Məti Osmanoğlu: Ədəbiyyat
yaddaş və
düşüncə tipi kimi
"Məti" adının həmişə əfsanəvi
türk kağanı Mete xanın adından
götürüldüyünə inamışam. Buraya
"Osmanoğlu"nu da əlavə edəndə
gözümdə bir əcdad ruhu canlanır.
Biz eloğlu olsaq da, dostluğumuz və
görüşümüz gec baş tutub. Artıq
bir-birimizə elə qaynayıb qarışmışıq
ki, ilk tanışlığımızın tarixçəsi
də yadımda qalmayıb. Və ilk
gündən Mətini peşəkar və istedadlı filoloq
kimi kəşf etdim, sözünü ürəkdən bəynədim
və sevdim. Onunla həmsöhbət olmaq intellektual
istirahətdir: Azərbaycan ədəbiyyatşünaslığının
aktual problemlərindən siyasi-iqtisadi məsələlərə,
məişət qayğılarına qədər hər
mövzuda müzakirə aparmaq olar. Məti nəsil-səcərə
tarixinin qürurlu və etibarlı
daşıyıcısıdır. Onun yaddaş tipi və
müdrikliyi, söyləmə tərzi səni
inandırır ki, o yüz il öncə
baş vermiş hadisələrin ya
iştirakçısı, ya da bilavasitə şahidi olub.
Uşaqlıq-gənclik xatirələrini demirəm - hərəsi
bir hekayədir - sadəcə, yazıya alınması kifayətdir…
M.Hüseynin
"Tərlan" əsərində "nəslinin izini"
tapmışdı: romanda Gülalıoğlunun kolxoza ziyan
vuran - ziyankar şəxs kimi təqdim olunmasını
böyük yazıçıya sevgisinə rəğmən,
heç cürə qəbul edə bilmir. Lap təzəcə
bir misal - Azərbaycan əsilli professor Ali Kafkasiyalının
"Kafkas koçakları"
romanının birnəfəsə oxunmasının və
haqqında "Ədəbiyyat qəzeti"nə məqalə
yazmasının bir səbəbi də qanın səsidir -
roman Şıxlıdan qaçaq kimi ayrılıb Türkiyədə
məskunlaşmış qohumlarının taleyindən bəhs
edir.
Dediyinə görə, orta məktəbdə fizika
ixtisasına hazırlaşırmış. AzTV-nin
"Kitab evi" verlişində bir müsabiqəyə
qatılır. Müsabiqənin qalibi kimi
Osman Sarıvəllidən məktub və kitab bağlaması
alır. Və beləcə, fizikadan
lirikaya keçir, universitetin filologiya fakültəsinə
daxil olur. Ondan bəlkə də fizik olacaqdı
- bilmirəm. Amma çağdaş Azərbaycan
filologiyası Məti Osmanoğlunun timsalında dəyərli
ədəbiyyatşünas qazandı.
Bir çoxları kimi Mətinin bioqrafiyası 1970-80-ci
illər romantik universitet gəncliyinin havasından
formalaşıb, o illərin çoşqun ədəbiyyat mübahisələrinin
iştirakçısı olub. Nazim Hikmət sevgisini
içində yaşadıb.
Yusif Səmədoğlunu kəndə - Sadıxlıya
qonaq aparıb.
Atası Osman kişi ilə
yazıçının unudulmaz görüşünü Məti
Osmanoğlu kövrək bir yazı ilə yad elədi. Maraqlı, etnoqrafik, mənalı yadigar şəkillə
birgə M.Osmanoğlu bu gün, mən deyərdim ki, Y.Səmədoğlu
yaradıcılığının ən yaxşı bilicilərindən
biridir.
Məti
Osmanoğlunun "on barmağında on mərifət var"
- ədəbiyyatşünas, tənqidçi, jurnalist, pedaqoq,
tərcüməçi… Ç.Aytmatovun
"Çingiz xanın "ağ buludu"nu o qədər
gözəl tərcümə edib ki, sanki əsəri
özü yazıb.
Məti Osmanoğlunun yaradıcılığında mənə
yaxın olan bir cəhət də onun ədəbiyyatla
ideologiyanı fərqləndirməsidir. Ədəbiyyatı
(bütövlükdə mədəniyyəti) anlamaq
üçün bu millətin yaradıcılıq məntiqini,
ədəbiyyatını öz məntiqindən
çıxış edib aydınlaşdırmaq istəyidir.
