Həftənin rəngi
Həftəni uşaq dərgi və jurnallarının
axtarışı ilə başladım. Respublikada
uşaq dərgiləri barmaqla sayılacaq qədərdir.
Elə keyfiyyət, mahiyyət cəhətdən
də aşağı səviyyədədirlər. Kitab satış mağazalarında çeşid
baxımından rus, ingilis dilli kitablar daha çox
üstünlük təşkil edir. Orta məktəblərin
abunə olduğu uşaq jurnal və qəzetləri isə
(adlarını çəkmirəm) rəngsiz, müasir
şagirdin diqqətini heç nə ilə çəkə
bilməyən boyat materiallarla zəngindir. Bir sözlə, müasir nəslin yetişdirilməsində
bu tip dərgilərin, nəşri orqanların faydası elə
faydasızlığa bərabərdir.
Satışda olan azsaylı anadilli jurnallara gəlincə,
onları hardasa qənaətbəxş hesab etmək olar. Həmçinin,
satış jurnallarını köşklərdən əldə
edə bilməyən, imkanı olmayan valideynlər
rahatlıqla onları şəhər uşaq kitabxanalarına
üzv olaraq əldə edə bilərlər.
Uşaq yazılarının dərci isə böyük
problemlərdən biridir. Axtarış etdiyim
zaman məlum oldu ki, ölkəmizdə uşaqların
yazdığı şeir və hekayələri dərc edən
mətbu orqan yoxdur. Hətta bununla
bağlı "Göyərçin" jurnalının
baş redaktoru Rafiq Yusifoğluna müraciət etdikdə -
professor, "Bizim jurnalda uşaqların yazıları
verilmir" cavabını verərək sanki inciyirmiş kimi
davrandı. Sonra Gülzar İbrahimovaya
telefon açdım. Çoxları bilir
ki, Gülzar xanım uşaq nağıllarının müəllifi,
həmçinin, "Sehrli dünya" uşaq
jurnalının baş redaktorudur. Elə onunla da uşaq
yazılarının dərci haqqında fikir mübadiləsi
apardıq. Baş redaktorun söylədiyinə
görə, "Sehrli dünya" uşaq jurnalında
azyaşlıların yazıları dərc olunur və bu
yazılar jurnala göndərilən materiallar arasından
müsabiqə, ekspert rəyindən sonra seçilərək
nəşr olunma hüququ qazanır.
Əslində, sözlə çox mətləbləri
dilə gətiririk, amma əmələ gəlincə -
heç nə görmədikdə parıltılı
arzularımız sularda qərq olur. Hər halda, sevinməliyik
ki, məhdud ədəbi dərgilər şəraitində,
yüklənmiş təhsil sistemi, məktəblilərin
daşıya bilməyəcəyi ağır çanta şəraitində,
summativ yükləmələri, dərs, imtahan stressi şəraitində
də yetəri qədər vicdanlı və savadlı balacalar
yetişməkdədir. "Vicdanlı"
sözünü təsadüfən işlətmədim.
Bu həftə hamının
alqışını qazanan, efirlərdən düşməyən
8-ci sinif şagirdi İdris Abbasovun yolda tapdığı pul
kisəsini aidiyyəti şəxsə təhvil verməsi demək
olar ki, ajiotaja səbəb oldu. Və nə
yaxşı ki, bu olaya ilk reaksiya, həm də Təhsil
Nazirliyindən gəldi. Şagird nazirlik tərəfindən
"Təşəkkürnamə" və hədiyyələrlə
təltif olundu.
Həqiqətən,
cəmiyyətə yaxşı nümunələr və
qürur mənbəyi ola biləcək qəhrəmanlar
lazımdır. Dahi Platon da belə söyləyirdi.
Ötən
həftə Ülviyyə Heydərovanın Almaniyanın
Höte adına İnstitutu tərəfindən
"Next Stage Europe 2018" festivalında iştirak edəcəyi
xəbər mövzusuna çevrildi.
