Sonuncu məktubdur mənim ürəyim...

 

Əllərin öldü bir may səhəri,

Sənin vecinə dünya kiçildi.

Sonuncu məktubdur mənim ürəyim...

Əllərin açmayan yaz çiçəyidir,

Çıxart əllərini qarın altından,

Qar da soyutmadı ürəyimizi.

 

Yenə günəş doğar bir may səhəri,

Gəzib axtararıq kəpənəkləri;

Yaddaşı olmaz ki kəpənəklərin...

Eh! Biz düşərik bizdən uzağa,

Oxu uzaqlarda, oxuya bilsən

Sonuncu məktubdur mənim ürəyim...

 

Ürəkdə qalan var

 

Bu sevgi baş qatmaq üçündür, mübarək olsun!

Bir gözəl nağıldı ki, içində yalan var...

Unudub gedən qayıtmaz, kürəyi ağaran yoldu,

bilsin, arxada saralıb-solan var...

Ayrılıq qapısız evdi, naxışı, bəzəyi yerində,

Ən dəhşətlisi odur ki, qəlbində talan var...

Dərdin canı yox, cüssəsi yox, çəkisi yox ki,

Dərdi dağ edib, gətirib ürəyə salan var...

Göyü bir topa buludla, payızla imtahan etmə,

Arxanda buluddan betər gözləri dolan var...

Hər gecə qəlbini yu, hər gecə unut deyirsən,

Unutmaq çətin deyil ki, heyf ürəkdə qalan var...

 

Əl vurma, öldürəcək

 

Kimdir pozan Tanrının

Əlifba sırasını?

Kim çəkdi saman çöpünü,

Kim dağıtdı yuvasını?

 

Ölüb pəncərə  gözləri,

Bu evin gəlmir nəfəsi.

Ay qonşu, bağla bu ömrü,

Qapıya kilid əvəzi.

 

Bu evdən bir tin o yana

Tutubdur Tanrı qarğışı.

Kəpənək qanadlarıyla

Saxlayır yağan yağışı.

 

Yolunda elan lövhəsi:

Gəl, bu sevdadan əl çək!

Bu həsrət açıq qalıbdır,

Əl vurma, öldürəcək!

 

Müharibə           

 

Müharibə

iri, tor zənbillərlə gətirildi,

hamıya çatdı.

Güllələr

əvvəlcə havalı-havalı oynadı,

sonra sevdiklərini tapdı.

Geriyə

nəm torpaq ətirli

məktublar qayıtdı.

 

Bağışla

 

Eşq dediyin nədir ki, bir az qəm, bir az həvəsdi,

Özünə başqa həvəs tap, burax getsin bu eşqi, bəsdi.

 

Sıxılsan, sevgini at, ruhun azad olsun,

Kimsə yox ki, sevib atdığın qədər  yad olsun.

 

Qorxma ayrılıqdan, sevgi gəlişdi-gedişdi,

Unut məni, onsuz da unutmaq köhnə işdi.

 

Hər ayrılıqda bir az eşq, bir az darıxmaq ətri var,

Ayrılaq dost kimi, aramızda sevgi xətri var.

 

Biz sevgini atdıq, çöldə qaldı qarla, yağışla,

Məni o çöldə qalmış qərib sevgiyə bağışla.

 

Yağış

 

Bu yağış

Yerin beynini döyəcləyir.

Hava su dadır.

Qulağı tutulub kənd evlərinin

Tüstüsündən yaş damır.

Yola doğru yerimir,

Ayaqlarına doğru yeriyir

İslanmış qadın.

Dumana bürünüb

Bu kəndin hər yeri

Dumana bürünüb

Qadının əynindəki

köhnə kişi pencəyi.

Qapqaynar, ipisti

Həyat var hardasa.

Burdasa...

Burdasa elə hey  uzanır

Göbələk ömrü,

Yağış ömrü,

Yaz ömrü...

 

NARINGÜL

 

Ədəbiyyat qəzeti.- 2018.- 6 may.- S.10.