Heydər Əliyev və Azərbaycan kinosu
XX əsr
dövlətçilik baxımından Azərbaycan
üçün şərəfli tarixdir. Bir əsrdə iki
dəfə müstəqillik əldə edən və bununla
da dünya dövlətləri sırasına inamla qoşulan
Azərbaycan hər sahədə olduğu kimi milli mədəniyyət
faktoru kimi də kifayət qədər
uğur qazana bilib.
XX əsr
bizə dünya şöhrətli alimlər, musiqiçilər,
rəssamlar, ədiblər bəxş edib. Lakin inamla deyə
bilərik ki, bu tarixin ən zəngin və parlaq dövrü
məhz ulu öndərimizin, xalqımızın ümummilli
lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi
zamanla bağlıdır. Bu böyük şəxsiyyət
ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə
mədəniyyətimizin, incəsənətimizin, elmimizin və
ədəbiyyatımızın hamisi olub, milli dəyərlərimizin
dünya çapında tanınması üçün əlindən
gələni edib, mədəniyyət və incəsənət
xadimlərimizin təbliğ olunmasına şərait
yaradıb. Heydər Əliyev haqqına söz düşəndə,
onun ömür yolu və fəaliyyəti tədqiq olunanda bir
daha şahidi oluruq ki, bu unudulmaz şəxsiyyət
bütün həyatını Azərbaycan xalqına həsr edib.
İncəsənətin
bütün sahələrində olduğu kimi, milli kinomuzun da
inkişafında H.Əliyevin xidmətləri
danılmazdır. Amma qeyd etmək lazımdır ki, kinomuz bu
qayğını və dəstəyi ulu öndər hələ
Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə
rəhbərlik etdiyi dövrdə görüb.
Ötən
əsrin 70-ci illəri milli kinomuzun ən parlaq dövrlərinə
təsadüf edir. Həmin illərdə kino-studiyamızda
bir-birindən maraqlı filmlər istehsal edilir,
tamaşaçıların ixtiyarına verilirdi. Bu filmlərdən
biri də hər zaman maraqla qarşılanan "Bir cənub
şəhərində" bədii filmidir. Kinorejissor Eldar
Quliyevin bədii kinoda ilk işi Bakı həyatından,
köhnə məhəllələrin birində yaşayan
insanların gündəlik yaşam görüntülərindən
bəhs edirdi. Filmin əsas ideyası yeni ictimai quruluşda
özəl düşüncə tərzi ilə yaşayan
bütöv bir insan cəmiyyətini əks etdirirdi. Sovet
rejiminin ən qatı vaxtlarında ekrana köhnəfikirli
sovet adamı obrazı gətirmək, feodal düşüncəsi,
kapitalist fikri ilə yaşayan qəhrəmanı təbliğ
etmək, tamaşaçıya dövrlə bağlı
seçim imkanı saxlamaq və bütün bunları sovet təbliğat
maşınına qəbul etdirmək asan məsələ
deyildi. Yaradıcı heyətin böyük zəhmət və
sevgiylə ərsəyə gətirdiyi film daxili
baxışdan sonra Moskvadakı "Qoskino" (Dövlət
Kinematoqrafiya Komitəsi) adlanan qurumda ciddi tənqid edilir, filmin
kütləvi nümayişinə qadağa qoyulur. O ərəfədə
Heydər Əliyev Azərbaycan SSR Mərkəzi Komitəsinə
birinci katib təyin olunur. Filmin "aqibəti"ndən xəbər
tutan ulu öndərin bəlkə də bu vəzifədə
ilk işlərindən biri "Bir cənub şəhərində"
kimi möhtəşəm ekran işini tamaşaçıya
qaytarmaqla başlayır.
Sovet
dönəmində mərkəzi hakimiyyətdən
asılılıq bəlkə bütün müttəfiq
respublikaların boynuna düşən ağır yük idi,
mərkəzdən xəbərsiz hansısa dövlət əhəmiyyətli
tədbir keçirmək, nəsə ciddi bir qərar qəbul
etmək çox çətin idi. Belə məsələlər
birmənalı şəkildə müttəfiq respublikalara rəhbərlik
edən şəxslərin nüfuzu və bacarığı
sayəsində həll olurdu. Bu baxımdan Azərbaycanın bəxti
gətirmişdi, çünki hər sahədə onun problemlərini
diqqətə çatdıracaq gücə və nüfuza
qadir rəhbəri vardı.
Kino
tariximizin maraqlı bir məqamı da Azərbaycan kinosunun təşəkkülü
ilə bağlıdır. Bu tarixi saxtalaşdırmaq təşəbbüsü
də mərkəzin iradəsi ilə olmuş və nəticədə,
milli kinomuzun yaşı 17 il geri atılmışdı.
