Ənəlhəq deyən
kişi...
Esse
Qarayazı
meşəsində Anadil adlı
bir
quş var,
Mənim
sevdalı qəlbimtək
asılmışdır ayağından.
Səməd Vurğun
Yenə
yaz gecəsiydi...
Kəndin bağ-bağçalarında,
yaxınlıqdakı Qarayazı meşəsində anadillərin
ötən vaxtlarıydı.
Ötmürdülər, inləyirdilər.
Görəsən nə deyirdilər?
Bu sirli quşların səsinə Kürün o
tayında Qazaxın Muğanlı kəndində bir Aylı
gecədə bir uşaq da heyranlıqla qulaq kəsilmişdi. Babasının
"Şolloy" - deyə öydüyü bu
uşağın da bilmək istədiyi bircə şey
vardı: o quşlar gecənin bu vaxtında niyə inləyirlər?
Babası deyirdi:
"Oğlum! O quşlar haqda bir əfsanə var. Deyirlər ki,
padşahın bir danasını itirəndən sonra Allaha
yalvarıblar ki, bizi quş eylə, padşahın
danasını tapaq, sonra dönək evə. Hələ
də axtarırlar. Biri deyir: "Musa, tapdınmı?", o biri deyir: "Yox, İsa,
tapmadım."
Ancaq mənim
balam, əslində o quşların gəzdikləri dana deyil "Daaanadır", yəni Bilici! O
Bilici sən olacaqsan!
Baba dedikləri
azmış kimi, qayıdıb nəvəsinin
başını sığallaya-sığallaya özü də
dönüb Anadil olurdu, "oxuyurdu":
Şolloyun
atı kürəndi,
Yıxıldı, burnu yerə dirəndi.
Şolloyu
belə balaca görməyin,
Şolloy yaman biləndi.
Bu oxşamadan sonra evdə uşaqmı durardı? Bəzən
gizlicə qaçırdı Qarayazıya, anadillərə
qoşulub ötmək, oxumaq istəyirdi. Axı,
babası demişkən o, bilici olacaqdı. O, hər
şeyi biləcəkdi. Yox, elə bəlkə
hər şeyi indidən bilirdi?!
"Mənin
ulu babam Oljabay nə vaxtsa deyib: "Mənim 7-ci nəslimdən
kimsə Qalım olacaq. Yəni geniş mənada: Bilici!
Millət daha çox biliyə ehtiyac duyur. Gəncliyimdə ulu əcdadımın
bu vəsiyyətini biləndə özüm üçün
məqsəd seçdim: öyrənmək və millətimizə
hardan gəlib-hara gedəcəyimizi demək.
Uzun illərdir
ki, bununla məşğulam" (Oljas Süleymenov)
İsa Muğanna da məhz bu işlə məşğul
idi. millətin kimliyini müəyyənləşdirməklə.
Odər sivilizasiyasının başına gələn
faciələri araşdırmaqla. Bütövlükdə bəşər tarixinin,
(tariximizin) təhrif olunduğunu hamımıza, bəşəriyyətə
başa salmaqla!
İnsanın
İlahi varlıq olduğunu göstərməkdə davam etməklə!
İnsanın saflaşdıqca saflaşmasını istəyirdi. İnsanın, sadəcə,
"Həqqəm" deməyini yox... Həqq-Saf
Ağ İnsan olmasını istəyirdi. Onun da
bütün sözlərinin canı bir sözdəydi:
"Ənəlhəq" sözündə-insanın
öz-özünü dərk etməsində,
öz-özünü tapmasında, zatını,
kökünü bilməsində, Tanrı zərrəsi
olduğunu anlamasında!
"Allahın
Ünü" - dediyi anadillərə qulaq kəsilən
yazıçı sonralar özü də Ün eşidirdi.
