“ÖZ ƏSƏRİNİ DANIŞDIR”
Həmid Piriyev - "Şanapipik
haqqında mahnı"
- Həmid bəy, niyə
"Şanapipik haqqında mahnı"? Onlar heç sizin eyvanda yuva da qurmayıblar, sadəcə,
dən yeməyə gəlirlər. Amma bu da diqqətimi
çəkdi, fikrinizcə, sizə baharı qaranquşlar yox,
şanapipiklər gətirir?
-
Şanapipiklərdən xoşum gəlir. Qərara gəldim
onlarçün mahnı yazım. Buna birinci dəfə
beşinci, ya da altıncı sinifdə oxuyanda fikir
vermişdim. Şanapipiklər qaranquşlardan əvvəl gəlmişdilər.
O vaxtdan şanapipik görəndə bilirəm ki, yaz gəlib.
- Bəs roman necə yarandı?
- Əvvəlcə
bunu deyim ki, bu yazıya roman demək tam da düzgün olmaz. Həcmi
azdır, normal novella həcmindədir. Qəhrəmanlar və
təsvirlər çox olduğu üçün janr kimi
miniatür roman yazdım. "Şanapipik haqqında mahnı"
mənimçün çox əzizdir.
Yaşadığım mühiti, hər gün
gördüyüm, danışdığım adamları
yazmışam. Mən o mühitdə yetişmişəm və
o mühitin bir parçasıyam. Məndən də nələrsə
var, amma tam mən deyiləm. Qəhrəmanlarım da mənə
əzizdir. Hamısının xətrini çox istəyirəm
və hamının da onları tanımağını istəyirəm.
- Deyəsən, əvvəl heç
roman yazacağınızı
düşünmürdünüz, amma belə alınıb?
- Bir az elə
oldu. İlk olaraq birinci hekayəni yazdım - "Üzü
küləyə dayanmaq". İki il qabaq "Yazı"
jurnalında çap olunub. Sonra eyni mövzuda, eyni stildə
ikinci hekayəni - "Şanapipik haqqında
mahnı"nı yazdım. O da "Yazı"da çap
olundu. Eyni mövzuda üçüncü hekayəni yazmaq istəyəndə
dedim elə birləşdirsəm, daha yaxşı olar. Nəticədə
indiki versiya yazıldı.
- Yəni, əslində bu mətn -
miniatür roman üç hekayədən ibarətdir.
-
Əslində, dörd. Çünki ağlımda daha iki
hekayə vardı, birdəfəlik bu mətnə saldım.
İlkin variantda həcmi bundan dörd dəfə çox idi.
Yazandan sonra bir neçə ay qaldı, sonra oxuyub
gördüm çox uzunçudur. Xeyli yerini ixtisar etdim. Bu qədəri
qaldı. Təxminən iki il ərzində yazıb bitirdim.
2013-cü ilin yayında birinci hekayəni yazmışdım.
2015-ci ilin axırlarında romanı qurtardım.
- Yazmağa başlamamışdan hər
şey artıq hazırıydımı? Hadisələr,
süjet, dialoqlar, üslub... Yoxsa hər şey yazı prosesində
belə alınırdı?
- Həmişə
plansız yazmışam. Plan tutmaq alınmır. Bir neçə
dəfə yoxlamışam və planını tutduğum
hekayəni yaza bilməmişəm. İdeya gəlir və
yazıram. Necə alınsa. Amma çox vaxt elə nəzərdə
tutduğum kimi alınır. Bu da elə oldu.
- Lakin hər halda müəyyən
ideya olur, qeydlər olur, həqiqətənmi əyləşirsiniz
masa arxasında və nə yazacağınızı bilmədən
bu mətnləri yazırsınız? Necə yazılması,
yazının hara aparıb-çıxarmağı başqa məsələ.
Hətta, ilkin olaraq roman deyil, hekayə
yazdığınızı düşünərkən də...
- Ana xəttin
necə olacağını bilirəm. Başlanğıcı
və finalı. Qalan şeylərisə yazı prosesi
özü müəyyənləşdirir. Mən həqiqətən
hekayələrin necə alınacağını bilmirdim.
Süjet hara aparsa, ora da gedirdim. Yəni gedəcəyim yer -
final bəllidir. Amma ora aparan yolu yazı prosesi müəyyənləşdirir.
