Şeirin və
şairin sosial statusu
Daha "...bir nəzər".
Səhv nəzərləri sərf-nəzər etmə
vaxtı
Əvvəli ötən
saylarımızda
Osmanlı ədəbiyyatında ilk maddeyi-tarixlərə
hələ XIII əsrdən təsadüf edilsə də,
mütəxəssislərin yazdığına görə,
bunun bir yaradıcılıq sahəsi kimi etiraf olunması
İstanbulun fəthindən sonra baş vermişdir. Belə ki, ilk İstanbul
şəhrəmini olmuş Xızır bəyin ilkin cəhdləri
ilə divan ədəbiyyatında bir sənət növü
kimi işlənməyə başlayan tarixnamələr XV əsrdə
Əhməd Paşanın yaradıcılığında
dolğunlaşmış, yüz il sonra isə
artıq ədəbi ənənə halını
almışdır. Füzuli,
Mühibbi, Səlimi, Bağdadlı Ruhi, Sabit, Nabi, Osmanzadə
Taib, Nazim kimi tanınmış sənətkarlar tarixnamələr
yazmışsa da, bu sənət "qızıl
dövrü"nə XVIII əsrdə çatmış, Nədim
(56 tarix), Fitnat xanım (51 tarix), Sünbülzadə Vəhbi
(33 tarix), Əndərunlu Fazil (32 tarix), Raşid, Seyyid Vəhbi,
Əsədzadə Faiz, Hasib, Sami, Növrəsi, Qədim,
Küçükçələbizadə Asim, Həşmət
(hərəyə 18 tarix) və başqa şairlərin əsərləri
ilə böyük inkişaf tapmışdır. Bir təriqət şairi olduğu halda, Şeyx Qalib
belə 68 maddeyi-tarix söyləmişdir. Lakin "tarix düşürmə" sənətinin
ən böyük ustadı, heç şübhəsiz,
qaynaqlarda "müvərrix" deyə xatırlanan
Adanalı Seyid Osman Süruridir. Onun 2 minə
yaxın tarix mənzuməsinin müəllifi olduğu
söylənilir.
Bir qədər
kəskin səslənsə də, XIX əsr Osmanlı
şeirində dominant mövqeyə məhz tarix(namə)lərin
çıxdığını söyləmək olar. Qısa və nisbətən irihəcmli (qiteyi-kəbir)
qitələr şəklində yazılan tarixnamələr
Azərbaycan şeirindən fərqli olaraq burada sayca
bütün başqa şəkillərdə yazılan
şeirlərin cəmindən artıqdır. O vaxtacan qələmə
alınmış tarixnamələrin də ümumi sayı
XIX əsrdə yazılanlarla müqayisəyə gəlmir. Yeni tikililərdən
(saray, qəsr, məscid, məktəb-mədrəsə, təkkə,
çarşı-bazar, hamam, emalatxana, bağça,
çeşmə, türbə və s.) tutmuş təntənəli
mərasimlərə (cülus, bayramlar, şahzadələrin
doğum və sünnətləri, sultanların toyları),
dövlət məqamlarına təyinatlara, hərbi səfər
və qələbələrə, sülh anlaşmalarına,
səfirlərə verilən ziyafətlərə qədər
maraq doğura biləcək irili-xırdalı bütün
hadisələr tarixləşdirilir. Padşahlarla bağlı
tarixlər xüsusi məcmuələrdə (məs.,
Faiz və Şakirin tərtib etdikləri "Məcmueyi-təvarix")
toplanır. Keçəçizadə İzzət
Mollanın tarixləri kəmiyyəti və mövzuları
nöqteyi-nəzərindən bu mənzumələr
arasında xüsusi yer tutur. Başda Sultan II Mahmudun həyatı
ilə əlaqədar hadisələr, onun tikdirdiyi memarlıq əsərləri,
müxtəlif binalar, divanxana, hovuz, anbar, tərsanə, səmaxana,
mehtərxanalar, saldırdığı bənd və qəbiristanlıqlar,
çəkdirdiyi yollar, çeşmələr olmaqla
yaşadığı dövrün siyasi və sosial hadisələrinə,
önəmli şəxslərin təyinat, doğum və
ölümlərinə, İrandan səfir gəlməsi, vəqfiyyə,
ev almaq, saqqal buraxmaq, quyruqlu ulduzun görünməsi, intihar
hadisələri, 1821-1822-ci illərin vəba epidemiyası və
b. mövzularda tarixnamələr yazmış İzzət
Mollanın bu qəbildən ümumilikdə 358 şeiri
vardır. O, demək olar ki, bu tipli mənzumələrin
mövzu diapazonunu tam əhatə edib. Amma bir məsələ
də nəzərə alınmalıdır ki, tarixnamə
mövzuları eynən digər ədəbi mövzular kimi,
tarixən şairlərin əqidə və
dünyagörüşündən, poetik-üslubi mənsubiyyətindən
asılı olaraq dəyişkən bir palitra təşkil
edir. Nədimin tarixnamələrini təhlil
edən araşdırmaçılar bu şeirlərin 63%-nin
sosial tikililərlə bağlı olduğunu yazırlar.
