Azərbaycan şeirinin qərib səhifələri
III məqalə
Əvvəli ötən
saylarımızda
3. Xorasanlı Xoca Dehhani
Dehhani ilə əlaqəli araşdırmalarda diqqətimizi
cəlb edən bir cəhət, demək olar ki, bütün tədqiqatçıların
onun bir qəsidəsi əsasında məmduhu və
özünün yaşadığı dövrü müəyyənləşdirmə
cəhdidir. Məsələnin
maraq və təəccüb doğuran tərəflərindən
biri Dehhaninin həmin şeirinin yer aldığı mənbədə
- Ömər bin Məzidin "Məcmüətün-nəzair"ində
Əhmədinin dörd, Əhmədi-Dainin isə bir prototip
şeirinə Dehhaninin eyni janrlarda cavab verməsinin onillər
boyunca nəzərə alınmamasıdır. Bu
ədəbi əlaqələrin tədqiqata cəlb edilərək
dəyərləndirilməsini öncə dilçi alim
Günay Kut, daha sonra Dehhani divanının tərtibçiləri
Ersen Ersoy və Ümran Ayın araşdırmalarında
gördük. G.Kut tamamilə doğru
olaraq, bu nəzirələr məcmuəsində Dehhani və
Əhmədinin (ö. 1412) qarşılıqlı nəzirələrinin
və Əhmədi-Dainin (ö. 1421-dən sonra) bir şeirinə
Əhmədi və Dehhaninin nəzirə qəzəllərinin
yer alması əsasında bu şairlərin bir-biriləri ilə
çağdaş olduqlarını bildirir. Təsəvvür aydınlığı
üçün iki beytə nəzər salaq. Əhmədi-Dai:
Sağışsuz
həmd ilə şükr ol yaratqan Haq-təalaya
Ki, xəlq üstinə rəhmətdən
bıraxdı uş yeni sayə.
Dehhani:
Boyun cənnətdə
Tubiyə əgər salmazısa sayə,
Kim anı cənnət əhlindən nəzərdə
bir çöpə saya.
Qeyd etməliyik ki, Dehhaninin Əhmədi-Daiyə nəzirəsi
sıralamada Nəsimidən sonra verilmişdir. Bu kiçik
fakt da Dehhaninin Nəsimidən çox öncə
yaşamış bir şair olmadığı, əksinə,
onların çağdaş olması düşüncəsinə
yönəldir.
Məcmuədə
"Mövlana Əhmədi rast" ("Mövlana Əhmədinindir")
başlığı ilə verilən bir qəsidənin məqtə
beytində Əmir Süleymanın adı yad olunur:
Səhər
yeli ki canlar hüdhüdisin, bu qarıncadan
Yer öp, görsən Süleymanı - zəmanə
miri Sülmanı.
Dehhaninin
bu qəsidəyə nəzirəsi:
Zəhi
dövlət ki, gözlərüm yüzündən oldı
nurani,
Visalün
lutf idüb savdı başumdan gerü hicrani,
- beyti ilə başlayır. Bu qəsidə tədqiqatlarda
şairin ən çox istinad olunan, Səlcuqi və ya Qaramanlı Əlaəddin bəylərdən
birinə ünvanlandığı iddia edilən əsəridir.
Nəzirə qəsidədə də iki dəfə
Süleyman adının yer almasına isə indiyədək
diqqət edilməmişdir. Şeirdə: "Bihəmdillah
ki, mədhini bu gün hər məclis içində // Dəhanından
dürrü gövhər dökər sözilə Dəhhani",
- deməsindən onun qəsidəni həsr etdiyi
hökmdarın saray şairi olması, onu hər məclisdə
vəsf etməsi məlum olur. Şairin iki dəfə Süleyman adını çəkərək,
təlmih vasitəsilə Süleyman peyğəmbərlə
Əmir Süleyman adı arasında fikri əlaqə
qurması da tədqiqatçıların nəzərindən
yayınmışdır: "Süleyman ruhı şad
oldı ki, fitnə divini bəndə // Bıraxuban bəzəmişsin
Süleyman bigi dövrani". Digər bir beytdə
isə Dehhani şeirin qafiyə sözləri arasında
"Süleymani" ifadəsinə də yer verir. Odur
ki, orta çağ şeirinin bədii məntiqindən
çıxış edərək, bu işarələri təsadüfi
deyil, şairin məmduhunun adına eyham
kimi qəbul etmək lazım gəlir.