Açığını deyim, belə xırda detalları
fikirləşmirəm də. Onsuz da nəzərdə
tutduğum kimi alınmayacaq. O qədər olub, hansısa hekayə
ideyası gələndə nəzərdə tutmuşam ki,
filan dialoqu yazım. Hekayəni yazmışam, üstündən
nə qədər vaxt keçib, təzədən oxuyanda
görmüşəm həmin dialoq yoxdur. Yazmamışam.
- Deməli, ümumiyyətlə, mətni
rahat buraxırsınız...
- Hə.
Mən bu hekayələrin ağası deyil, sadəcə, təhkiyəçiyəm.
Yazılarım heç vaxt mənə tabe olmayıb. Öz
istədiyi kimi alınıb və görmüşəm ki, mənim
istədiyimdən daha yaxşı alınıb. Ona görə
də mətni rahat buraxıram.
- Həmid bəy, kitab
çıxdı. İlk kitab. Təqdimat etmədiniz, səssiz
bir gəliş oldu. Deyəsən, bir az xəyal
qırıqlığı da yaşanmışdı,
peşman olmuşdunuz. Bəs sonra, səssizlik davam etdimi?
- Hə,
bu birinci kitabımdır. 2016-cı ildə çapdan
çıxdı. Təqdimatlara münasibətim bəllidir.
Bunu hər yerdə deyirəm. Düzdür, 2017-ci ilin sonunda
çıxan ikinci kitab - "Sərçələr
üçün poema" üçün balaca bir tədbir
etdik. Amma hələ də təqdimat haqdakı fikrimdə
qalıram. Bu zornan kiməsə kitab satmaqdan başqa bir
şey deyil. İkinci kitab üçün elədiyim tədbir
də bir xatirədir. Amma gələcəkdə yenə kitab
olacaqsa, onlarçün tədbir etməyəcəyəm.
Bunu artıq dəqiq bilirəm. Qayıdaq birinci kitaba. Nəticə
çox da ürəkaçan olmadı. Satış çox
pis getdi. Oxucum sandığımdan da az imiş. Amma buna da
qaneyəm. Yox, deməzdim lap səssiz oldu. Ustad Rəhim
Əliyev bəyənmişdi, qısa şərh də
yazdı. Dostumuz Kənan Hacı "Şanapipik haqqında
mahnı"dan sonra" adında məqalə yazdı. Kitab
çap olunanda güneyli yazıçı-alim Nasır Mənzuriyə
elektron formatda göndərdim. O da məktub yazaraq, yüksək
fikir bildirdi. Əli Novruzov bu kitabı 2016cı ildə
çap olunan ən yaxşı kitablar siyahısına
salıb, haqqında yazı da yazıb.
- Mənzurinin
"Qaraçuxa"sı... Mən də "Şanapipik
haqqında mahnı"nı oxuyanda ilk bu müəllifi
xatırladım. Dili, təhkiyəsindəki rahatlıq...
Əslində, heç nə oxşar deyil, heç nə bənzəmir.
Lakin həm də nəsə var, kökdə bir
bağlılıq oyadır. Hər iki roman məhz ananın
dilində yazılır, Rəhim müəllim demiş, anadan
ötürülən dillə...
-
Nasır Mənzuridən oxuduğum ilk əsər
"Qaraçuxa"dır. Sonralar "AVAVA" romanı ilə
"Oyunum oyunum" romanının bir hissəsini də
oxudum. Mənimçün "Qaraçuxa"nın yeri
başqadır. O romanda hər şey var - mifologiyamız,
etnoqrafiyamız, ruhumuz və ən əsası, dilimiz! Amma
layiqli qiymətini almadı o roman. Bizdə oxunmadı. Və mən
buna çox təəssüflənirəm. Məncə də
oxşar xüsusiyyətimiz (özümü Nasır bəy
kimi usta qələm adamına oxşatdığım
üçün üzr istəyirəm) məhz dilimizdədir.
Mən də saf dilimizdə yazmağa
çalışıram. Və sonrakı redaktə dediyimiz mərhələdəki
düzəlişlərim, əsasən, dilnən bağlı
olur. O da düzdür, "Qaraçuxa" hamının
oxuyacağı stildə roman deyil. Amma hamının
oxumalı olduğu romandır. Xüsusən
yazıçıların.
