Azərbaycan ədəbi fikrində Məhtimqulu
Fəraqi irsinə ilk
müraciətin tarixindən
Azərbaycan-Türkmənistan
ədəbi əlaqələri tarixindən söz açan əksər
tədqiqatçılar türkmən ədəbiyyatının
böyük ustadı Məhtimqulu Fəraqinin ədəbi
irsinin ölkəmizdə
tanıtdırılması, nəşri, tədqiqi məsələlərinə
də toxunmuş, bu yöndə diqqətəlayiq elmi
araşdırmalar aparmışlar.
Azərbaycan
ədəbiyyatşünaslığında Məhtimqulu
yaradıcılığına diqqət yetirilməsi nə
vaxtdan başlanır, bu sahədə ilk təşəbbüs
kimə aiddir?
Elmi-ədəbi
fikirdə üstünlük verilən fikir budur ki, Azərbaycan
ədəbiyyatşünaslığında Məhtimqulu Fəraqi
haqqında ilk yazı fədakar tədqiqatçı Salman
Mümtazın "Maarif və mədəniyyət" (indiki
"Azərbaycan") jurnalının 1923-cü ildəki
8-9-cu sayında dərc
olunmuş "Türkmən
şairləri" məqaləsidir.
Türkmən ədəbiyyatı ilə oxucuları tanış etmək məqsədi
daşıyan həmin məqalədə yığcam qeydlərdən
sonra Məhtimqulu ilə Durdu Şeyxin on iki bəndlik
deyişməsi də verilmişdir. Haşiyə
çıxaraq deyək ki, "Maarif və mədəniyyət"in
1927-ci ildəki 3-cü sayında
tədqiqatçı Həsən Sadiqinin "Məxtumqulu
qoşquları" adlı yazısı da bu sahədə ilk
addımlardandır...
Ədəbiyyatşünas
Nəcəf Nəcəfovun
"Salman Mümtazın ədəbi və elmi fəaliyyəti"
kitabındakı bir başqa məlumat da (Bakı: Maarif, 1987,
s.60) bu baxımdan diqqəti çəkir: "Türkmən
şairlərindən Azərbaycanla ən çox
bağlı olanı Maxtumquludur... Hələ
inqilabdan əvvəl Y.V.Çəmənzəminli onun bir
neçə şeirini mətbuatda vermişdir". Lakin kitab müəllifi Yusif Vəzir Çəmənzəminlinin
bu şeirləri hansı mətbuat orqanında və nə
vaxt dərc etdirməsini bildirməmişdir.
Əvəzində
isə ustad ədəbiyyatşünas, akademik Kamal Talıbzadənin
"XX əsr Azərbaycan tənqidi" adlı fundamental
monoqrafiyasındakı bir cümlə (Bakı: Azərb. EA nəşriyyatı,
1966, s.515)
mövzumuzla bağlı dəqiq məlumat verir:
"Seyid Hüseyn məşhur
türkmən şairi Məhtimqulunun əsərlərini Azərbaycan
mətbuatında ilk dəfə
nəşr edərək onun yaradıcılığına
maraq göstərmiş,...".
Səhifəaltı qeyddə mənbə də nəzərə
çatdırılır: "İqbal" qəzeti, 18 iyun
1913, ¹ 388.
K.Talıbzadə yalnız bu bir cümlə ilə kifayətlənmiş,
Seyid Hüseynin həmin təşəbbüsünə aid qəzet
materialını təhlil etməmişdir. O vaxtdan ötən yarım
əsrdən artıq müddət ərzində
respublikamızda Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinə
dair tədqiqatlarda bu məlumat, demək olar ki, diqqəti
çəkməmiş, əksər ədəbiyyatşünaslar
Azərbaycan məhtimquluşünaslığının start
nöqtəsini Salman Mümtazın yuxarıda adı çəkilən
məqaləsi ilə bağlamışlar.