Hər
iki şairin prototip və nəzirəsini ortaq nöqtəyə
gətirən maraqlı cəhətlərdən biri Əmir
Süleymanın adının qafiyə məqamına gətirilərək,
qafiyə sözlərinin Süleyman adına uyğun
seçilməsidir: "dövranı",
"bustanı", "ümmanı", "kanı" və
s. Əhmədinin məmduhuna rəğbətini bu şəkildə
ifadəsini onun digər şeirlərində də
müşahidə etdik. O,
"Fi qafiyətis-sin dər mədhi-Əmir Sülman"
("Əmir Süleymanın mədhində "sin" qafiyəli
(şeir)") adlı qəsidəsinin rədifini də
Süleymanın adının baş hərfinə uyğun
seçmişdir: "nərgis".
Əhmədinin
Əmir Süleymana digər bir mədhiyyəsinin qafiyə
sistemi ("Fi mədhi-Əmir Səlami (Əmir
Süleymanı nəzərdə tutması bu beytdən
aydın olur: "Ol ki derlər Mir Sülman İbni-Sultan Bayəzid
// İbni-Qazi xan Murad ibni-Məlik Orxan ana")) də
Süleymana həmqafiyə sözlər üzərində
qurulmuşdur: "rizvan", Rəhman, İmran, Kənan və
b.
Bu
baxımdan Dehhaninin məmduhunun Qaramanlı hökmdarı
Əlaəddinin ola bilməyəcəyini
söyləyə bilərik. Çünki onun
öz məmduhuna orijinal deyil, başqa bir hökmdara
yazılmış şeirə nəzirəni təqdim edəcəyi
ağlabatan görünmür. Doğrudur, istisna kimi Şeyxinin Əhmədinin
bəhsini etdiyimiz qəsidəsinə yazdığı eyni
qafiyəli nəzirə qəzəlini Məhəmməd xana
ünvanladığını xatırlada bilərik: "Məhəmməd
şəh ki, şadandır, rəvani-Bayəzid xandır //
Muradın verdi Orxanın ki, yapdı mülki-Osmanı".
Amma bu şeirlərin - istər prototipin (Əhmədinin qəsidəsi),
istərsə də nəzirənin (Şeyxinin qəzəl qəlibində
yazdığı mədh) Osmanlı şahzadələrinə
ünvanlanmışdır: Əhmədi qəsidəsində
Əmir Süleymanı, Şeyxi isə qəzəlində Məhəmməd
xanı mədh edirlər. Bu mənada Dehhaninin nəzirə
qəsidəsini Osmanlı bəyliyinə rəqib dövlətin
hökmdarına - Qaraman bəyi Əlaəddinə Əliyə
(ö.1398)) təqdim etdiyi inandırıcı
görünmür.
Bu kimi birbaşa və ya dolayısı ilə dəlillər
Dehhaninin Səlcuqi və ya Qaramanlı deyil, Osmanlı bəyliyi
ilə əlaqəsinin, xüsusilə Əmir
Süleymanın sarayı ilə
bağlılığının olması ehtimalını
qüvvətləndirir. Ehtimalımızı onun Həlimiyə
yazdığı nəzirə də dolayısı ilə təsdiqləyir.
Əyridirli Hacı Kamalın "Məcmüətün-nəzair"
toplusunda Dehhaninin Məhəmməd xanın təbəələrindən
olan Həlimi təxəllüslü bir şairin şeirinə ("Min kəlami
Həlimi öhdeyi-Məhəmməd xan") nəzirəsi
verilmişdir. İndiyədək bu maraqlı məqam
da tədqiqatçıların nəzərindən
qaçmışdır.
