Milli məfkurədən müstəqil
dövlətə
Bu günlərdə AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr
edilən ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə
həsr olunmuş "Ədəbiyyatda Heydər Əliyev obrazı:
tarixi gerçəklikdən ideala" adlı kitabında yer alan
filologiya elmləri doktoru Elnarə Akimovanın "Poeziyada Heydər
Əliyev idealı" oçerkindən bir parçanı ixtisarla
"Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirik.
Heydər Əliyev əvvəl milli məfkurəni,
sonra müstəqil dövləti yaratdı. Bu baxımdan minillik
dövlətçilik tariximizə milli məfkurəyə istinad
edən ilk və yeni Azərbaycan dövlətinin qurucusu kimi daxil
oldu. Milli müstəqilliyi qazandığımız 90-cı illərdə
deyil, eləcə də hakimiyyətdə olduğu sovet epoxası
daxilində ədəbiyyatı nəinki iqtisadiyyatın, eləcə
də siyasətin, gücün ayağına vermədi. Bütün
fəaliyyəti dövründə ədəbiyyata, onun müxtəlif
dövrlərində yaşayıb-yaratmış ədiblərinə
qədirşünas mövqedən yanaşan Heydər Əliyevin
rəhbər kimi özəlliyi bəlkə də elə buradan
başlayır. Dəfələrlə qeyd etmişdir: "...
ədəbiyyatı o qədər sevirəm ki, ədəbiyyatla,
şeirlə, bizim mədəniyyətlə görüşmək
mənim üçün həmişə çox xoşdur."
Ona görə də ədəbiyyat məsələləri
ümumilli liderin apardığı siyasi xəttin tərkib hissəsi
olmuş, onun ədəbi-tarixi yaddaşı qorumaq amalı bütün
fəaliyyəti dövründə funksionallığını
itirməmişdir. Akademik Nizami Cəfərovun təbirincə
desək, "Heydər Əliyevin ziyalı siyasəti onun siyasətindəki
ziyalılığın birbaşa davamı idi…".
Hakimiyyətdə
olduğu bütün dönəmlər onun poeziyaya, şeirə,
sənətə olan sevgisi kimi qabarıq önə
çıxır. Və yalnız təzahür olaraq hasilə
gəlmir, konsepsiya, təlim səviyyəsində gerçəkləşir.
Heydər Əliyev xalqı və dövləti qorumağın,
uca tutmağın, onun milli kimlik və mənlik qürurunun gizləndiyi,
ehtiva olunduğu məqamların nələrdə, hansı dəyərlərdə
ehtiva olunduğunu bilirdi. "Ən çox sevdiyin şair kimdir?"
sualına Şəhriyar, ən çox sevdiyin şeir hansıdır"
sualına isə Səməd Vurğunun "Azərbaycan"
şeiri deyə cavab vermişdir. Əslində, onların hər
ikisi böyük öndər üçün Azərbaycan demək
idi. Onun Şəhriyar sevgisi də, Səməd Vurğunun
"Azərbaycan" şeirinə kövrəlib ağlaması
da, Hüseyn Cavidin nəşinin vətənə qaytarılma
fədakarlığı, onlarla sənətkarımıza qoydurduğu
abidələr, keçirtdiyi yubiley tədbirlərinin də əsas
xətti millətə yönəlik olan sevginin gücünə
söykənirdi: "Heydər Əliyev Azərbaycanın gücüdür.
Rəmz və əks deyil. Gücün özüdür. Azərbaycanı
azərbaycanlıların ixtiyarına verən və Azərbaycan
xalqı "öz taleyinin sahibidir" - deyən ilk böyük
dövlət xadimimizdir Heydər Əliyev. Ona qədər Azərbaycan
tarixində belə bir siyasi kontekstin olmadığı hər
kəsə bəllidir" (Azər Turan).
Heydər
Əliyevin poeziyada obrazı hakimiyyətdə olduğu iki fərqli
mərhələdə fərqli statuslarda poetik dövriyyəyə
gətirilir. Birinci mərhələdə Heydər Əliyev daha
çox siyasi xadim olaraq quruculuq lideri, ədəbiyyatın, mədəniyyət
və incəsənətin hamisi olaraq irəli çəkilir.
Bunu görkəmli liderin fəaliyyətindən bəhs edən
bütün müəlliflər birmənalı şəkildə
vurğulayırlar: "Müstəqil Azərbaycan Heydər
Əliyevin şah əsəridir. Bu möhtəşəm əsərin
möhkəm əsaslarını o, hələ keçmiş
sovet hakimiyyəti illərində formalaşdırmışdı.
Zəngin dövlətçilik təcrübəsi və geniş
milli dünyagörüşə malik dövlət xadimi olması,
cəsarətli ideyaları, böyük təşkilatçılıq
qabiliyyəti, uzaqgörənliyi hələ Azərbaycan Respublikasına
rəhbərliyinin birinci dövründə Heydər Əliyevin
siyasi liderlik istedadını Azərbaycan cəmiyyətinə
və dünyaya təqdim etmişdir" (İsa Həbibbəyli).
Bu dövrdə Heydər Əliyevin obrazı ondan hansı məzmunda
danışmağa əsas verir? Zənnimcə, daha çox xalqın
itirilmiş intellekt və emosiya potensialının geri qayıdışında,
ondakı milli müəyyənlik və özünüifadə
imkanlarının bərpa olunmasında siyasi iradə nümayiş
etdirən lider olaraq. 1969-82-ci illər sovet imperiyası daxilində
həm də milli varlığın idrak məqamıdır. Heydər
Əliyevin həmin dövr fəaliyyətinə həsr edilmiş
bir çox yazılarda bir məsələyə aydın işarələr
var. 1970-ci illərdə Moskva siyasi dairələrində kifayət
qədər nüfuz sahibi olan Heydər Əliyev bu nüfuzdan
xalqının milli kimliyinin və müəyyənliyinin dərki üçün yararlandı.
Bütün siyasi fəaliyyəti boyu əsas diqqətini xalqın
tarixi şəxsiyyətlərinin yaradıcılığının
poetik dövriyyəyə gətirilməsinə, yaddaş faktına
çevrilməsinə, milli genefondun varlıq göstəriciləri
olmaları işinə sərf elədi. N.Gəncəvinin,
İ.Nəsiminin, M.P.Vaqifin, M.Ş.Vazehin, N.Nərimanovun heykəllərinin
qoyulması, onların irsini dirçəltmək imkanları sovet
epoxası daxilində ağlasığmaz əzmkarlıqdan hasilə
gəlirdi və siyasi lider olaraq Heydər Əliyevin bütün
fəaliyyətinin prioritet istiqamətini təşkil edirdi. Mədəniyyət,
elmin və ədəbiyyatın yenidən qurulması prosesi başlanmışdı.
