Həftənin rəngi

 

Həqiqəti görmək üçün təkcə özünün yox, qarşındakının da gözünün tozunu silməlisən. Dünyaya daha aydın, daha mərhəmətli baxışlarla baxmaqdan ötrü.

Ələddin təsadüfən çırağın tozunu silmişdi, maraqdan. Çırağın qiymətini, dəyərini müəyyənləşdirmək istəyirdi. Amma təsadüfi sığal əsrlərdir yatmış cini oyandıra bilir. Maraqlıdır... Nağıl kimi, nağıldır. Fəlsəfə kimi, fəlsəfə.

Metronun qarşısında kağız uzatmışdılar mənə. Bitkilərlə, türkə-çarə ilə müalicə elanıydı. Adi, sarı kağız. Üzərindəki yazı diqqətimi çəkmişdi. "Sağlamlığınız öz əllərinizdədir". Nə gözəl. Məcazi mənada yox, elə həqiqətdə. Sağlamlığımız da, taleyimiz də, həyatımız da, günlərin, həftələrin, ayların, illərin rəngarəng keçməsi də öz əllərimizdədir. Həyatdan nə istədiyimizi müəyyən etməklə yolumuzu, yolumuzu müəyyən etməklə həyatımızı asanlaşdıra bilərik.

Adətən özümüzə, üzümüzə, saç və geyindiyimiz geyimə daha gözəl görkəm vermək üçün sadəcə sığal çəkirik. Bəlkə dinin ehkamına çevrilmiş salavat belə özünə bir az yaxın olmaq məqsədilə üzünə çəkilmiş sığaldır. Yəni özünü hiss etmək, var olduğuna, xülyalardan ayrılmağın vacibliyinə bir işarədir. Həm də başın ağrayanda belə, alnını ovuşdurmaq üçün axı birinci əllərin tələsir köməyə. Bir sınıq qəlblinin başına sığal çəkməklə mərhəmətini ona nümayiş etdirirsən. Bir heyvanı belə əhliləşdirəndə ona öz etibarlılığını sığalınla bildirirsən. İtaət edir, inanır sənə. Əlqərəz, sığaldan, mərhəmətdən heç kim qaçmır. Adətən zorakılıq, qaba münasibət, kobudluq, laqeydlik insanları bir-birindən ayrı salır. Yadlaşdırır. Bilmirəm, bütün bunları niyə söyləyirəm...

Ötən həftə eşidəndə ki, iki gənc abituriyent ali məktəb imtahanından az bal topladığı üçün intihar edib, anladım ki, ailələrdə komunikasiya, ünsiyyət "yox" dərəcəsindədir. İntihar edən tələbənin birinin dayısı "qapalı uşaq idi" kimi xarakterizə edirdi gənci. Qapalımı? Bəs niyə onu danışdıran, dindirən yox idi? Yadımdadır, tək yaşayan yaşlı qonşumuz var idi. O vaxtlar orta məktəbdə oxuyurdum. Qadınla salamlaşar-salamlaşmaz söhbətə turtardı adamı. Saatlarla danışırdı. Bəzən eyni şeyləri dəfələrlə danışardı. Amma dinləyirdim.  İnsanı həyatda saxlayan əsas vasitələrdən biri, elə ünsiyyətin özüdür. İnsan özünə çəkildikcə, çəkilir. Sonra girifdar olduğu qaranlıq içindən onu kimsə xilas edə bilmir. Üstəgəl, hələ səni bu dünyada saxlayacaq sevdiyin kimsələr də yoxdursa, naümidliyə qapılıb intihar edirsən. Ağacı da saxlayacaq torpaq olmasaydı, aşardı. Hər kəsin dayaq nöqtəsi mütləq olmalıdır. Elə insanı yer üzündə saxlayan qüvvənin adı da, cazibədir. Demək ki, bu həyatda var olmağımızın səbəbkarı elə, özümüzük.

Mayın 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı balacaları sevindirə bildi. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə hazırladıqları "Tanış olun, dostum Bəkkar" adlı nağıl-tamaşa azyaşlılara təqdim edildi.

Uşaqların ifasında təqdim edilən nağıl-tamaşada Azərbaycan, Misir eləcə də, dünya xalq nağıl qəhrəmanlarının obrazları nümayiş olunurdu. Maraqlı süjet xətti üzərində qurulan tamaşa, Misir nağıl qəhrəmanı Bəkkar və Azərbaycan milli nağıl qəhrəmanı Cırtdanın görüşü ilə başlayır. Sonradan Bəkkarın itirdiyi kitabları Cırtdanla birlikdə axtarması və o zaman çərçivəsində hər iki ölkənin nağıl qəhrəmanları ilə dialoqları, eləcə də milli musiqilərə hazırlanmış xüsusi rəqs kompozisiyaları təqdim edilib.

Mən isə öz növbəmdə yaradıcı gənclərə yeni nağıl qəhrəmanları uydurmağı arzu edirəm. Məncə, Cırtdanla sağollaşmağın zamanı artıq çatıb. Bəli, hamımız balaca Cırtdanın əhvalatları ilə böyüyüb kompüter əsrinə, texnologiyalar əsrinə qədəm qoya bildik. İndi daha müasir, balalarımızın özünə bənzər, dövrümüzə bənzər qəhrəmanlarımızı yaratmalıyıq. Yaratdığımıza bənzəmək üçün.

Ötən həftə Rəsmi Qəbullar Sarayında (Səadət sarayı) "BP Azərbaycan" şirkəti görkəmli tarixçi, professor Nəsiman Yaqublunun "Cümhuriyyətin qurucuları" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək Şərqdə ilk demokratik respublikanın qurucuları olan 59 nəfərin xatirəsinə həsr edilmiş bu sanballı tədqiqat əsərinin BP-nin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə hədiyyəsi olduğunu söyləyib.