Təkcə
Ömər bin Məzidin "Məcmuatün-nəzair" nəzirələr
toplusunda deyil, digər orta çağ qaynaqlarında da bu
şairlərin adı birlikdə yad olunur. Xətiboğlu "Lətayifnamə"sində
(1414) Əhmədi, Şeyxoğlu və Dehhanini daim birlikdə
xatırlayır, bu şairləri görmədiyini, amma
onların hər birinin sözün şahı
olduqlarını təkrarlayır (V.Sevinçli. Hatiboğlu. Letayifname.
İstanbul: Töre Yayın Grubu, 2007, s. 407). Bu mənada Xoca
Dehhani divanının əldə olunduğu "Məcmueyi-dəvavin"də
Əhmədi və Əhmədi-Dainin divanlarının da yer
alması (bax: Ersen Ersoy - Ümran Ay. Hoca Dehhani Hakkında Yeni
Bilgiler, s. 7-8) təsadüfi sayılmamalıdır.
Dehhani və Əhmədinin bədii
yaradıcılığında bir-biri ilə səsləşən,
prototip, nəzirə və cavab xarakterli şeirlər
sözün həqiqi anlamında poetik sənət
yarışı təsiri bağışlayır və bəzi
işarələri ehtivası ilə həmin şeirlər
onların təbiətinin xarakterik cizgilərini
açıqlayan məqamlara da malikdir. Nümunələrə
nəzər salaq. Əhmədinin
xatırlatdığımız eyniqafiyəli iki qəsidə
və bir qəzəlinə analoji janrlarda (bir qəsidə və
bir qəzəl) ayrı-ayrılıqda eyni qafiyə ilə nəzirə
yazan Dehhani əslində bərabər səviyyədə
şairlik istedadına malik olduğunu nümayiş etdirmək
istəmişdir. Orta çağda Ömər bin Məzidin, bu gün isə
bizim "nəzirə"
adlandırdığımız şeirlərini Dehhaninin nəzirə və ya kimin
isə şeirini örnək götürmə deyil, cavab
olaraq yazması onun "Düşməsün" rədifli
şeirindən məlum olur:
Dehhani ləlün
vəsfinə dür dökdi,
gəlsün Əhmədi,
Alsun cəvabın şerinün, ayrux xəyalə
düşməsün.
Dehhaninin bu beytindən onlar arasında söz sənətkarlığı
sahəsində yarışma və üstünlük
iddiasının yuxarıda bəhsini etdiyimiz qəsidə və
ya eyniqafiyəli qəzəllərlə
hüdudlanmadığı görünür. Mübahisə
onların "Düşməsin" rədifli şeirlərində
də davam etməkdədir. Belə ki, Dehhaninin
yuxarıdakı misraları Əhmədinin fəxriyyə səciyyəli məqtə
beytinə ("Əhmədinün sözlərin eşidə
nəfsi-natiqə // Der kim bu söylərkən dəxi kimsə
məqalə düşməsün") cavab olaraq
verilmişdir. Bununla da kifayətlənməyən Dehhani:
Söziylə
tuti gibi nitq açarsa Dehhani,
Dilini
bağlasa, Şeyxoğlı Mustafaya düşər,
- beytini söyləyərək, ona təkcə
Əhmədinin deyil, Şeyxoğlunun da cavab vermək
iqtidarında olmadığını vurğulayır.
Bu
şeirlər arasında sadəcə nəzirə-prototip
münasibəti yoxdur, bu əsərlər həm də iki tanış, bəlkə də dost
insanların - Dehhani ilə Əhmədinin bir-birilə
şeirləşmə və deyişməsidir. İlk dəfə olaraq, digər şeirlərlə
müqayisəli təhlilə cəlb etdiyimiz "Düşməsin"
rədifli qəzəllər, tədqiqatçıların da
qeyd etdiyi kimi, sənəd xarakterlidir ("belge niteliğinde
olan "Düşmesün" redifli gazel" (Ersen Ersoy -
Ümran Ay. Hoca Dehhani Hakkında Yeni
Bilgiler, s.9)) və bu iki şairin canlı ünsiyyətini təsdiqləyir.
Yeri gəlmişkən, Dehhaninin "Düşməsün"
rədifli qəzəlinin bəzi nəşr və tədqiqlərdə
Əhmədinin adına qeyd olmasını
da xatırlatmalıyıq. Bu əsasda tədqiqatçı
alim Yaşar Akdoğan Əhmədinin tənqid etdiyi şairlər
sırasında Dehhaninin də adını çəkir.