- "Qaraçuxa"yla birlikdə
romanda, elə əvvəlki oxuduğum hekayələrdə də
köhnə Bakının həyatını göstərən
filmləri düşündüm... "Bizim Cəbiş
müəllim"... "Şərikli çörək"...
Siz başqa hansıları deyərdiniz? Bir daha qeyd edirəm,
söhbət heç də hansısa təsirlənmədən,
alıntıdan getmir, mən romanın orijinallığına
toxunmuram...
-
"Yuxu", "Bir cənub şəhərində"...
Onsuz da təsirlənmək sözü mənə yaddır.
Əlbəttə, təzə yazmağa başlayanda təsirlənmişəm.
Bu yaxınlarda altı-yeddi il qabaq yazdığım hekayələrdən
biri çıxdı rastıma. Rafiq Tağı və qismən
də Orxan Fikrətoğlu havası duyulurdu hekayədən.
Sonralar bu təsirdən çıxa bildim. Məncə
artıq Həmid kimi yazmağa başlamışam. Davamlı
mütaliə edirəm və bu mənim yazılarıma təsir
etmir. Kopyalamaqdansa söhbət gedə bilməz.
- Sizin romanda hadisələr harda
baş verir? Yəni haranın təsvirlərini göz
önündə canlandırıb yazmısınız? O ev, o
həyət. Dalan, mağaza, küçə... Hardadır? Hələ
insanları demirəm - doğma, əziz, öz həyatını
yaşayan, öz kiçik həyatlarıyla birlikdə
qonşuluğu, dostluğu canlı saxlayan insanlar...
-
Pirşağını. Özüm pirşağılıyam,
burda doğulmuşam və zənnimcə, elə burda da
öləcəyəm. Hamısını olduğu kimi
yazmışam. Nə artıq, nə əskik. Kitab
çıxandan sonra anam oxuyub demişdi ki, bunu kənddə
heç kimə göstərmə, hamını bizə
düşmən edərsən. Ümumiyyətlə, mənim
əksər hekayələrim elə öz kəndimizdə cərəyan
edir. Və güman ki, hələ çox hekayəm də bu
kənddən olacaq. Maraqlı obrazlar var və mən
hamısını yazmaq istəyirəm. İstəyirəm
hamı bu adamları tanısın. Qəhrəmanlarımın
heç biri ideal deyil. Heç mən də ideal qəhrəman
axtarmıram. Adamları olduqları kimi yazıram. Pisiylə,
yaxşısıyla bir yerdə. Mənimçün adamlar
hadisədən də önəmlidir. Əli Novruzovun əsas
iradı romanda vahid süjetin olmamağınadır. Amma mən
süjetə, hadisələrə çox da fikir vermirəm.
Birini qoyub, keçim o birisinə. Ən çox sevdiyim
dörd yazıçıdan biri Jorj Simenondur. O, mühazirələrindən
birində demişdi ki, mən yazıçı yox,
romançıyam. Amma açıqlama verməmişdi ki,
yazıçıynan romançının fərqi nədir.
Bunun cavabını Dovlatovda tapdım. O deyir ki, mən
yazıçı yox, hekayəçiyəm.
Yazıçıları adamların nə üçün
yaşadıqları maraqlandırır, mənisə necə
yaşadıqları. Məni də məhz adamların necə
yaşadıqları, nəynən məşğul
olduqları maraqlandırır. Sizə bəsitlik kimi
görünə bilər, amma həqiqət belədir.
- Həmid, romanda monoton, yeknəsəq,
kənardan darıxdırıcı görünən, sanki
bürkülü gündə hamının qaçıb evinə
sığınması kimi bir həyat görünür. Lakin
bu, ilk baxışda belədir. İçəridə həyat
qaynayır... Bir yandan da bu iki qatın arasında bir də hər
gün təkrar edilən, dəyişdirilməsinə həvəs
göstərilməyən bir yaşam davam edib gedir, az qala
sürünürmüş kimi... Arzular görünmür...
Elə bil hamı öz həyatıyla barışıb... Bəlkə
də bu heç "barışma" da deyil, heç kim
başqa cür yaşamaq barədə
düşünmür...
