Plutarxın
ölümü
Hekayə
Plutarxın
dünyaya gəlişi ailəyə sevinc yox, kədər gətirdi.
Doğulan gündən ailə yasa batdı. Birincisi, ona
görə ki, körpənin heç bir əlaməti-nam-nişanı
erməniyə oxşamırdı. Kəllə, üz, bədən
quruluşu, xülasə, nə qədər görünən
və görünməyən xüsusiyyəti var idisə,
hamısı Azərbaycan türklərindəki kimi idi. Bu
cizgilər yalnız o insanlara məxsusdur; nəinki ermənilərdə,
heç qohum türk tayfalarında da yoxdur...
Uşaq
ağlayanda, güləndə babası, nənəsi və
atası özlərinə yer tapa bilmirdilər. Çünki
uşaq başqa cür gülürdü; bu gülüş
Qarabağın balıtək dadlı idi, baltək də
süzülürdü. Süzülə-süzülə də
kəsilirdi. Sanki "Qarabağ şikəstəsi" idi...
Deyirdin bəlkə uşaq yenə güləcək...
Ağlayanda qəzəbli bir səs çıxarırdı;
ağlamırdı, nərə çəkirdi, ərgən bir
igid kimi. Adama elə gəlirdi ki, bu səsdən
dağ-daş indicə yerindən qopacaq...
Plutarxın
gülməyi də, ağlamağı da anasına xoş gəlirdi.
Oğlunun səsini eşitdikcə azad bir quşa
dönürdü, göylərdə uçurdu. Qəribə
burası idi ki, onun uçub getdiyi yerlər nə Moskva, nə
Paris, nə London, nə də Vaşinqtonun göyləri
deyildi. Dünyada tayı-bərabəri olmayan Qarabağın
göyləri idi. O göylərdən o yerlərin
dağ-daşı, çöl-çəməni, meşəsi,
qayaların altından qaynayan bulaqları
görünürdü. Belə vaxtlarda onun gözlərinə
üz-gözündən canavara oxşayan qayınatası,
küpəgirən qayınanası, "türk"
başı kəsməkdən ötrü ürəyi
keçən əri görünmürdü. Və o göylərdə
əbədi qanad çalmaq istəyirdi. İstəmirdi, o
göylərdən ayrılsın; acı, sonu bilinməyən,
əzabla dolu cəhənnəmə düşsün. Qəribəsi
o idi ki, o göylərdə uça-uça Qarabağ
xanı İbrahim xanın qızı Ağabəyim
ağanın söylədiyi bayatı ürəyini lərzəyə
gətirirdi:
Əziziyəm
Qarabağ,
Şəki,
Şirvan, Qarabağ,
Tehran cənnətə
dönsə,
Yaddan
çıxmaz Qarabağ!
Qorxusundan
bunları dilinə gətirəmmirdi,
açıb-ağardammırdı. Necə
açıb-ağardaydı? Başqası yox, elə öz əri
onun başını bədənindən ayırardı,
yalquzaq xislətli qayınatası, küpəgirən
qayınanası onu parça-parça edərdi. Buna qətiyyən
şübhəsi yox idi... Qarabağ müharibəsi zamanı
ermənilərin türklərə necə divan tutduqlarından
xəbəri vardı.
Aqnisanın
keçirdiyi bu hisslər, əhval-ruhiyyəsindəki dəyişikliklər
ailə üzvlərinin gözündən
yayınmırdı, ona qarşı ürəklərində
gizli bir şübhə, həm də nifrət
yaradırdı. Qayınatası Qriqor, qayınanası Asmik, əri
Vazqen ona əvvəlki nəzərlə baxmırdılar,
fahişəyə baxan kimi baxırdılar: amma nifrətlərini
gizlədirdilər, ehtimallarını açıqca deyə
bilmirdilər. Əslində, deməyə qorxurdular. Səbəbi
o idi ki, əllərində tutarlı sübutları yox idi...
Axı qonum-qonşuların hamısı erməni idi... Nəinki
onların yaşadıqları yerdə, heç Qərbi Azərbaycanda
(uydurduqları "Hayastan"da) bir türk belə
qalmamışdı.
Onda
uşaq niyə erməniyə yox, türkə
oxşayırdı? Oxşamaq nədir, türk idi ki,
dayanmışdı... Uşağa baxanda onları vahimə
basırdı, dəhşətli şəkildə qorxmağa
başlayırdılar. Elə bilirdilər ki, indicə
uşaq bir cinə, qulyabanıya dönüb onların
boğazlarından yapışacaq.
On beş
il olardı ki, ailə Dağlıq Qarabağdan bu kiçik kəndə
köçmüşdü. Plutarx da Xankəndində yox,
burada - bu kiçik kənddə doğulmuşdu...