"Allah dilədiyinə
eşitdirir". ("Fatir" surəsi, ayə22)
***
...Qədim
türk ədəbiyyatına məxsus Manixey mətinlərinin
əks olunduğu XV abidənin ön tərəfində
aşağıdakı sətirlər də yer
almışdır:
"4.Yuxarıdan, göydən, qeybdən bir səs
(nida) gəldi.
5.Məni çağırdı. 6-13 Ey sən!
Vurundad oğlu! Sən buradakılardan artıq
görmüsən. İndi vaxtsız
ölmə. Cəld buradan qayıdıb get! - dedi. Və sonra bundan başqa cənub tərəfdən
Xoruq burxanın (elçinin) səsini eşitdim. Amma özünü qətiyyən görmədim.
Bunun ardınca
çox nəvazişlə mənim adımı
çəkib çağırdı."
Bu sətirləri oxuduqca bir daha İsa Muğannanın
özünün və bəzi qəhrəmanlarının
Ün eşitdikləri haqqında məqamlar yada
düşür.
Adamların
dəli hesab etdikləri tütək çalan Cümrü və
"Atam sağdı, ölməyib atam!" deyən
Şöşünü heç kim başa
düşüb dərk etmək istəmir. Xüsusən
də Şöşü "ruh görür",
"ruhun" səsini eşidir. Şöşünü
bircə "Ərənlərdən nida gəldi" deyən
Çürük Aşıq anlayır. O, "Mən
görürəm də, eşidirəm də!" - deyəndə "ruhi
xəstə" bir az rahatlanır, "Axır ki, bir insan
tapdım bu səhrada" - deyir.
İsa
Muğanna yazır: "Şöşünün səs
eşitməyini yazanda özümün Ün eşitməyimi
bilmirdim. Yəni həyatımı kökündən
dəyişdirən hadisə Od Ağ Üzlə (Yupiterlə)
əlaqə gizli başlanıbmış."
Gizlidən səs gəlirdi. Hamının ruhi xəstə
hesab etdiyi Şöşü bunu eşidirdi.
Sanki Şöşüdən başqa hamı
karıymış.
Göylərdən Ün gəlirdi. Bircə
Muğanna eşidirdi bunu. İsa
Muğannadan başqa hamı doğrudanmı kardı?!
İsa Muğannanın Ayla bağlı dediyi məsələ
- (ruhların Aya uçub getməsi) də təsadüfi
deyilmiş. Qədim uyğur
ədəbiyyatına aid X Abidənin Arxa tərəfindəki
bir cümlə ap-aydın çox şeyi təsdiqləmirmi?
"Ölülərə həyat verən Ay Tanrı..."
İsa
Muğanna Saf Ağ Elminin qüdrətiylə formalaşan Saf
Ağ İnsandan
danışırdı.
Sən demə, qədimlərdə naqlar-Ağ insanlar
sifətində yarımallahlar nəsli olubdur.
Onlar şimaldan Hiperboriya deyilən yerdən gəliblərmiş.
Bu fakt haqqında amerikalı araşdırıcı Con
Motlok "Ey insanlar! Hamınız türksünüz!" kitabında
yazır: "Bir neçə min il əvvəl
şimal qütbünə yaxın cənnətdə xoşbəxtlik
və bolluq içində yaşayan yüksək sivilizasiyaya
və mədəniyyətə sahib olan bir xalq var idi.Yəhudilikdə
və xristianlıqda bu cənnətə biz "Aden"
deyirik. Hindular "Uttara Kuru", tibetli buddaçılar
"Khedar Hand" ("Tanrı Şivanın ölkəsi") və
"Şambala".
Eyni zamanda bura Suvariya və Sibir, indiki Siberiya da deyilir.
Qədim qrek (yunan) tarixçiləri və miflər
buranı "Hiperboriya" adı ilə bizə
çatdırır.
Çinli taoçular insanın təbiət ilə vəhdətdə
yaşadığı cənnət kimi izah edirlər.
Nizami o cənnətin
bir şimal şəhərində olduğunu "görmüşdü",
yazmışdı:
Bizdə
bərabərdir hamının varı,
Bərabər bölərik bütün malları.