Əbəs deyil ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
gəldiyi 90-ci illərdə ondan bəhs edilən məqamlar məhz
liderin hakimiyyət dövrünün birinci mərhələsindəki
quruculuq proseslərinə dayaqlanırdı: "Ölkə həyatının
elə bir sahəsi yox idi ki, 1969-cu ilin iyulundan sonra ciddi dəyişikliklərə
məruz qalmasın, sözün həqiqi mənasında yenidən
qurulmasın, möhtərəm Prezidentimizin müdrik dövlətçilik
təfəkkürü süzgəcindən keçirilərək
millətin və dövlətin tələblərinə cavab verici
bir şəklə salınmasın" (Ramiz Mehdiyev).
Necə ola
bilirdi ki, Heydər Əliyev sovet hökumətinin mərkəzi
tribunasından sözünü xalqa ünvanlayırdı, onun
dəyərlərini qoruyurdu, milli heysiyyatını uca tuturdu?!
Axı kim dana bilər, toxunduğu bütün məsələlərdə
liderin fəaliyyəti poeziyanın o zamankı dalğasından
azadlıq anlayışının oyanışı kimi keçir.
Bu dövr poeziya nümunələrində Heydər Əliyev obrazı
hələ o qədər də qabarıq deyil. Əvəzində
onun poeziyaya gətirdiyi yenilik ab-havasının, azadlıq duyğularının
təzahürləri var. Bunlar daha çox Heydər Əliyev obrazıdır.
Şeirə bütöv Azərbaycan obrazının gətirilməsi,
Allah obrazının poetik dövriyyəyə qatılması,
milli istiqlal, vətən, dil anlayışlarının uca vurğu
ilə səsləndirilməsi, cəmiyyət ziddiyyətlərinin,
sosial hərc-mərcliyin açıq dillə, çəkinmədən
poetik təcəssümün predmetinə çevrilməsi və
s. hər biri Heydər Əliyev dühasının sayəsində
ərsəyə gələn müstəsnalıq idi. Bu azadlıq
ab-havasını poeziyaya ümummilli lider bəxş etmişdi.
Sovet epoxası
daxilində Heydər Əliyevin üzünü yaddaşa
çevirən tarixə - özündə xalqın milli kodunu
və möhürünü əbədiləşdirən söz
sənətinə tutması ilk növbədə onda çağdaşlıq
faktı aramaq, bu yolla ədəbi prosesə, yeni düşüncəyə
təsir etmək niyyətindən irəli gəlirdi. Xalqın
milli dəyərlərinin dirçəlişindən başlayırdı
Heydər Əliyev və bu istiqamətdə seçdiyi hədəflər,
ünvanlar da dəqiq, çəkili və sərrast idi. Böyük
sənət abidələri, böyük söz ustadları, böyük
söz sərrafları... Bütöv Azərbaycanı yaratmaq,
qurmaq missiyası bu "güc"lərin birliyindən, xalqa
qayıdışından başlayırdı. Və bir də
bütöv, yekparə Azərbaycan ədəbiyyatı anlayışının
özündən... Heydər Əliyevin Cənub ədəbiyyatı
mövzusuna həssaslığının mayası da bu amaldan
nəşət tapırdı. Onun təşəbbüsü
ilə Yazıçılar İttifaqında Cənubi Azərbaycan
üzrə katiblik yaradılmış, Balaş Azəroğlu
da bu sahəyə rəhbərlik etmək üçün Yazıçılar
İttifaqının katibi seçilmişdi. Eləcə də
ilk dəfə olaraq Cənubi Azərbaycan ədəbiyyatının
araşdırma mərkəzinin təməlini qoymuşdur. O da
maraqlı faktdır ki, Heydər Əliyev haqqında ilk şeiri
Səhənddən oxuyuruq. Marağalı şair Bulud Qaraçörlü
Səhəndin (1927-1979) 1974-cü ildə Heydər Əliyevə
ünvanladığı "Elimin dayağı, yurdumun fəxri
Heydər müəllimə" adlanan şeir məktub formasında
yazılıb:
İstərdim
Bakıda SƏN də olaydın.
Hamıdan
dinlərkən vəsfini Sənin,
Heyf ki, görüşmək
qismət olmadı.
Bisütunlar
çapdım mən Fərhad təkin,
Ancaq ki,
su gəlib arxa dolmadı.
Mən
istərdim doğma bir qardaş kimi
Oturub, əyləşib
danışam Sənlə
Bir məsləkdaş
kimi, bir yoldaş kimi
Söz-söhbət
açaydım ana Vətəndən.
Hakimiyyətdə
olduğu zaman kəsimlərində Heydər Əliyev Azərbaycanın
mənəvi reallığı üçün böyük
siyasətçi, dövlət adamı olaraq həm də ədəbiyyatlaşan
obrazı ilə göz önünə gəlir. Bu obraz ədəbiyyat
üçün konkret nəyi ifadə edir? İlk növbədə,
ədəbiyyata, poeziyaya sevgini. Onun
çıxışlarında milli ədəbiyyatımızı
gərəyincə bütöv duyub anlamaq səriştəsi
vardı, prosesə yanaşma strategiyası düzgün
idi, bəhs etdiyi mövzularda
problemlərin dərkini səmtləndirə bilirdi. Və ən
əsası, Azərbaycan ədəbiyyatı haqqında
öz anlayışı, müşahidəsi, elmi qənaətləri
olan bir şəxsin prosesə konseptual yanaşmadan hasilə gələn
məntiqi ehtiva olunurdu. Heydər Əliyev ədəbiyyatın
keçdiyi inkişaf qanunauyğunluğunu bilərək
onun üzərində
özünəxas konsepsiya qururdu. Bu çıxışlarda
ədəbiyyatı həm tarixi inkişaf kontekstində, həm
nəzəri prizmadan, həm də real nəticələrində
dəyərləndirə, aparıcı ədəbi
tendensiyalar işığına tuta bilirdi. Heydər Əliyev
eyni zamanda ədəbiyyatda, poeziyada milli ahəng yaratmaqla bahəm
ümumbəşəri dəyərləri bir müstəviyə
gətirmək kimi siyasi prizmadan çıxış edirdi.
Çünki bilirdi, dilindən, dinindən, irqindən, təmsil
elədiyi ictimai qurumdan asılı olmayaraq, hamını bir yerə
toplayan bir ünvan var: Ədəbiyyat!
Bu mənada
1980-cı ilin 27-31 oktyabrında "Ədəbiyyatların
dostluğu - xalqların dostluğudur" adı ilə
keçirilən yazıçıların Umumittifaq
konfransında Heydər Əliyevin bütün dünyanı
Bakıya cəm etməsi, onu hamı üçün Vətənə
- ədəbi-bədii fikir məbədinə çevirməsi
daha bir ali niyyətin göstərisi idi: "Məhz həmin
konfransdakı nitqi ilə Heydər Əliyev etnos-millət-bəşəriyyət
bağlılığının harmoniyasına yeni istiqamətdə
aydınlıq gətirdi. O, sadəcə, nitq söyləmədi,
şərq-Azərbaycan mədəniyyətinin mədəni
dünya üçün nadir sərvət olduğunu, mənəvi
missiya daşıdığını qonaqlara məharətlə
aşıladı. M.F.Axundovun "Şərq
poeması"ndan, Səməd Vurğunun "Zamanın
bayraqdarı" əsərindən parçalar söylədi
- həm azərbaycanca, həm də rusca. Vyaçeslav Sukaçev, Aleksandr
Smerdov, Vasili Bıkov, Aqniya Barto, Zoya Kedrina, kubalı və
hindistanlı qonaqlar salondakı təntənəli
sükutdan, tükənməz alqışlardan heyrətə
düşmüşdülər. Yanaşı əyləşdiyim
hindistanlı yazıçı Prakaş Bharti çətin
danışdığı rus dilində mənə qəribə
sual verdi:
-Vaş
rukovoditel poet ili prozaik?