Haşiyə
çıxaraq bildirək ki, 2008-ci ildən etibarən
Türkmənistanda, Azərbaycanda və Türkiyədə nəşr
olunmuş bəzi yazılarımızda Məhtimqulu Fəraqinin
yaradıcılığına mətbuatımızda
müraciətin tarixini işıqlandırmağa
çalışmış, xüsusən "Azərbaycan"
jurnalının bu sahədə roluna diqqət yetirmişik. Həmçinin
qısaca qeyd etmişdik ki, "məşhur tənqidçi
Seyid Hüseyn Kazımoğlu hələ 1913-cü ildə
Bakıda çıxan "İqbal" qəzetinin səhifələrində
onun əsərlərindən nümunələri oxuculara
çatdırmışdı" (bax: H.Həşimli. Azərbaycan ədəbi mühiti və türk
dünyası. Bakı: Mütərcim, 2009, s.14;
H.Haşimli. Türk halklarının edebiyat ilişkilerine dair
araştırmalar. Ankara: Kültür ajans yayınları,
2009, s.12; H.Həşimli. Azərbaycan ədəbi
mətbuatı və türkmən klassik poeziyası.
"Filologiya məsələləri", 2012, ¹ 3 və s.) Lakin
biz də Seyid Hüseynin "İqbal"dakı
yazısını indiyədək
araşdırmamışıq.
Bu məqaləmizdə məşhur tənqidçi
Seyid Hüseynin hazırlayıb "İqbal" qəzetində
oxuculara çatdırdığı "Maxdumqulu"
başlıqlı materialı ilk dəfə tədqiqata cəlb
edəcəyik. Həmin yazı "İqbal" qəzetinin 18 iyun 1913-cü il tarixli 388-ci
sayının 3-cü səhifəsində "Kazımoğlu" imzasıyla verilib.
Materialla tanışlıq göstərir ki, Seyid
Hüseyn türkmən şairinin ədəbi şəxsiyyətinə
və yaradıcılığına o qədər də bələd
deyil. Onun şeirlərini oxumuş, bəyənmiş
və bəzi nümunələrlə mətbuatda ədəbi
ictimaiyyəti də tanış etmək
istəmişdir. Kazımoğlu yazırdı:
"...Türkman obaları arasında çıxmış və
tərcümeyi-halı, tarixi-zühuru məəttəəssüf
bizcə məlum olmayan bu türk şairinin əlimizə
keçmiş şeirlərindən nümunə olmaq
üçün bir neçəsini möhtərəm
"İqbal"ın sütunlarında dərc etməklə
bu türk şairinin barəsində məlumatı olanlardan
bildiklərini bəyan eyləmələri rica olunur". Bunun
ardınca isə qəzetdə Maxdumqulunun
aşağıdakı üç şeiri verilmişdir:
Bilinməz
Dərdim
bardır, diyarimdin, dövrümdin,
Xeyir qapısı, ehsan qapısı bilinməz.
Cahillərin
cəfasindin, cövrindin
İslam qapısı, iman qapısı bilinməz.
Söhbətində
həqq kəlamın söyləyən yox,
Məclisində bir nəsihət edən yox.
Halal
qapısı, haram qapısı sayılan yox,
Sud qapısıdır, ziyan qapısı, bilinməz.
Xəlayiqdə
görəldə yox, görüm yox,
Baylarında səxavət yox, verim yox.
Əyallarda
oyat, qızlarda şərm yox,
Ədəb qapısı, ərkan qapısı bilinməz.
Kişi
malına quvanıb göz aldurarlar,
Təəssüb
edib könlünə genə doldurarlar,
Bir-birini
nahaqq yerə öldürərlər,
Nürbət qapısı, aman qapısı bilinməz.
Maxdumqulu,
can mehmandır güdən leş,
Yaxşı
dost köp,
yaman bulsan, yox qardaş.
Bir əyyamdır,
baş ayaqdır, ayaq baş,
Yaxşı qapısı, yaman qapısı bilinməz.
1. Oyat - həya
2. Nürbət - ədalət
Ögüd
Adam
bulsan, qulaq birgil ögüdə,
Mollalar yanıda söhbət yaxşıdır.
Ataran-çaparan
alunur yigitdə,
Yeri gilsə, bir mürüvvət yaxşıdır.
