“Bayatı-şiraz”
Minimalist üslubda kino ekspressiya
Boş otaq. Masanın üstündə çoxlu içki
şüşələri, içində beş-altı
şokolad qalmış qutu, siqaret qutusu, siqaret kötükləriylə
dolu külqabı var. İçində bir az konyak
qalmış qədəh, dibində konyak qalmış
şüşə var. Mənzərədən bilinir ki, kimsə
gecə səhərə qədər içib… Vanna
otağından su səsi gəlir. Bu vaxt qapının zəngi
çalınır... Su səsi gəlir, hiss olunur ki, kimsə
hamamda çimir... Qapı bir müddət sonra
yenə döyülür. Su səsi kəsilir...
hamamın qapısı azca aralanır. Bir qız
üzünü qapının açıq hissəsinə
uzadır...
Qız
(möhkəm səslə, qapıya tərəf): - Qapı
açıqdır, gir içəri... keç mətbəxə...
Üzünün
bir hissəsi görünən qız qapını
örtür, yenidən su səsi eşidilir...
***
Çöl qapı açılır, içəri bir
oğlan daxil olur. Ehtiyyatla ətrafa baxır, bilinir ki, ilk dəfədir bu
evə gəlir... Oğlanın əlində tar futlyarı
var, bilinir ki, tarzəndir. Oğlan mətbəxi
axtarır, hamamdan su şırıltısı gəlir.
Oğlan mətbəxi tapır, mətbəxə daxil olur... Masanın üstündəki içki
şüşələrini görür, hamamdakı suyun
şırıltısını eşidir, gərgindir.
Sakitcə keçib divarın küncündəki divanda
oturur... Hamamdakı suyun
şırıltısı kəsilir, bir neçə saniyə
sonra fen səsi eşidilir. Bilinir ki, qız indi də
saçını qurulayır... Oğlan
heç nə anlamadan, gərgin halda divanda oturub. Fenin səsi kəsilir, bir qədər sonra
hamamın qapısı açılır, bayaq
üzünün yarısı görünən qız, hamam
xalatında çıxır. Hamamla mətbəx üzbəüz
olduğundan qız mətbəxdə oturan oğlanı
görür... Ani olaraq oğlanın üzünə
baxır...
Qız: -
Gözlə, gəlirəm indi...
Oğlan
təəccüblə, anlaşılmaz baxışlarla
qıza baxır, qeyri-iradi olaraq başıyla razılıq
bildirir... Qız sağa - yataq otağı tərəfə
gedir... Oğlan çaşqın halda
otağı gözdən keçirir, həyəcanlı
olduğu hiss olunur. Oğlan tarın futlyarını
götürür, dizlərinin üzərinə qoyur, əvvəlcə
açmaq istəyir, sonra nəsə düşünür,
açmır, yenidən yerinə qoyur... Dərindən
nəfəs alır. Qızı gözləyir.
Əlləriylə tarın fultyarının dəmir
qapağını açıb-bağlayır. Bir azdan
qız əynində xalat mətbəxə daxil olur... Diqqətlə
oğlana baxır...
Qız: -
Gəlməmişdən zəng edəydin də... Nömrəm yox idi?
Qız masanın üstünə baxır, içki
şüşələrindən birini götürüb mətbəx
şkafının üstünə qoyur.
Oğlan
(nəzakətlə): - Vallah, telefonun zaryatkası öldü,
ona görə zəng edə bilmədim...
Qız (əliylə
başını tutur): - Başım partlayır...
Qız
siyirtməni açıb kofe bankasını
götürür, stəkana qəhvə tökür,
tefalı işə salır...
Qız
(oğlana baxmadan): - Kofe içməsəm, düzəlməyəcəm...
Oğlan çaşqın halda qıza baxır. Hiss olunur ki, sual vermək
istəyir...
Oğlan:
- Bəs uşaq hardadır?
Tefalın
səsindən qız sanki oğlanı yaxşı
eşitmir...
Qız: -
Nə?