Qonaq,
ölkə rəhbərinin yazıçı olduğuna tam
inanmışdı, indi isə onun hansı janrda
yazıb-yaratdığını bilmək istəyirdi.
Heydər
Əliyevdən sonra çıxış edən SSRİ
Yazıçılar İttifaqının sədri Georgi Markov,
daha sonra Rəsul Həmzətov, David Kuqultinov Heydər
Əliyevin düşüncə, ümumiləşdirmə və
natiqlik mədəniyyətindən fövqəladə məhəbbətlə
danışdılar" (İmamverdi Əbilov).
Bu konfrans
Azərbaycanın beynəlxalq aləmə
çıxışında, dünyaya
tanıdılmasında, onunla başqa dövlətlərin
arasında, çoxcəhətli elmi-ədəbi, mədəni
əlaqələrin inkişafında böyük önəm
daşıyırdı. Söhbət dünya ilə qurulan
ünsiyyət və təmas körpüsündən,
Bakını cari ədəbi-mənəvi məkana
çevirmək amacının gerçəkləşməsindən
gedir. Onun baş tutması, gerçəkləşməsi birbaşa
Heydər Əliyevin ədəbiyyat sevgisinin gücü idi.
Ədəbiyyata, poeziyaya bəslədiyi dərin münasibət,
onu xalqın və dövlətin inkişafında əsas
oriyentir hesab etməsi nəticə olaraq bu sahələrin də
təşəkkülünə böyük stimul verirdi.
Ədəbiyyatda əbədiləşən
etnik kodun və psixoloji arxetiplərin üzə
çıxarılması, dəyərləndirilməsi
davamını çağdaş əxlaqa, mənəviyyata
xidmət edən sənətdə tapır, bu dövr ədəbiyyatında
yazıb-yaradan qələm sahiblərinə ruhsal-mənəvi
enerji aşılayırdı. Ona görə Heydər
Əliyev epoxasında yaşayıb-yaradan şair və
yazıçılar birmənalı şəkildə
böyük lideri ədəbiyyatın hamisi sayır, Heydər
Əliyevin siyasətdən başqa bir də ədəbiyyatlaşan
obrazını fakt olaraq etiraf edirdilər:
"Bu
imkanı bizə Heydər Əliyev yaratmışdı və
onun dəstəyini, yardımını, başqa nəsildaşlarım
kimi mən də daima hiss eləmişəm" - bu sözləri
Anar 18 may 1998-ci ildə "Ədəbiyyat qəzeti"ndə
çap etdirdiyi "Şəxsiyyətin miqyası"
adlı məqaləsində yazır.
Elçinin
1995-ci ildə qələmə aldığı "Tarixlə
üz-üzə dayanmış adam" məqaləsində
oxuyuruq: "...altmışıncı illərdə ədəbiyyata
gəlmiş ədəbi nəslin bir qələm sahibi kimi
formalaşması yetmişinci illərə təsadüf etdi
və bütün bu illərdə Azərbaycan ədəbiyyatı
və ümumiyyətlə, Azərbaycan mədəniyyəti
ilə bilavasitə Heydər Əliyev arasında mənəvi
və mən deyərdim ki, məhrəmanə bir körpü
yarandı.
Şair Nəriman
Həsənzadənin xatirələrində dönə-dönə
vurğulanır: "Heydər Əliyevin adı bizim
üçün ilk növbədə ədəbiyyata sevgini,
qayğını ifadə edir. Onun ədəbiyyatdakı xidmətini
saymaqla qurtaran deyil. Yazıçılar, şairlər onun həmişə
diqqət mərkəzində, himayəsində idilər".
İsmayıl
Şıxlının çıxışlarında Heydər
Əliyevin ədəbiyyat sevgisinə heyrəti yer alır:
"Heydər Əliyev yoldaşın bizə, Azərbaycan
yazıçılarına, klassik irsimizə xüsusi
qayğı ilə yanaşması, Nizami, Mirzə Şəfi
irsinin öyrənilməsinə, Nəsimi, S.Vurğun kimi sənət
ustalarımızın geniş yubileylərinin keçirilməsinə
xüsusi əhəmiyyət verməsi bizi sevindirməyə
bilməz".
Nəbi Xəzri
poeziyanın üfüqlərini Heydər Əliyevin
qayğı və himayəsində aradığını bəyan
edir: "Şüvəlandakı yaradıcılıq evinin
açılışında H.Ə.Əliyev yoldaşın
yüksək qayğı və humanizmin təzahürü
olan açıq, mehriban, səmimi, prinsipial söhbətini,
tövsiyələrini, məsləhətlərini xüsusi
qeyd etməliyik. H.Əliyev yoldaşın sadəliyi və
müdrikliyi, dözümü və səbri, valehedici
yaddaşı, ürəklərdən keçənləri
mahir bir sənətkar duyğusuyla oxumaq məharəti
hamımızı qanadlandırır və
ruhlandırır".
Heydər
Əliyev bu qayğı və diqqətini elə sovet
imperiyasının daxilində - ən yüksək postda əyləşərək,
ən əzəmətli kürsüləri bölüşərək,
ən mötəbər tribunalardan səslənərək
gerçəkləşdirirdi. Bu ideologiyasının
müdaxilə etdiyi, incə bir siyasətlə həyata
keçirdiyi məsələlərin - xalqı öz
soy-kökündən, milli müəyyənliyindən,
inancından qoparılması kimi gerçəklərin mahiyyətinə
enirdi. Və bir daha unutmayaq. Sovet qanunlarının hələ
işlək olduğu, tüğyan etdiyi bir dönəmdən
gedir söhbət.
Heydər
Əliyevlə yaddaşlaşan klassika. 1970-ci illərdə
ümumən respublikamızda klassik mədəni irsimizin
öyrənilməsi baxımından tamamilə yeni mərhələ
başladı. Həmin mərhələ bilavasitə
xalqımızın ümummilli lideri Heydər Əliyevin
adı ilə bağlıdır. Adil Babayev yazır ki,
"Şərqin ən böyük dastanı olan "Kitabi Dədə
Qorqud"u adi döyüş əsəri
kimi qiymətləndirirdilər və onun
araşdırılmasının qarşını
alırdılar. Amma milli-mənəvi dəyərlərimizi,
dilimizi sovet dövründə tamamilə sıradan
çıxarmaq məqsədi qoyulsa da reallaşdıra bilmədilər.
