Dünya ədəbiyyatında detektiv
və Çingiz Abdullayev
Dünya ədəbiyyatında detektiv janrını bir neçə istiqamətdə müəyyənləşdirmək mümkündür: Şərqdə macəralar, əfsanələr kimi, Avropada kriminal əsərlər olaraq, Amerikada isə detektiv janr adı ilə.
Əslində, macəralar folklordan - nağıllardan gəlir. Dünyanın
bir sıra xalqlarının nağıllarında macəra
elementləri var. Amma Şərqin folklorunda olan macəraçılıq
xüsusiyyətlərini Avropa müasir anlamda inkişaf
etdirdi, kriminal deyilən bir janr formalaşdırdı. Bununla paralel, Amerikada XIX əsrdə detektiv janr ədəbi
janr kimi qəbul edildi, dünya ədəbiyyatında təsdiqini
tapdı və XX-XXI əsrdə populyarlıq qazandı.
Edqar Allan Po (amerikan), Artur Konan Doyl (şotlandiyalı ingilis),
Aqata Kristi (ingilis), Umberto Eko (italyan), Orhan Pamuk (türk), Milorad
Paviç (serb), Çingiz Abdullayev (azərbaycanlı) və
digərləri artıq detektiv yazar kimi qəbul edildi.
Bu baxımdan, Azərbaycan ədəbiyyatının
dünya detektiv ədəbiyyatında öz yerinin olması
bizi sevindirir.
Bu yazının yazılmasına bir kitab təqdimatı səbəb
oldu: "Azərbaycan ədəbiyyatında detektiv
janrı" (Çingiz Abdullayevin
yaradıcılığı əsasında) Yazarlar:
Gülxani Pənah, Tural Məzahiroğlu.
Yazarların iddia etdiyi kimi, bu kitabda "...detektiv əsərlər
müəllifi Çingiz Abdullayevin yaradıcılıq yolu,
onun sənətkarlıq keyfiyyətləri təhlil və tədqiqatını
tapır."
Müəlliflərə təşəkkür
düşür ki, son dərəcə populyar olan bu
mövzuya müraciət ediblər. Onu da qeyd etmək istərdik
ki, müştərək yazarlar bu addımı atmaqla cəsarətli
iş görüblər. Çünki Çingiz Abdullayev
kifayət qədər məşhur yazıçıdır,
ondan yazmaq elə də asan iş deyil.
Çingiz Abdullayevin həyat və
yaradıcılığı ilə bağlı bir çox faktlar
var və bu faktlar kifayət qədər maraqlıdır. Çingiz
Abdullayevin 2500-dən çox kitabı çap olunub. Kitablarının ümumi tirajı 27 milyondan
artıqdır. Bədii mətnləri əsasında
9 film çəkilib. Əsərləri
dünyanın 29 dilinə tərcümə olunub. Bu rəqəmlər (biz qəsdən bu statistik
xarakterli məlumatı sözlə yox, rəqəmlə
yazdıq) bir yazıçı bioqrafiyası
üçün çox böyük göstəricidir.
Üstəlik, Çingiz Abdullayevin əsərləri,
özünün dediyi kimi, dünyanın altı qitəsində,
yalnız Antraktidadan başqa Afrikada, Asiyada, Avropada, Amerikada və
Avstraliyada çap olunub. O faktı da deyək ki,
Çingiz müəllim ölkəmizdə ən çox
vergi ödəyən yazıçıdır.
Həyatımızın ümumi inkişaf sürəti
artmaqdadır.
Müasir innovatik texnologiya bu sürəti, az
qala, kosmik həddə çatdırmaqdadır. Bugünkü
texnologiya sabah geridə qalır. Bu inkişafda ləngimə məhvə bərabərdir,
amma bu sürəti yaxalamaq da olduqca çətindir. Çingiz Abdullayev nəinki həyatın inkişaf
sürətinə çatır, hətta müəyyən məqamlarda
onun lokomotivinə çevrilə bilir. Mobilləşən
dünyada, ədəbiyyatın mobilləşməsi nə dərəcədə
zəruridirsə, o dərəcədə də zor bir
işdir. Çingiz Abdullayev postsovet məkanında
ən mobil qələm adamlarından biridir və bəlkə
də yazıçıların birincisidir.
