Vətənin Elçini
"Ədəbiyyat qəzeti"nin özəl sayını xalq yazıçısı Elçinə
həsr etdik. Çünki Elçin təkcə
ədəbiyyatımızın deyil, həm də millətimizin dəyəridir. Çünki yeni yüzildə Azərbaycan ədəbiyyatının
modern roman dövrü Elçinlə
başlayır. Çünki
Elçin Vətənin
yüzillik ağrılarını
XXI əsrdə "Baş"
romanı ilə ədəbiyyatlaşdırır... Çünki Elçin Azərbaycanın öz dili, öz üslubu,
öz paradiqmaları olan ədəbi-tənqid estetikasını yaradır...
***
Səlim Turanla Pikassonun birgə çəkdirdiyi
foto-şəkli görüb
xeyli fikirləşdim. Bilirdim ki,
Səlim Pikassonun xanımı Fransuaza Jilonun sənət müəllimi olub. Pikasso ilə, Mark Şaqalla dostluq edib. Amma bu şəkildə
onlar - Səlimlə
Pikasso bir-birinə daha məhrəm görünürdülər. Şəkil Cümhur
Turandadır. Türkiyədəki əməkdaşımıza Cümhur
Turanla görüşüb
bu şəkil barədə danışmasını
rica etdim. Görüşüb danışdılar. İndi bu yazını
yazarkən mənim üçün daha önəmli olan Cümhur Turanla əməkdaşımızın mükaliməsindəki aşağıdakı
ilginc məqamlardır:
"- Səlim Turanı
hardan tanıyırdınız?
- Bu adamın adını ilk dəfə yazıçı
Elçindən eşitdim.
Az qala
pıçıltı ilə
belə bir dəyərimiz olmalıdır,
onu tap, dedi. İlk dəfə görüşürdüm və
hər addımımızın
izləndiyini düşünün,
bir Azərbaycan aydını mənə onu tapmağı məsləhət görür..."
İstanbulda Füzulinin tunc heykəli var. Bədrəddin
Dalanın bələdiyyə
başqanı olduğu
1986-cı ildə ucaldılıb. Və İstanbulda Füzuli heykəlinin qurulmasını
da elə həmin il
Bədrəddin bəyə
onun evində qonaq olan 43 yaşlı
Azərbaycan yazıçısı
Elçin tövsiyə
edib.
Otuz beş ildir
ki, bütün milli məsələlərin
fonunda Elçinin adı, sözü və izi bu
və ya digər şəkildə
görünür... Sovetlər dönəmində
Türkiyəyə gedir,
İstanbul bələdiyyə
başqanına Füzuli
heykəlinin ucaldılmasının
vacibliyini xatırladır,
elə həmin gün başqa bir türk aydınına
Səlim Turanı tapmağı tapşırır.
***
Amma mən yenə də Parisə və Pikassoya qayıdıram. Elçinin
tənhalıq ağrıları
ilə dolu və Azərbaycan ədəbiyyatında modernizm
estetikasını qabardan
hekayəsinə - "Qatar. Pikasso. Latur. 1968"ə qayıdıram.
Ekfrasisin
süjetə daxil olduğu ən uğurlu mətnlərdəndir.
Pikassonun 1904-cü ildə
çəkdiyi "Le Repas
Frugal"dakı kişi mətnə daxil olur. 25 yaşlı Elçinin interpretasiyasında sirkin şikəst canbazı Etyen Rasnyor azərbaycanlı
sənətşünasın (yazıçının) qapısını
döyür və öz taleyini danışır. Rasnyor Azərbaycan
dilini bilirmi? Bilmir. Bəs onda fransızca bilməyən azərbaycanlı
sənətşünas Rasnyorla
hansı dildə danışır? "Hərəmiz
öz dilimizdə danışırdıq, fəqət
mən onu azərbaycanca eşidirdim,
o isə məni fransızca eşidirdi..."
