Artur Rudolfoviç Zifeld-Simumyaqi

 

Mətn F.D.Aşnin, B.M.Alpatov və D.M.Nasilovun birgə hazırladığı "Repressiya olunmuş türkologiya" kitabından tərcümə edilmişdir.

 

Əvvəli ötən sayımızda

 

Zifeld-Simumyaqini qeyri-türk əsilli bakılı professorlardan fərləndirən əsas cəhət  Azərbaycan dilini bilməsi və türk mədəniyyətinə olan marağı idi. Rus, yəhudi və erməni professorlar bu dili bilmir və işdən kənarda türk yoldaşları ilə ünsiyyətdə olmurdular. Artur Rudolfoviçi türk ziyalılarına yaxınlaşdıran əsas amil onun daima sadiq qaldığı Ural-Altay hipotezi idi; istintaq işində qeyd edildiyi kimi o pantürkist olmasa da, ən azından türk pərəstişkarı idi. İstintaq zamanı "inqilab əleyhinə" fəaliyyətini etiraf etməsə də, o zamana qədər artıq məhv edilmiş B.V.Çobanzadə, Q.S.Qubaydullin, V.Xuluflu, H.Zeynallı, A.Tağızadə, X.S.Xocayev və başqaları ilə yaxın münasibətdə olduğunu inkar edə bilməmişdi. Çünki onlar da Zifeldin adını çəkmişdi. Onun həbsini vacib edən əsas sübutlardan biri Q.S.Qubaydullinin verdiyi ifadə olmuşdu, böyük ehtimalla, real əsasları olan bu ifadədə deyilir: "Hər hansı  bir insan birbaşa marksist-kommunist olmur. Şərq zəhmətkeşləri kommunizmə adətən bu şəkildə keçirlər: əvvəlcə o, yerli-milliyətçi olur, sonra  pantürkist, panturanist və nəhayət beynəlmiləlçi". 1924-cü ilə qədər Zifeld-Simumyaqi özünü pantürkist adlandırır, bundan sonra pantürkizmdən uzaqlaşır. Ehtimal ki, 1924-cü ilə qədər o türk dillərinin qohumluğunu etiraf etməsini nəzərdə tuturdu, sonra isə  N.Y.Marrın araşdırmalarının təsiri ilə öz baxış bucağını dəyişmişdi. Lakin istintaq onun sözlərini başqa şəkildə şərh etmişdi.

Ehtimal edilir ki, türk alimləri ilə yaxın əlaqəsi onun faciəli tale yaşamasına səbəb olmuşdu. Qeyd etdiyimiz kimi, 1937-1938-ci illər repressiyalarında Azərbaycanda qeyri-türk əsilli alimlərə və peşəkarlara demək olar ki, az toxunurdular və ya heç toxunmurdular. Maraqlıdır ki, demək olar bütün rəhbərliyin zərər gördüyü repressiya dalğasından sonra Tarix, Dil və Ədəbiyyat institutuna artıq təqaüdə çıxmış, Azərbaycan dilini bilməyən rus etnoqraf - A.A.Klimov rəhbərlik edirdi. Zifeld-Simumyaqin isə türk alimləri qrupuna daxil idi...

Amma kütləvi həbslərin birinci hissəsinə düşmədi: 1937-ci ilin nə yanvarında, nə martında nə də iyununda ona toxundular. Lakin 1937-ci ilin yanvarında B.B.Çobanzadə və H.Zeynallının həbsindən sonra onun vəziyyəti pisləşməyə başladı. Hər ikisi onun rəhbər olduğu Dil və Ədəbiyyat institutunda işləyir, Zeynallı isə institutun elmi katibi idi. Q.Bağırovun işinə SSRİ EA-nın Azərbaycan filialının partiya komitəsinin 1937-ci il 14 fevral tarixli iclas protokolu da tikilmişdir. Zifeld-Simumyaqi bu dövrdə hələ də partiya komitəsinin üzvü idi və digərləri ilə birlikdə iclasda partiya üzvlüyünə namizədlikdən xaric edilən müavini Qulam Bağırovu tənqid etdi. Lakin partiya komitəsinin digər üzvlərinin çıxışlarında artıq institut direktorunun özünün tənqid olunması hiss olunurdu. Onu "liberalizm"də, həmçinin, institut işlərindən uzaqlaşmaqda, bunun isə "Zeynallının özbaşınalığı" ilə nəticələnməsində günahlandırırdılar. Daha ciddi ittihamlar da üzə çıxmışdı. 1937-ci ilin yanvarında B.V.Çobanzadə və Q.Bağırov B.V.Çobanzadənin həbs olunduğu Kislovodskidə birlikdə istirahət edirdilər. Son hadisələrdən xəbərsiz olan Zifeld-Simumyaqi Kislovodskiyə - Bağırova məktub yazır və məktubda Çobanzədəyə salam göndərir. Dindirmədə belə bir mənasız sual verilir: "Siz nə üçün Bağırova olan məktubunuzda Çobanzadəyə salam göndərirsiz?" O dövrdə hələ bu məsələ inkişaf etməmişdi, hərçənd, istintaqda Artur Rufdolfoviçi bu məsələ ilə bağlı xəbərdar edəcəkdilər. Hələlik belə qeyd olundu ki: "Zifelddə liberalizm var, biz onu düzəltməyə çalışırıq, əgər lazım gəlsə məsələni kəskin şəkildə qoyacağıq".