Oğlan:
- Uşağı deyirəm... Uşaq
hardadır?
Qız təəccüblə
oğlana baxır...
Qız: -
Nə uşaq?!
Bu vaxt tefal qaynayır. Qız üzünü çevirir,
tefalı götürür, kofe tökdüyü stəkana
süzür, çay qaşığıyla
qarışdırır, oğlana baxır...
Qız: -
Uşaq-zad yoxdur burda. Kofe içirsən?
Oğlan:
- Yox. Çox sağ olun... Amma mən elə
bilirdim uşaq olacaq...
Qız
qaşıqla kofeni qarışdıra-qarışdıra
oğlanın yanına gəlir, diqqətlə oğlana
baxır...
Qız: -
Nə uşaq. Sən nə
danışırsan?!
Qızın
açıq sinəsi, hökmlü
danışığı sanki bu mədəni və sakit
oğlanı bir az da
çaşdırır... Oğlan duruxub boş gözlərlə
qıza baxır... Qız sanki indi oğlanın
qucağındakı tar futlyarını görür...
Qız: -
Bu nədi?
Oğlan:
- Tar.
Qız: -
Tarı neyləyirsən?
Oğlan:
- Mən tarzənəm.
Qız tutulur. Oğlana baxır.
Qız: -
Nəsən?
Oğlan:
- Tarzən...
Qız kofeni masanın üstünə qoyub oğlana
baxır.
Qız: -
Şofer deyilsən sən?
Oğlan:
- Yox...
Qız: -
Bəs kimsən?
Oğlan:
- Tarzən...
Qız
heç nə anlamır... Oğlan da bunu hiss edir...
Oğlan:
- Sizdə uşaq yoxdursa, deməli mən səhv gəlmişəm.
Qız
diqqətlə oğlana baxır...
Qız: -
Başa düşmədim... Sən kimsən?
Mənim evimdə nə işin var?
Oğlan
boğazını arıtlayır, qıza baxır...
Oğlan:
- Xanım, mən tarzənəm...
Qız əsəbiləşir,
onun sözünü kəsir...
Qız: -
Onu bildim... Tarzansan, meşədən gəlmisən,
mənim evimdə nə işin var?!
Oğlan
sanki həyəcanlanır... Dərindən nəfəs
alır...
Oğlan (birnəfəsə):
- Mən də onu deyirəm də... Mən tarz... ( Oğlan sözünü yarıda kəsir)
tar müəllimiyəm... İşlədiyim musiqi məktəbinin
direktoru nömrə verdi ki, zəng elə
danış, bir ailə var, tanışımdır. İstəyir
uşağına tar müəllimi tutsun, mən də zəng
elədim, danışdım... Bu binanın ünvanını
verdilər... Birinci blok, səkkizinci mərtəbə,
sol qapı. Amma dəqiq bilmədim hansı tərəfdən
birinci blokdu. Zəng eləmək istəyəndə
gördüm telefonum sönüb. Həyətdə də
heç kim yox idi ki, düşüm
soruşum... Mən də... qapının zəngini basdım,
sizin səsinizi eşitdim ki, keç mətbəxə dediniz,
mən də gəldim...
Qız
diqqətlə oğlana baxır, oğlanın alnında tər
damcıları əmələ gəlir...
Qız: -
Başa düşdüm... Deməli mən səni şoferlə
səhv salmışam... Sən də mənim
evimi dərs deyəcəyin uşağın eviylə.
Oğlan:
- Bəli...
Qız
diqqətlə oğlana baxır... Oğlan qızın
açıq-saçıq sinəsinə istər-istəməz
göz yetirir, amma tez də gözünü çəkir,
qız bunu hiss edir... Oğlana baxır...
Qız: -
Yaxşı... Deməli hər şey aydın oldu... İndi
gedə bilərsən...
Oğlan
çaşqın bir vəziyyətdədir... Udqunur,
ayağa qalxır, tarını da götürüb otaqdan
çıxmaq istəyir. Bir anlıq dayanır, qıza
tərəf çevrilir...
