Artur Rudolfoviç Zifeld-Simumyaqi

 

"Repressiya olunmuş türkologiya" kitabından

 

Mətn F.D.Aşnin, B.M.Alpatov və D.M.Nasilovun birgə hazırladığı "Repressiya olunmuş türkologiya" kitabından tərcümə edilmişdir.

 

Repressiya illərində Bakıda yaşayan dilçilər arasında ən məşhuru və qeyri-adi şəxsiyyəti ilə seçiləni milliyyətcə eston olan Artur Rudolfoviç Zifeld-Simumyaqi idi. Onun məsləkdaşlarının türk dilinin konkret məsələlərinə həsr olunmuş araşdırmaları müxtəlif səviyyələrdə öz əhəmiyyətini saxlasa da, Zifeld-Simumyaqinin böyük ümumiləşdirmələri və qlobal mühakimələri perspektivsiz qaldı. Lakin hər halda Azərbaycanın elmi, ictimai həyatında və mütəxəssislərin hazırlanmasında o əhəmiyyətli rol oynamışdır. Bu yazıda onun 22326 ¹-li arxiv materialından istifadə etmişik.

Artur Rudolfoviç Zifeld (soyadının ikinci hissəsini sonradan götürüb) 1889-cu ildə Reveldə (Tallin) doğulmuşdur. Onun gəncliyi Odessada keçmişdir, öz ifadəsinə görə Novorossiysk universitetində "1912-ci ildə tarix-filologiya fakultəsində kurs keçmişdir". Onun universitet diplomunun olub-olmaması məlum deyil, hərçənd sovet dövründə Zifeld-Simumyaqi professor dərəcəsi daşıyırdı. Lakin o, Odessada, əsasən, gizli inqilabi fəaliyyətlə məşğul olmuş, özünün etiraf etdiyi kimi, siyasi görüşləri dəfələrlə dəyişmişdir. 1906-cı ildə o, eserlər partiyasına daxil olmuş, 1907-ci ildə "xalq sosialistləri" (sağ eserlər partiyası) partiyasına keçmiş, lakin 1908-ci ildə onlardan ayrılan, əqidəcə sol eserlərə yaxın olan  "anarxo-sosialistlər" partiyasının başına keçmişdir. 1912-ci ildə  Zifeld-Simumyaqi təxribatçı kimi ifşa edilir, qeyri-qanuni fəaliyyətə keçir, daha sonra saxta pasportla Almaniyaya mühacirət edir.

Bir il sonra pasportundakı aydın olmayan məsələlərə görə Zifeld-Simumyaqi Almaniyadan çıxarılır və İsveçrəyə köçür, 1917-ci ilə qədər Sürixdə yaşayır. Onun sözlərinə görə, hələ Odessada olduğu müddətdə Q.V.Plexanovun əsərlərinin təsiri  ilə sosial demokratların sırasına keçir və 1911-ci ildən özünü marksist adlandırır.  İsveçrəyə köçdükdən sonra Artur Rudolfoviç menşevik partiyasının kiçik bir qrupuna başçılıq edən Plexanovla tanış olur  onların xarici bürosunun üzvünə çevrilir.  1-ci dünya müharibəsinin başlanması ilə müharibə fikirlərini dəstəkləyən   Plexanovla əlaqələrini kəsir, onunla birlikdə işləməkdən imtina etmiş bolşeviklərlə münasibətlərini yaxşılaşdırmağa çalışır. Dövlət Dumasının ikinci çağırış deputatı A.Q.Zurabovla birlikdə 1914-cü ilin sonunda Sürixdə antimüharibə mövqeyi tutan Birləşmiş Sosial-Demokrat İnternasionalistləri partiyasını yaradır: sonralar özü bu birləşməni "müxtəlif siyasi cərəyanların tör-töküntüsü, siyasi Nuh gəmisi" adlandırırdı. 1915-ci ildə o, nəhayət ki, bolşevik partiyasına keçir, bu ildən onun partiyaya üzvlüyü rəsmi şəkildə hesablanmağa başlayır.

Lakin hələ emiqrant olduğu müddətdə Zifeld-Simumyaqi dilçilik ilə maraqlanmağa başlayır. Gənc inqilabçı o dövrdə elmdə geniş müzakirə obyektinə çevrilən fin-uqor, samayed, türk, monqol, tunqus-mancur (bəzən yapon və Koreya dilləri də aid edilirdi)  dillərinin böyük Ural-Altay ailəsində birləşməsini təsdiq edən  Ural-Altay hipotezi ilə maraqlanırdı. Müasir elm bu hipotezi daha fərqli formada təsdiq edir: Ural (fin-uqor, samayed) və altay (türk, monqol, tunqus-mancur, Koreya, yapon) dilləri hind-Avropa və digərləri ilə birlikdə  qiqant makroailənin üzvü hesab edilir, lakin ayrıca Ural-Altay ailəsini qəbul etmir. Lakin  XX əsrin 10-30-cu illərində bu hipotezi nə sübut ermək, nə də təkzib etmək mümkünsüz idi, çünki bir çox Ural və Altay dilləri tam öyrənilməmişdi. Odessada olarkən böyük linqvist A.V.Tomsonun mühazirələrinə qulaq asma ehtimalı olsa belə, çətin ki linqvistik hazırlığı yaxşı olan bu gənc tədqiqatçı problemin çətinliyini özü də dərk etmədən siyasi mübarizələrindən boş qalan zamanlarında güclü hipotezlər hazırlamışdı. O, şumerlərə aid olan hər hansı materialı, hətta ikinci, üçüncü əldən alsa da, istifadə etməkdən qorxmurdu.