İsa
Muğanna yazanda ki, bütün insanların əvvəli
türk sivilizasiyası ilə bağlıdır, heç kim inanmırdı. C.Motlok "Həqiqətdə
hamımız türkük" deyəndə az
qala heç kəsin cınqırıçıxmır. Üstəlik, İsa Muğanna deyəndə ki, Məhəmməd
peyğəmbər də türkdür, yenə də
inanmırdılar. İndi görün C. Motlok nə
deyir:
"Nuh və oğlanları Sam, Ham və Yafət
türk idi. Musa da türk idi. Hətta
İbrahimlə Sara da türk idi".
Daha bir
maraqlı nüans: İsa Muğanna xristanlığın
banisi İsa Məsihlə (Xristosla) özünün dediyi
kimi, Ey Sarla danışdığını söyləyirdi. Hamı fikirləşirdi ki, o, niyə Xristian
peyğəmbəriylə danışmalıydı ki?
Öz peyğəmbərimiz dura-dura!?
Bu
sualın cavabı C.Motlokun kitabında öz əksini belə
tapıb:
"Məsih İsamıza Davud Kores deyirdilər. Koruş, Kuraş, Kuruş,
Kurios Türk
aristokrat və ruhani sinfinin ləqəbi idi. Hətta
Məhəmməd də Qureyş adlı ərəb lider və
ruhani zümrəsinin üzvü idi."
Fikir verin, C.Motlok İsa peyğəmbərin də
(öz peyğəmbərlərinin də) türk (hətta
qureyşlərdən) olduğunu deyir.
Demək, İsa peyğəmbər də türk
imiş. Nəticədə İsa Muğanna da
haqlıymış. Məhəmməd peyğəmbəri
türk sayanda... Və qeybdən gələn Ün türkdən
gəlirmiş Türkün beyninə! Danışan
"yad" yox, doğma adammış! Türkmüş!
C.Motlok
"nə öyrənmək istədimsə, öz müəllimim
ola bildim" deyirdi.
İsa Muğanna da yazıçıdan daha çox
öz-özünün müəllimiydi.
Onu tanıyanlar ilahi xislətli "yarımallah" kimi
xatırlayırdılar.
C.Motlok
yazır: "Məsih və qoruyucu mələklər kimi
varlıqlar bizə hər gün görünürlər. Amma biz onların fərqində deyilik."
İsa
Muğannaya da Ün gəldiyinə heç kim
inanmaq istəmirdi.
Ancaq inanmaq gərəkdi və inananlar vardı. "Mən
ilahi varlıqlarla qarşılaşdıqlarını
söyləyən insanlara inanmağa meyilliyəm"
(C.Motlok).
"...Kabbala"da
(mistik yəhudi təlimi) İsaya aid edilən 114 kəlamı
dərk edən kəslərin "ölümü
dadmayacağını"na təminat
verilir.
İsa Muğanna kimi sənətkarlar
həmin kəlamları dərk edən nadir simalardandı,
dahi şəxsiyyətlərdəndi!
...Çində
yazılmış, 5 min ildən çox yaşı olan
"Neu Çink" adlı kitabda müdrik, uzaqgörən
insanlardan söhbət açılır: "Orta əsrlərdə
müdrik insanlar var idi. Onlar öz məziyyətlərini
qorumuş və Taonu-Doğru yolu dayanmadan dəstəkləmişlər.
Bu dünyadan qoparaq dünyəvi işlərdən
əl çəkmişlər. Enerjilərini
qorumuş, ruhlarını isə olduğu kimi mühafizə
edə bilmişlər. Bütün kainatda
gəzə, səyahət edə və ətrafı 8 fərqli
yerdən görə və duya bilirmişlər. Onlar bütün bu üsullarla ömürlərini
uzatmış, güclənmiş və ilahi varlıqlara
çevrilmişlər."
