İlk məhəbbətimiz
Alisa
1985-ci ildə ekranlarda yeni film nümayiş etdirildi. Filmin məktəb
tətili günlərindəki nümayişi ona milyonlarla
tamaşaçının baxması ilə nəticələndi.
Adı belə idi: "Gələcəkdən gəlmiş
qonaq". Ölkənin birinci kanalının
yayımladığı nümayişdən sonra istər
SSRİ-nin müttəfiq respublikaları, istərsə də
sosialist ölkələrinin məktəbli
oğlanlarının əksəriyyəti ilk sevgilərini
yaşadılar. Bu, filmin qəhrəmanı
Alisa Seleznyovaya görə idi. Məsum
camallı, gülümsər Alisa. Çoxlarına
ilk məhəbbəti yaşadan Moskva məktəblisi
Nataşa Quseva.
Film belə
başlanır: 1984-ci il aprelin 13-də Moskvadakı 20 saylı
məktəbin şagirdi Kolya Qerasimov dərsdən sonra kefir
almağa gedərkən dostu Fima Korolyov ilə
rastlaşır.
O günlərdə
tamaşaçılar filmin hansı əsər əsasında
çəkildiyini aydın gördülər. Bu,
Kirill Bulıçevin "Yüz il bundan sonra" əsəri
idi. Beləliklə, dostu Fima ona ucaboy,
özünün şahanə yerişi ilə diqqəti cəlb
edən qadını göstərib ardınca getmələrini
istəyir. Onu izləyəndə
görürlər ki, qadın köhnə evə daxil oldu.
Ardınca gedən şagirdlər orda rəngbərəng
işıqlı avadanlıq görürlər. Bu, "Zaman maşını" idi. Kolya düymələri basaraq 2084-ci ilə səyahət
edir. Kirill Bulıçevin yazdığı kimi, 100 il bundan sonraya. Kosmik qanunlara əsasən,
robot Verter onu muzeyə vermək istəyir. Lakin fikrini dəyişir, geriyə - 1984-ci ilə
qaytarır. Belə fantastik film nəinki
uşaqların, elə böyüklərin də
marağını çəkdi. Kim istəməzdi ki,
100 il bundan sonraya getsin?! Doğulduğu
şəhərinin necə dəyişdiyini, adamların
geyindiyi paltarları görsünlər, elmi tərəqqi ilə
tanış olsunlar. Belə
maraq tamaşaçıları ekran qarşısından kənarlaşmağa
imkan vermirdi. Üstəlik, filmdəki hadisələrin
maraqlı əhvalatlarla cərəyan etməsi, Kolyanın
melafonu Alisaya
çatdırıb-çatdırmayacağı, kosmik
quldurların onların qarşısında daha hansı maneələr
göstərəcəyi çox maraqlı idi.
Beləliklə, yazıçı Kirill Bulıçev
qısa müddət ərzində uğur qazandı. Buna qədər
onun əsərləri dərc edilmişdi. Maksim Qorki adına Kinostudiyanın istehsal etdiyi, xüsusilə
rejissor Pavel Arsenyovun quruluş verdiyi film bu
yazıçını daha da tanıtdı. Həmin
filmdən sonra oxucular kitab mağazalarına, kitabxanalara
axışaraq Kirill Bulıçevin "Yüz il bundan
sonra" əsərini alıb oxudular. Oxucuların
sayı o qədər artdı ki, həmin əsər yenidən
neçə min tirajla dərc edildi.
1981-82-ci illərdə əvvəlcə filmin ədəbi
variantı təsdiq edildi. Yazıçıya
tapşırıldı ki, əsər heç bir almanaxda dərc
olunmasın. Çünki əsəri
oxuyan hansısa tamaşaçı üçün film maraqsız
olardı. Filmin çəkilişləri isə
1983-cü ildə başlandı. İki il
ərzindəki çəkilişlər zamanı aktyorlar
nağıl dili ilə böyüyürdülər. Xatırlayırsınızsa, 3-cü seriyada
Nataşa Qusevanın geyindiyi pijama əyninə böyük gəlir.
Çünki məktəbli böyüyür,
xalq dili ilə desək sümükləşirdi.
Alisa roluna isə
yüzlərlə məktəbli
çağırıldı. Nəhayət,
bu rol Moskva məktəblisi Nataşa Qusevaya həvalə
edildi. Rejissor Pavel Arsenyov düzgün qərar
qəbul etmişdi. Kosmonavt Yuri Qaqarin kimi
sovet məktəblisinin də sifətində nuranilik,
özünəməxsus gülüş olmalı idi. Bununla da sovet və sosialist oğlanlarının qəlbində
ilk məhəbbətin cücərtiləri bitdi.