Oğlan:
- Bir də üzr istəyirəm...
Oğlan
üzünü çevirib otaqdan çıxır...
Qız: -
Bir dəqiqə gözlə...
Oğlan dayanır. Qıza baxır. Qız mətbəxin
küncündəki zibil dolu salafanı götürür,
masanın üstündəki boş butulkaları da onun
içinə qoyur... Butulkaları, boş şokolad
qabını
yığışdıra-yığışdıra
oğlana baxır...
Qız: -
Yolüstü bunu da atarsan zibilliyə yaxşı?!
Oğlan
qeyri-iradi olaraq qızın dediklərinə razı olur,
başıyla razılıq bildirir... Qız
masanın üstündəki şüşələri
götürərkən masanın üstündəki boş
bakallardan biri əlini kəsir.
Qız: -
Ay mama...
Oğlan
çaşqın halda qıza baxır... Qız həyəcanlıdır...
Qız: -
Əlim... əlim qanadı...
Qızın rəngi ağarır, oğlan cəld
qıza yaxınlaşır. Qızın əlinə baxır...
Oğlan:
- Elə bir şey deyil... Bint var sizdə?
Qız
sanki oğlanın dediklərini eşitmir... Hiss olunur ki, həyəcanlıdır...
Qız: -
Məni qan tutur... Qan görəndə özümü pis hiss
edirəm...
Qızın
halı dəyişir, gözucu barmağından axan qana
baxır, halsızlaşır... Oğlan özünü
itirir... Tarı masanın üstünə qoyur... Qızın
qolundan tutur, divana otuzdurur...
Oğlan:
- Sakit olun... hər şey yaxşıdır... heç nə
yoxdur... bint, pambıq harda olur?!
Qız həyəcanlı
halda oğlana baxmadan cavab verir...
Qız: -
Soyuducuda...
Oğlan
tez soyuducuya tərəf gedir, qapısını açıb
bint olan yeri axtarır, tapır (fonda
bayatı-şiraz qırıntı şəklində səslənir),
qızın əlini sarıyır... Qız halsız
uzanıb... Oğlan krantdan su töküb gətirir,
içirir... Qız yavaş-yavaş
özünə gəlir.
Oğlan:
- Yaxşısız?
Qız əlinə
baxır, əli sarılıdır...
Qız: -
Hə. Yaxşıyam. Mən qandan qorxuram.
Oğlan
(nəzakətlə): - Hə elə adamlar olur qan tutur... Nə isə kömək lazımdır?
Qız dərindən nəfəs alır, oğlana
baxır.
Qız: -
Yox. Çox sağ ol...
Oğlan tarını götürür, sonra gözü
yerdəki zibil dolu salafana sataşır. Onu da götürür...
Qız ona baxır... Oğlan ordan uzaqlaşmaq istəyəndə
qız onu çağırır...
Qız: -
Zibili də aparırsan?
Oğlan
qıza baxır...
Oğlan:
- Hə. Demədiz düşəndə atım?!
Qız
diqqətlə oğlana baxır...
Qız: -
İndi mən nə desəm, sən edəcəksən?!
Oğlan
təəccüblə qıza baxır...
Oğlan:
- Nə bilim. Yəqin ki...
Qız: -
Niyə?
Oğlan
(səmimi təəccüblə): - Eləməyim?
Qız sakitcə dayanıb oğlana baxır. Nə isə
düşünür...
Qız: -
Mənə kofe düzəldə bilərsən? Soyuyub o biri. Soyuq içə
bilmirəm.
Oğlan əlindəkiləri
bir kənara qoyub qıza kofe düzəltməyə
başlayır... Qız diqqətlə onu seyr edir...
Qız: -
Özünə də düzəlt. Bir yerdə içək,
sonra gedərsən...
Oğlan
özünə də kofe düzəldir... Qızın
kofesini gətirir, qarşısına qoyur. Qız oğlana yer göstərir. Oğlan
oturur, kofedən bir qurtum içir... Bu vaxt
qızın telefonuna zəng gəlir. Qız
telefonu götürür.