Şeyx Qalibdə isə bu göstərici
32%-dir. O, dünyəvi məsələlərdən daha
çox axirət məsələləri ilə
maraqlandığı üçün, tarixlərinin
çoxunu nüfuzlu şəxslərin ölümünə
həsr edib. Nədim isə bu mövzuya
Qalib qədər önəm verməyib. Nədimin
mövzularından biri də gəmi inşasıdır,
Qalib bu mövzuya yerli-dibli toxunmayıb və s. Nəzəri
xüsusi cəlb edən cəhət isə bu dövrdə
tarixnamələrin məzmun-mündəricə etibarilə
türk-İslam şeirinin bir sıra ənənəvi forma və
növlərini əvəzləməsidir. İzzət
Molla sürgündə ikən şahzadə Əbdülməcidin
doğumu və bəzi başqa vəsilələrlə
yazdığı tarixi mənzumələrində qürbətdəki
sıxıntılarını, padşaha sədaqətini
bildirməklə yanaşı, üzrxahlıq edir, mərhəmət
diləyir, səsini İstanbula çatdırmağa
çalışır. Yaxud sevimli həmkarı
və həmsöhbəti Halət Əfəndinin faciəli
ölümünə mərsiyə yazmasa da, 5 beytlik tarix qitəsi
ilə güclü bir mərsiyə effekti yarada bilir. Həmin
praktikanın Azərbaycan şeirində də tətbiq
olunduğunu Həsən Qarabağinin Natəvan, Mirzə
Sadıq Piran və Məhəmmədəli bəy Məxfinin,
Şirvan şairlərindən Ağaəli Nasehin isə Seyid
Əzimin vəfatına maddeyi-tarixlər yazmaları sübut
edir (N.Qarayev, Ə. Cəfərzadə).
Amma əlbəttə ki, Osmanlı şeirində tarixnamələrin
əvəzlədiyi və özündə ehtiva etdirdiyi ən
mühüm tematik şeir növü mədhiyyədir. İzahat və
ekskurslarımız bir qədər uzun alınsa da (amma
faydasız və yersiz saymırıq), nəhayət, mətləbin
üzərinə qayıdırıq. Söz
budur ki, XIX əsr Osmanlı şairləri, guya rəsmən mədhiyyə
yazmamış kimi görünsələr də, bu,
aldadıcıdır. Onlar əslində,
söylədikləri tarxinamələrin böyük qismi ilə
sultanı və nüfuzlu əyan-əşrəfi dolayı
üsulla mədh etmişlər. Misal kimi 1827-ci ildə
Türkiyənin ilk müasir təhsil ocaqlarından olan "Məktəbi-Tibbiyyə"nin yaradılması haqqında İzzət
Mollanın tarixnaməsinə diqqət yetirək. Sonradan
oğlu Fuad paşanı da oxudacağı bu məktəbi təhsil
və mədəniyyətdə yenilik kimi qiymətləndiriən
şairin əsas tərif obyekti, sözsüz ki, Sultan II
Mahmuddur:
Tifli-məktəbvəş
qalur yanında Harunür-Rəşid
Bəhs açılsa məbhəsü-izan Xan Mahmuddan.