Heydər Əliyev abidənin millətə
qaytarılmasında böyük işlər
gördü". Eləcə də böyük Azərbaycan
şairi İmadəddin Nəsimi ilə bağlı Heydər
Əliyevin gerçəkləşdirdiyi işlər bu
şairin irsinin yeni təfəkkür qatına, milli
şüur və yaddaşa bədii-estetik çalar
qatmasını izləməyə imkan verir. Həmin vaxta qədər
Nəsimi "Divan"ı yalnız bir dəfə, görkəmli
ədəbiyyatşünas Salman Mümtaz tərəfindən,
1926-cı ildə ərəb əlifbası ilə çap
olunmuşdu. 1972-ci ildə türkmən ədəbiyyatşünası
Qullayev həmin "Divan"ın dili üzərində
müəyyən türkmənləşmə əməliyyatı
apararaq yenidən çap etdirmiş, şairi türkmən ədəbiyyatının
klassiki kimi təqdim etmişdi. Ancaq Heydər Əliyevin
müdaxilə və müqaviməti nəticəsində bu
saxtalaşdırma siyasəti uzun çəkmir, rəsmi dairələrdə
tanınmasına yol verilmir və şairi Azərbaycan ədəbiyyatının
dəyərli klassiki kimi tanıtmaq, təbliğ etmək
yönündə davamlı tədbirlər planı start
götürür. Heydər
Əliyevin sərəncamı əsasında 1973-cü ilin 13
sentyabrında İmadəddin Nəsiminin 600 illik yubileyi
keçirildi. Elə həmin il Həmid Araslının tərtibatı
ilə Nəsiminin divanı çap olundu. Bütün ölkə
Nəsimi əhval-ruhiyyəsində oldu, şairin şəkli
həmin dövrdə çap olunan bütün ölkə qəzetlərinin
loqosuna çevrildi. Şairin əsərləri ingilis və
fransız dillərinə tərcümə edildi, haqqında
xarici ölkələrin və beynəlxalq təşkilatların
mətbuat orqanlarında bir neçə məqalə çap
olundu. YUNESKO-nun "Kuryer" jurnalında Nəsimi haqqında
məqalə dərc edildi. Heydər Əliyev Nəsiminin
yubileyinin təkcə Bakıda deyil, Moskvada da keçirilməsinə
nail oldu. 1980-ci ilın fevral ayında Bakının mərkəzi
parklarından birində Nəsiminin abidəsi qoyuldu və heykəlin
açılış mərasimində şəxsən
özü iştirak etdi. Beləcə, sovet
ideologiyasının birbaşa marağında olduğu Nəsimini
milli ədəbi-tarixi yaddaşdan çıxdaş etmək
niyyətinin qarşısı böyük siyasətçi tərəfindən
alındı.
Böyük
Azərbaycan şairi Nizami Gəncəvinin
irsinə də Heydər Əliyev münasibəti konseptual səciyyə
daşıyırdı. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin
anadan olmasının 840 illiyi haqqında qərar isə
nizamişünaslıqda əsaslı dönüş
yaratmışdır. Bu məqamla bağlı
X.R.Ulutürkün "Gündəliy"ində əhəmiyyətli
bir epizod yer alır: "Xəmsə"
yaradıcısının anadan olmasının 840 illiyi
bayramı keçiriləndə böyük qazax şairi
Oljas Süleymenovun verdiyi sual yadımdadır:
-Ustad,
axı 840 yuvarlaq rəqəm deyil, niyə tələsirsiniz?
-Tələsməyimiz
əbəs deyil. Biz Nizami ilə bəşəriyyəti
qovuşdurmağa tələsirik. Nizami elə bir sənətkardır,
elə bir dahidir ki, hər il bayramını keçirməyə
dəyər".
Yaxud
1982-ci ilin 15 yanvarında Şuşada M.P.Vaqif məqbərəsinin
açılışı Heydər Əliyev
üçün əbədiləşən tarixi yaddaş
baxımından əhəmiyyətli idi.
Heydər
Əliyevin üzərinə düşən missiya çətin
idi. O, fəaliyyətinə qırılmış xəttin,
güdaza verilmiş dəyərlərin, itirilən
meyarların bərpası kontekstində başladı. Böyük liderin ədəbiyyatda
gerçəkləşdiyi işlər, klassiklərə
qayıdış, milli ədəbiyyata güvənc hissinin
qabarıqlığı sistemin yaratdığı Mif
anlayışını yazıçı düşüncəsində
heçə endirir, onun tənəzzülünü labüdləşdirirdi.
İslahatlar ədəbi-mədəni həyatımızın
bütün sferalarına sirayət etdikcə milli mənlik
şüuru önə keçir, milli məfkurə
işığı dalğalanmağa başlayırdı. Bu
mənada, 90-cı illərdə insanların öz
azadlığını qazanması üçün meydana
axışması, haqqını geri almaq təşnəsi
birmənalı təfsirə gəlmir, onun kökləri bir qədər
dərinlərə işləyib mövcudluğunu iki onillik əvvəldə,
Heydər Əliyev dühasının imkan verdiyi azad söz
zamanında, sovet ədəbiyyatı daxilində yaranmağa cəsarət
etmiş hürr duyğulu, millət problematikalı poeziya mətnlərində
tapır. Bunu meydanda olan faktlar deyir: Nəriman Həsənzadə
"Heydər Əliyevin şəxsində mən
"Bütün Şərq bilsin" pyesinin qəhrəmanını,
Nəriman Nərimanovun prototipini görürdüm", -
yazır, Qabil qeydlərinin birində "Ömür həbləri"
romanında Heydər Əliyevin də obrazını
düşündüyünü bildirir. Mövlud
Süleymanlı "Dəyirman" povestinin 70-ci illərin
sağlam, duru, doğma ab-havanın məhsulu kimi meydana
çıxdığını və üstəlik əsərlə
bağlı "Azərbaycanı bürüyən"
hücumdan onu Heydər Əliyevin qoruduğunu dilə gətirir.
Bu məqam İsa Hüseynovun, Bəxtiyar Vahabzadənin, Xəlil
Rzanın, Anarın, Elçinin mətbu etiraflarında da yer
alır.
Önəmli
bir faktın - 1978-ci ildə Heydər Əliyevin səyi nəticəsində
dəyişdirilmiş Azərbaycan Sovet Sosialist
Respublikasının Dövlət Himni məsələsi
üzərində dayanmaq istəyirəm.1945-ci ildə Səməd
Vurğun və Süleyman Rüstəmin müəllifliyilə
yaradılmış Azərbaycan Sovet Sosialist
Respublikasının Dövlət Himninin sözlərinin müəlliflər
cərgəsinə Hüseyn Arifin də qoşulmasıyla
1978-ci ildə yeni redaksiyada işlənildi. Qəribədir,
Stalinin adı Azərbaycan himnindən məhz 1978-ci ildə
çıxarıldı. "Rəhbərimiz Stalindir - bizim həyat
növrağımız" misrası Azərbaycan himninin mətnindən
Stalindən 25 il sonra məhz Heydər Əliyevin respublikaya rəhbərlik
etdiyi illlərdə çıxarıldı ki, bu da tarixi bir
qanunauyğunluğun göstəricisiydi. Təbiidir, əgər
himnin sözlərində Stalinin adı keçirdisə demək
ki, himnimiz 1956-cı ildən, Stalinin şəxsiyyətə pərəstişi
ifşa ediləndən sonra oxunmayıb. Stalinin adının
himndən çıxarılması ilə himn yenidən
dövriyyəyə qaytarılırdı və bu da müstəqil
olmasa da, hər halda, respublika şəklini qoruyub saxlayan Azərbaycan
üçün mühüm mənəvi əhəmiyyət
kəsb edirdi.