13-17 iyun tarixlərində Almaniyanın Potsdam şəhərində
təşkil olunacaq festivalda Azərbaycan, Belarusiya,
Gürcüstan, Ukrayna, Rusiya və Ermənistandan olan 12 gənc
dramaturq iştirak edəcək. Çox
şadıq ki, Azərbaycanı festivalda
yazıçı-publisist Ülviyyə Heydərova təmsil
edəcək. O, bu festivala "Uşaqlıq"
adlı monopyesi ilə qatılacaq.
Qeyd edək
ki, festival iştirakçılarının dram əsərləri
Höte adına İnstitutun xüsusi təyin
etdiyi münsiflər heyəti tərəfindən
seçilib. Festival çərçivəsində
müəlliflərin əsərləri müzakirə olunaraq
alman aktyorları tərəfindən ifa ediləcək, bəzi
əsərlər isə səhnələşdiriləcəkdir.
Festivalda məşhur alman ssenaristləri Pol
Brodovski, Mişel Dekar, Yonas Lyüşer və b. seminarları
da keçiriləcək. Festivalın məqsədi gənc
dramaturqları Almaniyada tanıtmaq, qonaqları Almaniyadakı
beynəlxalq ədəbi mənzərə ilə tanış etməkdir.
"Hazırda Lütfi Zadənin qəbirüstü abidəsinin
layihəsi üzərində işləyirəm. Lakin bu, o qədər
asan məsələ deyil" fikrini ötən həftə
heykəltəraş, xalq rəssamı, akademik Ömər
Eldarov dilə gətirdi. Xalq rəssamı qeyd edib ki,
abidə tamamilə fərqli üslubda olacaq:
"Sözlərlə ifadə edəsi olsam, deyə bilərəm
ki, Lütfi Zadənin qəbirüstü abidəsində
qapı simvolu olacaq. Qapı açılır və Lütfi
Zadə ayaqüstə dayanır. Lütfi
Zadənin qəbirüstü abidəsi başqalarına bənzəməməlidir.
Bu baxımdan abidə orijinal olacaq. Bilirsiniz, Lütfü Zadə təkcə Azərbaycan
yox, həm də dünya üçün böyük şəxsiyyət
olub". Ömər Eldarov bildirib ki,
büstün hazırlanması Elmlər Akademiyası tərəfindən
ona həvalə edilib və qəbirüstü abidə mərhumun
ildönümü ərəfəsində hazır olacaq.
Türkyədə Kültür və Turizm
Bakanlığının dəstəyilə ənənəvi
olaraq keçirilən 9-cu Uluslararası Turizm Karikaturaları
Yarışması başa çatıb. Bu il
yarışmaya 62 ölkədən 584 rəssam 1101 əsərlə
qatılıb. Ölkəmizi bu yarışmada
təmsil edən rəssam Soltan Soltanlı
üçüncü yerə layiq görülüb.
Azərbaycanlıların və digər Türkdilli
Xalqların Əməkdaşlıq Mərkəzi Salyan
rayonunun Qaraçala qəsəbəsində "3
may-Türkçülük günü" ilə
bağlı mədəni-kütləvi tədbir keçirib. Tədbir
Salyan rayon mərkəzində ümummilli lider Heydər
Əliyevin, görkəmli mütəfəkkir Əli bəy
Hüseynzadənin və Türk dünyasının
böyük şairi Xəlil Rza Ulutürkün abidələrini
ziyarətlə başlayıb.
Şuşa Dövlət Musiqili Dram Teatrında yeni
tamaşa təqdim olunub. Əməkdar artist Nazir Rüstəmovun və aktrisa
Bahar Abdullayevanın (Həmzəyeva) oynadığı tamaşa xorvat
yazıçı Mira Qavranın "Aktyor əbədiyyətə
qovuşanda" əsərinin motivləri əsasında
hazırlanıb. Teatr
rejissorları tərəfindən yüksək dəyərləndirilən
tamaşanın beynəlxalq festivallara təqdim olunması da qərara
alınıb.