-
Düzdür. Bizim tərəflərdə həyat monotondur.
Günlər bir-birinin eynidir. Səhər durursan, qaranlıq
düşənəcən dünənki işlər, dünənki
adamlar, dünənki söhbətlər... Heç nə dəyişmir.
Və hamı bunuynan razıdır, olana qanedir. Heç kim
heç nəyi dəyişmək istəmir. Heç
lazım da deyil. Buralar belə gözəldir. Və bu adamlar
başqa yerdə yaşaya bilməzlər. Olur ki, bəzi
cavanlar bu monotonluqdan qaçıb başqa yerə gedirlər.
Amma hamı axırda bura qayıdır. Çünki hamı,
hər şey aid olduğu yerdə gözəldir. Burda
heç kimin həyat amalı, məqsədi yoxdur. Yaşamaq
səbəbləri var. İşləyib pul qazanım, evlənim,
uşaqlarımı böyüdüm, onları evləndirim...
Və həyat beləcə davam edir.
- Beləcə də bitir...
- Təəssüf...
- Qısa bir roman, lakin hadisələrlə
zəngindir. Əslində, bunlara hadisə demək olmaz,
kadrlar gəlib keçir. Bütün həqiqətiylə.
Sanki bütün bunlar bir yazıçının qələmindən
çıxmayıb, bir filmə baxırıq və müəllif
görünməyən yerdə dayanıb bizə bələdçilik
edir, əlimizdən tutub aparır. Heç büdrəmir, tərəddüd
etmir, iki yol ayrıcında dayanıb haraya dönəcəyi
barədə düşünmür. O çox səbrlidir,
bizi hər iki yolun axırınacan aparır, sonra
başqası, sonra başqası... Hər yolun da öz
yaşam hekayəsi... Bir-birinə bənzər həyatların
bir-birinə bənzəməyən daxili dünyası...
Sanki onlar öz daxili
dünyalarından xəbərsiz yaşayıb, xəbərsiz
də gedəcəklər...
- Hə,
xırda etüdlər. Buna etüdlər romanı da demək
olar. Bu hadisələri heç mən yazmamışam. Mən
sadəcə danışıram. Bu hadisələri həyat
özü yazıb. Nasır Mənzuri məktubunda romanda bəyəndiyi
üç məqamı qeyd eləmişdi. Məqamlardan biri
məhz sizin dediyinizdir. Qəhrəman hekayəyə soxulmur,
hadisələrin baş verdiyi məkan (kənd)
bütünlükdə qəhrəmandır. Amma oxuyanlardan
biri bunu qüsur kimi göstərmişdi, demişdi ki, bir
hadisəni xəyalımda canlandırmağa imkan
tapmamış o biri başlayır. Çox sürətlisən.
Rəhim Əliyevsə dedi ki, sən bu qəhrəmanlara yenə
qayıdacaqsan, bəlkə də bir dəfə yox...
Açığı, arada ayrı-ayrı hekayələr
ağlıma gəlir. Amma yazmıram. Bəlkə
haçansa...
- Əslində mən istəmərəm
bunun çox təsirində qalasınız. O zaman da
demişdim, çünki bundan sonra da nə yazmısınızsa,
eyni bir əsərin yazılmasını davam etmişsiniz kimi
yazmısınız. Bunu düşündünüzmü?
- Ədəbiyyat
tarixində belə yazıçılar olub ki, illərlə,
bəzən də bütün ömürləri boyu bir əsərə
ilişib qalıb. Ya həmin əsəri inkişaf etdirib, ya
da onun kopyalarını yazmaqla məşğul olub. Belə
deyim, bunda oxucuların da rolu var. Yazıçının
hansısa əsəri oxucular tərəfindən çox bəyənilib,
yazıçı da başlayıb ancaq o ruhda yazmağa, elə
bilib uğur belə yazmaqdadı. Nəticədə, monoton
yazıçı olub. Şəxsən mən elə olmaq istəmərəm.
Açığı, indi "Şanapipik" o qədər
də ürəyimcə deyil, qüsurlarını
anlayıram. Onu yazmağımdan üç il keçir, indi
oxuyanda daha aydın görürəm səhvləri. Bəlkə
haçansa təzədən işlədim onu. Amma dəqiq
deyil. Çünki hələlik istəmirəm.