Heydər
Əliyev Sovet Rusiyası kimi bir imperiya ilə vuruşurdu. Elə
imperiya ki, siyasəti "parçala, hökm sür"
tezisi üzərində qurulmuşdu. Elə hakimiyyət ki,
varlığı millətlərin, xalqların milli kimliyini əlindən
almaq, yadlaşdırmaq, manqurtlaşdırmaq məqamı
üzərində bərqərar olmuşdu. Heydər
Əliyev isə içindən çıxdığı
xalqın öz dəyərlərinin böyüklüyünə
əmin idi, onların nədə ehtiva olunduğunu bilirdi.
Şəxsiyyətlərini tanıyırdı. Dövləti
güclü edən amillərin söykəndiyi bütün
çıxış nöqtələri ona məlum idi. Eləcə
də bilirdi ki, bir xalqın müstəqilliyinin
qazanılması, öz mövcudluğunu sürdürə
bilməsi bir tarixi, ideoloji və siyasi fakt olaraq yalnız tarixi
şəraitin məhsulu ola bilməz, o həm də milli
siyasi, ədəbi və fəlsəfi düşüncənin
nəticəsi kimi hasilə gəlməlidir, milli mənlik
şüurunun yaranmasının aspektləri bədii
düşüncəyə söykənməlidir. Digər tərəfdən,
Heydər Əliyev dünya mədəni sferasına
inteqrasiyanın da zəruriliyini duyurdu. Ona görə milli
varlığın idrakı məsələsinə bu qədər
həssas yanaşırdı, fəaliyyətinin əsas istiqamətini
milli ruhun oyanışı və ona qayıdış əzminin
qorunub saxlanması təşkil edirdi.
Dissident
siyasəti. Heydər Əliyevin 1969-1982-ci illər ərzindəki
fəaliyyətini bu iki sözün birləşməsi
uğurlu və dəqiq ifadə edir. Azərbaycanın dəyərlərini
ona tanıtdırmaq və 1937-ci ildə
ziyalılığın sındırılmış
vüqarını dirçəltmək, reabilitasiya etmək
Heydər Əliyev diplomatiyasının çıxış
nöqtəsini təşkil etmişdir. Nə qədər
gerçəkləşə bildi bu missiya? Zənnimizcə,
bütün hallarda bənzərsiz fədakarlıq nümunəsi
meydana qoyuldu. Hər halda istər ölkə daxilində gedən
siyasi proseslərə, məhəlli ziddiyyətlərə,
istərsə də dünya siyasətində Azərbaycana
qarşı aparılan əks təbliğatlara, mürəkkəb
diplomatik çəkişmələrə baxmayaraq və
onlara önəm verməyərək Heydər Əliyev
"SSRİ adlanan nəhəngin bətnində müstəqil
Azərbaycanı yaratdı" (Hüseynbala Mirələmov).
Hakimiyyətinin
birinci dönəmində Heydər Əliyevin irəli
sürdüyü nəzəri-ideoloji prinsiplərin şairlərin
yaradıcılığına bilavasitə təsiri
olmuşdur. Şairlər, yaradıcı adamlarla tez-tez
görüşən Heydər Əliyevin onlarla ünsiyyət
zamanı səsləndirdiyi hər hansı fikirlər
şairlər üçün enerji və güc mənbəyinə
çevrilmiş, impuls yaradan qüvvə olmuşdur. Məsələn,
B.Vahabzadə, X.R.Ulutürk, M.Araz poeziyasının oynaq ritmi,
həyəcan, çağırışa köklənən
üslubu Heydər Əliyev siyasətinin poeziyaya
qazandırdığı cəsarət ruhu üzərində
qərar tuturdu. Milli poeziyada vətəndaşlıq ruhunun
qüvvətlənməsində və ədəbi-ictimai
fikrin istiqlal ideyaları ilə zənginləşməsində
bu şairlərin böyük rolu olmuşdur. Həmçinin
tarixi-mədəni dəyərlərə ehtiram və ana
dilinin saflığının qorunması onların fəaliyyətinin
mühüm istiqamətlərindən birini təşkil
edirdi.
Bu məqamda
bir məsələni də vurğulamağa ehtiyac var. Heydər
Əliyev yalnız qorumurdu, yalnız himayə etmirdi, yalnız
cəsarət aşılamırdı. O, həm də sahib
çıxmağı bacarırdı. Gücünün
yetdiyi qədər milli-mənəvi dəyərlərin
qorunmasına çaba göstərirdi. Bu barədə əlbəttə,
kifayət qədər təcrübə və bacarıq sahibi
idi, amma onlarla bahəm (və daha əsas!) millətinə və
xalqına can yanğısı vardı. Böyük
şairimiz Məhəmməd Füzuli ilə bağlı Heydər
Əliyevin qatlaşdığı çətinliklər və
onun bu istiqamətdə əzmkar fəaliyyəti fikirlərimizə
əyani sübutdur. Heydər Əliyevin böyük Azərbaycan
şairi Məhəmməd Füzulinin qəbrinin qorunması
və məqbərəsinin tikilməsi ilə bağlı
gördüyü çöxyönlü işlər -
SSRİ XİN qarşısında qaldırdığı məsələ,
Bağdaddakı səfirlik ilə yazışmaları,
ölkə ziyalıları ilə danışıqları və
s. bu kimi yorulmaz, inadlı və əzmkar mübarizələri
bu siyasi liderdən hər cür yüksək məzmunda
danışmağa əsas verir.
Özünəqayıdışın
Cavid intibahı. Heydər Əliyev siyasətinin dissident ruhu
1982-ci ildə daha bir müdhiş hadisə ilə nəhayətsiz
miqyas aldı. Böyük Azərbaycan şairi Hüseyn
Cavidin nəşinin Sibir çöllərindən vətənə
gətirilməsi haqda sərəncam verdi Heydər Əliyev. Xalq
yazıçısı Elçin 1992-ci ildə
yazdığı "Dünya axirət əkini…" adlı
essesində dəqiq qeyd edir ki, "xüsusən səksəninci
illərin əvvəllərində Azərbaycanda milli təfəkkürün,
özünəqayıdışın, ayrı-ayrı fərdlər
arasında yox, bir küll halında oyanma dövrü idi".
Bu qeydlərdə təbii ki, çox səbəblər ehtiva
olunurdu, amma başlıca amil Hüseyn Cavidin cənazəsinin
Sibirdən gətirilib torpağa tapşırılması idi.
