Böyük ədəbiyyat dostu, əbədiyyət
sakini
Heydər Əliyev və
"Ədəbiyyat qəzeti"
"Ədəbiyyat qəzeti"nin enişli-yoxuşlu, mürəkkəb ədəbi-ictimai hadisələrlə zəngin fəaliyyətinin təqribən yarısı Heydər Əlirza oğlu Əliyevin şəxsi qayğısı ilə bağlı olmuşdur.
Heydər Əlirza oğlunun adını və onun haqqında ilk ziyalı mülahizəsini də mən 60-cı illərin əvəllərində məhz elə bu "Ədəbiyyat qəzeti"ndə işlədiyim ilk vaxtlarda eşitmişəm. Bəxtiyar Vahabzadənin Universitet auditoriyalarında eşitdiyimiz, lakin dərsliklərdə, o dövrün mətbuatında oxumadığımız zamanına görə üsyankar sətirləri, nəhayət "Gülüstan" poeması ədəbi həyatın qızğın mövzusu olmaqla kifayətlənməyib, siyasi həyata da bir narahatlıq gətirmişdi. Redaksiyanın 37-ci il repressiyasının əzabını çəkmiş işçisi də daxil olmaqla ayrı-ayrı tanınmış əməkdaşları bu mövzunu bəzən astadan - məhrəmanə şəraitdə müzakirə edir və arabir Dövlət Təhlükəsizliyi Komitəsinin münasibətilə əlaqədar mülahizələrdə Heydər Əliyevin adını xüsusi rəğbətlə çəkirdilər. Nəhayət, bir gün - 1969-cu ilin 14 iyulunda Azərbaycan KP MK-nın növbəti plenumunda Heydər Əlirza oğlu Əliyevin Mərkəzi Komitənin birinci katibi seçilməsi məlum olanda təcrübəli yoldaşlar aşkar rahat nəfəs alıb dedilər: "İndi dərdini, şikayətini eşidəcək bir kimsə olacaq. Yoxsa indiyə kimi sözünü deməyə və etibarlı cavab almağa ümid yeri yox idi".
Həmin fikrin redaksiyada necə razılıq və ümidlə deyildiyini elə bil indi bu saat da eşidirəm...
İkinci bir məqamı da qeyd etmək istəyirəm. Heydər Əlirza oğlunun plenumdakı məruzəsində respublika həyatının müxtəlif sahələrindəki çox ciddi nöqsanların o vaxta kimi heç bütün İttifaq miqyasında görünməmiş bir kəskinliklə deyilməsi sanki durğun bir dəryanı çalxalamış oldu. Yeni rəhbərin xalqı ciddi düşündürən problemləri qətiyyətlə həll edəcəyinə daxili inam getdikcə artdı. Sonrakı illərdə - hamının şahid olduğu kimi, - Heydər Əliyev qeyri-real vədlər verməyib, yalnız konkret, vacib planların ardıcıl həyata keçirilməsini təmin edən coşqun əməli fəaliyyətə başladı. Coşqun - deyirəm, çünki Heydər Əliyevin iş üsulu üçün xarakterik olan bu yüksək keyfiyyət nəinki 60-cı illər dövrünə, mahiyyət etibarilə hətta səhhətində ağır problemlər yaranan zamanlardakı qeyri-adi dözüm nümayiş etdirdiyi vaxtlara da yad deyildi.
İlk vaxtlarda bir cəhət də diqqət çəkirdi: ədəbi mühit respublikanın yeni rəhbərinin xalq təsərrüfatında qarşıda duran mühüm vəzifələrlə bağlı görüşlərini - çıxışlarını nisbətən tez-tez eşitdikləri halda yaradıcı ziyalılarla , xüsusən də yazıçılarla çoxdan gözlənilən bir söhbətin elə bil niyəsə gecikdiyinin səbəbini özlüklərində sanki müəyyənləşdirmək istəyirdilər. Yaxşı yadımdadır, bu məsələdə yekdil rəy belə idi ki, respublikanın başçısı yazıçılarla söhbətə ciddi hazırlaşır. Bu cəhət Heydər Əlirza oğluna xas olan böyük məsuliyyət hissi ilə izah olunurdu.
Heydər Əliyevin sonrakı bütün fəaliyyətini diqqətlə izlədikcə, bir vətəndaş, bir qələm adamı kimi mən həmin qənaətin necə də haqlı olduğunu dəfələrlə yəqin etdim.
