Balıncın
altındakı pullar
Hekayə
Üzə vurmasam da, molla Vəli ilə
heç aram yox idi, elə bilirdim, cibinə
pul axsın deyə, ayda üç-dörd adamın ölməsini
arzulayır. Tək bizim qəsəbədə
yox, qonşu kəndlərdə də kimsə öləndə,
gəlib onu aparırdılar. Bir dəfə
bəxtindən üç ayın içində qəsəbəyə
Rusiyada öldürülən doqquz adamın meyitini gətirmişdilər,
hamısının hüzründə də harda aş, orda
baş məsələsi.
Qırx məclislərində moizələrinə
ara verən kimi, cavanlardan
üç-dördü mütləq onunla məzələnməliydi.
Şitlik edənlər də olurdu: "Hacı, adam öləndən
sonra inkir-minkirə hörmət eləmək mümkün
olsa, görən, adamı sorğu-suala tutmamaqçün nə
qədər pul istəyərlər?" Ərinmədən,
səbirlə cavab verirdi belə suallara. "Ay kişi,
görmürsən səni doluyurlar? Hələ
durub həvəslə hər axmaqla əngə verirsən,"
- ürəyimdə danlayırdım onu. Sonra
sual verən sırtığa baxıb görürdüm,
üzündəki ifadə yavaş-yavaş dəyişir,
başını tərpədə-tərpədə diqqətlə
qulaq asır deyilənlərə. "İndi
başa düşdün, ay oğul?" -
Molla Vəli bu sualı verəndə, cavan oğlanın
şitliyindən əsər-əlamət qalmırdı,
peşmançılığın elə bir həddinə gəlib
çıxırdı, sanırdın, sabahdan namaza
başlayacaq. Başa düşə bilmirdim, molla bu
cür suallara həvəslə cavab verəndə,
özünü bicliyə qoyurdu, yoxsa doğrudan, cavanların
onunla məzələndiyini hiss etmirdi, sonda birincini
seçirdim, elə bilirdim, pulpərəstliyini bir növ, məsum
sadəlöhvlük maskasıyla ört-basdır edir.
Budur, bir əlində Quran, o birində kəhrəbalı
sarı təsbeh mağara daxil olub yastı addımlarıyla
keçdi yuxarı başa. "Allahu mən yəqrəu bil fəətihə...."
Ölən (xərçəngdən) qırx
iki yaşlı qonşumuzuydu, məktəbdə oxuyan
üç qızı atadan yetim qalmışdı. Molla Vəli isə Qiyamət günü haqda moizələriylə
beynimi deşirdi. O biri tərəfdən də şeytan
sanki özünü vermişdi yanıma: "Qayıdıb
deyəsən, hacı, onsuz da bir Allah Qiyamət
gününün vaxtını bilir. Sən
başqa şeydən danış. Olmazdı
ki, Allah-taala imkan verəydi, bu bədbəxt
qızlarını oxutdurub ərə verəydi, heç
olmasa, bircə nəvə görəydi? Ya sual verəsən,
hacı, sən özün necə, bircə oğlun rəhmətə
getsə, beləcə rahat... Lənət sənə
şeytan".
Bir dəfə məhəllədə
mollaların Fatihə, Yasin oxumalarına görə pul almaq məsələsi
üstündə dostlarımla bərk mübahisəm
olmuşdu. Eldarla Tural bunu Quranla alver eləməyə bərabər
tuturdu. Mənsə demişdim ki, yayın
istisində, qışın soyuğunda qəbiristanlıqda
Yasin oxuyurlar, səhərdən-axşama qədər
mağarda məclis aparırlar, halal pulla ailə saxlayırlar
da. Sonda soruşmuşdum ki, bütün
bunları pulsuz eləməlidilər? Dostlarım yenə
öz dediklərindən əl çəkməmişdi:
"Getsinlər özlərinə peşə tapsınlar, nə
məcburdu mollalıq eləsinlər". - "Hə, qəsəbədə
iş o qədər çoxdu ki,
yığıb-yığışdıran yoxdu, -
demişdim. - İkincisi, bu adamların
bacardığı elə moizə oxumaqdı, biz onları
tutaq ki, Quranı düz, yoxsa səhv oxuduqlarına görə
qınaya bilərik, mollalıq elədiklərinə görə
yox".