(bax: Y.Akdoğan. Ahmedi Divanı'ndan
Seçmeler, Ankara: Kültür ve Turizm Bakanlığı
Yayınları, 1988, s. 29)
Əslində
Əhmədi və Dehhaninin divanlarında eyni struktura malik əsərlər
az deyildir. Eyni dövrdə
yazılan və tarixinin müəyyənləşdirilməsi
mümkün olmayan, lakin aralarında prototip-nəzirə
münasibətləri olması aşkar görünən daha
bir neçə şeirin varlığı onların sıx ədəbi
əlaqəsindən soraq verir.
(bu barədə ətraflı məlumat
üçün bax: Ersen Ersoy - Ümran Ay. Hoca Dehhani
Hakkında Yeni Bilgiler, s. 10-11)
Əhmədi,
Əhmədi-Dai, Şeyxi və Dehhaninin şeirləşməsi,
xüsusilə Əhmədi və Dehhani arasında bir neçə şeirə
çevrilən söz yarışı onların eyni bir ədəbi
çevrədə fəaliyyət göstərdiklərini
göstərir. Şeirləşmə kimi dəyərləndirdiyimiz
qəzəllər daşıdığı ruhi vəziyyətin
ifadələri, məzmun və sözlük tutumu, xitabın
canlılığı ilə bu əsərlərin şairin
birindən digərinə yetirilməsi üçün uzun məsafə
qət etmədiyi, onların eyni bir ədəbi mühitdə
yarandığı təsəvvürünü yaradır.
Maraqlıdır ki, "Düşməsin" rədifli
və eyniqafiyəli şeir Nəsiminin də divanında yer
alır. Aşağıdakı ilk beytində şair, zənnimizcə,
uzun qəsidə yazaraq mübahisə edən və
yarışan çağdaşlarını - Əhmədi və
digərlərini nəzərdə tutur. Ümumiyyətlə,
qəsidə və mədh yazmağa meyilli olmayan Nəsimi
uzun olmanın qəsidəyə deyil, gözəlin
zülfünə uyğun bir sifət olduğunu bildirir:
Zülfi
uzun qəsidədir, kəmənd irişməz ucinə,
Fikri xəta, dili qısa qiyl ilə qalə düşməsin.
Şair
bu qəzəlində özünün də eyni tərzdə
qəsidə yazmağa təşviq edildiyinə işarə
ilə:
...Eşqilə
çünki gəlmişəm aləmə, qoymazam anı,
Müddəi
ol deyən mənə, cürmü vəbala düşməsin,
- deyir. Nəsiminin: "Fikri xəta, dili qısa
qiyl ilə qalə düşməsin", - deyərkən
eynirədifli şeirlərin ("Düşməsin")
müəllifi olan müasirlərindən konkret olaraq, Dehhani,
yaxud Əhmədini nəzərdə tutmasını, təəssüf
ki, indilikdə dəqiq müəyyənləşdirmək
çətindir. Amma ehtimal kimi bunun çağdaşı bir
çox şairə tənqidi münasibəti ilə
seçilən Əhmədi ola biləcəyini
irəli sürə bilərik. Çünki həm
bəhsini etdiyimiz qəsidələrin həcmli prototipləri
(bu eyniqəlibli qəsidələrdən biri 44, digəri 35
beytdən ibarətdir), həm də "Düşməsin"
rədifli qəzəlin ilk örnəyi bu istedadlı şairə
aiddir. Bu mənada dünyəvi
hökmdarı mədh edən söz ustasının Nəsiminin
tənqidinə tuş gələ biləcəyi
düşüncəsindəyik. "Müddəi ol deyən
mənə, cürmü vəbala düşməsin", -
deyən şair ona həmin bəhsini etdiyimiz qəsidələrə
cavab verməni məsləhət görərək, bəlkə
də qarşıdurma yaradan şəxsə də mənfi
münasibətini bildirir və: "Eşqilə
çünki gəlmişəm aləmə" sözləri
ilə mövqeyini açıqlamış olur. Bu məqamda
ondan iki əsr sonra: "Mən aşiqəm, həmişə
sözüm aşiqanədir", - deyən Füzulini də
yada salmamaq mümkün deyildir.