İlk görüşdəsə Heydər Əliyevin ədəbi həyatımızın ən mühüm məsələlərini yazıçıların özləri qədər yaxından bildiyini, doğma dilimizə necə böyük istedadla vaqif olduğunu heyranlıqla deyirdilər.
Düz on il sonra - 1979-cu ildə "Ədəbiyyat qəzeti"nin ("Ədəbiyyat və incəsənət"in) vəziyyəti ilə əlaqədar Mərkəzi Komitənin bürosunda məsələ müzakirə olunanda tədbirin iştirakçılarından biri kimi (o zaman məsul katib idim) bu qeyri-adi istedada özüm şahid oldum.
Qəzetin fəaliyyəti və vəziyyətini yaxşılaşdırmaqla əlaqədar fikir və təkliflərini bildirmək üçün baş redaktora ( Nəriman Həsənzadəyə) əvvəlcə 3-5 dəqiqəlik vaxt verilmişdi. Söhbətin başlanğıcında bu reqlamentin kifayət edib-etməyəcəyini eşidən kimi Heydər Əlirza oğlu təqribən belə dedi ki, qəzetin vəziyyəti bütün tarixi boyu ilk dəfədir ki, belə yüksək səviyyədə müzakirə olunur; bilmək olmaz ki, belə bir imkan bir də düşə biləcək, yoxsa yox?! Odur ki, deyilməsini vacib bildiyiniz nə sözünüz varsa - deyin, heç bir vaxt məhdudiyyəti yoxdur...
Ətraflı məlumatdan və ayrı-ayrı çıxışlardan sonra müzakirəni Heydər Əliyev özü yekunlaşdırdı. Qəzetin mötəbər ədəbi-bədii orqan olaraq qarşısında duran mühüm vəzifələrdən, mədəni-ictimai həyatımızdakı xüsusi rolundan o dərəcədə işə bələdliklə danışdı ki, doğrusu, əsl mənada heyrət içində qaldım. Müzakirənin nəticəsi olaraq "Ədəbiyyat qəzeti"nin maddi-texniki bazasının əsaslı şəkildə yaxşılaşdırılması, qonorarın qonşu Zaqafqaziya respublikalarının Yazıçılar İttifaqının müvafiq ədəbi orqanlarının bizimkindən çox artıq olan səviyyəsinə çatdırılması barədə göstəriş verildi və sonra həyata da keçirildi. Həmin günün səhəri redaksiyada kollektivin yığıncağı oldu, MK-nın bürosundakı müzakirə ilə əlaqədar əməkdaşlar ədəbiyyatımıza, incəsənətimizə göstərilən bu böyük qayğıya layiqincə cavab vermək üçün var qüvvələrini səfərbər etmək barədə fikirlərini bölüşdülər. Yadımdadır, keçirdiyim dərin heyrət hissini iş yoldaşlarımdan gizləmədim. Yeri gəlmişkən deyim ki, bu xarakterdə etirafı mən sənətinə və şəxsiyyətinə çox hörmət etdiyim, yaxın yaradıcılıq əlaqələrimiz olan - öz xahişi ilə kitablarının redaktoru olduğum ölməz bəstəkarımız Fikrət Əmirovdan da eşitmişdim. Tərifə ümumiyyətlə son dərəcə xəsis olan Fikrət müəllim Heydər Əlirza oğlunun yüksək musiqi zövqündən böyük ehtiramla danışırdı. Gülarə xanımın Fikrət Əmirovun yaradıcılığına dair dissertasiya müdafiəsi münasibətilə keçirilən məclisdə Heydər Əliyevin dediyi sərrast mülahizələri onun necə şövqlə söylədiyini unutmaq mümkün deyil.