Molla Vəlinin üç qızdan sonra
dünyaya gələn oğlu Cəfərin iyirmi üç
yaşı olanda, dostlarının köməyilə
Rusiyanın Urenqoy şəhərinə işləməyə
getdi. Əvvəllər
qəsəbədəki marketdə malları maşından
boşaldıb anbara yığmaqla beş-on manat qazanan Cəfər
bir müddət sonra Urenqoyda maşın təmiri sexi
açdı, işləri yaxşı gedəndə, şəhərin
bir neçə yerində təkər təmiri sexləri
işlətməyə başladı. Bu xəbərlər
qəsəbəyə gəlib çatanda, cavanlar zarafatla
öz aralarında danışırdılar ki, yəqin bundan
sonra molla Vəli evində oturub arvadıyla bir yerdə
oğlunun göndərdiyi pulları xərcləyər,
vaxtını qız nəvələriylə oynamaqla
keçirər. O isə yenə kəndlərə gedib
hüzr məclislərini apara-apara arada cavanların şit, duzlu atmacalarını dəf eləməyindəydi...
- Ay hacı,
oğlun, maşallah, yaxşı qazanır, axı nə məcburdu
bu yaşında hüzrlərə gedib özünü
yorursan? Sənin indi nəvələrinnən oynamaq
vaxtındı, - bir dəfə Tural dedi.
- Sən malı mala
qatma, nəvə ayrı, baba ayrı. Nə qədər
canım sağlamdı, mollalıq eliyəcəm. Qaldı ki, nəvələrə, harda
görünüb, baba səhərdən-axşama qədər
öz nəvələriylə oynasın, hə? Bir də, mən hər gün hüzrdə olmuram
ki, nəvələrimi görməyəm. Ona görə sən narahat olma, lazım olan qədər
vaxt tapıram onlara.
- Hacı, sirr deyilsə, yaslarda
qazandığın pulları neyniyirsən? - ilk
dəfəydi hacıya sataşırdım.
- Neyniyəcəm, balışımın
altına qoyuram, - sənə nə oldu birdən-birə? - ərklə mənə baxdı.
- Onda yata bilməzsən axı.
Başın dik vəziyyətdə qalar, boynun ağrıyar,
- dediklərim özümə necə ləzzət elədisə,
az qala çönüb yanımdakı dostuma
göz vuracaqdım.
- A bala, sən lap
uşağıymışsan ki. Bəyəm
bizim evdə bir dənə balış var? Əsas odu Allah ruzimi bol eləsin, bəlkə
düz demirəm? Yoxsa
qazandıqlarımın Allah ruzisi olmağına şübhən
var?
- Yox, əstəğfürullah, o nə
sözdü, hacı. Allah ruzini beşqat
artırsın.
"Zibilə düşmədik. Söhbəti elə
fırlatdı, buna beşqat ruzi arzu elədim. Acından ölür elə bil".
- Hacı,
bir şey soruşum, İslamda sədəqə vacibdi, yoxsa
müstəhəbdi?
- Hə, bu, başqa məsələ, -
molla razılıqla köks ötürdü. - Dinimizə
görə sədəqə müstəhəbdi, amma vacibə
yaxın müstəhəbdi...
"Qayıdıb sual verəsən, sel
kimi gələn pulları balıncların altına
yığmaq da müstəhəbdi?"
Moizələrinin birində qabağa
çıxmış qarnını sığallayanda,
narazı-narazı başımı buladım. Ölən qoca kişiydi,
molla Vəli rəhmətliyin oğluyla şirin-şirin
söhbət edirdi, arada hər ikisi xısın-xısın
gülürdü. Plov yeyəndən sonra
dünyanın ən tox və qayğısız nümunələrindən
biri olan molla Vəli halvayla çay içməklə mənə
sanki yandıq verirdi. Yaşıdım
olsaydı, qırağa çəkib deyərdim, sədəqəni
vacibə yaxın müstəhəb sayırsan, amma
qazandığından kasıb-kusuba bir manat belə sədəqə
vermirsən. Əminiydim ki, o mövzuda
suallar versəm, həmişəki kimi məzəli
cavablarıyla məni başından edəcəkdi, onda lap əsəbiləşəcəkdim.
Həm də mollayla məzələnmək
artıq məni bezdirmişdi.