Dehhani ilə bağlı bəhsi burada
yekunlaşdıraraq, onun dil xüsusiyyətləri və ədəbi
irsi baxımından araşdırılmağa, öyrənilməyə
və tanınmağa layiq bir şair olduğunu bir daha
vurğulamaq istərdik. Halbuki:
Cəmalün,
ey büti-Çini, cahanı dutdı sərtasər,
Nitəkim
Rum elin şeriylə bu gün dutdı Dehhani,
- deyərək, Rumelində (Türkiyə)
böyük şöhrətə nail olduğunu nəzərə
çatdıran şairə indiyədək Azərbaycan ədəbiyyat
tarixində yer ayrılmamışdır.
Sonda təəssüflə bunu da bildirməliyik ki,
özü də, poetik irsi də, təəssüf ki, "qəriblik"
statusuna məhkum olan şairlər təkcə Qənbəroğlu,
Xoca Dehhani və Rəfii deyildir. M.F.Köprülü "XIV əsrdə
bir azəri şairi" adlı məqaləsində "Məcmüətün-nəzair"də
yer alan "Sultan" təxəllüslü şeirin
1336-1410-cu illər arasında Bağdadda və Azərbaycan
torpaqlarında hökmran olan Cəlayiroğullarından Sultan
bin Üveysin əsəri olduğunu göstərmiş, tarixi
qaynaqlara dayanaraq, Sultan Əhmədin türkcə şeirlər
yazdığını, türk olduğunu şübhəyə
yer verməyən bir biçimdə təqdim etmişdir.
M.F.Köprülü,
daha sonra Ə.Cəfəroğlu kimi tanınmış alimlər
tərəfindən Sultan Əhməd Cəlayir Azərbaycan ədəbiyyatının
nümayəndəsi kimi öyrənilsə də, təəssüf ki, onların bu tədqiqatlarından
çox sonra yazılmış orta əsrlər Azərbaycan ədəbiyyatı
dərslikləri və ədəbiyyat tarixlərinə bu
şair-hökmdarın ədəbi şəxsiyyəti və
şeir yaradıcılığı barədə məlumat
daxil edilməmişdir. Halbuki,
türkcə və farsca əsərləri Sultan Əhməd
Cəlayirin Həqiqi və Xətai kimi Azərbaycan ədəbiyyatı
tarixində hökmdar-şair olaraq, mötəbər bir yer
tutmağa haqqı çatdığını göstərir.
M.F.Köprülünün haqqında bəhs etdiyi şeir
"Məcmüətün-nəzair"də "Sultan
rast" ("Sultanındır") başlığı
altında yer alan qəzəldir:
Kim ola dün gün işində, fikrü tədbir
eyləməz
Neyləsün tədbiri-bəndə, çünki təqdir
eyləməz.
Xeyrü
şər nəqqaşı biçün yazdı bir
lövhi-cəbin,
Adəm oğlı cəhd idüb ol nəqşi təğyir
eyləməz.
Ayəti-"nəhnu
qəsəmna" mənisin hər kim
bilür,
"Yəfəlullah mə yəşa", bu sirri təfsir
eyləməz.
Hər
kimə oldı müyəssər künci-gənci-mərifət,
Padişahi-vəqt olubdur, xidməti-mir eyləməz.
Arif oldur
haliya işbu ölümlü dünyadə
Şahidü şəmü şarabü nüğli təqsir
eyləməz.
Hər
kimün kim əqli vardur, ol bilür hali nədür,
Bu güni tanlaya qoyub, anı təxir eyləməz.
Dəftəri,
ömri, hesabi axir oldı cahilün,
Bədəməldür, cüz qəmi-bihudə təvfir
eyləməz.
Dəm
keçürdi mərdümi-dilxəsteyi-çeşmüm bənüm,
Cüz sirişgi-laləgün dər namə təhrir
eyləməz.
Qumrivü
bülbül oqur Həq zikrini hər dəm, vəli
Əhməd ibni-Veys oqur bu sözi, təqdir eyləməz.