Bu hadisəni Heydər Əliyevin siyasi fəaliyyətinin
şah əsəri saymaq olar. Axı söhbət 1937-ci ilin
repressiya dalğasının güdaza verdiyi faciə qəhrəmanından
gedirdi. 1982-ci il, sovet dövrü hələ bitməmişdi,
heç buna işarələr belə yox idi. Rəsmi sənədlər
üzərində bəraətlər verilib, amma
düşüncədə hələ də repressiya
havası, qorxusu, ürpərtisi, həyəcanı davam
edirdi. Dildə repressiyaya məruz qalanlar haqda gerçəklər
tüğyan edirdi, amma kağız üzərində
yanlış elmi-ədəbi yalanlar meydan sulayırdı.
Çünki xof hələ çəkilməmişdi,
ideoloji yanlışlığa uğrama qorxusu gerçəklərdən
daha öndə idi. Heydər Əliyev bu addımı ilə
gerçəyi qorxulardan önə çıxartdı,
Cavidin nəşini vətənə qaytarmaqla elə ilk növbədə, qorxunun
üzərindəki örtüyü götürüb
atmağa müvəffəq oldu.
1982-ci ildə
Cavidin qayıdışı ilə milli mədəniyyətin
yeni epoxası başlayır. Bu həm də Heydər
Əliyev siyasətinin 69-cu ildən bəri xalqın mənəvi
dirçəlişinə, ictimai özünüdərk və
milli təfəkkür oyanışına doğru
addım-addım gəldiyi yolun qanunauyğun sonucu kimi meydana
çıxır.
Cavidin nəşinin
niyə məhz Naxçıvanda basdırılması da
ayrı özəlliyi ilə diqqət çəkir. Nəriman
Həsənzadənin xatirələrində buna əmin oluruq:
"Bir də Təbriz nisgili var idi Heydər Əliyevin.
Hüseyn Cavidin nəşini uzaq Sibirdən vətənə gətirmişdi.
Cavidi niyə Naxçıvanda basdırmaq istədi, burda yox?
Söhbət gedirdi bu barədə həmin ərəfələr.
Mən yanında durmuşdum, kimlərləsə söhbət
edəndə dedi elə Naxçıvan yaxşıdı ki,
Təbrizdən gələndə onu ziyarət eləyib gələcəklər.
Bura qədər dərin düşünürdü Heydər
Əliyev".
Cavidlə
bağlı missiya bununla yekinlaşmır. Həmin vaxt Heydər Əliyevin göstərişi
ilə Naxçıvanda Hüseyn Cavidə məqbərə
tikilməsi qərara alınır. Lakin 1982-ci ildə
respublikadan gedəndən sonra bu yöndə heç bir
iş görülmür. Liderin 1993-cü ildə ölkəyə
rəhbər kimi qayıdışından sonra işlərə
yenidən təkan verilir. Naxçıvanda Hüseyn Cavidin əzəmətli
məqbərəsi hazırlanır. Məqbərədə
Cavidlər ailəsi - Cavidin, Mişkinaz və Ərtoğrulun
məzarları yan-yana uyuyur. Sona Vəliyevanın
"Tanrının sevdiyi səma şairi" məqaləsində
yazdığı kimi: "Bəli, ulu öndər Heydər
Əliyev Hüseyn Cavidə tək ölkə rəhbəri,
onu sevən oxucu kimi yanaşmadı. Heydər Əliyev
Hüseyn Cavidə övladı Ərtoğrulu əvəz edərək
oğulluq etdi. Bu qayğı, cəsarət, sevgi nəticəsində
Cavidlər ailəsi möhtəşəm bir məqbərədə
uyuyurlar".
Heydər
Əliyev - milli ədəbiyyatımızın şərəfli
tarixidir, faktıdır, əhəmiyyətli və gərəkli
məxəzidir. Bu məxəz bütün estetik ruh halı
ilə fərqli duyumun, fərqli yaşamın şəklidi.
Heydər Əliyev ruhunun ədəbiyyatda gerçəkləşən
şəkli... Və siyasətdə göründüyü qədər
həm də ədəbiyyatın obrazıdır.
***
1980-ci illər...
Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldı.
Təbii ki, dissident siyasəti yürütdüyünə
görə. Meydanda isə 1970-1980-ci illərin - Heydər
Əliyev zamanının reallaşdırdığı
gerçəklər sırası vardı. Ölkə və
xalq adına görülən nəhayətsiz əməllərin
özülünün qoyulduğu mərhələ vardı.
Hamının və hər kəsin vurğulayacağı bu
gerçəyin üzərinə tarix yenidən
qayıdacaqdı. Çünki 1970-1980-ci illər Azərbaycan
ədəbiyyatı Heydər Əliyevin müəyyənləşdirdiyi
əxlaqi-milli-mədəni aktın
ilhamçısı və icraçısıdır.
Cari prosesin, yazılan əsərlərin, bütöv ədəbi
hərəkatın ideya zəmini rolunda çıxış
edən aparıcı simadır Heydər Əliyev. Sovet
epoxası daxilində bütün ölkə miqyasında
sosial-tarixi, ədəbi-estetik qanunauyğunluqlarla müasir ədəbiyyatın
özünün bədii-fəlsəfi ənənəsi
arasında əlaqə, körpü rolunu Heydər Əliyev
icra etdi. Ədəbiyyatın uzun illərin mənəvi təmassızlığından
sonra yeni bir bədii-fəlsəfi zirvədən
keçmişə, özünə qayıtma dövrü məhz
Heydər Əliyevin payına düşdü. Bu mərhələ
milli özünüdərk, milli mənlik şüurunun
dirçəldilməsinə canatım illəri kimi Heydər
Əliyevin simasında dolğun mövcudluğunu
yaşadı. Bu mənada 1960-1980-ci illər poeziyası və
nəsrində Heydər Əliyev obrazı həmişə
dominantdır. Onu yetirir, stimul verir, poetikasından tutmuş
problematikasına qədər alt məqamda iştirak edir. Bu, Heydər Əliyev ədəbiyyatıdır!
"İstiqlal
siyasəti"ndən milli müstəqilliyə. Heydər
Əliyevin siyasətini istiqlal sözü ilə bir müstəviyə
qoyub elə eyni müstəvidə "İstiqlal
poeziyası" deyilən bir təsnifatı dövriyyəyə
gətirmək mümkündür. Daha sonra isə milli
müstəqillik kimi tarixi nailiyyətimizi. Nədən ki,
siyasətdən müstəqilliyə doğru gedilən yolda
tarixi dönüşü icra etmək missiyasını həmişə
poeziya gerçəkləşdirib. Önəmli faktdır ki,
1995-ci ildə Heydər Əliyevin sərəncamı ilə
ilk dəfə olaraq "İstiqlal" ordeni təsis olunur və
bu ordenə üç şair - Xəlil Rza Ulutürk
(ölümündən sonra), Məmməd Araz, Bəxtiyar
Vahabzadə layiq görülür. Bəxtiyar Vahabzadə
poeziyasının istiqlal, hürr amalı gün kimi aydın
həqiqətdir. Bəxtiyar Vahabzadə Heydər Əliyev
ideallarına sona qədər sadiq, ən ağır günlərində
onunla çiyin-çiyinə dayanmış şair olub. Və
yalnız Heydər Əliyevləmi? Bütün xalqla,
bütün millətlə. Bu mənada 1995-ci ildə Heydər
Əliyev "İstiqlal" ordenini Bəxtiyar Vahabzadəyə
təqdim etməkdə yanılmırdı. Eləcə də
Xəlil Rza Ulutürkə münasibətdə...