...Nəsiminin
dərisi soyulandan sonra Hələbin 8 darvazasından dip-diri
çıxıb getdiyini görmüşlər. Bu haqda təkcə "Məhşər"
romanında deyil, bir sıra mənbələrdə də
deyilmişdir.
...Mayyalıların
"Popol-Vuh" kitabında da həmin müdrik, ilahiləşmiş
insanlardan danışılmışdır: "Onlara zəka
bəxş olunmuşdu. Baxırdılar və bir göz
qırpımında uzaqları görə bilirdilər.
Görməkdə də, dünyada baş verilənləri bilməkdə də uğurlu
olmuşdular. Baxarkən bütün ətrafı görə bilirdilər...tərpənmədən..."
...İsa
Muğannanın həyatında da möcüzəli və
heyrətamiz əhvalatlar az olmayıb.
O,
yalnız Ün eşitmirdi, o, həm də
görücüydü. Görürdü hər
şeyi (uzaqları!)
...Ağstafada
bir payız
günü hazırlaşırlar ki, Bakıya yola
düşsünlər.
Otururlar maşına. "Görücü" İsa
deyir:
- Niyə
maşının yolu Qazaxa tərəfdir: (Halbuki
maşının yolu Bakıya sarıymış.) Həyat yoldaşı Firuzə xanım onu
danlayır ki, "Qoy görək, sən Allah, yenə
başlama!"
Nə isə...
Yola düşürlər. Gəncəyə
az qalmış birdən Firuzə xanım
əlini dizinə çırpıb vaysınır:
- Geri
dönün. Bakıdakı evin
açarını öydə (Ağstafada) qoymuşam.
Maşın geri qayıdır - Qazaxa tərəf səmt
götürür.
Bir cürə başqa bir əhvalat da olub.
Onda yenə Bakıya yola düşürmüşlər. Onda İsa
Muğanna bir daha görücülük edib, deyib ki, "yenə
maşının yönü niyə Qazaxa doğrudur?"
Yüngülcə gülüşürlər. Pıçıldaşırlar.
Amma Tovuza çatanda yolda təsadüfən
şair Məstan Günərlə (yazıçının
bacanağı)
rastlaşırlar. Məstan
başlayır ki, "Hara buraxıram sizi, getdik Əsrik dərəsinə,
qonağımsınız".
Və gedirlər.
Axşamüstü Ağstafaya qayıdırlar ki, səhər
tezdən yenidən hazırlaşıb Bakıya
çıxsınlar. Bu dəfə İsa müəllim
qımışır:
- Bə mən
sizə deyəndə ki, niyə maşının yönü
Qazaxadı? - inanmırdınız?!
***
Pifaqor
deyirdi: "İnsanları dərk etməyi öyrənin. İnsanları dərk etmək- allahları dərk
etməkdən daha rahat və daha lazımlıdır."
...İsa
Muğannaya görə, İnsan-Ün Əs -yəni
danışan Ün deməkdir."İnsan
öz xaliqindən ayrıldı, böyük ikən
kiçildi". "İnsanın həqiqi
bir qibləsi var, o da insan özüdür". ("Məhşər")
Nədən qorxurlar bu sözdən?
Kəbəni bir anlığa aradan götür. Dua edən insan (lar) öz-özüylə üzbəüz
qalmayacaqmı?
...Bu nədir?
Üsyanmı? Alahsızlıqmı?!
Əslində, insanlar bir-biriylə üzbəüz
qalanda, Yaradana daha yaxın olmurlarmı, onun birliyini təsdiq
etmirlərmi?!
Bəs onda Kəbəyə, məscidlərə,
kilsələrə, sinaqoqlara nəyə
yığışırlar?
Ənəlhəqqçilər
deyirdilər ki, yaranışdan birik hamımız! Onlar hamını Həqq Səltənətində
birliyə çağırırdılar. Fəzullah Nəimi
"Cavidannamə" də öz tərəfdarlarıyla bəşərin
din və əqidə ayrılığından xilasını, idrak yolunda
birliyini istəyirdi.