Qız: -
Alo.... Yox iki saata gələrsən... Əlimi kəsmişəm.
İndi onunla məşğulam. Dedim ki,
iki saata gəlib götürərsən məni.
Qız telefonu söndürüb masanın üstünə
tullayır.
Qız: -
Deməli tar müəllimisən...
Oğlan:
- Bəli.
Qız diqqətlə oğlana baxır.
Qız: -
Bütün tar müəllimləri belə olur?
Oğlan qızı anlamır.
Oğlan:
- Necə?
Qız diqqətlə oğlanı süzür.
Qız: -
Yəni... Əşi heç nə.
Qız kofedən bir qurtum içir. Oğlan da ona
baxır, kofedən bir qurtum içir. Sanki
getməyə hazırlaşır.
Qız: -
Niyə tar?
Oğlan:
- Necə?
Qız: -
Deyirəm, bu qədər musiqi alətləri var da,
bunların içində niyə görə tarı
seçmisən?
Oğlan:
- Hə... Nə bilim, vallah.
Uşaqlıqda kəndə babamgilə gedəndə rəhmətlik
kişi çox qulaq asardı muğamata.
Yəqin o vaxtdan tara meylim yaranıb. Ona
görə də tara getmişəm. Elə
uşaq vaxtı atam da istəyirdi tara
gedim. Belə xüsusi səbəbi yoxdu.
Qız: -
Hə... Çox gözəl... Maraqlı gəldi,
ona görə soruşdum. Yəni saksafona
da gedə bilərdin. Piano
çalardın. Bu qədər musiqi alətinin
içindən birini seçmək də böyük
işdi. Mən beş paltardan
hansını geyinəcəyimə qərar verənə qədər
axşam olur.
Oğlan:
- Tar xoşuma gəlib uşaqlıqdan. Nə
bilim.
Qız: -
Toylara da gedirsən?
Oğlan:
- Yox. Toyda tar çalmırlar. Ancaq dərs deyirəm.
Oğlan qızın bədəninə baxa bilmir,
utanır, baxışlarını qaçırır. Qız da bunu hiss edir.
Qız: -
Bütün tar çalanlar belədi?
Oğlan:
- Yenə soruşursuz. Necədilər ki?
Qız: -
Utancaq.
Oğlan
(sıxılaraq): - Bilmirəm. Məncə yox.
Mən bir az beləyəm.
Qızın telefonuna zəng gəlir. Qız ekrana
baxır, sifətini turşudur, telefonu səssizə qoyur.
Oğlan:
- Sizi axtarırlar. Mən tutmayım sizi. Gedim.
Qız: -
Önəmli adam deyil zəng eləyən.
Qız kofedən bir qurtum da içir.
Qız: -
Başım düzələnə oxşamır. Sevgilin var sənin?
Oğlan:
- Yox.
Qız: -
Dedim bəlkə sevgilin var, ona görə qorxursan baxmağa?
Oğlan:
- Nəyə baxmağa?
Qız
(xalatanı bir az düzəldərək):
- Mənə...
Oğlan utanır. Həyəcandan kofedən içir.
Baxışlarını qaçırır.
Oğlan:
- Siz gözəl xanımsız.
Qız diqqətlə oğlanı süzür.
Qız: -
Ac deyilsən? Gəlmisən day, acsansa, soyuducuda
pizza var dünəndən qalıb.
Oğlan:
- Yox. Çox sağ olun, ac deyiləm.
Qız oğlana baxıb, qəfil şaqqanaq çəkib
gülməyə başlayır. Oğlan təəccüblə
qıza baxır. Hiss olunur ki, qızın
gülüşü qarşısında daha da
sıxılır.
Qız: -
Sən elə bil başqa planetdən gəlmisəne...
Oğlan
(sakitcə): - Niyə elə fikirləşirsiz?
Qız: -
Niyə elə fikirləşirəm? (əlini
fincana aparanda nəsə düşünür) Yoxe,
kofeylə alınan deyil, gərək üstünü düzəldim.