Bir çox digər bu kimi faktlar, müşahidələr Heydər Əliyev istedadının qeyri-adiliyinə yalnız heyrətlənməklə kifayətlənməyib, onun əsl sirrini diqqətlə araşdırıb dərk etməyin vacibliyini zəruriləşdirir. Heydər Əlirza oğlunun müxtəlif sahələr barədə o sahələrin hətta mütəxəssislərini də heyrətləndirəcək fikir deyə bilməsi onun böyük fitri istedadı, eləcə də çox geniş həyat təcrübəsi, dünyagörüşü və titanik zəhmətkeşliyi sayəsində mümkün idi. Bir qənaətimi mən burada gizlətmək istəmirəm: Heydər Əliyevin, necə deyərlər, bədahətən o dərəcədə dəqiq, canlı, məntiqli danışmaq kimi nadir xüsusiyyəti, onun gənclik vaxtından elə olduqca ciddi sahədə o dərəcədə də məsuliyyətlə işləməsi səbəbindən belə yüksək səviyyədə püxtələşmişdi. Bəlkə də müstəsna dövlət əhəmiyyətli fəaliyyət sahəsi onun öz fikirlərini yazmaqdan daha çox yaddaşda saxlamağa üstünlük verməsini təmin edib... Ümumiyyətlə, neçə illərin müşahidəsi və müqayisəsi nəticəsi olaraq xalqımızın ədəbi və siyasi fikir tarixində iki böyük şəxsiyyəti, istər-istəməz, yanaşı təsəvvür etmişəm: Füzuli və Heydər Əlirza oğlunu. Birinci ən parlaq poetik fikrin, ikinci ən dolğun siyasi fikrin doğma dildə ifadəsində sözün son imkanını kəşf etmək mənasında eyni dərəcədə misilsizdir.
"Ədəbiyyat qəzeti"nin MK-nın
bürosunda müzakirəsindən bir müddət sonra -
1982-ci ilin noyabrında Heydər Əliyev SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini təyin edildi. Sov.İKP MK
Siyasi Bürosunun üzvü seçildi. Ancaq məlum
olduğu kimi, o, Moskvada işlədiyi-yaşadığı
bütün illərdə doğma Azərbaycanı bir an belə
yaddan çıxarmır, respublikamızın hərtərəfli
inkişafı üçün əlindən gələni
edirdi. Ölkəmizin ədəbi-mədəni həyatını
Bakıdan uzaqlarda da diqqətlə izləyən Heydər Əlirza oğlu "Ədəbiyyat qəzeti"nin
50 yaşının respublikamızda qeyd edildiyi günlərdə
ədəbi həyatımızın aynası olan yeganə
professional qəzetimizə səmim-qəlbdən təbrikini
yetirmiş, onun yaradıcı kollektivinə, bütün
müəllif və oxucularına ədəbiyyatımızın
daha da inkişafı naminə uğurlar
arzulamışdır.
Azərbaycan
Dövlət Filarmoniyasındakı təntənəli yubiley
iclasında ədəbiyyatımızın bu böyük
hamisinin elanolunan təbrikinin ayaq üstə necə sürəkli
alqışlarla qarşılandığını ədəbi
ictimaiyyətimiz, eləcə də redaksiyamızın əməkdaşları
unutmayıblar və heç vaxt da unutmayacaqlar.
Daha bir
neçə il keçdi. Bütün
ölkədə elan olunan yenidənqurma əslində yenidənqırma
mahiyyətini aldı...
Həmin
vaxtlar idi ki, Heydər Əlirza oğlu Əliyev SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini və Sov.İKP MK Siyasi
Bürosu üzvlüyündən kənarlaşdırılmışdı;
artıq Moskva mətbuatı, eləcə də, əlbəttə,
dərhal yerli mətbuat onun əleyhinə müxtəlif
yazılar verməyə başlamışdı.
O günlərdə
bütün ölkəni bürüyən mürəkkəb,
çaxnaşmalı ab-hava ayrı-ayrı səbatsız
ziyalıları da çaşdırır, bəzilərini
"sapı özümüzdən olan balta" timsalına
döndərirdi. İctimai-siyasi iqlimin birdən-birə
belə kəskin dəyişdiyi məqamda vaxtilə Heydər
Əlirza oğlunu Azərbaycanda MK-nın birinci katibi olarkən
"Ədəbiyyat qəzeti"ndə tərifləyən
bir müəllif redaksiyaya indi onun əleyhinə
yazdığı məqaləsini gətirmişdi. O gedəndən
sonra materialla tanış olan baş
redaktor məndən xahiş etdi ki, həmin yazını
oxuyum və fikrimi deyim. Verdiyim cavab belə oldu: Heydər
Əliyevin Azərbaycana rəhbərlik edərkən hər
sahəyə, o cümlədən ədəbiyyatımıza göstərdiyi böyük
qayğı hamımıza məlumdur. Cəmi bir neçə
il əvvəl
"Ədəbiyyat qəzeti" barədə Mərkəzi
Komitənin bürosunda dedikləri və elədikləri
yaxşı yadımızdadır. İndi
Moskvada ona münasibət dəyişdiyinə görə
bizim də münasibətimiz niyə dəyişməlidir?!