Hekayənin cazibəsi təkcə
bir rəsm əsərinin bədii mətnə ilham qaynağı olmasında deyil, ona qalırsa
dünya ədəbiyyatında
Kitsdən, Dostoyevskidən
Coysa, Brauna qədər bunun gizli-aşkar saysız örnəkləri var. Elçinin
hekayəsindəki keçid
- rəsmdəki obrazların
mətnə daxil olması isə başqa aspektdə düşündürür. Doğrudur,
bunun bənzərini, bir az fərqli şəkildə,
Qoqolun "Portret"ində,
Tanpınarın "Abdullah əfəndinin röyaları"nda
da müşahidə etmək olur. Amma Tanpınarda süjetə sirayət edən bir rəsm əsəri
deyil, Abdullah Əfəndinin
röyalarıdır. Bu
məqamda, yəni, Elçinin hekayəsi baxımından isə daha önəmli olan XX yüzildə Parislə Bakının avanqard düşüncə
çevrəsinin bunca
oxşarlığı və
yaxınlığıdır.
Və həm də təkcə bu deyil.
"Həmişə mənimlə olan bayram"dan - Parisdən yansıyan absurd ruzigarları
da ədəbiyyatımıza
ilk dəfə onun yaradıcılığından əsib.
***
Əli bəy Hüseynzadənin, Əhməd
Ağaoğlunun fikir həyatımıza qayıdışı
da sistemli şəkildə ilk dəfə
onun 1984-cü ildə
tərtib etdiyi "Fikrin karvanı" kitabında gerçəkləşib.
Modern ədəbiyyatımızın qapıları Quran ayələrinin
üzünə ilk dəfə
1983-cü ildə "Mahmud və Məryəm" romanı ilə açılıb...
Hər dəfə
fikirləşirəm, qələmi
ədəbiyyatın sosrealizm
epoxasında gəlişmiş
Elçin necə olub ki, məzmunca
sosialist qəlibindən
sərf-nəzər edə
bilib? Yaradıcılığının bəzən ekzistensial,
bəzən sürreal,
bəzən absurd azadlığını
necə qoruya bilib? Ekzistensial içərikli "Bozluq
içindəki iki nəfər"i, sosrealizmə təpki kimi doğulan üsyankar "Abşeronçu"
nonkonformistlərin üslubunda
"Baladadaşın ilk məhəbbəti"ni,
sürreal cizgilərlə
dolu "Qırmızı
ayı balası"nı
necə yazıb? Hətta, necə olub ki, "Mahmud və Məryəm"də təpədən-dırnağa
milliyyətçi ovqata
köklənmiş Sarışın
Oğlan obrazını
yarada bilib? Millətin fövqündəki
bəşərilik fəlsəfəsinə
üsyan qaldıran,
"Səadətin altı
guşəli qəsri"ndəki
"insan gərək
öz millətini başqa millətlərdən
daha üstün bilsin" deyə təlim edən Cəmaləddin Əfqaniyə
bənzər Sarışın
Oğlan (Süleyman Paşa) obrazını o illərin siyasi ortamında hansı şövqlə yarada bilib? Axı Sarışın Oğlana görə, millətin fövqündə
insanlıq yox idi, türklər insandan fövqanəydi.
Dövrün Kommunist Partiyasının
manifestindən gələn
ənənəvi şüarını
- "Bütün ölkələrin
proletarları birləşin"i
Elçinin Sarışın
Oğlanı "Bütün
dünyanın türkləri
birləşin!" çağırışı
ilə əvəzləyirdi.
