Saman çöpü tikana çevriləndə...

 

Orijinal adı "Animal Farm" olan bu romana ən gözəl adı tərcüməçi Vilayət Quliyev verib: "Heyvanıstan". Totalitar rejimlərə qarşı solçu olan yazıçının məcazi dildə yazdığı bu satirik romanı stalinizmi tənqid edir. Öncə onu qeyd edək ki, əsərdəki hər xarakter, gerçək həyatdakı bir kəsimin təmsilçisidir...

Əhvalat İngiltərədə Uillinqdon qəsəbəsi yaxınlığındakı Manor fermasında baş verir. Həmin fermanın sahibidir Mister Cons. Qoca çöldonuzu Mayor bütün heyvanları böyük anbara yığır. O, heyvanlara səfalət içərisində yaşadıqlarını bildirir və bunun da əsas səbəbinin insanlar olduğunu deyir. Onun sözlərinə görə, insanlar onların istehsal etdiyi hər şeyə sahiblənmişdilər. Mayor onları inqilaba çağırır: insanlardan yaxa qurtarmaq lazımdı və onda heyvanlar dərhal varlı və azad olacaqlar.

Özünü hamıdan ağıllı və zirək hesab edən donuzlar inqilab etməyi boyunlarına götürür. Bu donuzların arasında canfəşanlıq etməklərinə görə ən çox fərqlənən Napoleon və Snouboll olur. Mayor insana, onun bütün istəklərinə qarşı düşmənçiliyin donuzların hər birinin borcu olduğunu bildirir: "İki ayağı üstə gəzən hər bir canlı düşmənimizdir. Dörd ayağı üstə gəzən, yaxud uçan hər canlı dostumuzdur". Sonra insana qarşı mübarizə aparanda heç vəchlə ona bənzəməməyi, mübarizə başa çatandan sonra da insanın həyat tərzini qəbul etməməyi tövsiyə edr. Evdə yaşamağın, yorğan-döşəkdə yatmağın, paltar geyməyin, spirtli içki içməyin, siqaret çəkməyin, pulla oynamağın və ticarətlə məşğul olmağın heç bir heyvanın ağlına gəlmədiyini xatırladaraq insan vərdişlərinin pisliklərdən qaynaqlandığını deyir. Və əlavə edir ki, heç bir heyvan öz həmcinsinə zülm etməməlidir: "Bütün heyvanların hüquqları bərabərdir." Sonra gecə gördüyü yuxunu danışmağa başlayır. Və "İngiltərənin heyvanları" mahnısını oxuyur. Onlar inqilab dərsləri keçir, heyvanları azadlığa çıxmağa səsləyirdilər. Ən yaxşı tələbələr isə qoşqu atları olan Bokser və Klover idi. İnqilab nəzərdə tutulduğundan erkən baş verir. Cons içir, onun işçiləri isə heyvanları tamam unudurlar. Səbri tükənən heyvanlar öz sahiblərinin üzərinə hücum çəkərək onları fermadan qovurlar. Onlar insana aid nə varsa hamısını dağıdıb Consun evini muzey kimi saxlayırlar. Fermaya isə "Heyvanıstan" adını verirlər.

Heyvanlar arasında yeni animalizm təlimi yaranır və bu təlim əsas 7 müddəadan ibarət olur. Müddəalar anbarda böyük hərflərlə yazılır. "Heyvanıstan"dakı bütün heyvanlar həyatlarının sonuna qədər bu qanunlarla yaşamalı idilər:

Bütün ikiayaqlılar düşməndi.

Bütün dördayaqlılar və ya qanadlılar dostdur.

Heyvanlar paltar geyinməməlidir.

Heyvanlar çarpayıda yatmamalıdır.

Heyvanlar spirtli içki içməli deyil.

Heyvanlar digər heyvanları öldürməməlidir.

Bütün heyvanlar bərabərdir.

Bu əsas 7 qaydanı başa düşməyənlər üçün Snouboll bütün qaydaları bir müddəada ümumiləşdirir: "Dörd ayaq yaxşıdı, iki ayaq pis."

Gecə-gündüz işləmələrinə baxmayaraq heyvanlar çox xoşbəxt və həyatlarından məmnun idilər. Bokser adlı qoşqu atı ən çalışqan heyvan idi. Bokser özünə "Sabah mən daha çox çalışacam" şüarını seçmişdi. Hər bazar ümumi iclaslar keçirilir, qətnamə yalnız donuzlar tərəfindən hazırlanırdı. Qalan heyvanların işi isə səs vermək olurdu. Donuzların işi yalnız rəhbərlik etmək idi.