1976-cı
ildə Azərbaycan SSRİ Dövlət Kino Komitəsinin sədri
Məmməd Qurbanov milli kinomuzun ilk qaranquşu hesab edilən
"Neft və milyonlar səltənətində" filminin 60
illiyi münasibətilə respublika əhəmiyyətli tədbir
keçirməyi, bu münasibətlə müttəfiq
respublikalardan və xaricdən qonaqlar dəvət etməyi planlaşdırır
və yuxarıda qeyd edilən asılılığa görə
SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin sədri ilə
telefon əlaqəsi yaradır. Bu təklifi eşidən komitə
sədri ikrah hissilə Azərbaycanda kinonun təşəkkül
dövrünün Rusiya kinosunun təşəkkülü
dövründən əvvələ aid olduğunu qətiyyətlə
rədd edir və deyir ki, Qafqazda, Orta Asiyada kino oktyabr
inqilabından sonra formalaşıb, milli kadrların
olmaması üzündən bu missiyanı rusiyalı mütəxəssislər
həyata keçiriblər. Bir sözlə, M.Qurbanov Moskvadan rədd
cavabı alır və ümidsizlik içində
respublikanın birinci katibi H.Əliyevə müraciət etmək
qərarına gəlir. M.Qurbanovu qəbul edən birinci katib təşəbbüsü
bəyənir və tədbiri 1976-cı ilin dekabrında
keçirilməyi təklif edir. Beləliklə, nəzərdə
tutulmuş vaxtda unudulmaz bir törən baş tutur və Heydər
Əliyevin müdaxiləsi bu dəfə də öz nəticəsini
verir.
Ulu
öndərin respublikaya rəhbərik etdiyi dövrdə
neçə-neçə tarixi filmin çəkilişi
gerçəkləşmişdi və bu filmlərin büdcəsi
sovet dövründə çəkilən filmlərin büdcəsindən
kifayət qədər artıq olurdu. Təkcə xalq qəhrəmanı
Babəkə həsr edilən "Babək" filminin çəkilişləri
üçün ümumittifaq büdcəsindən
ayrılmış vəsaitdən əlavə indiki məzənnə
ilə hesablansa 4-5 milyon dollar pul ayrılmışdı və
çəkilişlərlə bağlı Moskvanın ortaya
atdığı bütün maneələrə H.Əliyevin
müdaxiləsi ilə son qoyulmuşdu. H.Əliyev filmin
yaradıcı heyəti ilə görüşündə
onlara ürək-dirək verir və hər yerdə: "Gənclərə
yol açmaq lazımdır, onlara kömək etmək,
onları ruhlandırmaq lazımdır", - deyirdi. Beləliklə,
1979-cu ildə 2 seriyalı "Babək" filmi ekranlara
çıxdı və bütün sovet respublikalarında,
xaricdə nümayiş olundu.
H.Əliyevin
respublikaya rəhbərik etdiyi dövrdə tarixi filmlərdən
"Ulduzlar sönmür" (1971), "Nəsimi" (1974),
"Dədə Qorqud" (1975) və "Nizami" (1982)
filmləri ekranlaşdırıldı.
H.Əliyev
kino tariximizin araşdırcılarına kinomuzun tarixi ilə
ciddi məşğul olmağı
tapşırmışdı. Sanki bu dahi insan milli kinomuzun
tarixi ilə bağlı içində olan şübhələrdən
qurtulmaq istəyir, bu tarixin daha əvvələ aid olduğunu
hiss edirdi. Bundan ilhamlanan kinoşünaslarımız arxiv sənədlərini
araşdırarkən Azərbaycan kinosunun tarixinin heç də
1916-cı ilə deyil, əslində, dünya kinosunun yaranma
tarixindən cəmi iki il yarım sonraya - 1898-ci ilə aid olduğunu
sübut edə bildilər və işdə böyük əməyi
keçən mənəvi müəllimim və dostum
Aydın Kazımzadənin xidmətlərini xüsusi qeyd etmək
lazımdır. Bəli, ilk milli kino nümunələrimiz
1898-ci ildə lentə alınmışdı və Parisdəki
"Qran-Kafe"də nümayiş edilən hərəkətli
fotolar Bakıda nümayiş olunmuşdu. Bu barədə 2
avqust 1989-cu il tarixli "Kaspi" qəzetində elan da var və
qəzet əlavə olaraq onu da yazır ki, Bakıda
yaşayan fotoqraf A.M.Mişonun Parisdə keçiriləcək
ümumdünya sərgisi üçün
hazırladığı "Orta Asiya və Qafqazın
canlı fotoları" da Bakıdakı teatr-sirkdə