Bu yolla Nəriman Nərimanovu da
aparmışdılar. Elə onların
"günahı" xalqı üçün
çalışdıqlarına görəydi. Kömək edə bilmirik, pislik niyə etməliyik
ki?!...
Mənim cavabım baş redaktorun ürəyindən
idi. Ancaq vəziyyət ağır olduğuna görə
onun özünün də obyektiv köməyə ehtiyacı
var idi.
Bir
neçə gündən sonra müəllif cavabı bilmək
üçün gələndə baş redaktorla söhbət
zamanı dediyim cümlələrin yalnız
axırıncısı ilə kifayətlənməyi
lazım bildim...
Ədalət naminə onu da deməliyəm ki, məqalə
müəllifi bu sözlərdən tutuldu və
yazısını etiraz etmədən geri götürdü. Sonralar o məqalə
başqa mətbuat səhifələrində şəxsən
mənə rast gəlmədi.
Redaksiyada
işlədiyim müddətdə həmin vaxtlarda Heydər
Əlirza oğlu ilə bağlı heç zaman unuda bilmədiyim
bir hadisəni də qəzetimizin həyatın - tarixin "rəngarəng"
sınaqlarından necə çıxmaq yolları
axtarışındakı üzüntülü səylərini
oxucunun müəyyən mənada təsəvvür etməsi
ümidiylə demək istəyirəm.
88-ci ilin
həmin o tufanlı günlərində (21 sentyabr)
"Literaturnaya qazeta" Siyasi Bürodan kənarlaşdırılmış
Heydər Əliyev haqqında "Gurultulu alqışlar"
adlı qərəzli bir oçerk çap etdi.
O vaxta qədər
respublika mətbuatında qəbul olunmuş münasibətə
görə "Literaturnaya qazeta"nın
Azərbaycana dair dərc etdiyi ciddi mövzuya toxunmuş
sayılan yazılar adətən dərhal tərcümə
olunub "Ədəbiyyat qəzeti"ndə verilirdi. (Çox vaxt belə materialların tərcüməsini
də o zaman Azərinform özü professionallıq mülahizələrinə
görə "Ədəbiyyat qəzeti"nə həvalə
edirdi. Məsələn, görkəmli tənqidçi
Əkbər Ağayevin belə materialları
hazırladığının dəfələrlə
şahidi olmuşam). Bu bir növ
"yazılmamış qanun"un o zaman
nə qədər ciddi sayıldığını aydın təsəvvür
etmək üçün deməliyəm ki, hətta
"Ədəbiyyat qəzeti"nin MK bürosundakı
müzakirəsində də həmin münasibət
unudulmadı.
Belə olduğu halda, təbiidir ki, yuxarıda adı
çəkilən oçerk də, müvafiq şəkildə
ilk dəfə dərhal "Ədəbiyyat qəzeti"ndə
tərcümə və dərc edilməliydi.
Ancaq yerli müəllifin irəlidə dediyim
materialına münasibətimizdən sonra oxucu yəqin
redaksiyanın bu dəfə müqayisəolunmaz dərəcədə
ağır bir faktla üz-üzə qaldığını təsəvvür
etməkdə çətinlik çəkməz. Baş redaktorla ikilikdə
bu məsələni müzakirə zamanı mən, prinsip
etibarilə məlum olan mövqeyimi belə bildirdim:
Ağır vəziyyətdir. Qəzet
üçün də, məsul əməkdaşlar olaraq
bizim üçün də çox ciddi məqamdır.
Şəxsən mən materialın
çapını doğru hesab etmirəm. Bəlkə
biz bu həftəni gözləyək, görək necə
olacaq və neyləyə bilərik...
Baş redaktor razılaşdı. Beləliklə, mənim
bildiyimə görə, "Ədəbiyyat qəzeti"nin tarixində ilk dəfə olaraq
"Literaturnaya qazeta"da respublikamıza dair dərc
olunmuş bu xarakterli material dərhal tərcümə edilib
verilmədi.
Beləliklə,
"Literaturnaya qazeta"nın 21 sentyabr
nömrəsində çıxan oçerki "Ədəbiyyat
qəzeti"nin 23 sentyabr tarixli sayında görməyən
xüsusən məsələdə maraqlı qüvvələr
hədəli sorğularla baş redaktoru və həm də məni
"zəng atəşi"nə tutdular. Hər ikimizə
eyni suallarla müraciət edirdilər: "Ədəbiyyat qəzeti"nin oxucuları ölkənin böyük mətbuat
orqanında respublikamıza dair dərc olunmuş materialı
oxumaq istəyirlər, həmişə verirdiniz, bəs indi
niyə vermirsiniz?!"
