Çox kitab tərcümə
etdirməkdənsə,
bunların
sayını azaldıb, keyfiyyətinə diqqət edilməlidir
Müsahibimiz yazıçı-tərcüməçi
Nadir Qocabəylidir
- Azərbaycanda "bədii tərcümə
problemi"nə yetərincə diqqət edilirmi?
- Azərbaycanda
bədii tərcümə məsələsindən
danışılarkən daha çox mahiyyətdənkənar
söhbətlər olunur. Xırda-para məsələləri
qabardırlar, əsl mahiyyət qalır kənarda. Adətən, insan həqiqəti
deyə bilməyəndə çalışır bər-bərəzəkli
yalanlar desin. Belə vaxtı adam ayrı
yöndəki biliyini nümayiş etdirməyə
çalışır, daha çox terminlərdən istifadə
edir.
- Bəs bu mövzunun müzakirəsi
hansı müstəvidə aparılmalıdır?
- Tərcümə
məsələsini əlahiddə bir sahə kimi müzakirə
etmək bəri başdan yanlışdır. Tərcümə
ümumi ədəbiyyatımızın kontekstində
araşdırılmalıdır. Ədəbiyyatımızı
mədəniyyətimizin, mədəniyyətmizi ümumi
ictimai-siyasi, sosial-iqtisadi vəziyyətin, ictimai-siyasi,
sosial-iqtisadi vəziyyəti isə qlobal durumun kontekstində
araşdırmaq lazımdır. Əks
halda nəticə düzgün olmayacaq. Biz
problemə hansısa tərcüməçinin fərdi
göstəriciləri üzərində baxsaq; məsələn,
kimsə tərcümə zamanı heyvanın cəngi yox,
ağzı yazıb, bununla problemin sərhədlərini
görə bilməyəcəyik.
Yeri gələndə "heyvanın ağzı" da
yazmaq olar. Niyə bizdə bu məsələlərə məhdudiyyət
qoyulur? Axı dildə ifadələrin
bolluğu bu sahəni zənginləşdirir. Bir roman tərcümə olunan zaman tərcüməçiyə
alternativ ifadələr lazım olur. Eyni
sözü, ifadəni təkrarlamaq yeknəsəqlik
yaradır axı. Nəzərə alaq ki,
dilimizin söz ehtiyatı tərcümə etdiyimiz dillərlə
müqayisədə çox məhduddur. Səhv eləmirəmsə,
orfoqrafiya lüğətimizdə cəmi 20 min söz var.
İngilis lüğətində isə 1 milyon söz var. Amma
bizdən bir avtobus adamı minik avtomobilinə yerləşdirmək
tələb olunur.
Mən düşünürəm ki, dildə hansı
sözlərə, ifadələrə işləklik
qazandıra bilirsənsə, onlar işləkləşir. Təbii ki,
söhbət düzgün ifadələrdən gedir. Ruslar öz dillərinə son dərəcə
tolerant yanaşırlar. Gələn
bütün sözlərə qucaq açırlar, çox
rahatdırlar, mən də bu yöndə rus dilini örnək
götürürəm. Dildə sinonimlərin
sayının çox olması zənginlik etibarilə
çox önəmlidir. Rus dilinin incəliklərinə
bələd olduqca, heyrətlənirəm. Onlar türk dilindən xeyli söz
götürüblər. Biz isə hələ
də deyirik ki, "tuhaf, "rahatsız",
"duyğusal" yazmayaq.
- Düzdür, tərcümə
problemi deyil, tərcüməçi problemindən
danışıldıqda bu yəqin ki, ən yaxşı
halda bir, yaxud bir neçə tərcüməçinin
işinə müsbət təsir edə bilər. Sizin "tərcümə
problemi" anlayışınıza hansı məqamlar
daxildir?
- Təftişçilikdən
yaxa qurtarmaq lazımdır, insanlara meydan vermək
lazımdı. Onsuz bu ağır sahədi.
Gəliri də çox aşağıdı.
Bədii tərcümənin səhifəsinə
təxminən 5 manat qonorar verirlər. İqtisadi
araşdırma aparsaq, görəcəyik ki, bu qonorarla tərcümədə
keyfiyyət məsələsi axsayır. Şəxsən
mən işlərimə vicdanla yanaşıram, heç vaxt
heç bir cümləni, ifadəni tərcümə çətinliyinə
görə ixtisara salmıram. Amma mən
bu qonorarla heç olmasa günə 5 səhifə tərcümə
eləməliyəm ki, aylıq məvacibim 500-600 manat olsun.
