Bir damla yaşa dönmək...
Başı
kəsik gözəl kötük,
Bu
dağı sənə kim çəkdi?
Baltanı
sənə kim vurdu,
Bıçağı
sənə kim çəkdi?
(Ramiz Rövşən)
Fuad
Poladovun Hamlet, Şah Qacar, Müsyö İbrahım kimi
obrazlarını səhnədən izləyən
tamaşaçı kimi nədənsə, o mənim
yadımda hansısa kanalda Ramiz Rövşənin
poeziyasından səsləndirdiyi bu şeir parçası ilə
qaldı.
Xəbəri
alan andan da dilimin ucunda, düşüncəmin bir tərəfində
yalnız bu şeir səslənir...
Başı
kəsik gözəl kötük,
Bu
dağı sənə kim çəkdi?
Yenə
itirdik? Son mogikanlardan olan Fuad Poladov da getdi. Ayaq üstə
alqışlayacağımız, təntənə ilə səhnədən
yola salacağımız, barmaqla sananası sənətkarlardan
biri də bu gün gözlərini əbədiyyətə
açdı.
Bu
yaxınlarda onun xatirələrindən ibarət, hələ
çap olunmayan, yenə də Fuad Poladov şəxsiyyətinə
xas prinsipiallıqla çap olunmasını istəməyən
kitabı oxuyub bitirmişdim. Həmin kitabdan sonra bir daha əmin
olmuşdum ki, Fuad Poladov xarakter sahibi olan nadir şəxsiyyət
və böyük aktyordu.
Onun
ölümü gözlənilən idi. Amma xəstəliyinin
bu qədər tez və ani irəliləyəcəyini
düşünməmişdik.
Ömrünün
son günlərini, saatlarını özünə qapanıb
amansız xəstəliyi ilə baş-başa qalaraq taleyi ilə
barışması, xəstəliyinin orqanizmində, zahirində
yaratdığı fəsadları heç kimə göstərməməsi,
yaddaşlarda məhz elə efirdən, səhnədən
gördüyümüz Fuad Poladov kimi qalması onu
gözümüzdə bir az da böyütdü, bir az da
ucalara qaldırdı. Fuad Poladov bu dünyadan sınmadan, əyilmədən
getdi.
O,
böyük aktyor məktəbi keçmiş, Mehdi Məmmədov,
Hökümə Qurbanova, Həsən Turabov kimi sənətkarlarla
çiyin-çiyinə işləmişdi. Çox şeylər
öyrənmişdi, çox şeylər də öyrətmişdi.
Pedaqoji fəaliyyəti zamanı indi üzdə olan bir
çox istedadlı aktyorların müəllimi olmuşdu. Tələbələrinin
hamısı ilə dost münasibətində olmağı
bacaran əsl pedaqoq ömrü yaşamışdı.
Fuad
Poladov heç vaxt çətinliklərini,
ağrı-acılarını dilinə gətirmədi. Xəstəliyinin
gündəmə sızmasını, onun üçün
hansısa yardım göstərilməsini istəmədi. O,
heç vaxt aktyor adından, aktyor sənətindən istifadə
etmədi. Çünki Fuad Poladov həm də səliqəli
aktyor idi.
Onu son dəfə
Akademik Milli Dram Teatrında "Müsyö İbrahim və
Quran çiçəkləri" tamaşasından izləmişdim. Səhnədən obrazının
dilindən dediyi son sözlər bu olmuşdu:
"Ölmürəm, gözəgörünməzə
qovuşuram..."
Sonra...
Sonra isə tamaşaçıların alqışları,
"bravo" sədaları altında səhnəyə
qayıdıb təzim etmiş və səhnəni tərk
edib qara pərdənin arxasında gözəgörünməzə
çevrilmişdi.
Ən
çox sevdiyi şeirlərdən biri də Vaqif Səmədoğlunun
yaradıcılığından idi.
Sevgilim, mən
öləndə,
Bir
küncdə xısın-xısın
Ağlayacaqsanmı
sən?
Kimin
xarabasında
Bir damla
yaşa dönüb
Düşəcəyəm
gözündən?
Böyük
insan, qüdrətli aktyor! İndi sizin səsləndirdiyiniz
şeirin həmin məqamıdır. Sizin üçün
bir küncdə xısın-xısın ağlayanların,
sevgili yox sevgililər olduğunu görürsünüzmü?
İndi milyonlar sizin üçün göz yaşı
axıdır. Hiss edirsinizmi? İndi bütün sənətsevərlər
sizin ölümünüzdən sarsılıb, duyursunuzmu?
Əminəm ki, görürsünüz, hiss edirsiniz.
Təkcə
bu gün yox, çox illər sonra belə siz milyonların
gözündə bir damla yaş kimi qalacaqsınız!
May 2015
Samirə ƏŞRƏF
Ədəbiyyat qəzeti.- 2018.- 6
may.- S.13.