Çıxmadı
bir şey ki, andan olmaya dünyaya xeyr
Çox təfəccül eylədüm divan Xan
Mahmuddan.
Dür
gibi əz-cümlə bu dari-hünər Tophanədə
Oldı peyda Qülzümi-ehsan Xan Mahmuddan.
Cündünə
təlimi-cəng ətfalına təlimi-elm
Olmada əltafi bipayan Xan Mahmuddan.
İzzəta,
ustadi hər fəndür nola bu nəzm ilə
Afərin məchul idərsəm şan Xan Mahmuddan.
Cövhəri-elmin
açıldı kanı bu tarixdə
Dərsi gəl al məktəbi-irfan Xan Mahmuddan.
Hər
şeyi bir tərəfə buraxıb, təkcə şeirin rədifini
nəzərə almaq belə bu şeiri mədhiyyə hesab etmək
üçün yetərlidir. İzzət Molla Sultan II Mahmudun
islahatlarını dəstəkləməklə qalmır,
ustalığını həm də bunun üçün
kamil bədii vəsilələr və ifadə vasitələri
tapmaqda
nümayiş etdirir. Sultanın sərəskərlərə
mənzil vermək üçün köhnə bir sarayı təmir
etdirməsinə yazılan tarixnamə, əslində, cəmiyyət
miqyasında aparılan köklü dəyişiklikləri əks
etdirən bədii sənəd kimi qiymətləndirilə bilər:
Oldı məmurəsi
sultani-cihanın dünya
İtdi
sanman yalınız əski sarayı ihya
Gül
gibi tazələnüp döləti-Ali-Osman
Buldı
bu gülşəni-köhnə yenidən nəşvü-nüma...
Şair həm tarixi faktı təsbit edir, dəqiq bilgi
verir, həm də hadisənin ictimai mahiyyətini açmaqla
islahat müəllifi olan sultanın tarixi xidmətlərini
göstərir.
Şeirin və şairin sosial
statusu-3:
Azərbaycan, XIX əsr
Bəs bu dövrdə Azərbaycan ictimai fikrində
şeirin və şairin yeri, cəmiyyətdə şeirə-sənətə
hakim baxış, ayrı-ayrı zümrələrinin
şair əməyinə verdiyi qiymət necədir? Bu suala cavab vermək
üçün hökmən nəzərə
almalıyıq ki, ölkəmiz də içində olmaqla,
türk-İslam dünyasının sonradan sovet quruluşunda
yaşamış böyük bir hissəsinin çar
Rusiyası tərəfindən ilhaq və işğal edildiyi,
hakim görüş və dəyərlərin diametral dəyişdiyi,
ənənəvi sosial institutların alt-üst olduğu bir
dövrdən danışırıq. Əlbəttə
ki, bütün bunlar klassik mədəniyyət (o cümlədən,
ədəbiyyat və şeir) təsisatlarının yeniləşməsini
tələb edən ciddi sosio-kultural faktorlardır və
küll halında bir ədəbi anlayış kimi "zəmanə"
kateqoriyasında cəmlənə bilir. Kompleks səciyyəli "zəmanə"
məfhumunu XIX əsrə aid
bütün ünsürləri ilə birgə tam halda əhatə
etmək burada, imkan xaricində olsa da, bir xətti izləməyə
böyük lüzum var ki, bu da şeirin və şairin yeni
statusunu müəyyən etməkdən, sənətin
stimullaşdırılması, maddi və mənəvi dəstəklənməsi
məsələsini aydınlaşdırmaqdan ibarətdir.