Tezliklə həbslər səbəbindən tərkibi ciddi şəkildə azalan iki humanitar institut birləşdirildi. Zifeld-Simumyaqi bir neçə ay birləşdirilmiş insitutun direktoru oldu, lakin 1937-ci ilin sentyabrında məsələ kəskin şəkildə qoyuldu və onu həbs etməsələr də, bu vəzifədən azad etdilər. Həbs olunana qədər o, filialda sadəcə olaraq Qədim-Şərq tarixi üzrə professor-məsləhətçi kimi fəaliyyət göstərdi.

Daha sonra isə, 12493 ¹-li işdən başqa SSRİ EA-nın Azərbaycan filialına ziyan vermək adı altında yeni iş açıldı. 1938-ci ilin fevral-aprel aylarında bu iş üzrə 4 nəfər həbs olundu: A.R.Zifeld-Simumyaqi, onun keçmiş müavini Q.Bağırov, institut rəhbərliyinə gələn İ.Həsənov və filialın ümumi elmi katibi, kimyaçı D.A.R.Kazımov. Onlardan içində ən birinci Artur Rudolfoviç həbs olundu - 1938-ci ilin 1 fevralında.

Həmin vaxtda artıq 1937-ci ilin oktyabrında və 1938-ci ilin yanvarında güllələnmiş bütün tanışları və əməkdaşlarından onun üçün dəlillər toplanmışdı. Heç kəs onu "təşkilatın üzvü" adlandırmasa da, əldə olan materiallar kifayət edirdi. Qeyd edək ki, professorun həbsi zamanı R.Axundovun istintaq işində bəhs edilən Azərbaycan NKVD-sinin rəhbərliyində dəyişikliklər edildi. Xalq Komissarı köməkçisi vəzifəsini yerinə yetirən B.Gerasimovu o dövrdə Mir Cəfər Bağırovla yaxın münasibətləri olan Timofey Mixayloviç Borşev əvəz etdi. Qeyd olunduğu kimi, 1956-cı ildə onlar eyni taleyi yaşadı.

Həbs haqqında arayışda Azərbaycan SSR NKVD-sinin Dövlət Təhlükəsizlik İdarəsinin 4-cü şöbəsinin rəisi Rasskazçikov belə nəticə çıxardı ki, B.V.Çobanzadə, H.S.Qubaydullin və Əli Nazim Mahmudzadənin ifadələrində Zifeld-Simumyaqi "kifayət qədər ifşa edilir". Sonra isə Borşev tərəfindən imzalanmış qəti imkan tədbiri barədə qərar çıxarılır. Həbs orderi də onun adı ilə imzalanıb. Aradan qaldırılan əşyalar arasında "parsiqar"ın da olduğu axtarış protokolu və şəxsi axtarış da eyni gündə baş vermişdi. İstintaq işinin bu hissəsinə  daha sonralar, 29 mart 1939-cu ildə "əlyazmaların, məktubların və kitabların yandırılması ilə məhv etmək" fərmanı tikilmişdir. Beləliklə də, alimin çap olunmamış işləri  haqqında biz heç zaman heç nə bilməyəcəyik (30-cu illərdə o az çap olunmuşdu).