Yoldaş
bolub oturmagil fis bilə,
Ol nəcisdir, beynin dolar pis ilə.
Gövhər
daşın yüzük etsən mis bilə,
Qiyməti əksilmaz, hörmət yaxşıdır.
Qəsd
etmagil, zinhar, yedigin nana,
Könlün xeyrə bağla, sidqin imana.
Heç
azar birmagil sən bir insana,
Oğru ərdən bir doğru it yaxşıdır.
Ol adam bu dünyağa gilmasa,
Gilandan
son duran sorsa, olmasa,
Əldən
gilan yaxşı işin bulmasa,
Könlün içrə yaxşı niyyət
yaxşıdır.
Yaxşılıq
Yaxşı
sözdən yarır cahan,
Yaxşı bilən, qardaş bolan.
Qaçıb
qurtulmağa unar,
Yaman bilən, yoldaş bolan.
Dünyanın
sonu ötmakdır,
Murad bunda
iş bitmakdır.
Dəmbədəm
qüssə butmaqdır,
Bir yaman qonşa duş bulan.
Hər
yaman söz yürək bolar,
Yaxşını aləm arzular.
Yaddin
çıxmaz, kömək qılar,
Bireyden könlü xoş bulan".
Yuxarıdakı qeydlərdən göründüyü
kimi, Kazımoğlu türkmən şairi Məhtimqulu
haqqında geniş məlumata malik olmadığını
bildirmişdir.
Maraqlıdır ki, "İqbal" redaksiyası məsələyə
operativ münasibət
bəsləyərək elə qəzetin həmin
sayında, Məhtimqulunun şeirlərinin ardınca
aşağıdakı qeydləri verməklə
oxucularını türkmənlərin milli şairinin irsi ilə tanış
olmağa istiqamətləndirmiş, bu məqsədlə Həştərxanda
nəşr olunmuş kitabı xatırlatmışdır:
"İdarədən:
Türkman
şüərasından olan şairi-milli Maxdumqulu cənablarinin
bundan yüz sənə əvvəl
təlif etdiyi bütün asari-şeiriyyəsi
"Divani-Maxdumqulu"
ünvanı ilə Hacı
Tərxanlı Molla Əbdürrəhman Niyazi həzrətləri
tərəfindən toplanıb
(təlfif edilib) böyük bir məcmuədə Maxdumqulunun tərcümeyi-halı və
həyatı haqqında müfəssəlcə məlumat
verilmiş olduğu kimi, asari-şeiriyyəsi haqqında da bəzi
məlumat vardır.
İştə Maxdumqulu həzrətləri haqqında
bir fikir edilmək və məlumat istehsal etmək istəyənlərə
şu məcmuəni mütaliə etmələri tövsiyə
olunur. Məcmuənin sahibi mumileyh Molla Niyazi həzrətləri
olub, Hacı Tərxanın "Ə.Ömərov və
şürəkasının ticarətxana mətbəəsi"ndə
təb etdirmişdir. Arzu edənlər Hacı Tərxanda
iştə şu mətbəəyə və yaxud Molla Niyazi əfəndiyə
müraciət etməlidirlər".
Redaksiya
qeydində on səkkizinci əsr şairi Məhtimqulu haqqındakı "yüz
sənə bundan əvvəl" qeydini yuvarlaq rəqəm
kimi qəbul etmək lazım gəlir...
Təsəvvür tamlığı üçün
Seyid Hüseyn Kazımoğlunun "İqbal" qəzetində
dərc etdirdiyi Məhtumqulu şeirlərini "Mahtumqulu
Firaqinin kamil divanı" (çapa hazırlayan Orazpolat
Ekayev-Baharlı, Aşqabat, 2014) adlı təkmil nəşrdəki
mətnlərlə tutuşdurduq, bir sıra fərqlərin
varlığı ortaya çıxdı.