Türk-İslam şeiri üçün ənənəvi
xüsusatların bir çoxunun artıq sıradan
çıxdığını nəzərdə saxlasaq, bu
şeirin yaşama və yuxarıda da qeyd olunduğu kimi,
süqut yox, inkişaf etmə səbəblərini anlamaq həm
ümumi mədəni konteksti, həm də ədəbiyyat
tarixinin ayrı-ayrı təzahür faktlarını
adekvat qiymətləndirmək
baxımından vacib məsələdir. Digər
tərəfdən qaynaqlar məhduddur, bir çox hallarda əlçatan
deyil, olanlar da yaxşı öyrənilməyib, yaxud tendensioz
xarakterlidir. Məsələn,
Ə.B.Haqverdiyev o zaman Azərbaycan ədəbiyyatı nə
vəziyyətdə idi? - sualını
belə cavablandırır: "İranın lirik şairləri
Sədi və Hafizin təsiri altında inkişaf edən
poeziya qəzəllərdən, varlı şəxslərə
həsr edilən mədhiyyələrdən ibarət idi. Müftəxor şairlər varlıların ətrafında
fır-fır fırlanırdılar".
Doğrudanmı bu zənginlikdə poeziya müftəxor
şairlər tərəfindən yaradılmışdır və
belə bir şey, ümumiyyətlə,
mümkündürmü? Sual, əslində ritorikdir.
Zənnimizcə, araşdırılan ədəbi
dövrün ən parlaq əksini bədii mətnlərin
özündə axtarmaq daha səmərəli üsuldur.
Müşahidələr göstərir ki,
S.Ə.Şirvaninin əsərləri bizi maraqlandıran məsələlərə
həqiqətən ayna tutan ən dəyərli mənbələrdəndir. Zəmanənin "məliküş-şüəra"sı,
"səramədi-dövran"ı kimi tək
yaşadığı Şirvan regionunda deyil, ətraf bölgələrdə
də yaxşı tanınan və sayılan (bu isə əlavə
üstünlüklər verməmiş deyildi) Seyid Əzimin mənzum
məktublarının (bunların sayı 100-dən
artıqdır) təsvir və təhlili, bu təkamül mərhələsində
də türk-İslam mədəniyyətinin hərəkətverici
qüvvəsi olaraq qalan şeirin sosial funksional
spesifikasını üzə çıxarmağa geniş
imkanlar açır. Ondan başlayaq ki, böyük
şair "Miskin dünyadan şikayət" adlı qəsidəsində:
Cahan
mülkündə zər müşkülgüşadır
Nə mətləb istəsən ondan rəvadır.
Əgər
bir kəsdə olsa mali-dünya
Təmamən xalq onuylə aşinadır.
Gədani
zər qılır aləmdə sultan
Əgər
sultan ola bizər, gədadır.
Bu söz
şərən əgər küfr olmasaydı
Deyərdim
filhəqiqət zər xudadır...
- sözləri ilə təkcə zəmanəsindən
gileylənmir, şikayətnamə yazmır, əslində
daha çox XIX əsr Azərbaycan mühitinin
panoramını verir. Söz və zər, sənət və
sərvət, maddi və mənəvi zənginlik motivləri
türk-İslam şeirində, hətta bir qədər də
geniş götürsək, bütövlükdə Şərq
poeziyasında polyar qütblər kimi daim
qarşı-qarşıya gətirilmiş, şairlər
söz adamı olaraq, dünya malına etinasızlıq təbliğ
etmiş, sözü maddi aləmin yox, ruhi, mənəvi aləmin
predmeti sanmışlar. Şeir maddi aləmdən
neçə qat yüksəkdə dayanan bir gerçəkliyin
substansiyası kimi anlaşılmışdır. Seyid
Əzim "Məhəmmədtağı Qümriyə
cavab" qəsidəsində şair həmkarının bir
fikrini ("Bizə bu misrəi axırda, ey Qümri,
demişdin kim, "Qoyun, canım, məni
Dərbənddə şüğlüm kəsbü-kar
olsun") məhz həmin kontekstdə cavablandırmış,
yazmışdı:
Səni əvvəldə
şüğlündən edən təbi-qəsirindir
Dəxi bundan sonra şüğlün həmişə
kəsbü-kar olsun.
Yəqin
kəsb əhlisən, canım-gözüm, əl çəkmə
şüğlündən
Gərək kəsb əhli şairlik büsatından kənar
olsun.