Qız soyuducuya yaxınlaşır, ordan pivə
çıxarır, oğlana baxır. Qızın
xalatının açıq yerlərindən bədəni
göründüyündən oğlan gözlərini qaçırır.
Qız: -
Sən də içirsən?
Oğlan:
- Yox, çox sağ olun, mən içmirəm.
Qız pivəni açır, başına çəkir.
Qız: -
Xoşun gəlmədi məndən?
Oğlan
(bir az da sıxılaraq): - Yox, əstəğfürullah,
gözəl xanımsız.
Qız: -
Tarzan...
Oğlan(ehmalca
düzəldir): - Tarzən...
Qız: -
Hər nədisə. Sənin yerində
başqası olsaydı, bilirsən neyləyərdi? Qabağında xalatda gözəl bir qadın
dayanıb.
Oğlan qızarır, nə deyəcəyini sanki bilmir.
Oğlan:
- Hə. Siz gözəl xanımsız. Allah bəxtinizi
gözəl eləsin...
Qızın üzü ciddiləşir, diqqətlə
oğlana baxır. Oğlan bu baxışlardan narahat olur.
Qız qəfil yenə gülməyə
başlayır.
Qız: -
Tapdım, sən bəxtə, taleyə inanan,
başıaşağı, tar müəllimini oynayırsan. Gözlərinin içindəki
şeytancıqları gizlətməyə
çalışırsan. Amma xeyri yoxdu...
Özünü çox saxlaya bilməzsən...
Qız
xalatanın yaxasını bir az
açır, oğlan üzünü çevirir.
Qız: -
Bir azdan şeytancıqlar hamısı boylanacaq içindən.
Yavaş-yavaş əsl kimliyin üzə
çıxacaq düz demirəm?
Oğlan narahat halda qıza baxır, tarın
futlyarını götürüb, ayağa qalxır.
Oğlan:
- Mən gedim. Uşaq da gözləyir. Dərs
deməliyəm...
Qız: -
Otur!
Oğlan qeyri-iradi ona tabe olur, oturur.
Qız: -
Mən də məni gözləyənləri gözlədirəm.
Qoy bir az gözləsinlər. Pul verirlər
deyə azadlığımızı da əlimizdən
almayacaqlar ki...
Oğlan
(sakit səslə): - Siz hansı sənətin sahibisiz?
Qız şüşəni başına çəkir,
oğlana zillənir.
Qız: -
Mən? İnsanların sevgilisini oynayıram.
Oğlan sual dolu baxışlarla qıza baxır.
Qız: -
Anlamadın... Belə deyim də, kim öz
arvadından, sevgilisindən bezirsə, darıxırsa, məni
çağırır yanına. Mən də
ona iki saatmı, bir günmü, bir ilmi kömək edirəm.
Sonra qayıdırlar sevgililərinin yanına.
Oğlan:
- Psixoloqsuz?
Qız
(gülümsəyir): - Belə də demək olar. (Süni
ciddiyyətlə) Məsəlçün, bir
psixoloq kimi sənə baxanda deyə bilərəm ki, sən
tar müəllimisən, bu binada uşaq hazırlamağa gəlmisən.
Təsadüfən səhv evə girmisən.
Oğlan gülümsünür, qıza baxır.
Oğlan:
- Hə, bir az elə oldu.
Qıza yenə zəng gəlir. Qız telefonu səssizə
qoyur.
Oğlan:
- Vallah, mən sizə mane oluram. Gedim mən.
Qız: -
Gedərsən bir azdan. Yəni... Doğrudan məni
qoyub getmək istəyirsən?
Oğlan:
- Nəsə kömək lazımdısa, qalaram.
Qız: -
Sən həqiqətən başqa planetdən gəlmisən,
deyəsən.
Oğlan:
- Yox...
Qız: -
Sənin yerinə indi burda başqa kişi
olsaydı, bilirsən də...
Oğlan utanır, baxışlarını
yayındırır.