Həbsdən sonra, 1938-ci ilin 20 fevralında  Zifeld-Simumyaqi müstəntiq Mustafayev tərəfindən dindirilir. Növbəti 1 il ərzində isə işdə heç bir sənəd qeyd olunmayıb. Yalnız 1939-cu ilin martın axırında dindirmə protokolları yenidən ortaya çıxır, aydın görünür ki, hər hansısa səbəbdən uzun sürən işi bağlamaq istəyirlər. 1939-cu ilin martın 26-dan 27-nə keçən gecədə müstəntiq Dranişkov tərəfindən 3 protokol tərtib edilib. Qeyd edilir ki, dindirmə 26 martda 17 saat gedib, 23 saata qədər fasilə verilib, sonra isə bütün gecə davam edilib və növbəti günün səhər saat 10.30-da bitib.

Bu iki gündə Zifeld-Simumyaqi  özünün müxtəlif hadisələrlə zəngin keçmişi haqqında ətraflı danışmış, "pantürkizm"ə uyduğunu etiraf etmiş, tanış olduğu "düşmənlər"i sadalamışdı. O etiraf etdi ki, 1937-ci ildə "pantürkist" Çobanzadənin qovulması məsələsi qaldırılanda partiya iclasında onu öz himayəsinə almış və işində qalmasına köməklik göstərmişdir. Digər peşmançılıq  isə Mahmud Kaşğarinin lüğəti ilə ilə bağlı idi. "Mən etiraf edirəm ki, bu kitabı kifayət qədər öyrənməmişəm və sıradan çıxmış digər dillərə nisbətdə ona dilçiliyin nadir nüsxəsi kimi baxmışam".  Lakin fiziki təzyiqlərə məruz qalsa da (ona olan münasibət haqqında istintaq işində heç bir məlumat yoxdur, lakin onunla eyni vaxtda dindirilən Q.Bağırov buna şahidlik etmişdi), əsas məsələni - "təşkilatın üzvü olmaq" məsələsini heç də etiraf etmədi. Əvvəl dindirilənlərin ifadəsinə cavab olaraq Zifeld-Simumyaqi öz ifadəsində bildirdi ki, hər kəs ona böhtan atır, çünki o, onların iç üzünü açmışdı. Həmçinin, o, başa düşmürdü ki, yaxşı münasibətləri olduğu halda Qubaydullin nə üçün onun əleyhinə ifadə verib. O, sübut etməyə çalışırdı ki, onun "Ural-Altay" ideyası pantürkizmə və panislamizmə qarşı hazırlanıb, çünki bir türk xalqını digəri ilə, müsəlmanı-qeyri müsəlmanla birləşdirirməyə xidmət edir.

İstintaq professorun nə eston əslinə,   nə də eser-menşevik keçmişinə maraq göstərmirdi. Zifeld-Simumyaqi özü gənclik fəaliyyəti haqqında açıq-aydın danışırdı. İstintaq "əksinqilabi pantürkist təşkilat" üzrə proqramlaşdırılmışdı, qalan hər şey onlara maraqsız idi. İşin sonrakı səhifələrinə Zifeld-Simumyaqinə qarşı  ifadələr də əlavə edilmişdi. 1937-ci ildəki ifadələrə Q.Bağırovun ( digər iki nəfər  lazımı heç  bir məlumat vermədi) və 1938-1939-cu illərdə SSRİ EA-nın Azərbaycan filialında  rəhbər vəzifələrdə olan Y.D.Kozinanın, S.P.Tevosova və A.A.Klimovanın ifadəsi də əlavə olundu. Son üç nəfər həbs olunan Zifeldin əksinqilabi fəaliyyəti haqqında heç nə deməmişdi, yalnız idarədəki təşkilati qüsurları və B.V.Çobanzadə, Q.S.Qubaydullin və H.Zeynallı ilə yaxın münasibətlərini təsdiqləmişdilər.

1939-cu ilin 27 martında dindimədən sonra onun başa çatması haqqında protokol hazırlanmışdı. Orada qeyd olunmuşdu ki, təqsirləndirilən şəxs deyilənləri qəbul etmir və yalnız "Dil və Ədəbiyyat İnstitutundakı maddi-təsərrrüfat işini elmi katib H.Zeynallıya etibar etdiyini" etiraf edir, buna görə də məsuliyyət daşımağa hazırdır. 1 apreldə Dranişnikov və Mustafayev narkomun yeni müavini Kərimov tərəfindən təsdiq olunmuş iddianamə hazırladılar. A.R.Zifeld-Simumyaqi "təşkilata" üzv olmaqda, "M.Kaşğarinin pantürkist kitabının" tərcüməsində iştirak etməkdə və "SSRİ EA-nın Azərbaycan filialında ziyanlı elmi tədqiqat planlaşdırmaqda" günahlandırılırdı. Maraqlıdır ki, onun özünü günahkar bilmədiyinə dair qeydlər də var.  Qərara gəlindi ki, bu dörd iş edam hökmünü nəzərdə tutmayan işlərə baxan idarəyə təqdim edilməsi üçün Moskvaya xüsusi müzakirəyə göndərilsin. 1938-ci ildə N.İ.Yejovun vəzifəsindən azad edilməsindən  sonra  repressiya dalğası zəiflədiyi üçün bu prosedur adiləşməyə başlamışdı.