Hüzrlərdən birinə
özünün sürdüyü maşınla gələndə,
o dəqiqə pıçıldaşıb belə bir nəticəyə
gəldik: yüz faiz oğlunun puluyla alıb. Mersedesin
işlənmiş, köhnə modeliydi. Bunu
mollanın gözdən pərdə asmağına, "təzəsini
almağa imkanım yoxdu"ya yozduq. Sonralar qonşu kənddəki
hüzrə avtobusla getdiyini eşidəndə, məhəllədəki
uşaqlardan biri əlini-əlinə bərk vurub belə
demişdi: "A kişi, on beş kilometr nədi ki, benzinə
pul verməyə simiclik edəsən". "Bəs
pulu elə yığırlar da," o birisi tez izah eləmişdi.
Halbuki, maşını xarab da ola bilərdi.
Bir müddət sonra Mersedesi
satdığını eşitdik, səbirsizliklə
mollanın alacağı təzə maşının
markasını müzakirə elədiyimiz bir vaxtda o, qəfil
ürəktutmasından rəhmətə getdi və biz onu
yavaş-yavaş unutduq.
Üç il sonra Həcc
ziyarətinə getdim. Məndən onlarçün dua
oxumasını istəyənlərin adlarını
kağıza yazıb özümlə
götürmüşdüm, Kəbədə
qıldığım saysız-hesabsız namazların
arasında əllərimi açıb əziz-yaxınlardan
sonra atamın əmisi nəvəsi Nazimin bu il BDU-nun tarix
fakültəsinə daxil olması, anamın dayısı nəvəsi
otuz yaşlı Firəngizin yaxşı bir oğlan tapıb ərə
getməsi, bibim Elmiranın şəfası, dostum
Mircamalın iş tapması üçün, kimsə yaddan
çıxmasın deyə, yaxın, uzaq qohumların
hamısının sağlamlığı üçün
bir xeyli dualar oxudum. Oturub təvaf edənlərə tamaşa
edirdim, elə bir haldaydım ki, iyirmi il məktəbdə
coğrafiyadan dərs deyən atamı haqsız yerə
işdən çıxaran direktoru görsəydim, ona salam
verib, "Allah ziyarətinizi qəbul eləsin, Məcid müəllim"
- deyərdim. Birdən necə oldusa, molla Vəli yadıma
düşdü, içim titrədi, elə bildim, düz
qabağımda dayanıb yazıq-yazıq mənə
baxıb deyir: "Bəs mən?" İlk dəfəydi,
xəyalımda bic-bic gülümsəmirdi. Növbəti
namazımda "O dünyan rahat olsun, hacı"
duasını elədim, bir az
rahatlandım.
Həccdən bir ay sonra qonşu kəndə,
uzaq bir qohumumuzun hüzrünə getmişdim. Bir stəkan çay içib, mərhumun
ruhuna Fatihə oxuyub mağardan çıxhaçıxda
yaşlı bir kişi mənə
yaxınlaşdı.
- Bala, sən qəsəbədənsən?
- gülərüzlə soruşdu.
- Hə, nədi
ki? - təəccüblə ona baxdım.
- Sən rəhmətlik
hacı Vəlini tanıyırdın?
- Əlbəttə
tanıyırdım.
Onu bizdə tanımayan varıydı ki?
- Bilirsən,
o, nə aləm kişiydi?
- Həə, elədi, - əlavə nəsə
demək istəmədim, fikirləşdim, yəqin, rəhmətlik
hacı bir vaxtlar bununla məzələnib kefini açıb.
- Gəl sənə
bir şey göstərəcəm.
Hardasa əlli metr gedib hündür bir təpəyə
çıxdıq, kənd burdan əl içi kimi
görünürdü.
- Ora bax, - kəndin ortasını
göstərdi. - Görürsən o məscidi?
Gözümə yaşıl günbəzli,
ikiminarəli böyük bir məscid dəydi.
- Hə,
yadımdan çıxdı adımı deyim, adım Nəcəfdi,
Məşədi Nəcəf kimi tanıyırlar məni bu kənddə.