Onun araşdırma metodu materiala sual vermək
bacarığı ilə ölçülür. Məti
Osmanoğlu bu metoda mükəmməl yiyələnib-onun mətnlə
bağlı dəqiq, dərin sualları bilavasitə problemin
mahiyyətinə bağlanır.
M.Osmanoğlunun məqalələrinin, esselərinin
kompozisiyasında bir nəsr harmoniyası var, elmi təhkiyəsində
mütləq nəsrin ritmi gözlənilir. Filoloji məqalədə
təhkiyənin məntiqi epik nəsrin intonasiyasına bərabər
olur, hətta xronoloji prinsipin, filoloji təhlilin üstün
olduğu yazılarında belə, nasir instinkti
özünü göstərir.
M.Osmanoğlunun tədqiqatçı dili təhlil etdiyi
mətnin öz dilindən böyüyür. Bu
qaçhaqaçda, vaxt azlığı içində mətnləri
"yavaş oxuma" istedadına və əxlaqına malik
olan nadir alimlərimizdən biridir. Həm
başqasının, həm də özünün
yazılarına qarşı redaktor diqqətçiliyi var ki,
korrekturadan təhlilin bütün səviyyələrinə qədər
heç nə onun gözündən yayınmır… Onun yazılarında nəinki dil-üslub xətaları,
orfoqrafik nöqsanlar tapa bilmirsən - son dərəcə
mükəmməl yazı mədəniyyətinə malikdir -
o, istənilən mətnin (məqalə, esse, rəy, hekayə,
xatirə…) süjetini-kompoziyasını mühəndis dəqiqliyi
ilə qurur.
X.L.Borxes müsahibələrinin birində tövsiyə
edirdi ki, məqaləni də hekayə kimi yazmaq
lazımdır. Yazılarının akademik siqləti onun
təhkiyəsində qərib bir epik rəng alır. Məti Osmanoğlunun yazacağı məqaləni
bir yazıçı ehtirası və şövqü ilə,
bir hekayə kimi söylədiyinin canlı şahidiyəm.
Elə
buradaca haşiyəyə çıxıram: Məti öz
xatirələrini novellaya, pritçavari hekayətə
çevirməyi bacarır. Onun
yaddaşından xatirələr memuar mətni kimi deyil, milli nəsrin
gözəl örnəyi kimi süzülüb gəlir.
O poeziyanı canı, qanı ilə duyur. Ona görə də
yaddaşının "ekosistemi"ni
poeziya ilə qoruyub saxlayır.
Azərbaycan ədəbiyyatının mahiyyətini
klassik mətnlərin dövriyyəsi kimi müəyyənləşdirir. M.Osmanoğlu ədəbiyyatımıza
özünəməxsus bir mətn bütövlüyü
kimi baxır, hamıya məlum olan ədəbi-bədii
faktı yenidən, unikal mətn fenomeni kimi qavrayır. Mirzə Fətəli Axundzadənin "Hekayəti-Molla
İbrahimxəlil kimyagər" pyesində Hacı Nurunun
açılmamış dəftərindəki mətnini beləcə
dərk edərək oxuyur.
"Rövşənmi, Uruşanmı" adlı məqaləsində
ayrı-ayrı aşıqların oxuduqları "Koroğlu
havaları" üstündə, dastanın Güney
variantlarına istinad edərək Koroğlunun arxetipik
adının Rövşən deyil, Uruşan olduğunu isbat
edir. M.H.Təhmasibdən
üzü bəri folklorşünaslığımızda
artıq möhürlənmiş bir mifologiyanı,
"Rövşən mifi"ni
şübhə altına almış olur: "Dastanda
"Rövşən" nə tip adı, nə də
xarakter və ya fərd adı kimi ciddi əhəmiyyət
daşımır və hər hansı poetik funksiya yerinə
yetirmir". Detalları, faktları konseptual səbrlə,
qayğı ilə seçib əsaslandırır.
O, XX əsrin
əvvəllərinə aid Azərbaycan nəsrinin təhkiyə
sintaksisini bərpa etmişdir. Əslində bu
silsilə məqalələr üslubiyyat, ədəbi dil
tarixi və nəsr poetikası üçün çox qiymətli
araşdırmalarıdır. Belə məlum oldu ki,
neçə nəslin əzbər bildiyi və sevdiyi uşaq şeirləri
K.D.Uşinskinin "Rodnoye slovo" ("Ana
dili") kitabından götürülüb, tərcümə-iqtibaslardır.