Məhkəmə iclasından əvvəl Moskva prokuroru Kuzmin 03 may 1939-cu il tarixli çıxarış hazırladı. Orada yazılırdı: "Zifeld pantürkistlərlə yalnız 1924-cü ilə qədər əlaqədə olub, sonra isə onlardan ayrıldığını göstərərk özünü günahkar heab etmir. Yalnız sonralar SSRİ EA-nın Azərbaycan filialında pantürkist təşkilatın mövcudluğundan şübhələnib. Bununla yanaşı Zifeld 1931-ci ildə pantürksit Çobanzadəni himayəsinə aldığını inkar etmir. Hesab edilir ki, bu sözdən sonra prokuror həbs olunanın həqiqətən günahkar olub-olmaması haqqında düşünməli  idi. Lakin o belə qərar gəlir ki, Zifeld-Simumyaqi səkkiz illik sürgün olunsun. 21 iyun 1939-cu il tarixli iclasdan belə qərar çıxdı.

Artur Rudolfoviçin yoldaşı Sara Yakovlenna Xovanskaya sonralar yazırdı ki, 1939-cu il 16 iyunda, daha doğrusu, iş kəsilənə qədər artıq o, Bakıdan çıxarılmışdı, sonra isə noyabrın axırında Vladivastokdan yazırdı ki, bütün bakılıları (Q.Bağırovu, İ.Həsənovu, D.A.R.Kazımovu) Kolıma, onun kimi "qocaları" isə daha mülayim iqlimli bir əraziyə aparırlar. Məktubu digərləri ilə tutuşdurduqda aydın görünür ki, məktub daha əvvəl yazılmış, noyabrın axırında isə Bakıya çatmışdı. Lakin alimi aldatmışdılar: onu məhz Kolıma, səhhətinin sərt iqliminə dözməyəcəyi bir yerə göndərmişdilər.

İstintaq materiallarının içində Bakıda 1939-cu il 19 martda tərtib edilmiş, onun tamamilə sağlam  və şimal iqliminə dözə biləcəyi haqqında həkim arayışı var. Daha sonra - ölüm aktında A.R. Zifeld-Simumyaqinin 1939-cu il 6 dekabrında adı anlaşılmaz şəkildə yazılmış düşərgədə (yalnız aydın olan odur ki, X hərfi ilə başlayır) vəfat etdiyi bildirilir. O sənəddə qeyd edilir ki, Nijni Debindən (Kolımda yerləşir) mərkəzə (yəqin ki, xəstəxana bu mərkəzdəymiş) 29 noyabrda gətirilmişdir. "Yaşla əlaqədar zəiflik, yorğunluq" diaqnozu qoyulmuş, ölüm səbəbi kimi "ürək çatışmazlığı" yazılmışdı. Heç bir xəstəliyi olmayan, enerjili, 50 yaşındakı insan 16 aylıq həbsxana həyatı və 6 aylıq sürgündən sonra bitkin yaşlıya çevrilmiş və ölmüşdü.

İşin bəraət hissəsi Bakıda olan S. Xovanskayanın 7 dekabr 1955-ci il tarixli ərizəsi ilə başlayır. Professora böhtan atmaq məcburiyyətində qalan bütün şəxslərə, o zamana qədər ya bəraət verilmişdi, ya da bəraət verməyə hazırlıq işləri aparılırdı. Əvvəlki şahidlərdən A.Klimov və S.Tavesov təkrarən dindirilmiş, hər iki şəxs mərhum haqqında müsbət fikir bildirmişdilər. Prokurorun yekun sənədində 22.06.1956-cı il, Ali Məhkəməyə etiraz ərizəsində 27.06.1956-cı il və istintaq işinin qüvvədən düşməsinə dair məhkəmə qərarında 03.07.1956-cı il tarixləri var.

 

Tərcümə etdi:

Nərmin Cahangirova

 

Ədəbiyyat qəzeti.- 2018.- 12 may.- S.31.