Məsələn,
"İqbal" qəzetindəki "Bilinməz"
adlı ilk nümunə "İhsan kaysı bilinmez" adıyla
verilib (s.260-261). Rədifli misralardakı "kaysı"
sözünü Kazımoğlu "qapısı" kimi
vermişdir: Xeyir qapısı, ehsan qapısı bilinməz və
s. Bu isə şeirin heca ölçüsünün
pozulmasına gətirib çıxarmışdır.
İkinci bəndin misralarında "yox" rədifindən əvvəl
şeirin orijinalında söylən, eylən, saylan qafiyələri
var. Kazımoğlu bunları
söyləyən, edən, sayılan kimi müəyyən
dəyişiklikə verib.Bəzi digər fərqlər də
var.
Məhtumqulunun "İqbal"dakı "Ögüd" şeiri "Kamil divan"da "Söhbət yaxşıdır" adlandırılıb (s.228-229). Həmin şeirin aşağıdakı son bəndinə "İqbal"da rast gəlmirik:
Maqtımquli, niçik geçer ruzugar,
Haka
şükr et, barma, namarda, zinhar,
Yok
dövletden yegdir, bolsa bir hünar
Min
hünarden zerre dövlet yagşıdır!
Kazımoğlunun
"Yaxşılıq" adıyla təqdim etdiyi
üçbəndlik şeir
"Mahtumqulu Firaqinin kamil divanı"nda "Yoldaş bolan" adıyla
verilmişdir və beş bənddən ibarətdir (s.329). Kazımoğlu nəşrində sonuncu iki bənd
yoxdur. Digər bəndlərdə isə bəzi
fərqlər qeydə alınır. Məsələn,
Kazımoğlunun "Yaxşı sözdən yarır
cahan" kimi verdiyi ilk misra "Mahtumqulu Fəraqinin kamil
divanı"nda
"Her bir sözi cana yarar" şəklindədir
və s. Kazımoğlunun
təqdim etdiyi nümunələrdə bəzi fonetik, qrammatik
fərqlər də nəzərə çarpır. Məsələn,
gələndən əvəzinə gilandan, yaxud diyarımdan, dövrümdən əvəzinə diyarimdin,
dövrümdin verilməsi bu qəbildəndir. Qeyd edək ki,
Məhtumqulunun əsərlərinin Türkmənistandakı nəşrlərində bu sözlər gelenden,
diyarımdan, dövrümden şəklində verilib...
Bütün bunlarla birlikdə məşhur tənqidçi
Seyid Hüseyn Kazımoğlunun 1913-cü ildə
"İqbal" qəzetində dərc etdirdiyi
"Maxdumqulu" başlıqlı material türkmən
şairinin ədəbi irsinə Azərbaycan ədəbiyyatşünaslığının
ilk müraciəti kimi özünəməxsus əhəmiyyət
daşıyır.
Son olaraq
onu da deyək ki, Seyid Hüseynin türkmən şairi Məhtimqulu
irsinə
marağı ötəri xarakter
daşımayıb. Təsadüfi deyil ki, o,
"İqbal"dakı yazısından bir il əvvəl,
sürgündə olan yaxın dostu, şair Əlipaşa Səbur
Hüseynzadəyə göndərdiyi 21 mart 1912-ci il tarixli məktubunda
həmdərdindən ayrı düşməsinin
yaratdığı kədərli ovqatdan söz açarkən
münasib bədii parça kimi Cəlaləddin Ruminin fikirləri
ilə yanaşı,
Məhtimqulunun
misralarına da istinad etmişdir. Məktubda oxuyuruq:
"...Türkmənin ən dəhşətli və
qumsal çöllərindəki obalar arasında zühur
etmiş Məhtumqulu adlı bir türk bu yolda deyir ki:
Gərçi
əvət yaksalar aşiqi-yağindəmi,
Ölüm
asand olur dust fərağindəmi,
Hicran məni qoydu səbr dağindəmi?!"
(Mənbə: Aydın Hüseynzadə. Romantik şair Əlipaşa Səbur. Bakı: Boz oğuz, 2000, s.139).
Hüseyn
HƏŞİMLİ
Ədəbiyyat qəzeti.- 2018.- 6 may.- S.18.