İndiyədək
Azərbaycanın anadilli divan ədəbiyyatının ilk
nümunələri Həsənoğlunun üç qəzəli hesab olunurdusa, araşdırmalarımız
bu örnəklərin sayının daha çox olduğu qənaətinə
gətirdi. Ümumiyyətlə, bu dövrə aid şeirlərin
sayı az olsa da, artıq Azərbaycan
türkcəsində mükəmməl əsərlərin
yaradılmağa başladığı görünür. Bu ədəbi örnəklərə ikidilli və
ya üçdilli müləmmələr də daxildir.
Digər tədqiqatçıların Azərbaycan ədəbiyyatı
nümayəndələri kimi öyrənmədiyi Bədrəddin
Qivami və Əvhədəddin Kirmaninin müləmmə
janrında yazdığı şeirlər müxtəlif
qaynaq və ya araşdırmalarda qeyd olunmuşdur. İlk dəfə
M.F.Köprülünün haqqında Rey oğuzu kimi bəhs
etdiyi Bədrəddin Qivaminin məlum şeiri rübaidir və
ilk misra ərəb, ikinci misra fars, son iki
misra isə türk dilindədir. Əvhədəddin
Kirmani isə İran ərazisində yaşayan türkmanlardan
sayıldığı üçün onun müləmmə
qəzəli də Azərbaycan ədəbiyyatı nümunəsi
kimi öyrənilə bilər.
Orta əsrlər
Azərbaycan ədəbiyyatının öyrənilməsi, tədqiqi
və təbliği sahəsində indiyədək çox
işlər görülsə də, səthi xarakterli, elmi
inkişafa əngəl törədən,
psevdo-tədqiqat səciyyəli, tədqiqatlar əsasında tələsik
yazılan "tədqiqatlar", "tramplinlərə xidmət
edən monoqrafiyalar" da, təəssüf ki, az deyildir.
Halbuki, bu gün strateji əhəmiyyətli və ideoloji təbliğat
vasitəsi ola biləcək tədqiqatların
yazılması zərurəti yaranmışdır. Bu sahədə
uğurlu nəticələr alınması və beynəlxalq
səviyyədə özünütəsdiq və
özünüifadə üçün klassik irsin - bir
çox elm sahələrinə aid biliklərinin cəmləndiyi
bu ədəbiyyatın xüsusi nəzarətə
götürülməsinə ehtiyac vardır. Bu
sahə Azərbaycan xalqının milli varlığı,
dili, tarixi və coğrafiyası ilə yaxından
bağlıdır və xalqımızın dünya ədəbi-fikri
tarixində yerinin müəyyənləşməsində də
müstəsna əhəmiyyətə malikdir.
Sonda bu cəhəti xüsusi vurğulamaq istərdik ki, orta çağ şeirinin araşdırılmasında fikir çaşqınlığı yaradan cəhətlər Azərbaycan ədəbiyyatının bəzi nümayəndələrinin yaşayıb-yaratdığı coğrafiyanın genişliyidir. Bu məsələdə çözüm yolu, adətən, onların nisbəsi (doğum yeri) və qismən də dil xüsusiyyətlərində axtarılmışdır. Amma bu mürəkkəb məsələ kompleks tədqiqatların aparılmasına möhtacdır. Eyni dövrdə, lakin müxtəlif coğrafiyalarda yaşamış şairlərin ləhcə xüsusiyyətlərinin eyniyyəti kimi eyni bir şairin dilindəki ləhcə ayrılıqlarının təzahür səviyyələri də xüsusi araşdırmalı, Azərbaycan ədəbiyyatının qonşu və ya qohum dillərin təsirinə uğrama şəkilləri, bunun tarixi, siyasi, dini, ictimai, ədəbi və s. kimi səbəbləri sistemli və kompleks araşdırılaraq dəyərləndirilməlidir. Burayadək deyilənlərdən də göründüyü kimi, orta çağ Azərbaycan ədəbiyyatına dair tədqiqatların mərkəzləşdirilmiş və koordinasiya olunmuş şəkildə təşkili artıq günün tələbidir.
Səadət
ŞIXIYEVA
Ədəbiyyat qəzeti.- 2018.- 6
may.- S.26-27.