Sovet illərində yazıçılar uşaqlar
üçün müxtəlif əsərlər
yazardılar.
Rejissorlar tez-tez uşaq ədəbiyyatı
müəlliflərinə müraciət edərdilər.
Onların içində 20 ən yaxşı
film məktəblilər arasında populyarlıq
qazanmışdı. Bu sırada
"Kortik", "Bürünc quş",
Uşaqlığın son yayı", eləcə də
"Gələcəkdən gəlmiş qonaq" filmlərini
göstərmək olar. Həmin məktəbli
aktyorlar indi böyüyüblər, bəziləri isə faciəli
şəkildə həlak olub. Elə filmdə
Kolya rolunu oynayan və melafonu Alisaya çatdırmağa
çalışan Aleksey Fomkin də faciəli şəkildə
həlak olanlar sırasındadır.
"Gələcəkdən gəlmiş qonaq" ekran əsəri
üçün ən yaxşı ssenariyə görə
1982-ci ildə Dövlət Mükafatına layiq
görüldü. Tammetrajlı multfilm üçün
"Üçüncü planetin sirri" ssenarisi də
mükafat qazandı. Bu, Kirill
Bulıçevin bir-birinin ardınca neçənci uğuru
idi.
Kirill Bulıçev (bəzən Kir Bulıçev kimi
də qeyd olunur) fantastik əsərlərin mahir
yazıçısı kimi tanındı. Rejissorlar ondan
yeni əsərlər gözləyirdilər. Çünki "Gələcəkdən gəlmiş
qonaq" filminin sevilməsindən sonra Pavel Arsenyovla
yanaşı, digər rejissorlar da onun
yaradıcılığına müraciət edirdilər.
O, "Aelita" (1997), eləcə də "
Fantastikanın cəngavər ordeni" (2002)
mükafatlarına da layiq görüldü.
Yazıçının həyat yoldaşı Kira
Alekseyevna Soşinskaya da fantast yazıçıdır. O, həm də rəssamlıq
edər və ərinin kitablarının illüstrasiyası
ilə şəxsən özü məşğul olardı.
Qızı Alisa Lyutomskaya (Mojeyko) isə ixtisası
üzrə memardır. Yeri gəlmişkən,
ekranlarda sevə-sevə izlədiyimiz Alisanın adını
öz qızının şərəfinə qoyub.
Kirill Bulıçev bəzən bir əsərinə dəfələrlə
qayıdar, kiçik hekayəni getdikcə romana çevirərdi. Silsilə
xarakterli belə əsərləri çoxdur. O, daim işləyərdi.
Yazmadığı günləri boş günlər
adlandırar, bunu həyatın mənasızlığı
hesab edərdi. Məhz bunun nəticəsidir
ki, Rusiyanın "Eksmo" nəşriyyatı
yazıçının əsərlərinin 18 cild
olduğunu gördükdə, heyrətə gəlmişdi.
Bəzi əsərləri isə
ölümündən sonra ilk dəfə idi ki, dərc
edilirdi. "Qartal", "Xoruz gecikmə
ilə banlayır", "Şairin həlak olması"
kimi əsərləri isə arxivindən
tapılmışdı. Bütün bu əsərlər
"Çox hörmətli mikrob" adlı kitabda yer
almışdı. Özü də "XX
əsrin ən yaxşı kitabları" seriyası
altında. Ümumiyyətlə, nəşriyyatlar uşaqların sevimlisi Kirill
Bulıçevin əsərlərini məmnuniyyətlə dərc
edirlər. Çünki hər yeni nəsil onun
əsərlərini oxumağa maraq göstərir. "Fantastika janrı həmişə yenidir" bəzi
hallarda düzgün ifadə deyil. Bəzən
fantastik əsərdə gələcək, yaxud başqa
planetlə bağlı hadisələr müasir elmi-texniki tərəqqi
dövründə çox bəsit görünə bilər.
Müasir uşaqlar fantast
yazıçıların əsərlərini qəhrəmanların
başına gələn macəralara, üzləşdikləri
çətinliklərdən necə çıxacağı həvəsi
ilə oxuyurlar. Məhz Kirill
Bulıçevin əsərləri də köhnəliyin
qalığı sayılmır. Elə
götürək "Yüz il bundan sonra" əsərini.