Axı ayın bütün günləri işləmək
də olmur, bunun istirahət günü var, vacib işlər
olur və s. Bu məsələlər
qabardılmalıdır.
- Bəs
necə etmək olar ki, nəşriyyatlar kitabın qiymətini
qaldırmadan tərcüməçilərə, redaktorlara
verdiyi qonorarı artıra bilsin?
- Kitab
bazarı kasaddı, oxucu azdı, bunlar reallıqdı. Bu məsələ
stimullaşdırılmalıdır. Televiziyalar
da daxil olmaqla kütləvi informasiya vasitələri bu işə
cəlb edilməlidir.
Mütaliə mühitinin genişlənməsi
üçün iqtisadiyyat, sənaye, kənd təsərrüfatı
da inkişaf etməlidir. Kənd təsərrüfatı məshullarının
qiyməti ucuz olsa, adamlar büdcəsindən kitaba da normal pul
ayıra biləcək. Vaxtilə Azərbaycanda
Elçinin "Ölüm hökmü" romanı 80 min
tirajla nəşr edilmişdi. Bütün
kitabxanalara paylanmışdı kitab. Kitab
nəşri, kitabın tirajı məsələsi həssas
bir sahədi. 1000 tirajla kitab olmaz.
Nəşriyyatlar da bir məsələni diqqətdə
saxlamalıdır, çox kitab tərcümə etdirməkdənsə,
bunların sayını azaldıb, keyfiyyətinə diqqət
edilməlidir.
Mən "Lolita" romanının səhifəsini 3
manata tərcümə etmişəm, 3 ay müddətində. Bu romanın tərcümə
prosesində infarkt keçirdim. Nabokovda o qədər qəliz
ifadələr var ki, nəinki Nadir Qocabəyli, Azərbaycandan
10 nəfər mütəxəssis birgə işləsə də,
bu əsəri dilimizə tərcümə etməkdə
çətinlik çəkər. Təsəvvür
edin ki, Nabokov "Lolita" romanını 50-ci illərdə
ingilis dilində yazıb, roman XX əsrin ən yaxşı bədii
əsərləri arasında ilk üçlüyə
düşüb. Roman bir çox dillərə
tərcümə edilib, fransız, ispan və s. Amma rus dilinə
tərcümə üçün müəllif heç kəsə
icazə verməyib. Rusiyada böyük bir
tərcümə məktəbi olduğu halda, Nabokov onlara
etibar etməyib. Rusiyada təcümə
sahəsində 10-dan yuxarı akademik var, bizdə heç elmlər
doktoru da yoxdu bu sahədə. Və Nabokov 10 il sonra "Lolita"nı rus dilinə
özü tərcümə edib. Hesab edirəm ki, "Lolita"
üzərində tərcüməçi 2 il
çalışmalı idi. Həm də bir tərcüməçi
yox, bir neçə nəfər. Yenə də, biz
"Lolita"nı arzulanan səviyyədə
tərcümə edə bilməyəcəyik. Çünki
Azərbaycan dili "Lolita"ya hazır deyil.
Mənə sifariş gələndə bu romanı maddi
ehtiyacım olduğu üçün tərcümə etdim. Çünki
Azərbaycanda tərcüməçilərin seçim etmək
imkanı yoxdu. Mənə sabah
"Ulis"i tərcümə etmək sifarişi gəlsə,
onu da qəbul etmək zorundayam. "Ulis"i tərcümə
etmək ölümdür. Mən
ölümümə qol çəkib dar ağacına gedəcəyəm.
Məcburam.
- Bu sahə diqqətdən kənarda
qaldıqca, sanki peşə kimi də dəyərini itirir.
- Azərbaycanda
tərcümə işsizlərin sahəsidi. Hamı
özünü potensial tərcüməçi hesab edir.
Ona görə də bu sahədən söz
düşən kimi hər kəs bir fikir bildirməyə
çalışır.
- Tərcümə sahəsini
problemlərindən danışdıqda bu sahənin tənqidini
də önəmsəmək lazımdır. Bu
sahədə tənqidçilərin işini necə qiymətləndirirsiz?
