Prof.dr. Okan
Yeşilotun
Azərbaycan sevgisi
Əsası 1985-ci ildən ildə
qoyulan, 1991-ci ildən
isə yeni fəaliyyət mərhələsinə
başlayan Mərmərə
Universitetinin Türkiyyat
Araşdırmaları İnstitutu
Türkiyə Cümhuriyyətinin
sərhədlərindən kənardakı türksoylu
xalqların ədəbi-mədəni,
siyasi, sosial, demoqrafik, iqtisadi durumlarını tədqiq
etmək, eləcə
də bu istiqamətdə mütəxəssislər
yetişdirmək, kadrlar
hazırlamaq
sahəsində mühüm
tədbirlər həyata
keçirmişdir. Fəaliyyət göstərdiyi illər ərzində institut tərəfindən ölkə
və beynəlxalq miqyaslı çox sayda tədbirlər - simpoziumlar, seminarlar, görüşlər, konfranslar
təşkil edilmiş,
məqalələr yazılmış,
kitablar nəşr edilmişdir. İnstitutun
hazırladığı tanıtım
kataloqu bu tədqiqat mərkəzinin
qısa müddət ərzində qazandığı
uğurları geniş əks etdirir. Hazırda bu nüfuzlu
tədqiqat mərkəzinin
müdiri prof.dr.
Okan Yeşilotdur.
Prof.dr. Okan Yeşilot maraqlı, zəngin həyat yolu keçmişdir. Mərmərə
Universitetinin məzunu
(1988-1992) Okan
Yeşilotun
keçmiş Sovet
İttifaqı ərazisindəki
türk xalqlarının
şanlı, qədim
tarixinə, zəngin mədəniyyətinə böyük
marağı və vurğunluğu əvvəlcə onu Bakıya gətirmişdir:
o, 1995-96 illərdə Bakı Dövlət Universitetində
araşdırmalar aparmış,
sonra - 1997-98-illərdə Türk-Qazax
Xoca Əhməd Yasəvi Universitetinin Çimkənd bölümündə
pedaqoji fəaliyyətlə
məşğul olmuşdur.
"Çarlıq dövründə
Azərbaycan tarixi"
mövzusunda tədqiqatlar
aparan O.Yeşilot
Azərbaycanın müstəqillik
illərindən - 1991-ci ildən
sonrakı dövrləri
ilə bağlı da araşdırmalarla
məşğul olmuşdur. Geniş tədqiqat sahəsinə malik olan alim
1999-cu ildə
Mərmərə Universitetinin
Türkiyyat Araşdırmaları
İnstitutunda "Hacı
Zeynalabdin Tağıyevin
həyatı və fəaliyyətləri" mövzusunda
namizədlik,
İstanbul Universitetinin
Sosial Elmlər İnstitutunda
"Həsən Məlik
Zərdabinin həyatı
və fəaliyyətləri"
adlı doktorluq dissertasiyalarını
müdafiə etmiş,
nüfuzlu elmi jurnallara məqalələr yazmışdır.
Çoxşaxəli və məhsuldar
elmi fəaliyyətlə
məşğul olan O.Yeşilotun digər türksoylu xalqların tarixi, mədəni həyatı ilə də bağlı maraqlı tədqiqat əsərləri vardır.
Prof.dr. Okan Yeşilotun "Şahın ölkəsində
rus çarı I Pyotrın İran elçisi Artyom Volınskinin Qafqaz raporu", "Həsən
bəy Zərdabi və onun "Əkinçi" qəzeti",
"Avrasiyanın yüksələn
ulduzu Qazaxıstan",
"Atəş çəmbərində
Azərbaycan" və
digər əsərləri,
eləcə də onun redaktorluğu ilə nəşr olunan "İrəvan türkləri" kitabı
həm elmi dəyəri, sanbalı və aktuallığı
ilə diqqəti çəkir, həm də mədəni irsimizin, tariximizin tanıdılmasına
və təbliğinə
layiqli töhfədir.
Abid Tahirli
Ədəbiyyat qəzeti.- 2018.-
6 may.- S.15.