Harold Pinter (İngiltərə)
Nobel mükafatı
laureatı
Sonra
Sonra. Mən Aya baxdım.
Orda bir dəfə yaşamışdım.
Hətta nəğmə də yadımdadır.
Sonra. Səs yoxdur - burda.
Linoleumda
- Ay.
Uşaq tutqundur.
Sonra. Səs oxudu.
Dal qapını
açdım.
Orda bir dəfə yaşamışdım.
Sonra. Dal qapını açdım.
Və işıq
söndü. Ağaclar öldü.
Linoleum öldü. Sonra.
Sonra. Qaranlıq uçuşur.
Düz qaranlıq.
İndi burda yaşayıram.
1974
Şeir
Və qalan hamı
indi ehtiyatla
dayanmadan güllərə
baxır.
Və qalan hamı
təbəssümsüz
o biriləri xatırlayır.
Bağçada gülənlər
dayanmadan güllərə
baxır
ehtiyatla indi.
Başqalarını xatırlayır
ehtiyatla
gülləri sulayaraq.
Xatırlayır başqalarının üzlərini
xatırlayır başqalarını
bağçalarda.
güllərini sulayaraq
başqalarını xatırlayıb
kim ehtiyatla güllərə baxır?
1974
Paris
Qırışıq pərdə ağarır
Qadın iki addım gəlib fırlanır.
Pərdə tərpənmir, işıq
Onun gözlərində
oynayır.
Bütün lampalar qızıldandır.
Səssizcə əyilir günorta.
O mənim həyatımda rəqs edir.
Şölələnir bəyaz gün.
1975
Bu yeri tanıyıram
Bu yeri tanıyıram.
İstənilən səhvimizi
Düzəldir orda
Ölümlə aramızdakı məsafə
Mənimlə sənin...
1975
Tərcümə etdi: Həmid Piriyev
Ədəbiyyat qəzeti.- 2018.- 6
may.- S.14.