Çingiz müəllim özü üçün
oxucu problemini də həll etmiş yazıçıdır. Doğrudur,
ideal həll burada mümkün deyil. Yəni
ədəbiyyatın, müəllifin oxucu məsələsi
ciddi bir məsələdir. Ola bilər ki,
bu gün yazıçı oxunmur, amma müəyyən bir
zaman keçdikdən sonra o müəllifə kütləvi
maraq yarana bilər və ya əksinə, dəbdə olan bir
yazıçı və onun əsəri müəyyən
vaxt keçdikdən sonra yalnız yaşlı oxucuların
yaddaş ədəbiyyatına çevrilər.
Hal-hazırda reallıq odur ki, mən BDU-nun jurnalistika
fakültəsində tələbələrin stolunun
üstündə Umberto Ekonun, Fyodor Dostoyevskinin,Orhan Pamukun,
Çingiz Abdullayevin kitablarını tez-tez görürəm.
İndiki gənclik Çingiz Abdullayevin
yaradıcılığına maraq göstərir. Müasir Azərbaycan müəlliflərindən
kitabları tələbələrin əlində ən
çox görünən Çingiz Abdullayevdir. Heç kəs inciməsin, bu belədir və bu
reallıqdır. Bəlkə buna səbəb Çingiz
müəllimin əsərlərinin reklamının nisbətən
geniş olmasıdır, ya detektiv janrın
populyarlığı burada rol oynayır, ya bu müəllifin
həqiqətən yaradıcılıq uğurudur?! Hər halda bu belədir.
Dünya ədəbiyyatında detektiv janrının
çox məşhur, çox böyük yazarları var.
Onların dünya çapında xüsusi mövqeləri məlumdur. O sənətkarların
artıq özlərinin yaratdığı ədəbi
obrazlar, hətta öz adları qədər məşhurlaşıblar.
Onların özlərindən daha çox
tanınan qəhrəmanları var. Bu qeyri-adi faktdır və
ədəbiyyatda hər kəsə nəsib olmur, ədəbi
qəhrəman yazıçıdan daha çox sevilsin və
qəbul edilsin. Ceyms Bond artıq
dünyanın tanıdığı bir obrazdır, Peri-Meyson
hər bir gəncin tanıdığı simadır, həmçinin,
Şerlok Holms, Doktor Vatson və o sıradan Dronqo. Bu obrazlar artıq şəxsiyyətə
çevrilib, elə bil tarixi simadırlar, baxmayaraq ki, bunlar bədii
obrazlardır. Ona söz yox ki, ola
bilsin, bu obrazların arxasında bəlkə də hansısa
həyati şəxs dayanır, yəni bunlar real insanların
prototipidir. Bununla belə, artıq obrazların
özləri ədəbiyyatda mühüm və məlum
simalardır. Ədəbiyyatdan həyata "transfer"
oluna biliblər. Bunlar şəxsiyyət kimi qəbul
edilirlər. Bir daha qeyd edək ki, o
cümlədən, Çingiz müəllimin Dronqosu
dünyada tanınan və qəbul edilən obrazdır.
Detektiv janrının Azərbaycanda belə
yayılması, ardıcıl olaraq çap olunması, əsərdən-əsərə
keçməsi və hətta vahid bir obrazla yaşamaq
hüququ qazana bilməsi, dünya çapında bir ədəbiyyat
deməkdir və bu bizim uğurumuzdur.
Detektiv dediyimiz kimi folklordan - macəralardan gəlmə
klassik bir forma olsa da, müasir janr hesab edilir. Dostoyevskinin
"Cinayət və cəza" əsərində də
detektiv janrının elementləri olduğunu iddia edən nəzəriyyəçilərin
olduğuna baxmayaraq, detektiv janrı XIX əsrin sonu Amerika ədəbiyyatında
bir janr kimi öz təsdiqini tapmışdı.
Bu janrın orta dövrü və müasir dövrü
var. Müasir dövrdə detektiv janrı artıq qlobal siyasi
detektiv statusu alıb. Bizim üçün çox önəmli
faktdır ki, müasir dünya ədəbiyyatında detektiv
janrının məhz qlobal siyasi detektiv termini ilə qəbul
edilməsində Çingiz müəllimin müstəsna xidmətləri
var.
Çingiz
müəllim çıxışlarının birində
deyir ki, Dante XIII əsrdə "İlahi komediya"nı,
Balzak XIX əsrdə "Bəşəri
komediya"sını, Con Coysun XX əsrdə "Müasir
komediya"nı yazdı, mən isə XXI əsrdə
"Kriminal komediya"nı yazdım. Çingiz müəllim
eyni zamanda belə deyir: "Mən inanıram ki, öz
kitablarımla insanlara kömək edirəm. Bu
doğrudan belədir, bu yazıçının
missiyasıdır. Kitab insanları tərbiyə
etməlidir, doğru yola aparmalıdır. Dünyada Allahın və İblisin yolu var. Mən
insanları inandırıram ki, siz Allahın tərəfində
vuruşmalısınız. Yazıçı
kömək etməlidir ki, insan Allahı seçsin, İblisi
yox". Bu xalq yazıçısı
Çingiz Abdullayevin fikridir.