Oradakı melafon avadanlığını
xatırlayırsınızmı? Parıltılı
əşyanı nəzərdə tuturam. O əşya
bütün arzuları yerinə yetirir. Məhz
buna görə də kosmik quldurlar həmin əşyanı ələ
keçirib planetə sahiblik etmək niyyətinə
düşürlər. İndi isə diqqətlə
düşünsək görərik ki, hələ
bütün arzuları yerinə yetirən əşya ixtira
edilməyib. Məhz bu baxımdan Kirill
Bulıçevin əsərləri köhnəliyin
qalığı sayılmır, hələ də uşaqlar
kitablarını alıb oxuyurlar. Dünya
fantastları belə fəndlərdən çox
yararlanıblar.
O ki
qaldı onun əsəri əsasında çəkilmiş
"Gələcəkdən gəlmiş qonaq" filminə,
yazıçı qızı Alisanın adını qəhrəmanın
adına verməklə, böyük məsuliyyət
hiss edib. Əsər üzərində çox
çalışıb, ən maraqlı söhbətlərə,
macəralara yer ayırıb. Buna qədər
də Alisa silsiləsindən ilk hekayələrini yazıb.
Birinci hekayələrdə qəhrəmanı
Alisa hələ məktəbə getmirdisə, sonrakı irihəcmli
romanında Alisa artıq məktəblidir. Sanki doğma qızının böyüməsi ilə
qəhrəmanın yaşı da dəyişirdi. Alisanın macəraları dünyanın müxtəlif
nöqtələrində baş verir. Yer
planetində, kosmosda, okean dibində, hətta əfsanəvi
epoxada. Hansı ki orada nağıl qəhrəmanları
yaşayır. Alisa və dostlarının
tarixin labirintindəki macəralarına dair də
yazıçı xeyli əsər yazıb. Povestlərinin birində isə yalnız Alisa və
atası kosmobioloq Seleznyov canlandırılıb. Professor Seleznyov onun atası olub. Sonrakı
əsərlərdə isə əlavə surətlər -
Alisanın həmyaşıdları, sinif yoldaşları da
yer alıb. Bir sözlə, Alisa Seleznyova
adlı qəhrəman indiki yaşları təxminən 45-dən
yuxarı olanların qəlbində həmişə
yaşayacaq. Heç kim 1985-ci ilin
martını unutmur. O ili ki, "Gələcəkdən
gəlmiş qonaq" filmi ilk dəfə Mərkəzi
televiziya ilə nümayiş etdirildi. Və o
ildə Alisanın həmyaşıdı olan oğlanlar bu
rolu canlandıran Nataşa Qusevanı unutmur. Postsovet
ölkələrindən yüz minlərlə yazılan məktublarda
Nataşa ilə tanış olmaq, onunla
ünsiyyət qurmaq istəyən oğlanlar bu qızı həmişə
xatırlayacaq. İstər yazıçı
Kirill Bulıçev, istərsə də Pavel Arsenyov
inanmazdılar ki, film yüz minlərlə oğlana ilk məhəbbətini
yaşadacaq. Başqa planetdən gəlmiş
qonaq çoxlarının yuxusuna girdi. Moskvaya
onu görməyə gedənlər, evdən qaçanlar
çoxaldı. Rejissorun Nataşa Quseva qərarının
düzgünlüyü sübut olundu. Filmdəki
mahnıların sözlərini həmin illərin
oğlanları əzbər bilir. Oradakı
hər epizodu, hər dialoqu sadiq tamaşaçıları
yuxudan oyatsan da, əzbər söyləyərlər. Onunla ailə həyatı qura, yaxud ünsiyyət
qura bilməyənlər öz övladlarının
adını Alisa qoydular. SSRİ-nin Daxili
İşlər Nazirliyinin Pasport Qeydiyyatı idarəsinin o
vaxtkı statistikasına əsasən, övladlarına
"Alisa" adını qoyanların sayında rekord göstəricilər
əldə edilib. Həmin göstərici
milyonlarla ölçülür. Ad məsələsində
belə sensasiyalı göstəricilər heç vaxt qeydə
alınmayıb.
Yazıçı Kirill Bulıçev isə çox
qocalmışdı. O, 2003-cü ilin sentyabrın 5-də 68 yaşında vəfat
etdi. Uzun müddət xərçəng xəstəliyindən
əziyyət çəkən yazıçı son illərini
ağır keçirmişdi. 2004-ci ildə
ölümündən sonra fantastik əsərlər üzrə
Arkadiy və Boris Struqatskix adına beynəlxalq
"ABS-mükafat"ına layiq görüldü. Yazıçı bu mükafatı
sağlığında çox arzulamışdı.
Azər QİSMƏT
Ədəbiyyat qəzeti.- 2018.- 6 may.- S.31.