Bacarıqlı oğlan

 

Lemyela qaçıb gəlib,

Evlərinə girəntək.

- Oy! - Qışqırdı anası. -

Neyləmisən, de görək?!

 

Kiminlə dalaşmısan,

Alnın çapıq-çapıqdı?

Bu işdəklərin məni

Qəbrə aparacaqdır!

 

Lemyela dilləndi tez -

Qırpa-qırpa gözünü:

- Heç özüm bilmədən

Dişləmişəm özümü!

 

- Səndə belə bacarıq?! -

Təəccüb etdi ana. -

Necə ağzın uzanıb,

Çata bilər alnına?!

 

- Lap asanca... - Lemyela

Cavab verdi gülərək. -

Bundan ötrü stulun

Üstə çıxasan gərək!

 

Lemyelanın ev işləri

 

Çağırdı ana:

- Gedirəm, oğlum,

Tək qalacaqsan,

Qurbanın olum.

 

Ev işlərimə

Kömək et barı.

Yatır bacını,

Yu boşqabları.

 

Pis olmaz üç-dörd

Odun da yarsan.

Sonra xoruzu

Dama salarsan.

 

Odun... ... bacı...

Xoruz... qab-qaşıq...

Lemyelanınsa

Bircədir başı.

 

Cəld tutub saldı

Bacını dama:

-Sən otur burda,

Bacı, ağlama!

 

Sonra odunu

Yudu, ayırdı,

Sonra çəkiclə

Boşqabı qırdı.

 

Xeyli çarpışdı,

Didişdi qoçaq -

Yatırammadı

Xoruzu ancaq.

 

Anna-Vanna

 

- Anna-Vanna, göstər görək

Neylir donuz balaları?

Tumarlayıb oynadarıq,

İncitmərik onları.

 

- Çıxın görüm həyətdən,

Xahiş eyləməyin siz.

Çimmək vaxtıdı onların,

Sonra, sonra gələrsiniz!

 

- Anna-Vanna, göstər görək

Neylir donuz balaları?

Belindəki tüklərini

Sığallayaq bir az barı!

 

- Çıxın görüm həyətdən,

Xahiş eyləməyin siz.

Yemək vaxtıdı onların,

Sonra, sonra gələrsiniz!

 

- Anna-Vanna, göstər görək

Neylir donuz balaları?

Çil basmış üz-gözlərinə,

Quyruğuna baxaq barı!

 

- Çıxın, görüm həyətdən,

Xahiş eyləməyin siz.

Dinclik vaxtıdı onların,

Sonra, sonra gələrsiniz!

 

- Anna-Vanna, göstər barı,

Neylir donuz balaları...

 

- Gecdi artıq, çıxın gedin,

Gözləyin səhərəcən.

Yatır donuz balaları,

Xor-xor salıb, gör necə!

 

Bembadan Drembaya

 

                                     (zarafat)

 

Tişka yır-yığış etdi -

Qoy bilməsin bir adam.

Bir axşam yola düşdü

Drembaya Bembadan.

 

Şorqoğalı bişirir

Nənəsi Drembada.

Ətrindən, ləzzətindən

Adam doyur Bembada.

 

Keçir gedir kölgədən,

Gündən, ağac dalından.

Şorqoğalıdı ancaq

Fikrində, xəyalında.

 

Gün batır, hər tərəfi

Qaranlıqlar bürüyür.

Tişka ayaqlarını

Zorla-güclə sürüyür.

 

- Bəlkə yatım... meşədə

Qoy açım səhəri mən.

Sabah şorqoğalıyla

Qayıdaram geri mən.

 

Gecə rahat yatmıram,

İtirərəm sağ-solu.

Səhər tezdən duranda

Tapa bilmərəm yolu.

 

Başmağımı qoyum qoy

Mən ağzı Drembaya.

Sübh səhər oyananda,

Qayıtmayım Bembaya.

 

Baş atdı yatdı Tişka

Yol ağzında - açıxda...

Çoban keçirdi burdan

Səhər gün çıxa-çıxda.

 

Gördü başmaq tayları

Tuşlanıb Drembaya.

Tez götürüb onları

Qoydu üzü Bembaya.

 

Tişka durdu sevincək:

- Budur dostlarım - varım.

Yoxsa azıb qalardım,

Sağ olsun başmaqlarım!

 

Necə olsa taparam

İndi yolu asanca.

Geyinib başmaqları,

Getmək gərəkdi ancaq.

 

Tişka keçir kölgədən,

Gündən, ağac dalından.

Şorqoğalıdır ancaq

Fikrində, xəyalında.

 

Budur, evlər görünür -

Tüstü tutub bacanı.

Bu nədir, Drembadır,

Bembadır... nədir, canım?!

 

Dremba, yoxsa Bemba,

Bemsə... Dremba hanı?!

Vay səni, bu Dremba

Lap eynidir Bembanın!

 

Həyət-baca, dəhnə, yol,

Evlər Bembasayağı...

Bemba uşaqlarıdır

Uşaqları da axı!

 

Baxır başmaqlarına

Tişka sonra doyunca.

Elə özüdür ki, var,

Toza bulaşıb ancaq!

 

Bu deməkdi, dostlar,

Siz deyin, deyin, biləm...

Ola bilər bəlkə mən

Heç mən özüm deyiləm!

 

Lev Kvitko

 

Ruscadan tərcümə edən: Qəşəm İSABƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 12 may.- S.24.