60-cı illərdə Cəmşid Əmirovun "Qara
volqa"sı, Elçinin "Arxadan vurulan zərbə"si
vardı, Anarın, Rüstəm İbrahimbəyovun, Natiq Rəsulovun
bir sıra əsərlərində detektiv janrının
elementləri özünü göstərirdi. Bu gün də
ara-sıra detektiv janra müraciət edən
yazarlarımız var. Amma Azərbaycan ədəbiyyatında
Çingiz Abdullayev sırf detektiv yazardır.
Çingiz Abdullayevin əsərləri çoxdur. "Mavi mələklər",
"İnsan ovu", "Ləğv edilmiş mərasim",
"Əclafların
qanunu","Döyüşçünün yolu",
"Qanın üç rəngi", "Peşəkarların
qaydası", "Nifrət okeanı", "Əfsanə
hüququ", "Bankirin ölümü" və sair
onlarla, yüzlərlə əsər...
Bu əsərlər və bunları birləşdirən
məşhur Dronqo haqqında daha ətraflı yazmaq
olardı, biz bunu etmədik. İnandıq ki, bu
qeydləri oxuduqdan sonra o əsərləri axtaranların
sayı daha da çox olacaq və bu əsərləri onlar
özləri əldə edib oxuyacaqlar. Detektiv
isə həmişə maraq çəkən, sirli bir janr
olaraq oxucunu öz cazibəsində saxlamağı bacarır.
Detektivi ciddi ədəbiyyat hesab etməyənlər
nə dərəcədə haqlıdır, deyə bilmərik,
o inkaredilməzdir ki, detektiv, əslində kəskin süjetli
janrdır. Cinayət baş verib,
axtarış aparılır, məntiqi ardıcıllıq
gözlənilir, kriminalist incəliklər diqqəti çəkir,
qatilin tapılması həyata keçirilir, amma bu hələ
tam detektiv deyil. Kriminal macəra hələ
detektiv əsər demək deyil. Analitik
düşüncə, bədii keyfiyyət, süni quramadan
uzaq - professional süjet, dramatik məntiqi dinamika
olmalıdır. Siyasi detektivdə siyasi
dünyagörüşü, siyasi fəhm və hətta
siyasi fəaliyyət təcrübəsi də pis olmaz...
P.S. Mən
danışdığımı yaza bilmirəm,
yazdığımı da danışa bilmirəm, bu nə
sirdir, onu da bilmirəm.
Bir neçə il öncə Azərbaycan Yazıçılar Birliyinin zalında Azərbaycanın məşhur yazıçısı, dünya çapında imzası görünən Çingiz Abdullayevin yaradıcılığına həsr olunan kitabın təqdimat mərasimi keçirilirdi. Mən adətim üzrə gecikmişdim, yazıçılar da adətləri üzrə vaxtın çatmasına baxmayaraq, hələ tədbiri başlamamışdılar. Elə çatan kimi Gülxani Pənah özünü yetirdi: "Natəvan, tez ol, tədbiri sən aparacaqsan." Dedim "Gülxani, nə danışırsan, mən buna hazır deyiləm". Gülxani, "Çingiz müəllim belə dedi" - söylədi. Əlüstü narazılığımı heç olmasa, çatdıra bildim: "Onda axşam zəng vurub, tədbirə çağıranda, bunu deyərdin." Tələsən müəllif səsinin bir az da alçaq tonu ilə dedi: "Axşam heç mən də bilmirdim. İndi, bu dəqiqə dedi Çingiz müəllim." Gəlib oturdum Gülxani göstərdiyi yerdə. Tədbiri Çingiz müəllim özü başladı, sonra Gülxani Pənah... və aparıcı... Alındı mənim aparıcılığım, tədbir də əla oldu. Bir müddət sonra qələm dostlarımın təkidi ilə tədbirdə danışdıqlarımı yazmaq qərarına gəldim. Bu da alındı...
08.04.2018
Natəvan
DƏMİRÇİOĞLU
yazıçı,filologiya
üzrə fəlsəfə doktoru
Ədəbiyyat qəzeti.- 2018.- 12
may.- S.25.