Korlanmasından da qorxuram. Növbəti hekayələrdəsə
o havadan, o ruhdan qaçmağa çalışmışam.
Hazırda başqa bir yazı işləyirəm, zənnimcə,
o tamam başqa ruhda olacaq, indiyəcən yazdıqlarımdan
çox fərqli.
- Bəzi yerlərdə publisistika təhkiyəni
üstələyir. Bağlar barədə
danışılırkən məsələn... Sizin
gücünüz bundan artığına yetir.
- Hə,
onlara mən də fikir vermişəm. Təcrübəsizliyin
ayağına yazaq bunları. "Şanapipik"i yazanda
çox şeyi bilmirdim.
- Oralarda bir Həci var...
-
Düzdür, çoxları elə bilir, baş qəhrəman
Həci mənim prototipimdir. Elə deyil. Həci ümumiləşdirilmiş
obrazdır. Həm ünsiyyətcildir, həm adamayovuşmaz,
həm ciddidir, həm lağlağıçı, həm
ağıllıdır, həm sarsaq. Vəziyyətə və
əhvalına uyğun olaraq dəyişir. Bunu
ayrı-ayrı hadisələrə, adamlara münasibətində
aydın görürük. Həci buqələmundur.
- Əsərin sonunda çox
güclü detallardan biriylə qarşılaşırıq
- Həci pul tapıb. Düşünür, onu qaytarsın,
qaytarmasın? Öz-özünə deyir - atası onsuz da
artıq qızı buna görə döyüb...
- Orda Həcini
sual qabağında qoymuşam. Qaytarsın, yoxsa yox. Pulu kimin
itirdiyini də bilir. Axırda qaytarmır, gedib pivə
alır. Birincisi, məbləğ o qədər də
böyük deyil, ikincisi, qeyd etdiyiniz kimi, atası artıq
qızı döymüşdü, pulu itirdiyinə görə.
Qaytarsaydı, daha yaxşı olardı. Amma
inandırıcı olmazdı. Tamahın güc gəldiyi
anlar olur. Hətta ən tərbiyəli, ən nümunəvi
adamların da başına gəlib bu. Və Həci
seçimini edir. Əslində, ağılnan yox, tamahnan...
Şəxsən mən bilmirəm o vəziyyətdə nə
edərdim. Qaytarardım, yoxsa yox?
- Amma sizin, deyəsən, bilməyərəkdən
damarına basdığınız acı məqam var -
atası onsuz da qızı döyüb... Bunun eləcə
havadan yaranmış qənaət olduğuna inanmıram.
Hardasa bir hadisə var, olub, sonra silinib getməyən...
-
Orası düzdür. Həci Əbdülü tanıyır.
Bilir ki, uşaq döyəndir. Və onu da müəyyən mənada
cəsarətləndirən budur. Onsuz da uşaq
döyülüb. Ağrıyıb, ağlayıb. Aparıb
pulu qaytarsa da, uşağın ağrılarını aradan
qaldıra bilməyəcək. Ona görə də
qaytarmır.
- İnandığım bir şey
var, mətni həm də həmmüəllif deyilən bir ruh
yazdırır, onun yazdıqları daha gizli üzdür,
oxuyarkən bunu duymaq əla hissdir...
- Məncə
bu gözəl xüsusiyyətdir. Xırdaçılıq da
deyə bilərik. Siz deyəsən, çox vaxt müəllifin
belə görmədiyi, bilmədiyi bir şeyi
görürsünüz. Müəllif mətni həm
altşüurnan yazır, həm də üstşüurnan. Və
çox vaxt altşüurnan yazılanlar ondan xəbərsiz mətnə
düşür, amma təsadüfən yox. Mətni dəyərli
edir. Dəyər də məhz o nüanslardan doğur. Mən
də xırdaçıyam. Çoxlarının fikir vermədiyi
detallara fikir verirəm. Amma sizin qədər də deyiləm.
- "Şanapipik haqqında
mahnı"nı oxuyarkən "Çovdarlıqda
uçurumdan qoruyan" əsərini düşündüm...
