Neynədin? -

 

"Vətən mənə oğul desə, nə dərdim?

mamır olub qayasında bitərdim"

                   

 

Məmməd Araz

 

Torpaq getdi gah sürətlə, gah yavaş,

bu sözləri dönə-dönə söylədin.

Ata Yurdu "Oğul!" - deyən vətəndaş,

dərdin bilib, Vətən üçün neynədin?

 

Bu yerlərdən baş götürüb gedən yox,

mamır olub qürbətlərdə bitən çox,

ay ürəksiz-gözləri ac, qarnı tox,

incik düşüb gedən üçün neynədin?

 

Saxtakarlıq olmamalı sevəndə,

igid-şəhid, qorxaq olan kefində!

qoca anan "Ahılların evində",

əldən düşmüş dədən üçün neynədin?

 

Kimi-harın, kimi bədbin, əlacsız,

dərman baha, imkansızlar ilacsız,

qəriblikdə burdan qaçan xeyli qız;

yad dibçəkdə bitən üçün neynədin?

 

İşsiz qalan yad ellərdə çalışar,

burda donan yad çöllərdə alışar,

bülbülümüz özgə dildə danışar -

Qarabağda ötən üçün neynədin?

 

Çul kimisən; gah əriyən, gah şişən,

dərdə gülüb, fəryadlara irişən,

vətən deyib, haqq yolunda döyüşən

şəhid olub ölən üçün neynədin?!

 

 Torpaq dərdi neştər olub gözümə,

gəl alışaq, köz qarışdır, közümə,

Vətən - ayna boylanaraq üzümə,

hıçqırıram için-için "Neynədin?.."

 

Gözümü yaşartdı

xoş xatirələr…

 

Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin direktoru professor Nazim Kazımov zəng edib dedi ki: Gənclik illərimin keçdiyi Şirvan şəhərində dostlarıyla məni xatırlayıb şərəfimə badə qaldırırlar.

 

Gözümü yaşartdı xoş xətirələr,

həyat təknə imiş, ömür dənizdi,

 

gənclik illərimin keçdiyi yerlər,

mənə o vaxtkından indi əzizdi.

 

Ağrısı qəlbimdə ötən illərin,

təqsir-əyilməyən şəstimdə idi,

alnımda, üzümdə qalan izlərin

çoxsu eşqlərin qəsdindən idi.

 

Ürəyim taleylə daha barışıb,

xətrimə dəyənlə qırğın edirdim,

qonşu qızlarından gendə dolaşıb,

gendə olanlara yaxın gedirdim.

 

Elə xatirəm var-hərdən üşüdür,

eləsi tapılıb - ürəyim yanıb,

indi qısqananlar başa düşülür,

o vaxt qısqananlar nəyə qısqanıb?

 

Buruqlar içində adicə fəhlə,

bir çörək puluna külüng vururdum,

o vaxt nə misralar gəlirdi dilə,

də nəğmələr məclis qururdum.

 

Daha vaxtı çatır ömrün solmağa,

gedim ki, dostlarım yadına salsın.

Bakıya gəlmirdim şair olmağa,

bu söhbət başqa bir zamana qalsın…

 

Babam deyən nağıl-köhnə yenilik…

 

Babam deyən nağıl-köhnə yenilik:

"əyrisi-əyriydi, düzü-düz idi".

Bəlkə olayları yalnış bilirik -

buralar dünyanın astar üzüdü?!

 

Xeyli dilək yazıb atdım dənizə,

insandan gileyim harasa üzür.

Əyri də dünyadan gileylənirsə;

yazıq dünyadır ki, bunlara dözür!

 

Tutaq, qanadlandım, həyana uçum?

göydə ulduzam, nə də yarasa.

Sənə bəxt qapısın nə cürə açım,

mən özüm-özümlə bacarmıramsa?

 

Yellər yerə səpdi sarmaşıqları,

çoxu-çiçək bildi, biçən olmadı.

Xan kimi böyüdü "ev uşaqları",

"tamah dişlərini" çəkən olmadı!

 

Etdiyim söhbətin mətləbi nazik;

olmaya Şeytana Allah uduzmuş?!

Tanrı yaratdığın dağıdan bizik,

insan-yırtıcıdan daha quduzmuş!

 

Babam söylədiyi köhnə yenilik;

"əyrisi-əyriymiş, düzü-düz imiş",

hərdən bu söhbətə şübhə edirik,

düz olan bu qədər əyilməzimiş…

 

Qılıncım özünü

kəsdi qınında…

 

"Bizi hara çəkər köçün sarvanı?" -

soruşdu göllərin sonası məndən,

Abıra salardım gidi dünyanı

asılı olsaydı sonrası məndən.