Əlbəttə, danışıqlarından
görünürdü ki, bunlar adi oxucular deyil, "xüsusi oxucular"
idi. Səhv etmirəmsə, daha bir sayımız həmin
materialsız çıxdıqdan sonra respublikanın rəsmi
orqanları sözügedən oçerkin tərcüməsini
dərc etdilər. Məsələ bundadır ki, həmin
nəşrlərdən sonra da o "fəal oxucular"
"Literaturnaya qazeta"nın
yazdıqlarını elə məhz "Ədəbiyyat qəzeti"ndə
oxumaq istədiklərini təkrar bildirdilər. Müxtəlif
yollarla, müxtəlif təzyiqlərlə - bunu mənim dəqiq
müəyyənləşdirməyim, əlbəttə,
mümkün deyildi - deyilən materialın digər qəzetlərdə
çap edilməsinə baxmayaraq, düz iyirmi üç
gündən sonra bizim qəzetdə də dərc olunması
qətiləşdi.
37-ci ili görmüş "Ədəbiyyat qəzeti"
88-ci ili də gördü...
Bizim gümanlarımızın mötəbər oxucular
tərəfindən düşündüyümüz məzmunda
daqəbul olunmasının etibarlı təsdiqi kimi bir
faktı demək istəyirəm. Qəzetimizin həmin sayı
çıxan gün - oktyabrın14-də çox hörmət
etdiyimiz mərhum akademik Həsən Əliyev baş redaktor
yerində olmadığı üçün mənə zəng
edib vəziyyəti aydın başa
düşdüyünü dedi...
İllər
keçdi... Zamanın uzun və ağır
sınaqlarından hər dəfə daha güclü və
daha monolit çıxıb məmləkətimizdə yenidən
hakimiyyətə qayıdan Heydər Əlirza oğlu başqa
sahələrimiz kimi ədəbi həyatımızı da
ağır vəziyyətdə gördü və adına layiq köməyi əsirgəmədi
- Yazıçılar Birliyinin orqanlarına, o cümlədən
"Ədəbiyyat qəzeti"nə büdcədən
kömək barədə yaradıcı
ziyalılarımızın həmişə minnətdarlıqıa
xatırladığı məlum qərarını verdi.
"Ədəbiyyat qəzeti" haqqında isə bu
heç vaxt unutmayacağımız, unuda bilməyəcəyimiz
sözləri dedi: " Ədəbiyyat qəzeti"nin
nəşr olunması çox yaxşı bir haldır və
mən bunu həmişə dəstəkləmişəm,
kömək etmişəm, bundan sonra da kömək edəcəyəm...
Onu da deyim ki, mən Moskvada yaşayarkən işlədiyim zaman, həm də işləmədiyim
zaman "Ədəbiyyat qəzeti"ni
daim alırdım. Ümumiyyətlə, Azərbaycanın
bütün qəzetlərini alırdım. Çünki Azərbaycandan mən ayrıla bilməzdim.
Amma "Ədəbiyyat qəzeti"ni
xüsusi oxuyurdum... Yəni, ümumiyyətlə,
bu məni maraqlandırıb həmişə. Ona görə də mənim bu qəzetə
çox böyük hörmətim olubdur. Və qəzet də həqiqətən bizim
xalqımız üçün çox xidmətlər
göstəribdir, çox yaxşı ki, bu qəzet də
indi çıxır".
Şübhə
yoxdur ki, bu qiymət "Ədəbiyyat qəzeti"nin bütün fəaliyyəti dövründə
aldığı ən yüksək mükafat idi.
***
Bu
yazımın əvvəlində mən Azərbaycan ədəbi
və siyasi fikir tarixində iki şəxsiyyəti - Füzuli
və Heydər Əlirza oğlunu - müqayisə etmiş,
biri ən parlaq poetik fikrin, digəri ən dolğun siyasi
fikrin dogma dildə ifadəsində sözün son
imkanından istifadə etmək mənasında misilsizdir -
demişdim. Bilmirəm, bu fikri bəlkə kimsə,
nəyə görəsə mənim
düşündüyüm kimi qəbul etmək istəməz
- bu onun öz işidir. Ancaq mən
Füzulinin sənət taleyi ilə Heydər Əlirza
oğlunun siyasət taleyi arasında qəribə
yaxınlıq duydum və bu yaxınlıq müşahidəsi
ümumən xalqımızın taleyindəki bir
ağrılı, eyni zamanda mən deyərdim, şərəfli
səhifəni gözüm önünə gətirdi.