1916-cı ildə Artur Rudolfoviçin sonrakı həyatının bir çox məqamlarını müəyyənləşdirən hadisə baş verdi. Lozanda III Millətlər  birliyində o jurnalist kimi iştirak edirdi (istintaq işində qeyd olunub). Rusiya nümayəndə heyətinə, sonralar emiqrant olan görkəmli türk alimi və siyasi xadimi Yusif Akçurin başçılıq edirdi. Bu dövrdə o, İstanbulda çıxan "Türk yurdu" jurnalına redaktorluq edirdi. Zifeld-Simumyaqi türklərlə şumerlərin əlaqəsindən bəhs edən məqaləsini ona təklif etdi və o yazı çap olundu. Beləliklə də, gənc entuziastın türkoloqlarla olan əməkdaşlığı başladı.

S.N.Zemlyanonun "Müstəqil qəzet"də çap olunmuş məqaləsindən  Zifeld-Simumyaqinin o dövrlərdə yaradıcılığının daha bir aspektinın mövcud olduğunu öyrəndik. Orada alman kəşfiyyatçılarının V.İ.Leninin başçılıq etdiyi bolşeviklərin yaradıcılığına olan marağından bəhs edilir (əlbəttə bu o demək deyil ki, Lenin "alman casusu" dur). Məqalədə almanların İsveçə göndərdiyi səfir fon Remberq və onun katibi, əslən eston olan Aleksandr Keskuladan da bəhs edilir. Sonra isə Zemlyano yazır: fon Remberq, Aleksandr Keskula və Lenin arasındakı vasitəçiliyi bolşeviklərin liderliyinə yaxın olan skandinav əsilli bolşevik Artur Zifeld yerinə yetirirdi. Keskula Zifeldi almanlardan aldığı pullarla təmin edir, o isə onları hiss olunmadan bolşevik partiyasının kassasına köçürürdü. Zifeld isə öz növbəsində Leninin davranışları   ətrafında baş verən hər bir şey haqqında Keskulanı xəbərdar edirdi.

İstintaq işində Leninin adı heç bir yerdə çəkilmir. Bu ad yalnız onun bəraəti zamanı meydana çıxır, Zifeld-Simumyaqinin Leninlə əməkdaşlığı  müsbət arqument kimi xeyrinə istifadə edilir. Buradan aydın olur ki, Bakı bu əməkdaşlıqdan xəbərdar idi, ən azı, Artur Rudolfun  özü çox şeyi danışmaqdan yayına bilməmişdi. Qeyd edək ki, bütün bu məsələlərin Zifeld-Simumyaqinin 1938-ci ildəki həbsi ilə heç bir əlaqəsi yox idi və onun istintaq işində bu məsələlərə ümumiyyətlə baxılmayıb.

Bu hekayədə heç də hər şey aydın deyil. Lakin bu insan haqqında bildiklərimizə əsasən onu professional kəşfiyyatçı kimi təsəvvür etmək çətindir. Xəyalpərəst, hər şeylə maraqlanan, lakin əslində qeyri-ciddi bir adam kimi o özü də bilmədən gizli fəaliyyətdə nə rol oynayırdısa, elmi fəaliyyətində də eyni rola malik idi. Ola bilərdi ki, həmyerlisi Keskulanın işinin əsl mahiyyətini dərk etmirdi. Yeri gəlmişkən, maraqlıdır ki, Zifeldin "skandinav əsilli" olması versiyası haradan yaranmışdı? Bu versiyanı öz qiymətini qaldırmaq üçün elə özü ortaya atmamışdımı? Görünür, məhz bu cəhətlərinə görə sovet dövründə öz inqilabi keçmişinə və Leninlə yaxınlığına baxmayaraq Zifeld-Simumyaqi xüsusi karyera qurmamışdı.

1917-ci ildə V.İ.Leninin gəldiyi ilk emiqrantların dalınca, tərkibində Artur Rudolfoviçin də olduğu ikinci qruppa Almaniya və İsveçi keçərək  İsveçrədən Rusiyaya daxil oldu. Onun 1917-1923-cü illərdəki fəaliyyəti xüsusilə aktiv idi, lakin istintaq işində onların yalnız bəzi epizodları əks olunub: 1919-cu ildə Şimali Qafqazda Tonkonovun partizan dəstəsində döyüşüb, 1920-ci ildə RSFSR-in o zamankı menşevik Gürcüstanının səfirliyində  çalışıb.