 

Yenə də köç edib, mehrin salmadı,

bu il də baş alıb getdi, qalmadı -

köçkün dəstəsinə durna almadı,

qorxdu ki, pozular sırası mənnən,

 

qılıncım özünü kəsdi qınında -

ədalət carçısı haqqı dananda.

nöqsanı abartdım "Eşq qanununda" -

o vaxtdan düzəlmir arası mənnən.

 

Çeşmədə gəzilməz-qazmağı lildi,

yandıran da odur, yanan da dildi.

Gözümün bəyazı simə çəkildi,

gedər o dünyaya parası mənnən,

 

El-oba eşqinə  həmdərd olan mən,

odlara atılıb haray salan mən.

Qarabağ dərdinə düçar olan mən -

qorxuram qocala yarası mənnən.

 

Mənim çoxlarından xeylidir fərqim,

qırdıqca, biçdikcə qalxıb cücərdim.

Can nədir? - onu da qurban verərdim

Yurdun bağlı olsa çarası mənnən…

 

Həyat məni pis öyrətdi…

 

Bir gün dik başım əzilər,

ömürdən əlim üzülər,

hər addımım qəbahətdi,

həyat məni pis öyrətdi.

 

Aldatdı qulaq asdığım,

yuxu yubatdı yastığım,

böyüyüb boya çatdığım

həyət məni pis öyrətdi,

 

Atam-anam təriflədi,

qohum-qardaş: "Alqış" - dedi,

işi düşən mət elədi,

şöhrət məni pis öyrətdi.

 

Torpaq satıldı - beh oldum,

lağ etdilər, şəbeh oldum,

hər üzünə təmbeh oldum,

töhmət məni pis öyrətdi.

 

Qorxu-filanı tərgitdim,

döydülər, daşdan bərk idim!

el üçün ölümə getdim,

qeyrət məni pis öyrətdi!

 

Ocağı, közü də mənim,

istisi, hissi də mənim,

yaxşısı, pisi də mənim -

millət məni pis öyrətdi.

 

Böhtanlara susammadım,

məthiələri yazmadım.

var-dövlətə susamadım -

sərvət məni pis öyrətdi…

 

Səs gəldi…

 

O gün gördüyümü suya danışdım,

röyamda görmüşdüm "yar atdı məni".

Bu gecə gülşəndə qarşılamışdım -

yuxular yenə də aldatdı məni.

 

Qismətim çeşmədə batan daş kimi,

heç zaman suların üzünə çıxmır.

A yuxum, hər cürə yozuram səni,

gerçək olanlar da düzünə çıxmır.

 

Bir əlimdə ürək, bir əlimdə bel -

gözəl sevgimizə saray hörürəm.

Gözümü açanda yanağımda sel,

kipriklər ucunda şəbnəm görürəm.

 

Hardasan, ay gedib ümid sındıran?

Səs gəldi: "Xəyalam, şirin arzuyam",

Axı mən özüm də ürək yandıran,

özüm də kiminsə yuxusundayam…

 

Qızlarda işarə

saçla oynamaq…

 

Güzgü qarşısında hey daranırsan,

istəyim saçını hörməkdir, gülüm.

Sonrakı ünsiyyət olacaq asan,

çətini özünü görməkdir, gülüm.

 

Çölə çıx, havanı bəhanə eylə,

yalannan olsa da, nəyisə söylə.

Dünyada ən gözəl istədiyinlə

ömrünü bərabər sürməkdir, gülüm.

 

Vaxtıdır, bu qədər gözlətmək yetər,

könlündən keçəni gizlətmək yetər,

kirpik də islanar, yanaq da pörtər,

çünkü alovlanan ürəkdir, gülüm.

 

Səni də bezdirər, vallah, bu təklik,

geriyə qayıtmaz gedən gözəllik,

gerisin özün bil, qalanı sənlik -

dediyim arzudur, diləkdir, gülüm.

 

Cəhd edib könlümü sənə açıram,

xəyalda yanana hər an uçuram,

düşünmə: "Dəcələm, döyüb-qaçıram",

qapıya oynayan küləkdir, gülüm.

 

Ürəkdən isinər qızaran yanaq,

nəvaziş istəyər dil ilə dodaq,

qızlarda işarə saçla oynamaq

özü də: "Sevirəm" - deməkdir, gülüm…

 

Torpaq xırda-xırda

böyüdür bizi…

 

Çəkibən aparır üzü enişə,

bulanan dumanı çay niyə dartır?