Cons və onun işçiləri "Heyvanıstan"a hücum edib onu geri almağa cəhd etsələr də, heyvanlar layiqincə müdafiə olunaraq ona öz ərazilərinə daxil olmağa imkan vermir.

Snouboll və Napoleonun iclaslarda heç vaxt sözləri düz gəlmirdi. Xüsusən də, yel dəyirmanının tikintisi haqda tez-tez mübahisə edirdilər. Bu ideya Snoubollun idi. O, fermada dəyirman tikərək generator vasitəsilə fermanı elektrik enerjisi ilə təmin etmək istəyirdi. Napoleon bu ideyaya qarşı çıxır. Snouboll heyvanlara ona səs verməyi deyəndə isə Napoleonun göstərişi ilə anbara doqquz yekəpər it daxil olaraq Snoubollu qovurlar. O, qaçıb canını qurtarır. Bu hadisədən sonra Snoubollu görən olmur. Napoleon iclasları ləğv edir. Bundan sonra bütün qərarları Napoleonun başçılıq etdiyi donuzlardan ibarət komitə qəbul etməli idi. Bu isə heyvanlarda əvvəlcə narazılıq yaradır. Amma sonra onlar bununla razılaşmalı olurlar. Bokser isə özünə ikinci şüar kimi "Napoleon hər zaman haqlıdı" şüarını seçir.

Napoleon ideyasını gerçəkləşdirmək istəsə də, Snouboll kimi "təhükəli və ətrafdakılara mənfi təsir göstərən" donuzu qovmaq lazım idi. Gecənin birində fermada partlayış baş verir və heyvanların əziyyətlə tikdiyi dəyirmanı məhv edir. Napoleon bunu Snoubollun intiqamı kimi dəyərləndirir və onun haqqında ölüm hökmü çıxarır. O, dəyirmanın bərpası haqda göstəriş verməli olur.

Yaxınlıqda yaşayan cənab Frederik on beş silahlı adamla birlikdə "Heyvanıstan"a girərək xeyli heyvanı yaralayır, yel dəyirmanını isə dağıdırlar. Hücumun qarşısını alan heyvanların çoxu yaralanır. Napoleon çıxış edir və bundan sonra heyvanlar qələbə çaldıqlarına inanırlar.

 

Zəhmətkeş Bokser

 

Bəzən gözlədiklərinin əksi baş verir: xilas üçün yapışdığın saman çöpü tikan kimi əlini yaralayır. Artıq hardansa yapışıb xilas olmaq üçün əllərin də köməyə gəlmir. Bilmirsən əlinə batan tikanın ağrısına çarə tapasan, yoxsa boğulmaqdan xilas olasan...

İnsan yaranıbsa Tanrı ona yaxşı, ya pis tale yazır. Oxuduğumuz əsərlərdə, baxdığımız filmlərdə, real həyatda nə qədər insan taleyi ilə rastlaşırıq. Bəzən bu tale bədbəxtliklə assosiasiya olunur. Gözümüzün qarşısında olduqlarını unuduruq bəzən. Çoxu elə öz yanımızda, evimizdə yaşayır. Bəzən həmin obrazlar da elə özümüz oluruq. Bəxtimizə düşən dramatik rolu oynamaq üçün aktyor olmağımıza ehtiyac yoxdur... Hava sümüyümüzə düşməsə də həyat bizi o ritmə tabe edəcək.

"Heyvanıstan" satirik antiutopiyasında Bokser obrazı var. Xilas olmaq üçün yapışdığı saman çöpünün əslində tikan olduğunu bilməyən insanların taleyini onun taleyinə bənzədə bilərik. Çox adam həmin qəhrəmanın həyatını təkrarlayır bəzən: ümid edir, inanır və... aldanır.

Həyat şüarı "Mən daha çox işləyəcəyəm" olan Bokser qocalır, xəstələnir və onu müalicə olunmaq adıyla furqona qoyub aparırlar. Furqonun böyrünə yazılmış "At sallaqxanası. Sabunbişirmə. Dəri və sümük emalı. İt yemi" sözləri zəhmətkeş Bokserin faciəvi sonluğunu göstərir...