Yəhudilərin
"Armagedon", oğuzların "Sağış
günü", hürufilərin "Fəzli-həqq"
dedikləri "Qiyamət günü"nün bir adı da
"Ədalət günü"dür. Hürufilər
"Ədalət səltənəti" yaradılması
arzusuyla yaşayıblar. Paytaxtı Təbriz
olan "Ədalət səltənəti" qurmaq istəyirdilər.
"Ədalət səltənəti"nin
hakimi hansısa şah, padşah deyil, yalnız həqqdir -
"Ənəlhəqq" "Mənəm həqq" deyən
insan özüdür.
...Hürufilər
"Səlam" əvəzinə "Ənəlhəqq",
"Əleykum salam" əvəzində "Fəzli-həqqdir"
deyirdilər. Onlar sanırdılar ki, bəşər Əliftək
("A" hərfi tək) vahid olacaq. Hürufilər və eləcə də İsa
Muğanna insanı özünə tanıtmaq istəyirdilər.
"Özünü dərk edən
Allahını dərk edir, özünü tanıyan Allahını
tanıyır" fəlsəfəsini insanlara öyrətməyə
çalışırdılar.
Demokritin işi-gücü görünənlə yox,
görünməyənlə idi." Görünməyəni tədqiq
etmək lazımdır, deyirdi, aşkar görünəni
yox"!
Elə biri Məhşər deyilənin özü. Belə gizlinlərdən
biri deyilmi?! Hamının bildiyi Məhşər
-Qiyamət günü deyilən son sorğu-sual
günüdür. Bir qrup amerikan alimi "Qiyamət
günü"nün saatı " adlı bir simvolik saat
düzəldiblər. 10 il bundan əvvəl
o saat 11:55-i göstərirdi. İndi isə gecə
yarısına 2 dəqiqə yarım qalıb. Doğrudanmı
"Məhşər "başlayacaq?!
Yazıçıya görə, Məhşər bətnən
dəyişib, insana etiqaddan məhrum olmamaqdır. İnsana etiqadın məhvi
isə şeytana
qulluq etmək deməkdir.
Böyük yazıçı "İnsanın bətni
tamam dəyişməlidi" söyləyirdi. Sonralar M.Araz da bu məqama gəlib
çıxmışdı, (çıxarılmışdı):
"Ya Rəbb, bu dünya sən quran deyil."
Mən
bir dəfə böyük üstadımıza dedim ki, sizin
davanız niyə zülmətnəndir, axı onu da Allah
yaradıb.
O dedi: - A
kişi, mənim Allahın
yaratdığı qaranlıqla, zülmətlə nə
işim. Mənim davam insanın bətnindəki,
qarnındakı zülmətlə bağlı davadır!
"Məhşər"də
belə bir fraza var: "Fəzlsiz bircə gün də
yaşamaq olmaz!" Məncə, Nəimisiz də, Nəsimisiz
də, İsa Muğannasız da bircə gün də
yaşamaq olmaz!
"Muğanna "İdeal" da şübhəsiz ki,
Nəsiminin Allah insan ideyasına əsaslanır, amma onu
kserokopiya etmir, çağdaş düşüncəyə
ideal insan formatına salır.
***
"Mənim arzum Bağların arzusudur."
Allah insanı necə görmək isdəyirdisə,
İ.Muğanna da elə görmək istəyirdi.
Saf Ağ Elmi İnsan öldürməyi nəhy edir. Əhməd
Ağaoğlunun "Sərbəst insanlar ölkəsi"ndə
yalan danışmaq yasaq imiş.
Saf Ağ insanlar ölümsüz insanlar olublar. Aristotel deyirdi
ki, ölümsüz olmaq istəyiriksə "Ölümsüzlüyə
yaxın yerlərdə yaşamalıyıq."
