Güzgü
Poemadan parça
Bir yüyənsiz at,
bir paslı qılınc
və havadan asılmış
bir qaragül papağın şəklinə
nə baxırsan, məmləkətim?!
Qürbətdə qalan
bir parça torpağın
yuxusundan as bu şəkli...
Bəlkə
qürbət qoxusundan
diksindi
şəkildəki
yüyənsiz at,
paslı qılınc,
qaragül papaq...
***
Ömür-ömür yollar keçir,
Bəyaz, ağappaq qapıdan.
Hər çiyində dayanan baş,
Keçəmmir papaq qapıdan.
Kələf-kələf aç bu ömrü,
Əriş ömrü, arğac
ömrü,
Fəsil-fəsil ağac ömrü
Boylanır yarpaq qapıdan.
Son nəfəs canda qıvrıldı,
Ömrün kirpiyi qırpıldı.
Başdaşılar daş qıfıldı,
Asılıb torpaq qapıdan.
***
İlxı-ilxı kişnəyirdi
yurd yerləri...
Uzaq qərinələrin yaxasında
üşüyürdü
ərən babaların
mamır basmış
nərələri.
Gavur
"Ocağ"ı tüstülənirdi
qədim Xankəndinin
küçələrində.
Qürbət qoxusu damırdı
Yuxusu qaçmış Qarabağın
gələcərindən...
Qara qarğa kimi düşmən cürəti
Dimdikləyirdi bir ulu həqiqəti.
Əlcə-əlcə əlçimlənirdi
ürəklərin ümid
duyğusu.
Güllə səsləriylə islanırdı
Qarabağ
ellərinin yuxusu...
Təzə qan izini yalayan canavar tək
gavur nəfəsi
dağların, daşların
üzünü yalayırdı.
"Topxana" meşəsinin
hıçqırığı
ağac-ağac, budaq-budaq
yarpaq-yarpaq
sükutu cırnaqlayırdı.
Gözlərdə bulud-bulud buğlanırdı,
Qarabağ intizarı...
Canavar xisləti duman kimi sürünürdü
məmləkətin taleyinə
sarı.
Sərgər-sərgər uzanırdı alınların qırışı...
Heyrətin çatlamış divarları
arasından
damcılayırdı millətin
qan yaddaşı...
***
Ürəklərdə yumruq-yumruq
ovxarlanırdı azadlıq
savaşı...
Yüyənini qıran at kimi
kişnəyirdi qan yaddaşı
Salam, a qan yaddaşımdan,
Dünyaya baxan kişnərti.
Yuxulardan
bulud-bulud
Ömrümə yağan kişnərti.
Yüz arzudan, kamdan keçib,
Elimdən, obamdan keçib,
Atamdan, babamdan keçib,
Qanımda axan kişnərti.
Bu qəmdən qəm yoluna çıx,
Taleyə qəm yolu açıq.
Tökülməyə qanımız çox,
Qəm yemə,
a xan kişnərti.
***
Alışır əcəlin odu,
Yol gəlir
bir qəbrin otu.
Həyat
bir əlçim məktubdu,
Doğru-doğru yalanlara.
Kim qazdı bu qəm
quyusun,
Gözlər dəniz, kirpik yosun.
Ağılardan salam olsun
Qırış-qırış alınlara.
Səbr
tənha göz yaşıdı,
Qəm ürəyin
naxışıdı.
Dünya
özü başdaşıdı
Kəfənsiz dəfn olanlara.
***
Qar yağır...
saçları ağarıb
qış gecəsinin...
Qucub çılpaq dizlərini
yatan
qaçqın uşağın
yuxusuna qar yağır.
Çadır-çadır ürəklərdə
son ümidin qoxusuna qar yağır.
Köç üstündə yol
gedən
xalıların, xalçaların
naxışına qar
yağır.
Acından barmağını sovuran
körpələrin baxışına
qar yağır.
Qar yağır Qədirin səsinə...
Dodaqlarda
çiliklənən
"Qarabağ şikəstəsi"nə
qar yağır...
Babasının qəbrini qucaqlayan
şəhidin
qapanmamış gözlərinə
qar yağır.
Natəvanın, Vaqifin sözlərinə
qar yağır...
Qar yağır ağbirçəklərin
sümük üşüdən
ağılarına.
Qar yağır Kəlbəcər
dağlarına
Dədə Şəmşirin qəbrinə
Dünyanın səbrinə qar yağır.
Ac sərçə kimi xaraba kəndlərdə
çikkildəyən güllələrə,
Əli ətəyindən uzun
kürsülərə, pillələrə
qar yağır...
Neçə-neçə ömürdə
yaşanmamış
aylara, illərə qar yağır.
İçindəki son ümidin küncunə
qısılan qaçqın
uşağı,
nə durmusan başıaşağı?!
Palçığa bulaşmış saçından
soyuqdan çatlamış
dabanınacan hayqır...
***
Dərd
ağacı çiçəkləyib,
Elə bilmə
yazdı, canım.
Göz yaşında üzənlərə
Ümmanlar dayazdı, canım.
Bayquş
qonub gülüm üstə,
Qəm alışır
külüm üstə.
Necə
ölüm, ölüm
üstə
Yaman basabasdı,
canım.
Ah çəkmə, ahsız
dünyada,
Gəl bir yer sər, gözüm
yata.
Sən allah, kəs,
ağlatma ta
Ömrümü su basdı, canım.
***
Boyunda yurdun kədəri,
Çəkilib dara, başdaşı.
Üst-başın çiçək daşqını
Geymisən qara, başdaşı.
Bu dünyada hamı yaddı,
Qəm sənə
baş qoyub yatdı.
Gedənlər gedib qayıtdı,
Gedirsən hara, başdaşı?
Saralıb "dözüm" gülləri,
Ovutmur sözüm
gülləri.
Gəlin-gəlin güzgülərin
Səbrini dara, başdaşı...
Balayar Sadiq
Ədəbiyyat qəzeti.- 2018.- 6 may.- S.19.