X.R.Ulutürkün milli duyğularla süslənmiş
poeziyasını təhlil etmək bir başqa mövzudu, amma
bu anda onun Heydər Əliyevlə bağlı
apardığı mücadilənin bəzi həssas məqamlarına
varmağa ehtiyac olduğunu düşünürəm..."1987-ci
ilin 6 oktyabrında Mətbuat prospekti ilə addımlayan Xəlil
bəy təbiətinə yaraşmayan hüznlü bir ahənglə:
"tərənnüm obyektimizi itirmişik. Azərbaycanı
murdar əsgiyə çevirirlər" - dedi və o söz
mənim yaddaşımda o günlərin ən real təsnifatı
və obrazı olaraq qaldı.
1987-ci
ilin oktyabrı idi. Azərbaycan tarixinin yeni dövrü də
oktyabrdan başlanırdı. Qarabağ müharibəsinə,
torpaqlarımızın işğalına rəvac verən
sovet imperatoru Qorbaçov məhz 1987-ci ilin oktyabrında, həmin
ayın 21-də Heydər Əliyevi Siyasi Bürodan kənarlaşdırdı.
Məhz
Heydər Əliyev getməliydi ki, Aqanbekyan
"Hümanite"yə o qara şöhrətli müsahibəsini
verə bilsin (17 noyabr 1987). Məhz Heydər Əliyev getməliydi
ki, Dağlıq Qarabağ Muxtar vilayəti özünün
Ermənistana verilməsi barədə qərar qəbul etsin
(20 fevral 1988). Məhz Heydər Əliyev getməliydi ki,
Əskəranda ilk şəhidlərin: Əli və Bəxtiyarın
günahsız qanı axıdılsın (22 fevral 1988).
Heydər
Əliyev Siyasi Bürodan getdi və bundan sonra o yekəlikdə
ölkədə siyasi şoular dövrü başlandı.
"Literaturnaya qazeta"nın sentyabr ayında dərc etdiyi
"Gurultulu alqışlar" məqaləsi (hədyanı!)
yenə də məhz 1988-ci ilin 9 oktyabrında
"Kommunist" qəzetində şərəfsizcəsinə
təkrar edildi.…Xəlil bəy 6 oktyabrda, təbii ki, Vaksberqin
o ədəbsiz və ədəbaz cızmaqarasından xəbərsiz
deyildi və: "tərənnüm obyektimizi itirmişik. Azərbaycanı
murdar əsgiyə çevirirlər" sözləri də
o ağrılı və təəssübkeş
yaşantıların ifadəsi kimi unudulmazdır".
Bu fikirləri
"Aydınlıq" qəzetinin 12 iyun 1992-ci il tarixli
nömrəsində Azər Turanın "Ya zəfər, ya
ölüm yaz bayrağına!" adlı essesində
oxuyuruq. Ümummilli lider hələ iqtidara gəlməmişdi.
Heydər Əliyev Naxçıvanda işləyirdi və
Bakıda ona qarşı əks-təbliğatlar gedirdi.
Hakimiyyətdə anarxiya hakim idi. Ayaz Mütəllibov
getmiş, Əbülfəz Elçibəy isə dörd
gün əvvəl, 1992-ci ilin 8 iyununda prezident
seçilmişdi. Ölkənin yeni seçilmiş prezidenti
var idi. Xəlil Rza Ulutürk isə meydanlarda mitinqlər
keçirib Heydər Əliyevin hakimiyyətə gəlməsi
üçün çağırışlar edir, israrlı
tələblər irəli sürürdü. Şair Əliyevin müdafiəsinə
qalxdığna görə istər partokratlar, istərsə də
naşı demokratlar tərəfindən qınaqlara məruz
qalmışdı. Onu hər nə yolla olursa-olsun
susdurmağa çalışırdılar. Bu, indi adi
görünə bilər. Amma o dövr üçün
qeyri-adi hərəkət idi və məhz o günlərdə
bu yazını çap etdirmək Xəlil Rzaya və əslində
Heydər Əliyevə dəstək demək idi.
28 iyul
1992-ci ildə "Aydınlıq" qəzetində xalq
yazıçısı Elçinin Heydər Əliyev barədə
"Dünya axirət əkini" yazısı çap
olunur. Bəxtiyar Vahabzadənin 1991-ci il, Parlamentdə Heydər
Əliyevi müdafiə edən məşhur
çıxışını da həmin cəsarət
nümunələri sırasında anmaq olar.
1980-ci illərin
sonlarından etibarən ölkə əvvəlcə yenidənqurma
adı ilə göstərilən bir absurdun
tamaşaçısı olmaq məcburiyyətini
yaşadı, ardınca bu ümidlərin də fiaskoya
uğraması prosesi başladı. Öz haqqının sahibi
olmaq zamanı çatmışdı.
Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycanda milli
müstəqillik elan olundu. Amma bu o qədər də asan
başa gəlmədi. Bunun üçün millət
1990-cı ilin 20 Yanvarında sınaq imtahanı verdi. Sonra
Xocalı soyqırımı, ard-arda itirilən ərazilər,
ölkə daxilində başlanan xaos, siyasi çəkişmələr,
hərc-mərclik, şəxsi ambisiyaların tüğyan etməsi...
Digər tərəfdən, Azərbaycan insanı öz
müstəqilliyini yaradan, postsovet məkanı kimi
özgürlüyünü yaşayan xalq olaraq həm
keçid dövrünün, həm də dünya səviyyəsində
mövcud xaotik mərhələnin yükünü və
ağrısını daşımağa məcbur
edilmişdi. Yeni liderin gəlişinə, xalqın nicat yerinə
çevrilməsinə ehtiyac vardı, zəmanə öz qəhrəmanını
gözləməkdə idi. Poeziya "Allahım, mənə
bir ağsaqqal yetir" (Zəlimxan Yaqub) nidası ilə
çağırışlar etməyə
başlamışdı artıq. Milli-mənəvi həyatımızda
hökm sürmüş xaos və stixiyadan sonra Dahi işinə
ehtiyacın növbəsi gəlmişdi və zamanın
sükanını kosmik ahəngə xidməti ilə
seçilənlərin öhdəsinə verməyin vaxtı
idi.
1990-cı
illər şeirində ikinci mərhələ ümummilli
liderin Xilaskar obrazını irəli çəkir.
Dövrün qarışıqlığı - ölkədə
hökm sürən siyasi hərc-mərclik, sosial böhran,
kükrəyən emosiyalar, xalqın fiaskoya uğrayan
ümidləri və ardınca Heydər Əliyevin hakimiyyətə
gəlişi. Bu yalnız hakimiyyətə qayıdış
deyildi. Bir zaman görülən işlərin, bütün
senzura və stereotiplərin üstündən adlanıb
meydana qoyulan əməllərin bütövlənməsi,
yenidən dövriyyəyə gətirilib tamamlanma
şansı idi. İbrətlidir ki, tarix bu şansı digərinə
deyil, elə istiqlal yollarında can qoymuş, məsləkini tərcümeyi-halına
çevirmiş Seçilmişinə həvalə etdi.