Hacı sağ olanda, mən köhnə məscidin
axunduydum. Beş-altı il əvvəlin
söhbətidi, mayın sonlarıydı, hardasa olardı gecə
on bir, on ikinin yarısı, radioya qulaq asırdım,
çöl qapı taqqıldadı. Gedib qapını
açdım, görəm kim, rəhmətlik
hacı, əlində diplomat. Nəysə,
oturduq, çay içə-içə ordan-burdan
danışdıq, sonra diplomatını açdı,
içində pul dolu torba. Torbanı mənə verib
dedi ki, içində on beş min manat var,
bəs eşitmişəm, təzə tikilən məscidivizçün
pul çatmır. Dedi, on mini oğlu verib, beş
mini özününküydü. Çıxanda gülə-gülə
dedi ki, qəsəbədə cavanlar mənə
sataşırlar, bəs pulları balışıvın
altına yığırsan, balış hündür olur,
boynun ağrıyır deyə yata bilmirsən.
Bunları deyib Məşədi Nəcəf
güldü, sonra mənə kəndin təzə
körpüsünü göstərib, onun tikilməsi
üçün molla Vəlinin yenə gecə onlara gəldiyini
danışdı.
- Bu dəfə
beş min manat gətirmişdi. Dediyinə görə, satdığı
maşının puluydu. Yenə gülə-gülə
dedi, ay məşədi, bu cavanlar məndən əl çəkmirlər
də, hələ də balınc-döşək söhbəti
eliyirlər...
Yolda fikirləşirdim, axı hacı niyə
qəsəbəmizdə məscidin, ya məktəbin tikintisinə
on manat xərcləməyə-xərcləməyə, durub
bizdən on yeddi kilometr aralıdakı kəndə gedirmiş
savab qazanmağa.
Sonralar rəhmətliyin ortancıl kürəkəniylə
söhbət edəndə, hər şey aydın oldu mənə. Deməli, Stalinin kilsələri,
məscidləri ucdantutma sökdürdüyü, anbarlara
çevirtdirdiyi vaxt həmin kənddə allahsızlıq
kampaniyasına qoşulub köhnə məscidin divarına
külüng vuranlardan biri də molla Vəlinin böyük əmisi,
orda dil-ədəbiyyat müəllimi işləyən Əlizamin
olur. Üstəlik, məscidin həyətindəki
nəzir qutusunu sındırıb ordan götürdüyü
pulları camaatın gözü qarşısında yelləyərək,
"Bilmirəm sizin Allahınız hardadı, mənimki yerdəki
Kommunist Partiyasıdı, ona görə də bu pullar
partiyanın hesabına keçəçək!"
qışqırır. NKVD qorxusundan
namazı atan o biri qardaşları buna görə Əlizaminə
evdə belə bir kəlmə deməyə cürətləri
çatmayıbmış.
- Rəhmətlik
səsi titrəyə-titrəyə mənə deyirdi ki, -
kürəkəni sonda əlavə elədi, - bu həyatda mənimçün
qaranlıq qalan məsələlərdən biri də əmimin
ölənə yaxın qardaşlarına yazıq-yazıq
baxıb "Birdən o dünya olsa, görən, Allah məni
bağışlayacaq?" deməsi oldu. Qayınatam
uşaq olanda, əmisi onu belinə mindirib həyətdə gəzdirirmiş,
oyuncaqlar alırmış. Deyirdi, onda bütün
uşaqlar kimi Allahı göydə yaşayan saçı,
saqqalı ağ olan baba kimi təsəvvür
edirdim, ağlıma girmirdi ki, Allah baba əmimə necəsə
pislik edə bilər. Qardaşları bir tərəfdən
Əlizaminə təskinlik verirmişlər ki, bəs Allah
bağışlayandır, əgər ürəkdən
tövbə edirsənsə, hər şey yaxşı olacaq.
Hacı tez-tez mənə "Zərrə qədər
imanı olan xilas olacaq" ayəsini misal gətirib
özünə təsəlli verirdi ki, Allah əmisini
bağışlayacaq. Deyirdi, gərək elə eləyəm,
heç olmasa əmimin o dünyada əzabları az olsun. Elə ona görə
eşidəndə ki, həmin kənddə nəyisə tikirlər,
təmir eliyirlər, rəhmətlik gecəynən pul dolu
diplomatla qaçırdı ora.
4 mart-10 may, 2018
Bakı
Alpay Azər
Ədəbiyyat qəzeti.-
2018.- 19 may.- S.12.