"Allah
qulu ol ki, Allahın dilini və sözünü anlaya biləsən. "Allah olasan" demirəm." (Ş.Təbrizi)
"Quran"da deyilmirmi ki, mən məni sevən və
mənim sevdiyim qulu o hala gətirərəm ki, o, mənim
görən gözüm, eşidən qulağım,
danışan dilim olar.
Ün
eşitmə xüsusiyyəti də məhz bu cür
"qullara"- fövqəl insanlara" dair əlamət
sayıla bilər. Təəssüf ki, min illər
boyu fövqəl insandan indiki insanlara doğru bəşərin
eniş dövrü başlayıb.
"Qabaqlar insanlar min ildən çox
yaşayırmışlar. Günlərin bir
günü Allahlıq sevdasına düşüllər.
Allah da hirsdənip bınnarın
ömrünü azaldıp, özlərini də
xırdaladıp bizim günümüzə
salır."("Azərbaycan mifologiyası mətnləri"
Bakı-1988).
İsa
Muğanna da
çox vaxt bu xırdalıqdan qorxmaqla
yanaşı insanın beyninin qapanmasından qorxub. Deyib ki, indiki insanların
beyni qapalı olduğu üçün Ordan- Kainatdan gələn
Ünü eşidə bilmirlər.
...İndiki insanlar özlərinə qapanıb. Ancaq özlərindən
danışmağa "dəm vurmağa"
çalışırlarsa" beyinləri hardan və necə
açıq ola bilər? Onların
çoxu öz səslərinin eşidilməsini istəyirlər,
haqdan gələn Ünün eşidilməsini yox!
Halbuki, unudulub ki, "İnsanlar gizli qalanların
aşkara çıxarılması üçün
yaradıldı" (C.Rumi) İsa Muğanna öz
missiyasını yaxşı bilirdi. O, da "Mən insanam! Qaibi qurdalayan çilingər" deyən
böyük türk şairi N.F.Qısakürək kimi qaibi
qurdalayan çilingərliklə məşğul idi.
Cek
Londonun fikrincə qəhrəmanı Martin İden " Allaha yox,
insana inanmadığı üçün məğlubiyyətə
uğradı".
İsa Muğanna bu baxımdan qaliblərdəndi. Çünki Allaha da,
İnsana da inanırdı!
"Dünyada nə ilə fəxr edirsiniz!"
sualını çox müdrik şəkildə
cavablandırırdı. "Kainata az-çox bələdliyimlə".
"Az-çox biliciliyimlə!" də deyə bilərdi
və buna haqqı vardı.
***
Onlar
2013-cü ilin
yayında Ağstafadakı evlərinə yenə də dincəlməyə
gəlmişdilər. Heç kimin ağlına
gəlməzdi ki, bu, onların doğma yurd-yuvaya son gəlişləridir.
Amma mən nələri isə duymuşdum.
Bir gün içəri girəndə evin divarlarından
böyütdürülüb asılmış şəkillərini
gördüm.
"Yoxsa uçmağa hazırlaşırlar?"
Təxminim
az keçmədən düz
çıxdı.
Biri
(İ.Muğanna) 2014-cü ilin yazında, o biri (Firuzə ana)
2016-cı ilin payızında uçub getdi...
Bir
gün öldürdülər Molla Pənahı,
Bir gün bu dünyanın Səmədi öldü.
Köçdü
bu dünyadan İsa Muğanna,
Deyin
Anadilə... "Anadil" öldü.
Nizami
"İsgəndərnamə" əsərində İsgəndərin
ölüm ayağındakı vəziyyəti, son yolu, son səfəri
haqda yazırdı:
Dolanıb
görmüşdü o, bir çox yeri,
Başqa
bir yerəydi indi səfəri!
Ölümündən
bir az əvvəl İsa Muğanna həyat
yoldaşı Firuzə xanıma deyib ki:
"Orda (guya o biri otaqda) bir yer var, ora dəyib gəlirəm."
Ayağa qalxdığı ilə yıxılıb
keçindiyi bir olmuşdu.