- Hə,
bildim harasını deyirsiniz. Həci öz-özünə
sual verir ki, görəsən şanapipiklər gecə hara
gedirlər? Holden də taksi sürücüsündən
göldəki ördəklərin qışda hara getdiklərini
soruşur. Romanı yazanda o əsəri artıq oxumuşdum,
çox xoşladığım əsərlərdəndir.
Amma tam səmimiyyətlə deyə bilərəm ki, o səhnə
heç yadımda deyildi. Bunu mənə demişdilər.
Barmağımı dişlədim ki, plagiatlıqda ittiham
olunacağam. Bu detala ruhi bənzərlik də demək olar.
Çünki həqiqətən o sualı öz-özümə
vermişəm. Şanapipiklər gecə hara gedirlər?
Ümumilikdəsə, fikrimcə, Həciynən Holden bir-birinə
qətiyyən oxşamırlar.
- Qəribədir, mən Həci barədə
daha fərqli fikirdəyəm. Başda da qeyd etdim və buna əminəm
- heç bir təsirlənmə və yararlanma görmürəm...
romanda hər şey tam başqadır. Mən hətta bu qədər
dəqiq detallarla yanaşmağın da əlehinəyəm...
Həciylə Holden bir-birinə oxşaya da bilməzlər,
sadəcə, mümkün deyil... Lakin insan
yaşantısı, insan duyğusu, insan ruhu necə də olsa
hər yerdə bir dostluq qurur... Bu başqa şeydir. Məsələn,
"Qaraçuxa" ağır ləngərli təhkiyəylə
yazılıb.. "Çovdarlıqda uçurumdan
qoruyan"da ironiya nazik iti xətt kimi keçir,
"Siçanlar və adamlar"da faciə birbaşadır,
lakin o deyilərək anlatılmır, mənzərə budur.
"Şanapipik haqqında mahnı" isə öz
orijinallığına, məhz öz aurasına məxsusluğuyla
seçilir.
-
Aydınlıq üçün deyim ki, Holdeni "Yeniyetmə"nin
qəhrəmanına oxşadıram (qəhrəmanın
adı yadımda deyil təəssüf ki). Hər ikisi
bezikmiş təsiri buraxırlar, başlamadan qurtarmaq istəyən,
candərdi yaşayan. Amma Həcidə az da olsa həyat
eşqi var. Yaşamağa səbəbi də var. Hardansa pul
tapıb pivə içmək, pəncərədən
qıza baxmaq və s... Xırda səbəbləri
çoxdur. Sevincləri də, xoşbəxtlikləri də...
Amma adlarını çəkdiyiniz əsərləri birləşdirən
ümumi bir şey var - səmimiyyət. Və məncə, mənim
də romanım səmimidir.
- Çox səmimidir. Lakin bu
yaxşı mətn üçün iki vur iki qədər adi
tələbdir... Səmimiyyət olmadıqda narahat edir, olanda
isə heyran etmir.
- Mənim
heç kimisə heyran etmək, kimisə üstələmək
fikrim yoxdur. Xüsusi istedada malik biri deyiləm və xüsusi
şeylər də yazmıram. Sizi inandırım, rəflərdə
yan-yana düzdüyüm kitablara hər dəfə baxanda dizlərim
əsir. Bu qədər dahi yaşayıb, bu qədər
dahiyanə əsər yazıblar. Mən nə
üçün yazıram? Yazdıqlarım dəryadakı
damcı da deyil. Ola bilər, yazdıqlarım məndən də
qabaq öləcəklər. Ona görə də hər dəfə
yazanda öz-özümə sual verirəm: Həmid necə
yaza bilər? Və hiss etdiyim kimi, istədiyim kimi yazıram.
Sadə, səmimi...
- Nostalji... Kövrək, təmiz,
ölüb-gedən adamlar. Oxucuya qəribə gələ bilər,
lakin kiçicik bir detal, toy yeməyi barədə
yazılması da yerinə oturub...
-Hə,
biri Zərə xalaydı. Erkək Zərə. Mən əsgərlikdən
qayıdanda o artıq yataq xəstəsiydi. Bir-iki dəfə
istəmişdim gedib dəyim ona. Getmədim. Bilmirəm
neyçün. Biri Nuru kişidi. Onu mən görməmişəm,
ancaq onun haqqında eşitdiklərimdi. Toy xörəklərinin
xüsusi dadı olur. Xüsusən, küftənin. Evdə
bişirəndə qazana beş-altı dənə küftə
atırlar. Toydasa altmış-yetmiş dənə küftə
bir qazanda bişir, dadı qarışır dinaba. Evdə
bişən xörək o dadı vermir...