- Tərcümə
tənqidçiləri mütləq tərcümədən gələn
insanlar olmalıdır. Tərcümə
praktikası olmayanlar tərcümənin problemlərini tam
görə bilməzlər. İkincisi, ədəbi
tənqid nəyisə baltalamaq deyil, tənqid zamanı mətnin
təqdirəlayiq yerlərini də göstərmək
lazımdır, tənqid olunası şeyləri tənqid etmək
lazımdır. Tənqid müəyyən
mənada oxucu cəlbinə hesablanmalıdır. Oxucunun bəzən görməkdə çətinlik
çəkdiyi məqamlar izah olunmalıdır. Bizdə əksinədir; ya bəy-gəlin tərifi
edilir, ya da yalnız konteksdən çıxarış edilib,
zəif nöqtələr qabardılır.
Rus dilini
ana dili kimi bilən məsləhətçilərə ehtiyac
var, ola bilsin ki, onlar Azərbaycan dilini yüksək
səviyyədə bilməsin, amma məsləhətçi
kimi belə insanlara ehtiyac duyulur.
- Qərbin müəyyən
qüvvələri sırf tərcümə olunan kitab
menyusuna, nəşriyyatlara diktə edirmi? Bəzi
insanların fikrincə ölkədə bu sahədə
görünməyən bir monopoliya mövcuddur. Bu barədə qənaətiniz nədir?
-
Razıyam. Amma bəzən belə bir fikir
söyləyəndə adama deyirlər ki, fakt göstər.
Qərbdən nəşriyyatlara qrant
ayrılır, bu və ya digər şəkildə kitablar
tövsiyə olunur. Xüsusilə də
son zamanlar ölkəni "motivasiya", "karyera" ədəbiyyatı
adı altında bürüyən kitablar. Deyl Karnegi və
digərlərinin kitablarında çürük ideyalar təbliğ
olunur, Azərbaycan reallığına uyğun gəlməyən
fikirlər, Şərq insanının ruhuna qətiyyən
uyğun olmayan
şeylərlə gənclərimizin beynini
doldururlar. O kitablara görə nəşriyyatlar çox
güman ki, qrantlar alır. Məsələn, mənə
dolayısı ilə Salman Rüştünün
kitabını tərcümə etmək təklif olunub.
Bu müəllifə görə norveçli tərcüməçini
otağında öldürüblər, yaponiyalı tərcüməçinin
boğazını kəsiblər, Əziz Nesinin evini
yandırıblar. İndi Allah bilir bu
müəllifin kitabının tərcüməsinə
görə nəşriyyat nə qədər pul alıb, mənə
də səhifəsinə görə 5 manat qonorar verəcəklər
və həyatımı təhlükəyə atacaqlar.
- Nadir
məllim, ikinci dildən olunan çevirmələr tərcümə
sahəsinin problemi sayıla bilərmi? Yəni
birinci dildən tərcümənin önəmini hansı səviyyədə
qəbul edirsiz?
- Təbii ki, orijinaldan tərcümə
daha yaxşı olardı. Təəssüf, bu
sahədə potensialımız çox
aşağıdı. Bizdə tərcüməçiliyin
maddi-texniki bazası hansı səviyyədədir? Səhifəsini
3 manata Kortasarı ispancadan dilimizə kim tərcümə
eləyəcək? Ümumiyyətlə, belə
mütəxəssislər varmı?
Nobel komitəsi
əsərləri 4 dildə qəbul edir: ingilis, fransız,
rus, alman. Məsələn, Markesin əsəri
ora tərcümədə gedib. Yəni
ikinci dil məsələsi bütün dünyada aktualdı.
Mən Kortasarın "Xana-xana oyunu"nu tərcümə
edəndə türk dilinə çevrilmiş nüsxəsinə
də baxdım. Əsərin tərcüməsi
bərbad vəziyyətdə idi. Həm də
fransızcadan tərcümə etmişdilər. Türkiyə bizdən demək olar ki, istənilən
sahədə bir neçə dəfə irəlidədir.
Amma gördüyünüz kimi, onlarda da ikinci
dildən tərcümə qalmaqdadır.
Söhbətləşdi:
Sərdar Amin
Ədəbiyyat qəzeti.- 2018.- 12
may.- S.18.