Bütün varlığı ilə türk oğlu türk
olan Füzuli Azərbaycan ədəbi dilinə
ömürlük abidə olaraq qoyub getdiyi "Leyli və Məcnun"da
əsl şeirin-sənətin gözdən
salındığı bir mühitdə "namus yolu"
tutub ("Naçar tutub təriqi-namus, - Rahətdən olub
müdam məyus…"), dogma dildə ölməz əsərlər
yaratdığını ağır zəhmətdən
yoğrulmuş böyük fəxrlə deyir.
Beləliklə, Füzuli digər xalqlar arasında dogma
xalqına - türk xalqına sənətdə necə
yüksək bir mövqe qazandırdığını
dünyanın və tarixin gözləri qarşısında
sübuta yetirdi.
Demək olar oxşar mənzərəni Heydər
Əlirza oğlu siyasət aləmində eyni səviyyədə
təkrar və təsdiq etdi. Əlbəttə ki,
bu məsələyə təsadüfi oxşarlıq kimi
baxmaq düzgün olmazdı.Bu qeyri-adi xüsusiyyət milli
gendən və oxşar tarixi şəraitdən gələn
bir keyfiyyətdir. Ədəbiyyatımızın
böyük hamisinin ümumən qədim və zəngin
şifahi və yazılı ədəbi sərvətlərimizə,
o cümlədən Dədə Qorqud, Nizami və Füzuli
kimi dühala içdən gələn məhəbbətin
sirrini şəxsən mən bu keyfiyyətdə - bu hikmətdə
görürəm.
İlk
baxışda xalis təsadüf kimi görünən elə
məqamlar var ki, mahiyyət etibarilə tamamilə haqlı
olaraq əzəmətli nəticənin yüzlərlə səbəbindən
biri kimi qiymətləndirilə bilir.
Burada mən
Heydər Əliyevin orta məktəb illərinə dair xatirələrindən
bir neçə sətri yada salmaq istəyirəm:"Gənclikdə
rəssamlığa böyük həvəsim var idi. Mənim
çəkdiyim ilk rəsmlərdən biriFüzulinin portreti
olmuşdur.Təxminən 1936-37-ci illərdə məktəbimizdə
şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil
etmişdilər… Mənim çəkdiyim portret
müsabiqədə birinci yeri tutmuşdu. Əlbəttə,
mən onu rəssamlıq əsəri adlandırmaq fikrində
deyiləm, o, sadəcə olaraq rəssamlığa həvəs
göstərən gəncin çəkdiyi şəkil idi… Füzuli dahi şair kimi Azərbaycanda həmişə
hamının qəlbindədir. Bu da ona
görədir ki, Füzuli, doğrudan da, azərbaycanlıdır
və Azərbaycana mənsubdur".
...Heydər
Əlirza oğlunun Azərbaycan xalqının, ümumən
bütün türk dünyasının mənəvi
timsalı olan Füzulinin UNESCO xəttilə keçirilən
500 illik yubileyinin mütəfəkkir şairin adına
layiq əzəmətlə qeyd olunmasındakı xidmətlərinin
özü bir tarixdir; millətin dahi övladını necə
böyük qədirşünaslıqla, onun sənət
qüdrətinə, şəxsiyyətinə dərin ehtiramla
yad etməyin sözün həqiqi mənasında klassik
nümunəsidir.
Füzuli
yubileyinə ciddi hazırlıq günlərində
qarşıya çıxan çox zəruri və çox
da dedikcə incə bir məsələnin Heydər Əlirza
oğlu tərəfindən özünə xas müdrikliklə,
yüksək dövlət təfəkkürü səviyyəsində
necə dahiyanə həll olunmasının şahidlərindən
biri kimi, həm də "Ədəbiyyat qəzeti"nin mövqeyi, çıxışı ilə
bağlı olduğundan o tarixi məqamı
xatırlamağı vacib bilirəm.
1994-cü
il avqustun 1-də Məhəmməd
Füzulinin 500 illiyi ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə
yubiley üzrə Dövlət Komissiyasının iclası
keçirildi. İclası giriş sözü
ilə Azərbaycan Prezidenti Heydər Əliyev açdı.