- Bakı kəndlərinin adət-ənənəsi
özü bir xəzinədir.
- Belə
götürəndə, biz adət-ənənə cəhətdən
bir çox bölgədən dala qalırıq. Fərqli cəhətlər
də var, oxşarlıqlar da. Amma əyalət adətləri
çox yazılıb, çox çəkilib, çox
müraciət olunub. Bizim adətlərsə bir az gözdən
uzaq qalıb. Və imkan düşdükcə, onları da
işıqlandırmağa çalışıram.
- Öz həyatınızı,
içində olduğunuz həyatı yazırsınız,
lakin bu, istənilən oxucu üçün
maraqlıdır... Bunu sanki qəsdən etmirsiniz, lakin sevgi və
doğmalıq, bir də tərəfsizlik mövzunu üst
baxışa, bəşəri baxışa
çıxarıb. Kiçik bir mətndir, artıq bir detal,
artıq bir kəlmə yoxdur. Təsvirlər canlıdır,
dəqiqdir. Üstəlik, gözəl bir səssizlik var,
pafosdan, çığırıqdan xəbərsiz...
- Bayaq da
dediyim kimi, kiminsə xoşuna gəlmək üçün yazmıram.
İstədiyim üçün yazıram.
Yazılarımı lap bir nəfər də oxusa, yenə
yazaram. Mənə məşhurluq, yüksək tiraj, oxucu
ordusu lazım deyil. Düzdü, olsa daha yaxşı olar, amma
olmasa da eybi yoxdur. Düzü, kitab təzə çıxan
vaxt satılmamağı məni bir az həvəsdən
saldı, bir ara ümumiyyətlə yazmamaq haqqında
düşündüm. Amma tezliknən səhv elədiyimi
başa düşdüm. Hətta sevinirəm də ki,
çox tanınmıram, çox tələb olunmuram. Bu mənə
istədiyim kimi, ürəyimdən gəldiyi kimi yazmağa
imkan verir, sərbəstlik verir.
- Həmid, "Şanapipik
haqqında mahnı"yla nə çatdırmaq istəmisiniz?
-
Heç nə. Tamamilə heç nə. Sizə
açığını deyim, mən ümumiyyətlə, ədəbiyyatın
nəsə vacib rol oynadığına inanmıram. İndi
çox eşidirik ki, cəmiyyət kitab oxumur, məhvə
gedir... Kitab oxumaqla hər şey düzəlmir. Ədəbiyyat
fərdləri xilas edə bilər, amma cəmiyyəti yox.
Açığı, heç bu mesaj məsələsi də
mənə çatmır. Ümumiyyətlə, ədəbiyyatın
(ümumilikdə incəsənətin) kiməsə mesaj vermək,
kimisə ağıllandırmaq, kiməsə nəsə
öyrətmək kimi funksiyası yoxdur. Ədəbiyyat ancaq
sual verir. Fikir verin, mütaliə dairəsi artdıqca adam
şübhəçi olur. Görəsən, mən
doğrudan nəsə bilirəm, ya özümü
aldadıram? Və o suallara cavab axtara-axtara formalaşırsan,
insan olursan. Nəticə sənin özündən
asılıdır.
- Lakin oxucu istənilən halda
mesajı alır. Hətta olur ki, əslində
yazıçının mesajı bir yanda qalır, lakin oxucu
onu deyil, hətta əks mesajı hiss edir.
-
Dolayısıyla eyni məsələnin üstünə gəldik.
Onsuz da hər oxucu oxuduğu kitabdan özünə aid
olanları tapır, əgər hansısa
yazıçının əsərini oxuyub özünə
uyğun bir şey tapmırsa, onda daha o
yazıçının əsərlərini oxumur. Həmçinin,
mən özüm də. Bunu belə sözlə izah edə
bilmirəm. Bunu hiss edirəm və zənnimcə, bunu ancaq
hiss etmək olar.