Bokserin faciəsi C.Oruellin sovet zəhmətkeşlərinin gələcəyi haqqında ötürdüyü subliminal mesaj idi. Ətrafımıza boylandıqda, çətinlikləri Atlant kimi çiyinlərində saxlayan nə qədər Bokser görürük. Həyatları bihudə yerə daşı çiynində qaldıran Sizifin taleyinə bənzəyir. Ağır işlər, zülmlə qazanılan çörəkpulu, ümidlərlə yaşaya-yaşaya qocalıb əldən düşmək və... son-qara torpaq. Ümidlərə aldanmaqla başqaları tərəfindən aldanmaq arasında məsafə yoxdu, məsafəsizlik var. Uçuruma gedirsənsə nə fərqi var, səni ora aldadıb aparırlar, yaxud xilas yolu tapmaq üçün gedirsən.

Bədii əsər olsun, film, yaxud real həyat hadisələri. Oxumaq, seyr etmək, həmsöhbət olmaq insanı ayıldır. Gözlərin o dərəcədə açılır ki, xilas olmaq üçün yapışdığın saman çöpünün tikan olmadığına əmin olursan.

Hər insan taleyi bir məktəbdir. Zəhmətkeş Bokserin həyatı isə universitetdir, həyat məktəbidir... Öyrənmək və nəticə çıxarmaq lazımdı...

 

"Bütün heyvanlar bərabərdi"

 

Beləcə, zəhmətkeş Bokser ağır işlər üzündən dünyasını dəyişir. Zaman keçir və inqilaba qədərki "Heyvanıstan"ı xatırlayan çox az heyvan qalır. "Heyvanıstan" gündən-günə zənginləşsə də, donuz, itlər və başqa heyvanlara bu sərvətdən heç nə çatmırdı. Onlar əvvəlki kimi gecə-gündüz işləyir, doyunca yemir və saman üzərində yatırdılar. Donuzların içində ən fəal olanlardan biri - Çığırğan heyvanlara rəqəmləri və statistikanı göstərərək onları daha yaxşı yaşadıqlarına inandırırdı. Heyvanlar İngiltərədə insansız, azad və özü üçün məhsul isteshal edən fermada olduqları üçün fəxr edirdilər.

İllər ötür, donuzlar Consun evinə köçərək orada yaşamağa başlayırlar. Napoleon ayrı otaqda qalır və xüsusi qab-qacaqda yeyib-içir. Donuzlar insanlarla münasibət qurmağa və ticarət əlaqələri yaratmağa başlayırlar. Onlar özləri düzəltdikləri pivə və viski içirlər. Donuzlar bütün əsas müddəaları ləğv edə-edə sona qalan bir müddəanı da özlərinə sərf edən şəkildə dəyişirlər: "Bütün heyvanlar bərabərdi, amma bəziləri daha çox bərabərdi".

 

"Ferma Manor"

 

Qonşu fermadan donuzların yanına insanlar qonaq gəlir. Heyvanlar maraqla pəncərədən evin içərisinə baxırlar. Stolun ətrafında qonaqlar içki içir və dostluğun, yoldaşlığın şərəfinə badələr qaldırır, sağlıqlar deyirlər. Napoleon isə fermanın artıq donuzların mülkiyyəti olduğunu elan edir və ferma yenidən "Ferma Manor" adlandırılır. Sonda yeyib-içən insanlarla heyvanların əslində necə identik olduğu məlum olur. Bu simbioz həyat tərzi onların iç üzünü açır: "Heyvanlar təəccüb dolu baxışlarını donuzlardan insanlara, sonra isə təkrar insanlardan donuzlara çevirirdilər. Gözlərini zilləyib dönə-dönə baxırdılar. Lakin onları bir-birindən fərqləndirmək, kimin kim olduğunu söyləmək mümkün deyildi."

 

***

 

Sovet ideologiyasını faş edən, onun mahiyyətini göstərən "Heyvanıstan" romanı ilə Corc Oruell totalitar siyasi təfəkkürün, yəni keçmiş Sovet İttifaqının tarixini və mövcudluq prinsiplərini bədii cəhətdən uğurla göstərə bilib. Oxucular həcmcə o qədər də böyük olmayan "Heyvanıstan" vasitəsilə Sovetlər birliyinin, stalinizmin mahiyyətindən xəbərdar olur.

 

Xuraman Hüseynzadə

 

Ədəbiyyat qəzeti.- 2018.- 12 may.- S.27.