"Rodnoye
slovo" - "Dilimizin doğma kitabı", "Vətən
dilindən başlanan yol" və "Bir şeirin əks-sədası"
adlı silsilə məqalələri 20-ci yüzilin əvvəllərində
"Rodnoye slovo" dərsliyindəki mətnlərin Azərbaycan
bədii nəsr təcrübəsində oynadığı
rol haqqındadır və son on ilin ən maraqlı, ən səviyyəli
araşdırmalarıdır. M.Osmanoğlu
yazır ki, "janrın və üslubun bir dildən
başqa dilə transformasiyası baş verməkdə idi (və
ya verirdi). Rus dilindən tərcümə
(və ya iqtibas) edilib, Azərbaycan dilində səsləndirilən
mətnlər bədii sözün gerçəkliyə
münasibətinin, sözlə gerçəklik, mətnlə
onun adresatı arasındakı baxış
bucağının dəyişməsini təmin edirdi".
Həmin silsilədən "Yad et - Azərbaycan
şeirində fransız modası" məqaləsini
götürək. Fərqli poetik ənənədə sınaqdan
keçmiş bir şeirin "janr yaddaşı"nı cəsarətlə ortaya qoyur. A.Şaiqin məşhur "Yad et" rədifli
şeirinin mənşəyi türk (Rəcaizadə Mahmud
Əkrəm), fransız (Alfred Müsse) mənbələrində
axtarılır, Azərbaycan və fransız poetik sistemlərinin
kəsişmə-təmas nöqtələri müəyyən
edilir.
K.D.Uşinskinin "Rodnoye slovo" dərsliyini
"20-ci əsrdə Azərbaycan poeziyasını hərəkətə
gətirən başlanğıclardan biri" hesab edən
M.Osmanoğlu Azərbaycan poeziyasında yeni üslubun təşəkkülünü
rus dilində arxetipik mətinin dilimizin folklor-mifoloji
yaddaşında yenidən dirilməsi kimi təqdim edir.
"Burada obrazın dildən-dilə keçidinin tərzi
Azərbaycan dilinin təbii iqlimində baş verir,
yaradılan obrazı və onu ifadə edən üslubu dil
öz doğma faktı kimi qəbul edir". Və məqaləsini
maraqlı və gözlənilməz "elmi performansla"
tamamlayır: Mirzə Cəlilin "Anamın kitabı"
dramında Zəhrabəyim xanımın ortaya gətirdiyi
kitabın prototipi məhz "Vətən dili" dərsliyi
olmuşdur.
M.Osmanoğlu XX əsr Qərb fəlsəfi-estetik, ədəbi-nəzəri
fikrinə dərindən bələddir. Klassik
Avropa-rus və türk estetik fikrinin əsas nümayəndələrinin
manifestlərini, proqram yazılarını ustalıqla dilimizə
çevirdi və bu yaxınlarda (öz şəxsi
hesabına) nəzəriyyə antologiyasını - müntəxabatı
nəşr elədi. İntellektual səbrin,
ağır zehni zəhmətin nəticəsi olan bu kitab, cəsarətlə
deyərdim ki, filoloji fikrimiz üçün ləyaqətli
bir hadisədir. Firidunbəy Köçərli
demişkən, Məti müəllimin "təhkiyeyi-kəlam"ı
və yüksək nəzəri səviyyəsi bu kitabdakı
tərcümələrdə də özünü göstərir.
Məti Osmanoğlu bir universitet müəllimi və tədqiqatçısı
kimi Azərbaycan filoloji fikrinin problemlərini, ziddiyyətlərini
yaxşı bilir. Ənənəvi mətnlərin tarixi
kontekstini həssaslıqla müəyyənləşdirir.
Təəssüflə qeyd etməliyik ki, bu
gün Azərbaycan universitetlərində filoloji təhsil
mövcud nəzəriyyələri, konsepsiyaları, adları
görməzdən gələrək sanki müasir koordinatlar
sistemindən kənarda fəaliyyət göstərir. Məti Osmanoğlu kimi Qərbi də, Şərqi də
mükəmməl bilən müəllimlərin universitet
auditoriyalarında olması sevindirici haldır.
Məti Osmanoğlu içindəki işıq, mənəvi
güc, dialoq mədəniyyəti, analitik və
yaradıcılıq keyfiyyəti ilə, ədəbi, filoloji
camiədə varlığı ilə mənim kiçik
axtarışlarımı stimullaşdırır. Onun ağıllı,
müdrik baxışlarını həmişə öz
üzərimdə hiss etmişəm - bu məni bir az da ruhlandırır - bu mənada ona ayrıca
təşəkkür düşür…
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2018.- 6 may.- S.12.