Sonra çıxışlar oldu,
danışanlar dahi şairin 500 illiyinin böyük təntənə
ilə qeyd edilməsiylə bağlı arzu və təkliflərini
bildirdilər.
Məsələ
bundadır ki, o iclasdan təqribən beş
ay əvvəl "Azərbaycan" qəzetində (24 mart 1994-cü
il) "Unutmayaq ki, Bayat dahi Füzulinin vətənidir"
adlı bir məqalə dərc edilmişdi. Həmin
materialda dahi şairimizin Ağcabədi rayonunun Bayat kəndində
dünyaya göz açdığı güman edilir və
"Bəlkə sabah Füzulinin qəbrini bizə verdilər.
Onu harada dəfn edəcəyik?" - deyə soruşulur.
Doğrusu,
mənim fikrimcə istər elmi cəhətdən, istərsə
də müstəqil Azərbaycanın dövlətçilik
mənafeyi mənasında siyasi baxımdan məqbul sayıla
bilməyəcək adı çəkilən məqaləyə
dərhal cavab verməli oldum ("Füzuliyə qibtə"
- "Ədəbiyyat qəzeti", 1 aprel 1994-cü il).
İş elə gətirdi ki, Prezidentin sədrliyi ilə
keçirilən iclasda çıxış edən qələm
dostlarımdan biri şəxsən mənim heç gözləmədiyim
halda, mahiyyətcə yuxarıda deyilən təklifi irəli
sürdü.
Məclisdən qayıtdıqdan sonar baş
redaktora təklif etdim ki, icazə versin qəzetimizin növbəti
sayı üçün iclasdan qeydlərimi yazım və mənə
rahatlıq verməyən fikirlərimi oxucularla
bölüşüm.Təklifimə etiraz olunmadı.
Beləliklə, "Ədəbiyyat qəzeti"nin 12 avqust 1994-cü il tarixli nömrəsində
"Qüdrətli qələm - qüdrətli ruh"
adlı məqaləm dərc edildi...
"Ədəbiyyat
qəzeti"nin həmin
çıxışı ilə bağlı sıravi
oxucularla yanaşı, ədəbi ictimaiyyətin bir çox
görkəmli nümayəndələri zəng edib
razılıqlarını bildirdilər...
Böyük
şairin məzarı ilə əlaqədar
nigarançılıq ara vermədiyi üçün bundan təqribən
ay yarım sonra "Ədəbiyyat qəzeti"nin başqa
bir sayında (6 may), adı çəkilən mübahisəyə
bir növ son qoymaq üçün, uzun müddət
İraqda olmuş, "Altı il Dəclə-Fərat sahillərində"
kitabını və İraq-türkman folkloru barədə
geniş tədqiqat məhsulu olan doktorluq dissertasiyasını
yazıb müdafiə etmiş Qəzənfər Paşayev
"Şairin məzarı ilə bağlı həqiqətlər
və şayiələr" adlı məqalə ilə
çıxış etdi.
Nəhayət, bütün bunlardan sonra bayaqdan bəri təsirli
müzakirə mövzusu olmuş həmin məsələni
ölkənin başqa qəzetlərinin də bu şəkildə
həll etməyi ədalətli saydığını
görürük. (Məsələn,
"Respublika"nın 19 iyul tarixli nömrəsi,
Qulamhüseyn Əliyev, "Poeziya işığı -
Füzuli dünyası" məqaləsi).
Beləliklə,
respublika mətbuatımızda təbii bir narahatlıqla gərgin
söhbət mövzusuna çevrilən Füzuli məzarı
ilə bağlı təkliflər, mülahizələr,
yazılanlardan göründüyü kimi, "Ədəbiyyat
qəzeti"nin adı çəkilən
çıxışına uyğun olaraq həllini tapa bilir. Deyəsən, daha burada qəti etiraza səbəb
olacaq əsaslı bir şey qalmır.
Bu qədər əytraflı-əhatəli mətbuat
müzakirəsindən və təbii bir axınla gəlinən,
demək olar ki, fikir ümumiliyindən sonra şair dostumun məlum
emosiyalı mövqeyi məni, əlbəttə, təccübləndirdi-təəssüfləndirdi.