İvane
Maçabeli adına Tsxinvali Akademik Dram
Teatrı "Əli və Nino" əsərinin motivləri
əsasında yeni tamaşa hazırlayıb. Mayın
1-də Tbilisidəki Şota Rustaveli Teatrında
tamaşanın premyerası olub. Azərbaycanın
və Gürcüstanın dövlət müstəqilliyinin əldə
olunmasının 100 illiyinə həsr edilmiş
tamaşanın premyerasında ölkəmizin səfirliyinin əməkdaşları,
Gürcüstan rəsmiləri, mədəniyyət və incəsənət
xadimləri iştirak ediblər.
İvane
Maçabeli adına Tsxinvali Akademik
Dövlət Dram Teatrının bədii rəhbəri və
tamaşanın rejissoru Qoça Kapanadze jurnalistlərə
müsahibəsində bildirib ki, səhnə əsəri
Gürcüstan Mədəniyyət Nazirliyinin layihəsi əsasında
hazırlanıb. Yaxın vaxtlarda
tamaşanın Bakıda, mayın 19-da isə Gürcüstan
parlamentində də nümayişi nəzərdə tutulub.
Tamaşada rolları gürcü aktyorlar ifa
ediblər.
Nizami Kino Mərkəzində xalq artisti Rəşid
Behbudova həsr edilən "Nəğmə dolu bir ürəyəm"
sənədli filminin təqdimatı olub. Ekran əsəri
Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm"
studiyasında istehsal olunub. Tammetrajlı sənədli
filmin rejissoru Rauf Məmmədovdur.
Bu həftə həm də Bakı Şəhər Mədəniyyət
Baş idarəsinin müvafiq əmrinə əsasən Kino
İnkişaf Mərkəzinin yaradılması haqqında məlumatlar
saytlarda yayımlandı. Yeni yaranan qurum Bakı şəhər və
ətraf qəsəbələrdə mədəniyyət
müəssisələrində yeni kinoteatrların yaradılması
və onların işinin təkmilləşdirilməsi ilə
məşğul olacaq. Qurum rəhbərliyindən
söylənilib ki, mərkəz Azərbaycan mədəniyyətini
və incəsənətini daha geniş kütləyə
çatdırmaq, həm də bu sahədə
çalışan insanların yaradıcılıq
potensialının üzə çıxarılmasına
köməklik göstərmək, kinoteatrlarda insanların
xarici və yerli, Azərbaycan reallıqlarını əks
etdirən, milli qəhrəmanların həyatından bəhs
edən, vətənpərvərlik mövzusunda olan kinofilmlərə
marağını artırmaq məqsədilə
yaradılıb. Yeni mərkəzdə müasir
filmlərin premyeraları, nümayişlər, müzakirələr,
diskussiyalar, yaradıcı insanlarla, aktyor və rejissorlarla
görüşlərin keçirilməsi nəzərdə
tutulub.
Bakı
Şəhər Mədəniyyət Baş idarəsinin nəzdində
fəaliyyət göstərən G.Şaroyev adına 35
nömrəli onbirillik musiqi məktəbinin 5-ci sinif
şagirdi Şirin Əmiraslanova İspaniyanın paytaxtı
Madriddə keçirilən II Beynəlxalq piano müsabiqəsində
iştirak edib. Beş yaş qrupu üzrə iki
turdan ibarət müsabiqəyə ölkəmizlə
yanaşı, İspaniya, Estoniya, Almaniya, Çin, Rusiya,
Bolqarıstan, İtaliya və digər ölkələrdən
70-dən çox iştirakçı qatılıb.
Müsabiqədə Şirin Əmiraslanova görkəmli bəstəkarlar
Volfqanq Amadey Motsart, Frederik Şopen, Qara Qarayev və
İ.Albenizin Pavana-Capriççiosunun perfomansını ifa
edərək beynəlxalq tərkibli münsiflərin yekdil qərarı
ilə müsabiqənin laureatı adını qazanaraq birinci
yerə layiq görülüb.