Qeyd edək ki, "BP Azərbaycan" şirkətinin sponsorluğu ilə Azərbaycan Xalq Cümhuriyyətinin son gününü və faciəvi süqutunu təsvir edən "Sonuncu iclas" adlı sənədli ekran işinin may ayının sonlarında təqdim olunması nəzərdə tutulub.

Həmçinin, Bakı Xətai Sənət Mərkəzində "İstedad sorağında-3" adlı rəsm müsabiqəsinin yekun sərgisi açılıb. Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə gerçəkləşib. "Xalq Cümhuriyyəti İli" çərçivəsində reallaşan sərgi istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, habelə yetişməkdə olan nəslin təsviri sənətə marağının artırılması məqsədi daşıyır.

Qeyd edək ki, müsabiqəyə 250-dək rəssam 400-dən çox əsəri ilə qatılıb. Yekun sərgidə 60-a yaxın iştirakçının 70-dən çox sənət əsəri nümayiş edilir. Sərgi bir həftə ziyarətçilər üçün açıq olacaq.

Ötən həftə Sumqayıt şəhərində  "Dəlidağ" Ədəbi Birliyi və Məhəmməd Əmin Rəsulzadə adına Kitabxananın təşkilatçılığı ilə Aşıq Şəmşirin 125 illiyinə həsr olunmuş "Şəmşirəm, nə gözəl diyar oğluyam" adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə Sumqayıt ziyalıları, şairlər, tələbələr, gənc saz-söz ustaları da iştirak etmişdir.

Tədbirin sonunda şair-jurnalist Namiq Dəlidağlıya və kitabxananın müdiri Ofelya Qafarovaya "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi adından "Təşəkkürnamə" təqdim olunub.

Qeyd edim ki, Sumqayıtda yerləşən Məhəmməd Əmin Rəsulzadə adına Kitabxana son illərin ən aktiv kitabxanalarındandır. Burada ardıcıl olaraq ziyalılar və tələbələrin iştirakı ilə müəyyən mövzular ətrafında müzakirələr, debatlar  keçirilir. Gənclərlə yazarlar, ziyalılar arasına körpü salınır, fikir mübadiləsi aparılır.  Kollektivə işlərini uğurla davam etdirmələrini arzulayırıq.

Bu həftə "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti və "Humay" Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan "Humay" milli mükafatının təqdimat mərasimi keçirilib.

"Humay" Milli Mükafatı Akademiyanın üzvləri tərəfindən hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə verilir. Bu dəfə ədəbiyyat nominasiyası üzrə "Azərbaycan ədəbiyyatının təbliği və yayılması sahəsində xidmətlərinə görə" yazıçı Kamran Nəzirli "Humay" Milli mükafatına layiq görülüb. Mükafatı Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar təqdim edib.

Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələr çərçivəsində ərsəyə gələn növbəti nəşr - görkəmli Azərbaycan yazıçısı Elçinin "Baş" romanı Misirdə işıq üzü görüb. Qeyd edək ki, Misirin "Ən-Ədəb" nəşriyyatında nəşr olunmuş kitabı orijinaldan ərəb dilinə Misir Mədəniyyət Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Əhməd Sami Elaydi tərcümə edib.

Mayın 23-dən iyunun 12-dək Türkiyədə 46-cı İstanbul Musiqi Festivalı keçiriləcək. Azərbaycanlı violonçel ifaçısı, beynəlxalq müsabiqələr laureatı Camal Əliyev iyunun 8-də festival çərçivəsində Müqəddəs Antoni kilsəsində keçiriləcək konsertdə çıxış edəcək. İstanbul Mədəniyyət və İncəsənət Fondu tərəfindən təşkil olunan festivalın builki mövzusu "Ailə əlaqələri" adlanır.

Qazax Dövlət Dram Teatrının səhnəsində fransız yazıçısı Viktor Hüqonun "Bir edam məhkumunun son günü" əsərinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub. Sənət ocağının 80-ci mövsümdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırladığı bu tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Allahverdi Musayev, quruluşçu rəssamı Səyyat Məmmədovdur.

Mayın 15-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Bakı ofisində türk dünyasının böyük yazıçısı, görkəmli ictimai-siyasi xadim Çingiz Aytmatovun 90 illiyinə həsr edilmiş tədbir keçirilib.

Mayın 15-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ümumtürk və Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi, türkoloq, professor Bəkir Çobanzadənin anadan olmasının 125 illiyinə həsr olunan "Bəkir Çobanzadə-125" adlı sərgi açılıb.

Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcı kollektivi fransız əsilli irlandiyalı yazıçı-dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Samuel Bekketin məşhur "Qodonun intizarında" əsəri üzərində son məşqlərini tamamlamaq üzrədir.

Teatrın mətbuat xidmətindən  bildirilib ki, bu əsər bir çox nüfuzlu teatr arenalarını bəzəsə də, musiqili teatrlarda heç vaxt oynanılmayıb. "Qodonun intizarı" üçün dünyada ilk dəfə simfonik musiqini məhz əməkdar incəsənət xadimi, professor Fərəc Qarayev yazıb. Tamaşanın bədii rəhbəri sənət ocağının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Mədəniyyət və İncəsənət Universitetinin magistr tələbəsi Yunis Vəlipur, tərcümə edəni Şövqi Hüseynovdur. Səhnə əsərində rolları əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar - Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Hüseyn Əlili, on yaşlı aktyor Hüseyn Nağıyev və başqaları ifa edəcək.

Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanov, quruluşçu baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatçısı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

 

Günel EYVAZLI

 

Ədəbiyyat qəzeti.- 2018.- 19 may.- S.11.