Yaraşmaz
şair olmaq, filhəqiqət, əhli-bazarə
Gərək tacirlər içrə şəxs
sahib-etibar olsun.
Bu
şairlikdən əl çək, çəkmə əl
öz kəsbü karından
Nə
layiqdir bu silkin əhli hər bir nabəkar olsun...
Lap
axırda, məqtə beytində isə Seyid Əzim
özünə (və şairlik büsatını kəsbkarlıqdan,
söz adamı olmağı bazar adamı olmaqdan üstün
tutan digər həmkarlarına) müraciətlə demişdi
ki: Həmişə taciri-eşq ol, səfa mülkündə
sövda qıl /Əlində nəqdi-can mayə, xəridin
zülfi-yar olsun... Seyid Əzim şairləri "eşq
taciri", onların sərmayəsini "nəqdi-can", mətahlarını
"zülfi-yar" adlandırır, yəni, onun nəzərincə,
maddi alverlə məşğul olmaq
şairə yaraşan iş
deyil, onun ticarəti mücərrəd anlayışlar,
"xəridi" (xırıd etdiyi məhsul) isə
qeyri-maddi söz və obrazlarladır. Nəzərə
alaq ki, bu düşüncə tərzi dünyanı
başına götürmüş kapitalist münasibətlərinin
Azərbaycana yenicə ayaq açdığı dövrün
(əlavə edək ki, "vəhşi kapitalizm"
dövrünün) hakim baxışları ilə daban-dabana
ziddir. Buna rəğmən, şair dediklərinin
"boş söz" olmasını ağlına belə gətirmir,
onun səmimi fikri budur ki, sidq-ürəkdən
bağlandığı şeir doğrudan da müqəddəs
və mövcudluğunu maddiyatın fövqündə sürən
bir məşğuliyyət növüdür. Başqa sözlə, zər - özgələri
üçün bəlkə də gədanı sultan etmək
qüdrətinə malikdir, lakin bunun şairlərə aidiyyəti
yoxdur, onlar üçün gəda elə gəda, sultan isə
sultandır. Açıq-aşkar görsənir ki,
"zər-söz" qarşıdurması, bu ümumbəşəri
universal problem Seyid Əzimin yaradıcılığında
konkret və real mahiyyət daşıyır, hətta şəxsi
cizgilər alır:
Gərək
bu fəsldə evlərdə yansın şəmi-Novruzi
Gərək hər çarşənbə süfrələrdə
xüşkbar olsun.
Uşaqlar
şövq ilə bayramə geysin rəxti-əlvanlar
Bəzənsinlər çiçək tək cümlə,
rəşki-laləzar olsun.
Nə
gördü xüşkbarı Aişəm, nə şəmi-Novruzi
Nə həm
bir rəxti-əlvan kim, bəzənsin,
aşikar olsun.
Əgər
bundan ziyadə şərh qılsam hali-zarımdan
Budur
xövfim ki, mirati-zəmir içrə qübar olsun...
"Hacı
Mehdiquluya" yazdığı məsnəvidə Novruz
sıxıntılarını bir qədər də
açıq və yerli-yataqlı ifadə edir:
Bu gecə
cümlə xəlq olur xürrəm
Bu rəvadırmı mən tutam matəm?
Ola hər
xanə şəm ilə rövşən
Eyləyim zülmət içrə mən məskən?
Şəm
yox, nöqlü xuşkəbarım yox
Nisyə almağa etibarım yox.
Şairəm,
şerdir mənim karım
Dürri-şer ilə dolmuş anbarım.
Şerə
baqqal xuşkəbər verməz,
Şer bir nəxldir, səmər verməz.
"Hacı Ağabəy oğlu
Əliyə" yazdığı qitədən, habelə bir
çox başqa mənzumələrindən aydın olur ki,
bu sıxıntı yalnız Novruz tədarükü ilə
bağlı deyil, şair xroniki ehtiyac içindədir: Ey dəftəri-izzü
çah, bir dəftər olur Yazsam ki, əgər
filan-filanım yoxdur...
Ardı var
Nizaməddin Mustafa
Ədəbiyyat qəzeti.- 2018.- 19 may.- S.24-25.