Həmçinin,
Azərbaycanın Fransadakı səfirliyi və "Ulduz"
Assosiasiyasının birgə təşkilatçılığı
ilə Parisdə fəaliyyət göstərən Azərbaycan
Mədəniyyət Mərkəzində dünya şöhrətli
bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibətilə
konsert təşkil edilib.
2 may
tarixində Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi,
Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı
ilə keçirilən "Kitabı tanıdın, kitabla
tanının" sloqanlı III Buktreyler Festivalının nəticəsi
açıqlanıb. Beynəlxalq Muğam Mərkəzində
təşkil olunan tədbirdə çıxış edən
layihənin müəllifi və rəhbəri Ruslan Sabirli
Buktreyler Festivalının 2016-cı ildən keçirildiyini
söyləyib. Qeyd edək ki, mükafatçılar
arasında "Ədəbiyyat qəzeti"nin
əməkdaşı, istedadlı gənc yazar Sərdar Aminin
də adı var.
Festivalda
xalq yazıçısı Anarın seçilmiş əsərlərinə
çəkdiyi treylerə görə Tural Kərimov birinci yerə,
Müşfiq Xanın kitabına Cavad Nurun rejissoru, Səbuhi
Şahmursoyun ssenari müəllifi olduğu treyler ikinci yerə,
Elvin Paşanın kitabına çəkilən, Sərdar
Aminin rejissoru, ssenari müəllifi olduğu "Almafobiya"
filmi isə 3-cü yerə layiq görülüb.
Bu həftə
həm də məlum oldu ki, "ASAN xidmət"in dəstəyi,
Azərbaycan Beynəlxalq Bankının "ASAN Radio" ilə
birgə tərəfdaşlığı ilə Azərbaycan
Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr
olunmuş media layihəsinə start verilib.
"ASAN Radio"nun məlumatına görə, bu
münasibətlə keçirilən mətbuat konfransında
"100 illik tarix" adlı layihə jurnalistlərə təqdim
olunub.
Uzunmüddətli layihə çərçivəsində
bankın dəstəyi ilə AXC-nin fəaliyyətinə dair
silsilə audio-video materiallar hazırlanacaq. Bu materiallar
"ASAN Radio"nun efirində, Azərbaycan Beynəlxalq
Bankının və "ASAN xidmət"in müxtəlif
sosial şəbəkələrdəki kommunikasiya kanallarında
izləyicilərə təqdim olunacaq. Materiallarda
AXC-nin 23 aylıq fəaliyyətinin ayrı-ayrı məqamları
üzə çıxarılacaq.
Sənədli
materialların, Cümhuriyyət qurumlarının fəaliyyət
göstərdiyi tarixi binaların, muzey eksponatlarının və
s. bələdçiliyi ilə bu materiallar izləyiciləri
100 il əvvəlki tarixi günlərə
səyahətə aparacaq. Materialların hazırlanması
prosesində Rahib Azəri ekspert qismində iştirak edəcək.
Ümumiyyətlə, qeyd edək ki, Respublikamızda FM
radio dalğaları arasında faydalılıq və
informativlik cəhətdən "ASAN Radio"nun adını
xüsusilə vurğulamaq lazımdır. Radio vasitəsilə
təkcə hüquqi bilgilər deyil, hətta düzgün
danışıq tərzi haqqında da dolğun informasiya ala
bilirik. Bir sözlə, zövqlü musiqi
sədaları altında gərəkli bilgilər əldə
etmək olduqca faydalıdır. Ümid
edirəm ki, gələcəkdə ədəbi verilişləri
radio dalğalarından da eşidə biləcəyik. Əlbəttə, ədəbiyyat verilişi dedikdə
beş-altı şairin çağırılıb şeirlərini
dinləmək nəzərdə tutulmur. Dövrün
tələbatına uyğun olaraq operativ, informativ,
zövqlü ədəbi verilişlər hazırlamaq
mümkündür. Hər halda, ümid edək
ki, günlərin birində belə bir xəbərin sədasını
eşidib diksinəcəyik. Sözün
yaxşı mənasında.
Günel EYVAZLI
Ədəbiyyat qəzeti.- 2018.- 6
may.- S.11.