1923-cü ildə Zifeld-Simumyaqi Bakıya işləməyə göndərilir. O, burada 30-cu illərin əvvəlinə qədər yaşayır, sonra qısa müddətlik Tiflisə köçür, 1935-ci ildə Bakıya qayıdır və həbs olunana qədər burada yaşayır. Bir müddət partiya işində işləyir, lakin 20-ci illərdən tamamilə elm sahəsinə keçir. 20-ci illərin sonu - 30-cu illərin əvvəlində Zifeld-Simumyaqi Azərbaycan Dövlət Universitetində  Azərbaycanı Tədqiq və  Tətəbbö (Araşdırma) cəmiyyətində işləyir. Bakıya qayıtdıqdan sonra onun əsas iş yeri SSRİ EA-nın Azərbaycan filialı oldu. Belə ki, 1935-1937-ci illərdə Dil və Ədəbiyyat İnstitutunun direktoru olmuş, 1937-ci ildə qısa bir müddətə birləşdirilmiş Tarix, Dil və Ədəbiyyat institutuna rəhbərlik etmiş; eyni vaxtda, həmçinin, filialın prezidiumunun üzvü və onun əsas mətbu orqanı olan "Xəbərlər"in baş redaktoru olmuşdur.

Zifeld-Simumyaqi Bakıda inqilabi keçmişi, geniş biliyə malik olması və elmə bağlılığı sayəsində böyük nüfuza malik idi. Lakin müasir oxucularda onun fəaliyyəti kifayət qədər qəribə təəssürat oyadacaq. Ural-Altay ailəsi ideyasını müdafiə edən alim sonradan o dövrdə böyük nüfuzu olan və akademik N.Y.Marr tərəfindən dəfələrlə  irəli sürülən "Dilin yeni tədrisi"nin təsiri altına düşdü. Bu təhsil üsulunu qəbul edən bakılı professor təkcə Maarı tədqiq etmirdi, həm də onunla rəqabət etməyə cəhd göstərir, özünüküləşdirdiyi, Marrın inkar etdiyi Altay-Azərbaycan ərazisində yaşayan bütün ural-estonları kimi  onun üçün də vacib olan Ural-Altay  konsepsiyası ilə birləşdirmişdi.

Nəticədə o, Ural-Altay dillərinin ailə deyil, iqtisadi xüsusiyyətlərinə görə birləşən  "dillər federasiyası" olduğunu başa düşmüşdü. Ural-Altay dillərinə şumerlərdən latış dilinə qədər bir çoxunu  bəzi slavyan dillərini aid edirdi: "Böyük ruslar əhəmiyyətli ölçüdə slavyanlaşmış Volqa finləri... Dunay bolqarları Volqa bulqarlarından (türklərindən) törəyənlərdir" .... O, hədsiz sayda dilləri əhatə edən material yığmışdı, amma onları A.V.Starçevskinin "Yüzdillik lüğət"i kimi əsassız qaynaqlardan əldə etmişdi.

Ümumiyyətlə, professorun əsərləri elmi diletantizmin nümunəsi hesab edilir. Bunu sübut etmək üçün əlavə şərh tələb etməyən bir nümunəyə diqqət edək: "Dağ çobanlarının birliklərinin fonetikasında ümumi olan çox şey var. Məsələn, İsveçrə və Qafqaz dağlılarında damaqarxası boğaz səslərinin inkişafı, Hollandiyadan Yakutiyaya qədər Şimal regionlarının soyuqqanlı xalqlarında uzun saitin inkişafı baxımından oxşarlıq var". Elm xadiminin öz prinsiplərinə qarşılıq gözləmədən və fanatik şəkildə bağlılığını belə bir nümunə də sübut edir: 1927-ci ildə anadan olan yeganə qızına Uraltay adı vermişdi".

O, öz xəyallar dünyasında yaşayan, institutu idarə etmək kimi adi ictimai işlərə əhəmiyyət verməyən biri idi. Bu məsələyə bəzi istintaq işlərində bir çox şəxsin verdiyi eyni ifadələrdə  təsadüf etdik. Zifeld-Sumumyaqinin müavini Qulam Bağırov onun haqqında belə ifadəyə verir: "Yaxşı elm xadimi, pis rəhbər və təşkilatçı". SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının (EAAF) partiya komitəsinin katibi S.Tevosov bildirir: "Biz bilirik ki, təşkilati işlərdə bacarıqsızdır". Etnoqraf A.A.Klimov Zifeld-Sumumyaqinin bəraətindən əvvəl verdiyi ifadədə qeyd edir: "İnsan kimi həssas xasiyyəti var idi, hər kəsə inanırdı, heç kimi incitmək istəməzdi. Rəhbər kimi zəif idi, elmə daha çox əhəmiyyət verirdi, İnstitutun ictimai işləri ilə elə çox maraqlanmazdı. Bu işləri İnstitutun digər səlahiyyətli işçilərinə - H.Zeynallı və Q.Bağırova etibar edərdi".

 

Davamı var

 

Tərcümə etdi: Nərmin Cahangirova

 

Ədəbiyyat qəzeti.- 2018.- 6 may.- S.30.