Gəl gedək darıxmağa
Daha səsimdən tanımır
Tanış adamlar.
Boynuna xaç asıb ölür
Cavabsız suallar..
Sındırıb geyirəm əynimə
Tapmaca qapıları.
Qovuram otağımdan
Yalançı tanrıları...
Boğazım sancı çəkir
Bir ahı da doğmağa!
Oğurlayaq özümüzü
Gəl gedək darıxmağa!
Mən
Özümü sevmədim ki...
vaxtımmı vardı
buna?!.
Axıtdım göz yaşlarımı
vaxt adlı bir zamana...
Yığıb gətirdim köçümü,
Kim axtara, kim
tapa...
Unuda-unuda
məni,
Sevgi məktubu yaza...
Qapını çırpa üzümə,
biryolluq çıxıb
gedə..
Gedə...
nəsə xatırlayıb
geri qayıda bilə.
Yaxın,
tanış bir gecədi.
Qoy bir etiraf edim.
Mən özümü sevmədim
ki,
Bundan sonra da... çətin!
Məktub
Bu məktubu da yazım,
Bunu da deyim, gedim...
Oxu, sonra da yandır,
Tapılmasın bir tikəm..
Uçurummu qorxutdu,
Həsrətmi üzdü səni...
Yel əsdi, dolu yağdı,
Yaraladı kölgəni.
Sındı şümşad barmağı,
Kimsəsiz pianonun..
Dayan, bir çətir götür,
Sərt
deyirlər havanı...
Bu gecə yenə təzyiq...
Nəbzim
də ki, yüzəcən...
Bir yol gəlir birbaşa,
O arzudan sizəcən...
Yağış da yağdı,
kəsdi,
Yaz da, yay da ötüşdü.
O vaxtdan bağlı qalıb,
Ev poçtumun qutusu…
Darıxdım, çıxdım çölə,
Gələn poçtalyondumu?..
Bu məktubu da yazım,
Sözümüz söz...
Oldumu?!.
Apar bu gecəni
Apar, sənin olsun, bu gecəni də,
Doğra Ayı da tök,
bəzə üstünü.
Yarımcan arzular, yetim istəklər
Neynək, qoy dayansın mənim qəsdimə.
Silahlı gəlmişdi hava
da bizə,
Əlində dolusu, qarı, yağışı.
Çətini çətinə öyrəşincədi,
Asandı ötürmək sonra bu qışı.
Bax, yenə deyəsən qapım döyülür,
Taybatay açıram
üzü qibləyə.
Göylərin şah taxtı
sökülüb gedir,
Ləli-cəvahirat tökülür yerə.
Apar sənin olsun bu gecəni də...
Ruhtək gey əyninə kağız qələmi.
Yenəmi
ürəyin məni istəyir,
Ağlın başqa səmtə çəkir yenəmi?!
Payız təntənəsi
Həyətdəki balaca gölməçədə
can verir yay...
Buludlar çiynində
mafə daşıyır.
Uduzur yenə də ayrılıqlara,
Ah, o sevgili qız...
sənin yaşıdın!..
Bəlkə sən duymadın
eşq təntənəsi,
ayrılıq əzabı,
can təlaşını...
Nə bilim, deyirlər lap uzaqlarda,
Kimsə
qarışdırır sənin
başını...
Mənsə...
Mənsə inanmıram...
Eh, ölüm olsun...
Məni
diriltsə bu ölüm dirildər!
Sonra yenə köhnə dedi-qodular...
Soyuq əlvidalar... sərt etiraflar...
Bir dəli leysan da başlayar, bitər...
***
Payızı mənə haram
edən biri var
Gələr... gəlməz...
sevər... sevməz,
nə bilim!
Çiçək kimi solub gedir
ürəyim.
Alar... almaz... bölər... bölməz,
nə bilim!
Gedirəm ki, bəlkə
görüb qayıda,
İtirmişəm haqq-hesabda sayı
da,
Yola verdik bax beləcə yayı da.
dönər... dönməz...
bilər... bilməz,
nə bilim!
Qadam dəysin ürəyinə
zalımın,
Yeksan qoydu əhvalımı, halımı...
Mən sevmişdim o haşimi xalını,
görər-görməz! ölər... ölməz,
o da mənsiz
nə bilim!
Məni sev...sev...adam!
Məni
vaxtında ağla,
Məni
vaxtında sev, adam.
Heyif, vaxtdan əvvəl tapıb,
Vaxtsız itirən div adam...
Saat da tərsə qurulub,
Sabah zəngi gecə
çalır.
Onsuz da gedənlər gedir.
Qalanlar da ölü qalır...
Dillənmir budaqda yuva,
Hopmur su səsi torpağa.
Gecələr şeh gəlib düşmür.
Gündüz yad olan yarpağa...
Mənə vaxtında yuva qur,
Məni
özündə sev, adam.
A "Şəbi-hicran" oxuyan,
Ay dəli-divanə adam!
Belə yara bağlanmaz
Keçim oturum başda,
sən də yanımda otur.
Bu gedən kimdi belə,
bir az sənə oxşayır...
Bir az da ayrılığa
üzünün cizgiləri.
Bax gör kimi göstərir
bəxtinin güzgüləri...
Ara-sıra səs gəlir
qəlbinin arasından.
Ləkələnir bəbəyi
bilən yox çarəsi nə!
Ağappaq gecələrin,
Rəsmini çəkmək olmaz.
Ay həkim, insaf elə
Belə
dərd tikmək olmaz...
Belə
yara bağlanmaz
Belə
iş olmaz, həkim!
Bir az sevgi
qoy bağla,
Dünya
dağılmaz,həkim!
***
Yenə
sükut, yenə ağrı,
Çətin keçdi bu gecə.
Təzə oyun oynadıq,
Yenə
olduq heç-heçə!
Yenə
xoşbəxt adamlar,
Çıxıb getdi sabaha..
Bir sel gəldi… sel e sel,
Mən qaldığım otağa..
Pəncərəmdə
ahlarım,
Gözümdə yaş qurudu.
Yenə
barama qurdu,
Yarımçıq sap sarıdı..
Zarıdı divarlarım,
Çat
verdi ağrılardan..
Gecə
qan kimi çıxdı,
Qoyduğum sarğılardan!
Yanımda kimsə yoxdu,
Yadıma heç nə düşmür.
Bir az səsim
dəyişib,
Başqa
heç nə dəyişmir!
Pozuldu sətir-sətir,
Alnımın möhür yeri.
Yuyub sərdim üstümə
Yepyekə dənizləri...
Şahnaz ŞAHİN
Ədəbiyyat qəzeti.- 2018.- 6
may.- S.25.