Əgər istəmirsə bir qana düşə,

ox atan kamanı yay niyə dartır?

 

Yüz əlləş, ürəyim səndən qırılmaz,

gözələ göz qoyan gendə yorulmaz,

axı körpə üzü yaşmaq vurulmaz -

bağlayıb, özünü Ay niyə dartır?

 

Gülüm, qırma onu, ürək daş deyil,

ləçəyə qonanlar şehdi, yaş deyil,

onun ki, əjdadı yazdı-qış deyil,

dünyanı payıza yay niyə dartır?

 

Vurduqca, qırdıqca bərkidi dizi,

dövran çox incitdi Vahid Əzizi,

torpaq xırda-xırda böyüdür bizi,

qoymur göyə çatsın boy, niyə dartır?..

 

Nə gördün?

 

Havalardan baş götürüb qaçırdın,

qarışaraq qaranlığa gedirdin,

dönən zaman sübhü göydə açırdın,

gözəl durnam, o yerlərdə nə gördün?

 

Gözləyirdim sən qayıdan zamanı,

gizləyirdim gözlərimdən damanı,

ucalardan görmək olur hamını -

dinlədiyin nəğmələrdə nə gördün?

 

Röyalarda yaylağına gəlirəm,

Dəli dağın çiskinini silirəm,

Göyçə gölü dumanlıydı, bilirəm,

ümmandakı gəmilərdə nə gördün?

 

Əməlindən dünya nə vaxt utanar?

ya dağılar, ya həyadan odlanar?!

pas bağlayıb sındırılmış kotanlar,

dənsiz qalan zəmilərdə nə gördün?

 

Nə haldaydı "Leyli qaçan", "Gen dərə",

"Gülü düzü" nə deyirdi "Hephepə"?

Dərələyəz-canım yanan bir kürə,

yorğun durnam, Kəlbəcərdə nə gördün?

 

Tanıyırsan dağı, çölü, aranı,

sağaldar dövran vuran yaranı?

bir eyvandan seyr edərdim dünyanı,

söykəndiyim məhəccərdə nə gördün?

 

Neynəyirdin istəyinə yetəndə?

can dincələr ömrün vaxtı bitəndə,

Vahid Əziz oyaq qalın Vətəndə,

qürbətdəki gecələrdə nə gördün…

 

Hələ də yağış yağır…

 

Tut ucundan qalx göyə -

qopsa da fağır-fağır,

çırpılır ağır-ağır;

hələ də yağış yağır.

 

Çölə, qaçdıq qoymadı,

böyük-kiçik saymadı,

közlər söndü, doymadı;

külə də yağış yağır.

 

Uca göylər ağlağan,

mən ona qəmli baxan,

papağın altdan çıxan

telə də yağış yağır.

 

İslanır ləng bağa da,

göldəki qurbağa da,

daşa da, torpağa da,

gülə də yağış yağır.

 

Qorunur uca olan,

üstündə baca olan,

ilanda haça olan

dilə də yağış yağır.

 

İldırım azğın gəlir,

şimşəklər qızğın gəlir,

daha yazığım gəlir;

selə də yağış yağır…

 

Mən yavaş deyirəm:

"Sevirəm səni"

 

Mən yavaş deyirəm: "Sevirəm səni",

dodaqlar qulağı nigaran qoyur.

Hər meyvə bir cürə daddığı kimi,

hər kəs də sevgini bir cürə duyur.

 

Kəpənti əl çəkmir qızıl zəmidən,

arpamı, buğdamı - biçdiyi nədir?

Bağıra-bağıra: "Sevirəm!" - deyən,

çox zaman bilmir ki, içdiyi nədi?

 

Astaca deyilsin içilən andlar,

duyulsa-sirləri açıla bilər,

birinin başına bəla olan yar,

başqa bir sevgiyə tac ola bilər.

 

Yazıqlar o kəsə salar hicranı,

o yol fəlakətə aparan olur,

sağalmaz dərdlərə tutulan canı,

sevginin duası qurtaran olur.

 

Min cürə tanıdım eşqin dilini;

lallar da sevgidən danışır, gülüm,

mən yavaş deyirəm: "Sevirəm səni",

çünki ürəyimiz anlaşır, gülüm…

 

Vahid Əziz

 

Ədəbiyyat qəzeti.- 2018.- 12 may.- S.14-15.