göstərildi. Bu tarixi faktlar öz təsdiqini tapandan sonra
ulu öndərin təxminən 20 il əvvəl uzaqgörənliklə
dediyi fikirlər də öz yerini aldı. 1998-ci ilin 2 may
tarixində, Azərbaycan kinosunun 100 illiyi ilə bağlı
baş tutan "Festivallar festivalı"nda ümummilli
liderimiz böyük fəxrlə dedi: "Bu gün biz bir kəşf
etdik, sübut etdik ki, Azərbaycan kinosunun tarixi 1898-ci ildən
başlayır, onun 100 ili tamam olur. Biz 1916-cı ili
başlanğıc ili hesab edirdik, lakin Azərbaycan kinosunun
yaşını əgər belə demək olarsa 10 il, yaxud,
neçə il artırmaq ümumən heç də sadə
məsələ deyildi. Bu o deməkdir ki, Azərbaycan
sivilizasiyalı ölkədir, dünyada kino meydana
çıxan kimi o, Azərbaycana gəlib…"
Beləliklə,
Azərbaycan kinosunun təşəkkül dövrünün
1898-ci il tarixini dəyərləndirən ulu öndər
"Azərbaycan kinosu gününün təsis edilməsi
haqqında" tarixi sərəncam imzaladı və həmin
vaxtdan etibarən 2 avqust ölkədə milli kino günü
kimi qeyd olunur. Kino haqqında fikirlərini bir cümlə ilə
ifadə edən Heydər Əliyev "Kino bizim
xalqımızın salnaməsidir", - deyirdi.
1993-2002-ci
illər arasında respublika Prezidenti olan H.Əliyev 405 nəfər
elm, incəsənət və mədəniyyət xadimini
ölkənin nüfuzlu mükafatları, orden və
medalları ilə təltif etdi. Onlardan 16 nəfəri
"İstiqlal" ordeni, 70 nəfəri "Şöhrət"
ordeni, 2 nəfəri "Tərəqqi" medalı, 1 nəfər
fəxri fərman, 7 nəfər xalq yazıçısı,
5 nəfər xalq şairi, 3 nəfər xalq rəssamı, 30
nəfər xalq artisti, 29 nəfər əməkdar artist, 8 nəfər
əməkdar memar, 28 nəfər əməkdar incəsənət
xadimi, 21 nəfər əməkdar mədəniyyət
işçisi fəxri adları, 86 nəfər fəxri təqaüd,
6 nəfər gənc istedad isə xüsusi təqaüdlə
təltif olundu. Bu siyahıya ulu öndərin 2000-ci il 18 dekabr
tarixli "Azərbaycan kino xadimlərinə fəxri
adların verilməsi haqqında" tarixi fərmanını
da daxil etmək lazımdır. Belə ki, həmin fərmanla
5 nəfər kino xadimi "Xalq artisti", 3 nəfər
"Xalq rəssamı", 11 nəfər "Əməkdar
artist", 16 nəfər isə "Əməkdar mədəniyyət
işçisi" fəxri adlarına layiq görüldü.
Azərbaycan kino tarixində təxminən 380-ə qədər
film istehsal olunub ki, onlardan 104-ü 1969-1982, 46-sı isə
1993-2002-ci illərə təsadüf edir. Həmin filmlərdən
"Bizim Cəbiş müəllim", "Dəli
Kür", "Şərikli çörək", "O
qızı tapın", "Yeddi oğul istərəm",
"Axırıncı aşırım", "Gün
keçdi", "Alma almaya bənzər", "Tütək
səsi", "Ad günü", "Dantenin yubileyi",
"Qayınana", "İstintaq", "Qorxma, mən səninləyəm"
və s. adlarını çəkməklə dövrün
kino mənzərəsini görmək olur.
Heydər
Əliyev Azərbaycan kinosunu inkişaf etdirmək, onun təbliğinə
geniş meydan açmaq, ölkəni kino dövləti kimi
tanıtmaq məqsədilə 1998-ci ilin 3 iyul tarixində
"Kinematoqrafiya haqqında" Azərbaycan
Respublikasının Qanununu imzaladı və bununla da milli
kinomuz qarşısında konkret vəzifələr,
kinematoqrafiyamız qarşısında çoxillik proqram
qoydu. Son dövrlərdə dövlət sifarişi ilə
çəkilən uğurlu filmlər də elə bu
proqramın tərkib hissəsidir və son bir neçə il ərzində
müxtəlif nüfuzlu festivallarda nümayiş edilən
filmlərimizə nəzər salsaq inamla deyə bilərik ki,
yaxın gələcəkdə Azərbaycan kinosu
dünyanın ən böyük kino mükafatlarına layiq
görüləcək.
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2018.- 12
may.- S.15.