Ancaq təbiidir ki, məsələyə bu cür hissi
münasibət sükutla qarşılana bilməzdi. Professor Yaşar Qarayev
gözlənilən fikri dedi: Böyük Hüseyn Cavidin
sürgündəki məzarının vətənə gətirilməsi
unudulmaz tarixi xidmətdir, lakin bütün müsəlman
dünyasının qibləgahı olan, sadə, ancaq mötəbər
Kərbəla torpağında yaşayıb-yaratması ilə
daim fəxr edən, öz vəsiyyəti ilə İmam
Hüseyn məscidinin iki-üç addımlığında
dəfn olunan, indi isə məlum səbəbə görə
nəşi həmin məsciddə saxlanan dahi Füzulinin məzarını
uyuduğu müqəddəs yerdən ayırmağa heç
bir əsas yoxdur…
Sonra Şeyxülislam Hacı Allahşükür
Paşazadə Bağdadın mötəbər alimləriylə
görüşündən və gəldikləri eyni qənaətdən
danışdı.
Yubiley
iclasından təəssüratım bu sözlərlə
yekunlaşırdı: "Mən burada onu qeyd etmək istəyirəm
ki, Dövlət Komissiyasının iclasını aparan
Respublika Prezidenti müzakirə zamanı meydana çıxan
fikir müxtəlifliyinə özü təmkinli yanaşmaqla
bərabər, başqalarının da belə hərəkət
etməsini məsləhət bildi: "Bu barədə fikirləşmək
lazımdır. Belə məsələdə qəti qərara
gəlmək çətindir… Bu barədə
fikirləşmək lazımdır.Mən qəti bir şey
demək istəmirəm".
Məsələnin həqiqətən belə ciddi
olduğunu aylardan bəri mətbuat səhifələrimizdə
ədəbi-elmi ictimaiyyətimizin nəzərə
çatdırdığımız narahatlığı və
bizim fikrimizcə, hərtərəfli tədqiqdən-təhlildən
irəli gələn qeyd etdiyimiz qənaəti də təsdiqləyir. Şübhə etmirik ki,
ziyalıların fikrinə həmişə həssaslıqla
yanaşan ("Şəxsən mən də onlara
qarşı hörmət həmişə olmuşdur və
ömrümün axirinadək də qalacaqdır") Heydər
Əliyev, indiki çətin şəraitdə - işlərinin
bu qədər çox olduğu bir vaxtda belə həmin
söhbətlə bağlı mətbuat
çıxışları ilə ətraflı tanış
olmaq imkanı tapacaq və əlbəttə, həm xalqı
razı sala bilən, həm də Füzulinin ruhunu şad edə
bilən axırıncı sözü deyəcək".
O vacib və
çətin cavabı çox gözləmək lazım gəlmədi.
Cəmisi bir neçə gün sonra həqiqətən
"həm xalqı razı sala bilən, həm də
Füzulinin ruhunu şad edə bilən axırıncı
sözü" möhtərəm Prezidentimiz dedi. Ümumən
ədəbi-elmi ictimaiyyətimizin fikrini ifadə edən
"Ədəbiyyat qəzeti"nin
mövqeyi mötəbər məqamda təsdiqini tapdı. İraqa Füzulinin 500 illiyi yubileyinə Azərbaycan
dövləti görkəmli ədəbiyyat və incəsənət
xadimlərindən ibarət böyük nümayəndə
heyəti göndərdi.
Heç
vaxt yaddan çıxmayacaq o möhtəşəm
görüşlərdə Füzulinin bu məşhur sətirlərini
soydaşlarımızdan dəfələrlə eşitmək
mümkün idi:
Bu
vüsalə yuxu əhvalı demək mümkün idi, -
Əgər
olsaydı yuxu dideyi-giryanimizə!..
Bu
görüşə yuxu demək olardı, əgər
ağlar gözümüzə yuxu gəlmiş olsaydı...
Həmin yuxunu həqiqət edən möhtərəm
Heydər Əlirza oğlunun ciddi səyi, gərgin zəhməti,
müdrik qərarı idi.
Bu sətirlərin dərc olunduğu bir vaxtda ədəbiyyatımıza göstərilən ciddi dövlət köməyinə dair oxuduğumuz yeni qərarlar da təsdiq edir ki, ümummilli liderimiz, böyük ədəbiyyat dostu, əbədiyyət sakini Heydər Əlirza oğlu Əliyevin siyasi kursu həqiqətən davam etdirilir və şübhə yoxdur ki, bundan sonra da davam və inkişaf etdiriləcəkdir. Xalqa verilən bu yüksək vəd müqəddəs ruh qarşısında içilən and kimidir...
Ayaz VƏFALI
Ədəbiyyat qəzeti.- 2018.- 6
may.- S.2-3.