Xilaskarlıq
missiyası. Heydər Əliyevin siyasətçi kimi
gücü bunda idi. Əvvəlki inadla millətin yaddaş
kultuna sədaqətinin bərpa edilməsi məsələsinə
həssas yanaşmasında. 1990-cı illərdə dahi
şairimiz Məhəmməd Füzulinin 500, Mirzə Cəlilin
128, ilk möhtəşəm söz abidəmiz olan
"Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin
elmi ictimaiyyət tərəfindən beynəlxalq səviyyədə
keçirilməsi ədəbi irsə layiqli münasibətin
izharına ən yaxşı nümunə olmaqla
yanaşı, dövlət başçısının
hansı məsələlərdə dəstək
aradığını, mənəvi ülfət
tapdığını bəlli edir. Daha sonra bu missiya klassik sənətkarlarımızın
taleyinə münasibətdə davamını tapmağa
başladı. Klassiklərimizin yubileylərinin keçirilmsi
barədə sərəncəmlar imzalayan Heydər Əliyev
qeyd edirdi ki, "Respublikamızın bu ağır
dövründə böyük yubileylər keçirilməsi,
şübhəsiz ki, müəyyən qədər çətinliklərlə
üzləşəcək. Ancaq bunlara baxmayaraq, həyatımızın
mənəvi sahəsi heç vaxt unudulmamalıdır.
Çətinliklər nə qədər çox olsa da mədəniyyətə,
mədəni irsimizə, mənəviyyata
daim xüsusi diqqət yetirməli və bu sahələrin geri
qalmasına yol verməməliyik."
Məhəmməd
Füzulinin bütün əsərləri (külliyyatı)
altı cilddə nəşr edildi. Haqqında sanballı elmi
monoqrafiyalar, tədqiqat əsərləri ortaya qoyuldu. Yubileyi
həm Azərbaycanda, həm
bütün türk-islam aləmində, həm də
Rusiya və Avropada böyük təntənə ilə
keçirildi.
1990-cı
illərdə yenidən hakimiyyətə gələn Heydər
Əliyevin müasir ədəbiyyat kontekstində yerinə
yetirdiyi "yaradıcılıq" missiyasının realizəsi
bir tərəfdən klassik ədəbiyyatı yaşatmaqla
bağlı idisə, digər tərəfdən
çağdaş ədəbi prosesi gəlişdirmək məqsədilə
atılan bir sıra addımlarla əlamətdar oldu;
yaradıcılıq aləminə yeni istedadlı müəlliflərin
gəlməsində rol oynayan, sonradan maddi
çatışmazlıqlar ucbatından uzun fasilələrlə
işıq üzü görən, hətta bağlanmaq təhlükəsi
ilə üz-üzə duran ədəbi orqanların: "Azərbaycan",
"Literaturnı Azərbaycan", "Ulduz",
"Qobustan" jurnallarının və "Ədəbiyyat
qəzeti"nin ölkə prezidentinin xüsusi qərarı
ilə müntəzəm surətdə ölkənin dövlət
büdcəsindən maliyyələşdirilməsi ədəbi
prosesin gəlişməsində əsaslı rol oynadı.
Heydər
Əliyev "Zaman"ı. Heydər Əliyevə həsr
olunan bütün mətnlərdə eyni obrazla
qarşılaşırıq: xilaskar, mətin, dahi insan, millət
və xalq fədaisi, bütün varlığı ilə
dövlətinə bağlı olan şəxsiyyət və s. və i.a. Bu obrazı Heydər Əliyev
özü öz ömür bioqrafiyası ilə
yaratmışdır. Ona görə hansı rakursdan
yanaşılsa, hansı səviyyədə bədii təcəssümün
predmetinə çevrilsə belə sonda gözlərimiz
önündə böyük əqidə və amal
daşıyıcısı olan eyni Obraz canlanır. Tərcümeyi-halını
məsləkinin ifadəsinə çevirmiş Heydər
Əliyev obrazı…
"Zaman
keçir, hər şey durulur və Heydər Əliyevin 40
illik siyasi yaradıcılığı bu gün müstəqillik
təntənəsini yaşayan Azərbaycanımızın əsasını
təşkil edir. Biz desək də, deməsək də Azərbaycanda
inkişaf etmiş, böyümüş, artmış,
tikilmiş, yenidən qurulmuş hər nə varsa onun
adıyla bağlıdır! Bunu danmaqsa mümkün deyil... Bu
tarixdir!", - yazır yazıçı Mövlud
Süleymanlı. Heydər Əliyevə həsr olunan
bütün əsərlər, əslində, bir məqama
israrlıdır: Heydər Əliyev tarixdə qalıcı
şəxsiyyətdir. Öyünə biləcəyimiz
TƏKlərdəndir!
***
Biz
ümumilli liderin vətən, yurd, xalq adına
gördüyü nəhayətsiz əməllərdən bəhs
etdik. Amma Heydər Əliyevin ən dəyərli əsərlərindən
biri Azərbaycan Prezidenti İlham Əliyevdir. Heydər
Əliyevin uğurlu siyasi kursunun bariz örnəyi!
Bu gün
Heydər Əliyev həm də İlham Əliyevin
simasında yaşayır, əbədi davam edən tarixə
çevrilir. Təsadüfi deyil ki, çağdaş
dövrümüzdə İlham Əliyevə həsr olunan əsərlər
ilkin olaraq Heydər Əliyev obrazını içindən
keçirməli olurlar:
Ulu
öndər özü kimi inandığı bir varisə
Güvənərək,
bir inamla demədimi illər qabaq:
"Azərbaycan günəş
kimi Yer üzünə saçılacaq!"
Odlar
yurdu, nur saçırsan,
qaranlıqlar gendən
keçir,
Avropanın
gələcəyə addımları səndən keçir!
Arzu Əsədov
***
Heydər
Əliyev həm də sözümüzün "yaddaş
sirri"dir. O, dövlətin rəmzinə çevrilmiş
ilk siyasi lider oldu və kifayət qədər ibrətamizdir
ki, belə bir hadisə Azərbaycan tarixində ilk dəfəydi
ki, baş verirdi. Belə hadisələri isə tarix sonradan təshih
etmir. Çünki yüzillər keçəndən sonra
tarix daha çox həqiqətin dilində danışır.
Heydər Əliyev Azərbaycanın siyasət dilini dünyaya
təlim edən ilk azərbaycanlı oldu. Bu mənada,
yüzillər keçəndən sonra da tarix Azərbaycan barədə
qurucunun, baninin, ümummilli liderin, yəni Heydər Əliyevin
üslubunda danışacaq.
Elnarə
AKİMOVA
Ədəbiyyat
qazeti.- 2018.- 12 may.- S.6-9.