Oğlan:
- Mən elələrindən deyiləm.
Qız: -
Bəlkə mən elələrindənəm.
Oğlan:
- Yox. Özünüzə belə münasibət
bəsləməyin. Siz çox
yaxşı insansız.
Qız (əsəbiləşir):
- Hardan bilirsəne? Mən elə eləyəm.
Nə qədər tanıyırsan məni?
Hardan bilirsən?
Oğlan:
- Gözlərinizdən.
Qız bir anlıq tutulur. Oğlana baxır.
Qız: -
Nə var ki, gözlərimdə, hə?
Oğlan:
- Məsumluq...
Qız oğlana baxır, əvvəlcə kinayə ilə
gülməyə başlayır. Daha sonra
gülüşü isterik şəkil alır. Oğlan sakitcə qıza baxır.
Qız: -
Tarzan...
Oğlan:
- Tarzən...
Qız: -
Hər nədisə... Sən məni
tanımırsan. Sən mənim
dünyamı tanımırsan. Özündən
nə söz çıxarırsan. Nə
məsumluq. Heç bilirsən, mən kiməm?
Oğlan:
- Rəhmətlik babam deyərdi ki (susur), bu günə qədər
yadımdadı. Kənddə həyətdə stol
qoymuşduq, orda danışırdı. Dedi ki, bir insanı
tanımaq üçün onun gözlərinə baxmaq kifayətdi.
Amma o gözlərdən nəsə başa düşmək
üçün gərək özün də təmiz adam olasan.
Oğlan qızın gözlərinin içinə
baxır.
Oğlan:
- Siz təmiz insansız.
Qız
(kinayə ilə): - Mən? Bəlkə baban səni
aldadıb?
Oğlan:
- Bəlkə siz hələ özünüzü tam
tanımırsız? Babam deyərdi ki, insan
ömrü "Bayatı-şiraz" musiqisinə bənzəyir.
Yəni ki, musiqiyə söz ola bilməz. Məsələ onu ifa edən Tarzəndədi.
Tarzən təzə başlayanda naşı ola
bilər, ifası naqis sayılar. Amma
çalışmalıdı. Tarzən bir az yaxşı çalışanda musiqi də
yaxşılaşacaq. Biri də var təmiz
istedadsız adamlar. "Bayatı-şiraz"
onlara rəhm eləmir. Onlar heç vaxt tara
yaxın gedə bilməyəcəklər. Biri
də var ki, istedadlı adamlar. "Bayatı-şiraz"
elə adamları sevir.
Oğlan qıza baxır, kofedən bir qurtum içir.
Oğlan:
- İnsan da "Bayatı-şiraz" kimidi. İçində
nəsə varsa, o gözlərində görünür.
Əgər gözlərində işıq, məsumluq
varsa, elədikləri onu tam söndürə bilmir. Məsumluq zəif hənirti kimi insanın
gözünün dərinliyində közərir.
Qız: -
Sən mənim haqqımda heç nə bilmirsən.
Babanın dedikləri mənə aid deyil, Tarzan...
Oğlan:
- Tarzən...
Qız: -
Həyatımda ilk dəfə fikirləşmişdim ki, kimisə
sevməyə başlamışam. Ona
günü-gündən daha çox bağlanırdım.
Elə bilirdim, məni sevir. Unutmuşdum
ki, mənim kimiləri sevmək olmaz. Biz
ancaq əylənmək üçünük. Uşaq oyuncağı kimi bir şeyik. Keçən dəfə telefonda
danışığını eşitdim. Məni dostuna
hədiyyə elədi...
Qızın gözləri dolur, dərindən nəfəs
alır.
Qız: -
İndi onun dostunun şoferi gəlib məni aparacaq. Mən də
gedəcəm... Çünki insan getmək istəməyəndə
də həyat məcbur edir. Gedirsən...
Qızın gözlərindən yaş
süzülür. Oğlan ayağa qalxır, qızın
göz yaşını silir.