Lakin O,
ölümə yox, Aristotelin dediyi ölümsüz yerə
köçmüşdü.
Necə
ki, ölümündən əvvəl həyatda iki dəfə
Ün eşitmiş "Saz" povestinin qəhrəmanı
İsfəndiyar kişi də ölmədiyini
övladlarına belə anlatmışdı. "A
qızım, yaxın gəlin. Balalarımı
da yaxın gətirin, eşitsinlər.
Eşidin,
arxayın olun ki, lap yüz yol yıxılsam da, mənə
heç nə şey olası deyil. Əzrayıla can vermərəm.
Etiqadım,
var!
Ölməyəcəyəm!
...Bu Yerin
göyü də var. Eylərdi cəmi bəşər övladının pənahı.
Eşitdinizmi, nə dedim?
-Eşitdik,
baba. Eşitdik.
-İnandınızmı ölməyəcəm?
-İnandıq,
baba!
-Lap
arxayın oldunuzmu ki, ölmürəm?
-Olduq,
baba, olduq.
-Di keçin, ocağınızı qalayın,
samovarınızı qoyun!"
***
İsa
Muğanna yaşayanda, "İdeal"ı yazıb, Odər dilindən,
Odər mədəniyyətindən, bütün bəşəriyyətin
vahid kökündən - Odərlərdən "Ən qədim
türklərdə danışanda, dünyada hər şeyin
təhrif olunduğunu deyəndə, yer üzünün əzəlinin
türklərlə başladığını söyləyəndə,
heç kim inanmaq istəmədi. Çoxları
çaşıb qaldı, əvvəlcə fikirləşdilər
ki, bu nədir yazdığı belə? Hansı
təhriflərdi bunun dedikləri. Odər
dili deyilən nə olan şeydi? Ün nə
olan şeydi?
Ey Sar (İsa peyğəmvər)
işini-güçünü buraxıb ona əsərmi
pıçıldamaqla məşğuldu, nədi? Və
sair...
Elə
bil unutmuşdular bir daş yonan və bir mamaçanın
oğlu olan Sokratın dediklərini:
"Mən kiməm? Qəliz, mürəkkəb,
bədheybət bir varlıq, yoxsa ilahiyyata aidiyyəti olan sadə
bir məxluq?!"
Sanki, bir
vaxtlar Xəyyamın da öləndə Allaha üz tutub dediyi
vida cümləsi də bu olmamışdı:
"Səni dərk etməyə
çalışdım. Məni bağışla!"
...İndicə isa Muğannanın ölümünə
o dəqiqə inanmaq istədilər. Halbuki, sadəcə olaraq,
"yıxılmışdı"...
***
"7 ildir hər şeydən xəbərsiz kimi
yatmışam".
Bunu Səməd Əmirli deyir.
"Bəs biz nə qədərdi, görəsən,
yatırıq?
İsa Muğannadan (Muğannalardan) xəbərsiz?!"
Bunu da biz deməliyik.
Səhvimizi boynumuza almalıyıq.
"Öz içində böyüyən",
"ürəyində atasının tabutunu gəzdirən"
kişini-qədim odərlərin yadigarını
anlamalıyıq.
Anlamalıyıq,
"Ənəlhəq" (Ün Əl Ağ) - Mən Həqqəm!", Haqqın (Allahın) Ünüyəm."
" Mən surəti həqqəm" (Nəsimi) deyənlərimizin
dərdini, elmini, eşqini, məramını!
Anlamalıyıq ki, anadillərin adı İsaq-Musaq
quşları" şəkilində bu günəcən hələ
də xalqın yaddaşında yaşayırsa, niyə
İsa Muğannanın "İsahəq, Musahəq" əsərini
də hələ lazımınca başa düşmək istəmirik. Özü də
kimi, kimi?! Ün eşidəndən sonra tamamilə dəyişmiş,
axırda gözləri tutulmuş bir Kəsi-Saf Ağ
İnsanı! (Saf Ağ insanın gözləri
zəifləyib tutulurmuş.)