Qəribədir ki, Elçin
bu Sarışın Oğlanı onun ifrat şovinist baxışlarına rəğmən,
heç zaman tərk etmədi. Onu ilk romanı "Mahmud və Məryəm"dən hələlik
son romanı olan "Baş"a qədər gətirə bildi. Tənqidçilər "Baş"dakı Mahmuda birmənalı yanaşmadılar. Hətta,
Elçin milli düşüncə qəhrəmanı
ola biləcək bu fəci taleli
obrazı niyə vəliəhd Abbas Mirzə tərəfindən
belə aşağılanmış
duruma gətirir deyə təəssüflənənlər
(E.Akimova), hətta Abbas Mirzəyə "əyyaş" deyənlər
də (N.Şəmsizadə)
oldu. Məncə, Elçin Abbas Mirzənin əyyaş olmadığını, zəki
bir dövlət adamı olduğunu yaxşı bildiyindən,
özü demişkən,
burdakı Abbas Mirzə "müəllifin
gördüyü gənc
şahzadə və vəliəhd Abbas Mirzə Qacar" olduğundan, ona çadırında eşqanə
dəmlər yaşatmaqla
vəliəhdin əyyaş
obrazını deyil, gənc obrazını, Abbas Mirzə ilə Sarı Çoban qızının
çadırdakı gecə
vüslətinin timsalında
isə modern ədəbiyatımızın
ən gözəl erotik səhifələrini
də yaratmağa nail
oldu... Yenə də Mahmuda
qayıdıram. "Türk gərək təmiz türk olsun, təmiz olmayan türk türkə xidmət edə bilməz. Söhbət böyük xidmətdən gedir, söhbət nəhəng
türk dövlətindən
gedir, o dövlətdən
ki, başqa millətlər - rusundan, ingilisindən tutmuş farsına, ərəbinə,
həbəşinə kimi
- türklərə nökərçilik
etsin"- deyən
Mahmud müəyyən mənada
vaxtilə, "Milliyyət
xaricində səadət
yoxdur" deyən, sonra da Nəsrəddin
şahın eşşəyin
qarnına bağlatdırıb
İran sərhədindən
çıxardığı Cəmaləddin Əfqanini
xatırlatmırmı?
Mahmud işğalçını qətlə yetirir. Sisianovun
yerə dirənmiş ağzına
Bakının torpağı
dolur və "onun sönməkdə olan fikrindən keçdi ki, torpaq necə də dadsızdır..."
Sonra Sisianovun başı kəsilir. Və bundan sonra Elçin Şərq eskatolojisindəki bərzəx
anlayışına referens
edərək Sisianovun
kəsilmiş başının
timsalında Ruhun obrazını yaradır.
Önəmli olan bu ruhun şərə,
yoxsa xeyrə aid olması deyil, onun sırf bədii-estetik tərəfidir...
***
Yazını tamamlamaq istəyirəm. Amma Elçindən
ayrılmaq çətindir.
Elçini ilk dəfə görəndə
və onunla ilk dəfə söhbət edəndə mənim 6 yaşım olub. Üstündən illər keçdi. Elçin böyük yazıçı
oldu. Dövlət rəsmisi - Baş
nazirin müavini kimi yenə də o əyalət qəsəbəsindəki gözəl
həyətimizdəki evimizin
qapısını açdı,
atama - Elçin müəllimin təbirincə,
"Azərbaycan maarifçiliyi,
ziyalılığı ənənələrini
davam etdirən, ədəbi (və əxlaqi!) estafeti
o rəhmətliklərdən qəbul edib, həmin ənənələri
qoruyaraq XXI əsrə
gətirən... görkəmli
ədəbiyyatşünas alim" İmamverdi Əbilova baş çəkməyə gəldi.
Atamın 89 yaşında,
ömrünün son günlərində
oxuduğu son kitab Elçinin "Baş"
romanı oldu, yazdığı son məktub
"Baş" romanı
ilə əlaqədar
Elçinə ünvanlandı,
"Ədəbiyyat qəzeti"ində
dərc olunan son yazısı "Baş"
romanı ilə bağlı qələmə
aldığı məqaləsi
oldu. Və ömrünün son günlərində
aldığı son məktub
da Elçinin məktubu oldu...
***
Yazmadığım çox mətləblər qaldı. Elçinin 1987-ci ildə qurduğu "Vətən" Cəmiyyəti barədə də yazacaqdım. Yazmadım. Çünki bayaqdan elə Vətənin Elçini barədə yazıram...
3 may
2018
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2018.- 5
may.- S.32.