Oğlan:
- Babamın bir sözü də var idi. Deyirdi
ki, insan faili-muxtar yaranıb. Mənası
odu ki, iradə azadlığı var. Yəni
"Bayatı-şiraz" onun taleyidisə, tarzən kimi onu fərqli
çalarlarla ifa eləyə bilər. "Bayatı-şiraz"
bərdaştla başlayır. İnsanı
titrədir. İnsan ömrü də əslində
doğulanda yox, ilk dəfə ağrıyla
qarşılaşanda başlayır, daha sonra mayəyə
keçir, bu da o deməkdi ki, sən susub bu ağrıyla
başa çıxmalısan. Yəni
ömrün bayatı-şirazdısa, tarzən sənsən.
Özün ifa edirsən, öz musiqini. İnsan öz musiqisinə bəzən elə aludə
olmalıdı ki, kənarda olan heç nə ona mane
olmasın. Bax, mən belə eləyirəm.
Siz də belə eləyin...
Qız: -
Tar... Tarzən, sənin baban bu sözləri səni
kimi insanlar üçün deyib. O
"Bayatı-Şiraz"ı bəlkə də
eşitmişəm. Amma bilirəm ki, o təmiz
adamların musiqisidi. Mənim musiqim
çalınan tarın simləri çoxdan
qırılıb.
Oğlan futlyarı açıb tarı
çıxarır, "Bayatı-şiraz" ifa eləməyə
başlayır. Qız qulaq asdıqca gözlərindən
yaş axır. Amma hiss olunur ki, musiqi ona ruhani rahatlıq
gətirir. Oğlan musiqini bitirir.
Qız: -
Arada bu evə gələ bilərsən?
Oğlan:
- Hə, əlbəttə.
Qız: -
Uşağın yanından çıxanda gəl. Bir az dərtləşək,
"Bayatı-şiraz" ifa elə, qulaq asım...
Oğlan:
- Əlbəttə... Xoşunuza gəldi?
Qız: -
Çox...
Oğlan:
- Sevindim.
Qız: -
Bir də ifa edə bilərsən?
Oğlan tarı götürür, yenidən ifa edir.
Qız tara qulaq asa-asa ağlayır...
Oğlan:
- Bu sənin musiqindi, ya da sən özün bu musiqisən...
Qız gözünün yaşını silir,
üzündə qəribə təbəssüm yaranır.
Qız: -
Sən bu musiqini tez-tez çal ki, mənə məni
xatırlat...
Oğlan:
- Baş üstə...
Oğlan tarı qabına yerləşdirir, ayağa
qalxır, qız onu qapıya qədər ötürür.
Qız: -
Mənə elə gəlir ki, sən bura təsadüfən gəlməmisən?
Oğlan:
- Yox, mən... Bloku səhv salmışam.
Qız: -
Səni bura rəhmətlik babanın ruhu yollayıb...
Özünün də xəbərin olmadan qulağına
pıçıldayıb ki, get onun yanına, kim
olduğunu anlasın...
Oğlan:
- Bəlkə də...
Qız oğlanın yanağından öpür.
Qız: -
Çox sağ ol... Gözləyəcəm
səni, Tarzan...
Oğlan:
- Tarzən. Siz də sağ olun.
Oğlan gedir. Qızın üzündə sevinc hissi
var.
Qız: -
"Bayatı-şiraz"...
Qız mətbəxə keçir, masanın
üstünü təmizləyir. Telefon zəng
çalır. Telefonu götürür.
Qız: -
Mən gələsi olmadım........ Elə elə
də deyərsən. ....... Yox sabah
da gəlməyəcəm........... De ki,
"Bayatı-şiraz"a qulaq asır, vaxtı yoxdu...
Qız telefonu söndürür. Üzündə
gülüş yaranır. Masanı təmizləyə-təmizləyə
dodağında mahnı zümzümə edir, fonda
"Bayatı-şiraz" səslənir...
Pərviz SEYİDLİ
Ədəbiyyat qəzeti.- 2018.- 6 may.- S.8-9.