaq yeddi yaşlı Muxtara elə gəldi
ki, atası o pəncərə şüşəsindən yenə
də həmin qəribə baxışlarla o kəndə
baxır. Sonra yarğan boyu getdikcə qaranlıq
çökdüyü üçün, qatarın
işığı yandı və atası pəncərə
şüşəsində öz əksinə baxa-baxa eyni
sözləri pıçıldadı:
- Kaş,
mən də orda yaşayaydım!..
İllər
keçdikcə dağın yamacında üstünə
ağ-göyümtül bulud çökmüş o uzaq kənd
tez-tez Muxtarın gözlərinin qabağına gəlirdi, elə
bil, o kəndə uşaq klaydeskopunda baxırdı və
klaydeskop fırlandıqca yamyaşıl ağacların
arasından görünən kirəmitlərin
qırmızısı, divarların ağartısı,
buludların, çöllərin rəngləri bir-birini əvəz edirdi".
Hekayə belə bir nostalji ovqatla başlayır və
hekayənin qəhrəmanı Muxtar dağ yamacındakı o
kəndin rəsmlərini çəkməyə
başlayır. Elçin nəsrinə xas nağılvari
təhkiyə oxucunu sehrləyir. Dünya
Muxtar Manaflının gözünə yalnız o dağ
yamacındakı kənd qiyafəsində görünür, rəssam
bu çərçivəni heç cür aşa bilmir, ancaq
özünü təkrarlamaqla məşğul olur. Və
günlərin bir günü müəmmalı şəkildə
yoxa çıxır... Çərçivədən
çıxır... Son illərdə oxuduğum
ən gözəl hekayələrdən biri. Hekayə oxucunu da sanki tilsimləyir və Muxtar
Manaflının bu kənd maniyasında bir məntiq
axtarmağa çalışırsan, tapdığın
cavablar heç cür səni qane etmir. Yeni suallar
doğur...
Yazıçının
ötən ilin əvvəlində yazdığı
"İntihar" hekayəsinin qəhrəmanı Ağa da
taleyin, qəzavü-qədərin
çıxılmazlığından xilas olmağa
çalışır, əzab çəkir, insanları
gözləyən hansısa bədbəxtliyi öncədən
görə bilmək qabiliyyəti onun iztirablarına səbəb
olur, həyatını cəhənnəmə çevirir.
"Ayaqları onu "Korgözəlqız" pirinə
tərəf aparırdı və Ağa bunu bilirdi, ancaq nə
üçün ora gedirdi? - bu barədə
fikirləşmirdi, çünki bütün
varlığını bürümüş o qatı nifrət
hissi illər uzunu onun beynini çatladan o fikirləri,
düşüncələri, hiss-həyəcanları
dağıdıb, it-bata salıb, yox etmişdi.
O
bürkülü avqust gecəsi Ağanın nəfəsi
çatışmırdı, ancaq o, bunun fərqində
deyildi, eləcə sürətlə dağa qalxırdı və Ağa
pirin yanında dayanmayıb, birbaşa dağın təpəsinə
- qayalığa çıxdı.
Və Ağa nəhayət ki, "Kor Qız
Qayası"nda əyləşib nəfəsini dərdi".
Bura Ağanın son dayanacağı idi. Səhərisi günü
bütün qəzetlər, saytlar Ağanın yoxa
çıxdığını yazırdı... Ağa Şəms Təbrizi kimi qeybə çəkilmişdi.
Görünür, hansısa ilahi sirri bilənlərin
hamısının aqibəti belə olur...
Sonsuz virtual imkanlarla zəngin olan, mistik haləyə
bürünmüş bu hekayələri dəyərləndirmək
olduqca çətindir. Elçinin bu və digər hekayələri
sonsuz suallar doğuran, düşündürən və sonsuz
sayda da cavabları olan mətnlərdir. Onun
ədəbi-tənqidi fəaliyyəti ayrıca bir tədqiqat
mövzusudur ki, bu mövzuda da monoqrafiyalar, kitablar
yazılıb. Elçinin esseistikası,
xüsusən də "Ədəbi düşüncələr"i
Azərbaycan ədəbi-bədii fikrinin ən qiymətli
nümunələridir.
Sevimli yazıçımızın 75 yaşı tamam olur. Daim intensiv ədəbi fəaliyyətdə olan Elçin müəllim bu gün də eyni şövq və entuziazmla yazıb-yaradır, ədəbi prosesin dinamik inkişafına xidmət edən yazılarıyla mətbuatda çıxış edir. Əlbəttə, bir yazıda onun yaradıcılığının bütün sahələrini əhatə etmək qeyri-mümkündür. Mən bu yazıda Elçin yaradıcılığıyla tanışlığımı və müxtəlif dövrlərdə oxuduğum əsərlərindən aldığım təəssüratları fraqmentar şəkildə yazıya aldım. İnanıram ki, xalq yazıçısı Elçin bundan sonra da yeni əsərlərilə bizə təkrar-təkrar bu zövqü yaşadacaq.
Kənan HACI
Ədəbbiyyat qəzeti.- 2018.- 5
may.- S.30.