- Bir az da Zəkidən
danışaq...
- Zəki
ayrı aləmdi. Qonşumdu, məndən bir yaş
balacadı. Əsl adı başqadı, burda dəyişdirmişəm.
Avaranın biridi. Heç özünün xəbəri yoxdu
ki, hekayəyə salmışam onu. Birinci hekayədə -
"Üzü küləyə dayanmaq"da Zəki yox idi.
"Şanapipik haqqında mahnı"nı ki, birinci dəfə
hekayə kimi yazmışdım, hekayənin ana xətti Zəkiydi.
Sonra romanın da əsas xarakterlərindən biri oldu.
Romanı yazandan sonra ağlıma başqa fikir gəldi, Zəkinin
dilindən başqa bir miniatür roman yazmaq. Yazdım. Adı
"Qarğalar oturub üzü qibləyə"ydi. Sonra
başqa ideyalar da gəldi və daha iki miniatür roman
yazdım. Hərəsi də başqa adamların dilindən.
Əsəri tetralogiya kimi işlədim. Bir az vaxt keçdi,
oxuyanda gördüm ki, o biri üç roman alınmayıb.
Qəhrəmanlar hamısı eyni cür danışırlar,
təsvirlər də oxşardır. O biri üç
romanı sildim. Zəkinin hekayəsini isə sonra başqa
cür, üçüncü şəxsin dilindən
yazdım, adı da eynidi - "Qarğalar oturub üzü qibləyə".
İkinci kitaba salmışam onu. Amma deyim ki, çox
sönük hekayədir.
- Sizin obrazlarınıza sadiq
olduğunuzu söyləmək olarmı?
- Doğrudur, mən obrazlarımı çox istəyirəm
və onlara həqiqətən sadiqəm.
- Tanıdığınız
adamlarla yazmaq rahatdır, ya bu sizin üçün bir yoldur,
necə deyərlər, bundan zövq alırsınız? Həm
də, belə deyək, həyatdakı Zəkidə heç
nəyi dəyişə bilməzsiniz, amma mətninizdə onu
istədiyiniz kimi hərəkətə aparırsınız.
- Əlbəttə,
tanıdığım adamları yazmaq rahatdır. Amma
tanımadıqlarımı da yazmışam. Olub ki, bircə
dəfə avtobusda, ya hardasa gördüyüm adamı
yazmışam. Amma əsasən tanıdığım
adamlardı. Və onlarda da çox şeyi dəyişmirəm.
Nə hadisələrdə, nə də adamlarda. Həyat məndən
daha yaradıcıdır...
- Romanı sonradan çox ixtisar
etdiyinizi yazmısınız, indi heyfsilənmirsiniz ki?
- Təəssüflənmirəm.
İlkin variantda saxlasaydım, bəlkə də peşman
olardım. Düzdü, bu vəziyyətdə də məni
qane etməyən yerləri var, amma çox da ciddi şeylər
deyil.
- Həmid, ədəbiyyat nədir
sizin üçün? Ondan heç bir təmənnanız
yoxmuş kimi görünürsünüz, lakin ona
könül vermisiniz, hay-küydən uzaq, necə deyərlər,
sakitcə öz işinizi görürsünüz və az
iş də görməmisiniz. Tərcümələrinizi
edirsiniz. hətta onların sifarişçisi olmayanda belə...
Hekayələrinizi yazırsınız.. Arabir şeirlər də
olur...
- Mənim
ümumiyyətlə, təmənnam yoxdur, nə ədəbiyyatdan,
nə həyatdan, nə də adamlardan. Mən yazıram,
çünki yazmaq istəyirəm. Tərcümə edirəm,
çünki bəyəndiyim əsərləri xarici dil bilməyən
adamların da oxumağını istəyirəm. Bu qədər.
Ədəbiyyatsa özümü tam rahat, tam azad hiss etdiyim
yeganə yerdir. Həyatda özümə sərhədlər
qoyuram. Bilə-bilə, şüurlu şəkildə bir
çox arzumdan əl çəkmişəm. Ədəbiyyatdasa
belə şey eləmirəm...
Söhbətləşdi:
Hədiyyə ŞƏFAQƏT
Ədəbiyyat qəzeti.- 2018.- 12
may.- S.12-13.