Anlamalıyıq,
gözlərinin son işığını da bəşəriyyətin
arzuladığı İşığa qatıb vermiş,
fövqəladə bir İnsanı-Bağı! Aman
Allahım! İşığa qardaşım demiş
insanın gözləri işıqsız
qalmışdı...
***
Böyük sənətkar müxtəlif ləqəblərlə
yazıb-yaratdı.
İsa Hüseynov İsa Anadil oldu.
İsa
Anadil İsa Gecəquşu
oldu.
İsa Gecəquşu İsa Muğanna oldu.
"Səsimə
səs verən həsrətilə qocaldım" dedi. Dedi ki,
Saf Ağ işıqdı. Heç kəs
görmür. Onu ancaq mənim kimi bədbəxtlər
görür".
Dedi ki,
"haqq-ədalət xeyrinə söz deyən insan
qalmayıb daha. Deyənlərin hamısı
öz dərdini, öz ağrılarını deyir".
...Yaradılış
təsnifatı 3 yerə bölünür: (Çəmadat,
Nəbadat, Heyvanat. (İnsan
üçüncüyə aiddir). Bu
heyvanı insanı çevirmək cəhdidir.
Səbəb aydındır.
"İnsanı insanlıqdan çıxaran, heyvaniləşdirən
bəla Kainatın-Odər bəşəriyyətinin dilindən
ayrılığıdır."
"Odər dili beynimizin tarixidir. Bağ
Ünün Kainatla əlaqə vasitəsi idi."
"İnsan itirmişəm. Qanandan ötrü bu
çox ağır sözdü."
"Bağ İnsandı, ay oğul, İnsandı!"
Göründüyü kimi, İsa Muğanna
babasının "Daaana" (bilici) hesab etdiyi bu böyük
insan (sənətkar) bizim bildiyimiz adi Bilicilərdən deyildi. Adi
axtarıcılardan deyildi.
O,
babası Musanı sonuncu Bağ adlandırsa da, bir az təvazökarlıq etmişdi. Onun yazdığına görə, sonuncu
Bağı-Musa ağanı Yer kürəsi hədsiz
dözülməz hala düşdüyü üçün
Ordan-Kainatdan gələn işıq gəmisinə mindirib
aparmışdılar. Dəqiq tarix də göstərilib:
1899-cu ildə.
İsa
Muğanna ömrünün son illərində tez-tez göylərə
boylanır, "incidiyini" bildirirdi: "Bu işıq gəmiləri
harda qaldı, gəlib çıxmadı?"
Və gəmi
bir gün axır
ki, gəlib çıxdı. 2014-cü il
aprelin 1-də onu da götürüb apardılar. Ən sonuncu
Bağ kimi!
***
İsa Muğanna nələr düşünürdü
və nələr düşünmürdü?
İsa Muğanna nələr deyirdi və nələr
demirdi?
Ona
"Sirli adam" deyirdilər.
"Muğanna"
- "Bizim Muğlar" - Etiqadını gizləyən adam deməkdir.
Ona sonuncu Mogikan da deyirdilər.
***
Nəsimi "Ənəlhəq" sözünü
guya Yerdə demişdi. Yalandır!
Nəsimi bu dünyaya, "Ənəlhəq" deyib gəlmişdi.
İsa
Muğanna bu dünyadan
Ənəlhəq deyib getdi...
P.S. İsa Muğanna babasının
dediyi "Daaana"-Bilici ola bildimi?
Yaxud
sualı belə də qoya bilərik:
"Anadillər
Şolloyun babası dediyi "Daaana"nı
tapa bildilərmi?!
"Tapdılar!" demək istərdim.
Amma tapa bildilərsə, bəs onda niyə susmayıb hələ
də ötür, inləyirlər?!
08.05.2018
Barat VÜSAL
Ədəbiyyat qəzeti.- 2018.- 19 may.- S.22-23.