Nə isə...
Bu çox qaranlıq və qəliz məsələ idi, odur
ki, onu araşdırmağa cürət eləmirdilər. Məsələni
qurdalamağa başlasaydılar, Aqnisanın ata-anası,
qohum-qardaşları da bu işə qarışmalı
olacaqdılar. İş böyüyəcəkdi və ailə
çərçivəsindən çıxacaqdı.
Ətraf da bu məsələdən xəbər tutandan sonra,
dedi-qodu, lağlağı söhbətlər baş alıb
gedəcəkdi. Onda bu ağızları yum görüm, necə
yumursan?! Plutarx dörd yaşın içindəydi:
gülürdü, ağlayırdı, qaçırdı,
yıxılırdı, dururdu. Bir sözlə, bu yaşda olan
oğlan uşaqlarının elədiklərini eləyirdi.
Bircə onlar kimi dil açıb-danışmırdı.
Yazıq Aqnisa uşağın fikrini çox eləyirdi,
gündən-günə əriyirdi. Əriyib çöpə
dönmüşdü. Oğlunu göstərmədiyi həkim
qalmamışdı. Ara həkimlərinə də müraciət eləmişdi,
falına da baxdırmışdı, Eçmədzinə
("Üç kilsə"yə) dua etməyə gedəndə
uşağı özü ilə aparmışdı, onu
keşişə göstərmişdi... Uşağa
baxanların hamısı təəccüblənmiş,
qayınatası, qa-yınanası, əri kimi
düşünmüşdülər. Lakin
düşündüklərini dillərinə gətirməmişdilər,
gizlətmişdilər, bu sözləri demişdilər: -
Uşağın nitqində heç bir qüsur yoxdur, dil
açıb danışacaq... Bəs nə vaxt? Bunu heç
kim dəqiq-dürüst demirdi...
...Plutarx
böyüyürdü. Aqnisanın qayınatasının,
qayınanasının, ərinin şübhə və nifrətləri
də böyüyürdü. Aqnisanın uşağa olan məhəbbəti,
qayğısı isə artırdı. Görəsən, bu,
nə qədər davam edəcəkdi? Plutarxla bağlı bu
sirri təkcə Allah bilirdi, amma bir gün bəndələr
də bildi.
...Ailə
nahar eləmək üçün süfrə başına
keçdi. Baba, nənə və Aqnisanın əri öz yerlərini
tutdular. Aqnisa boşqablara borş çəkirdi. Plutarx oyuncaq
tapança və avtomatı ilə əlləşirdi, birini
götürür, o birini qoyurdu; babasını, nənəsini,
atasını nişan alırdı. Uşağın bu hərəkəti
babasının gözündən qaçmadı, onun
üstünə qışqırdı:
- O zibilləri
bir kənara qoy, gəl zəhrimarını ye!
Aqnisa
narazılıqla qayınatasına baxdı. Bu baxışla
demək istədi: - Uşağın xətrinə niyə dəyirsən,
oynayır da. Sənə neyləyir ki?
Qaınanası
da, əri də qınayıcı nəzərlə Qriqoru
süzdülər. Əri dodaqaltı mızıldadı:
- Niyə
qoymursan bir tikə çörəyimizi rahat yeyək?
- Rahat?! -
Görmürsən tür... - "türk" demək istədi.
Amma tez sözünü dəyişdi. Görmürsən
küçüyün nə oyunlardan çıxır?
Görmürsən?
- Uşaq
nə edir ki? - Aqnisa yazıq-yazıq qayınatasına
baxdı.
- Nə
edir? Bizim üçümüzü də avtomatla
öldürmək istəyir.
-
Öldürmək? - Qayınatasının dedikləri ona
çox gülünc göründü. Söz güləşdirmədi,
mülayim bir səslə Plutarxa dedi:
- Gəl,
quzum, get babanın yanına. Get otur, yeməyin soyuyur...
Plutarx
başını qaldırıb anasına baxdı və
gözlənilmədən Qarabağ ləhcəsində dedi:
- Aj deyiləm,
anajan, yemirəm.
Bu
sözləri sanki Plutarx yox, mələklər qeybdən dedi.
Aqnisa özünü Plutarxın üstünə atdı:
-
Şükür, ilahi, şükür, balam
danışdı. Başına dönüm sənin,
qurbanın olum!
Ərinin,
qayınatasının və qayınanasının tikə
boğazlarında qaldı, gözləri bərəldi,
üçü də birdən vəhşi bir səslə
bağırdı:
- Bax e,
bax e! Bu küçük ermənicə yox, türkcə
danışdı. Eyvah, türkcə danışdı!
Qayınatası
illər boyu "çilədanında"
saxladıqlarını açıb tökdü:
-
Yadındadır, Asmik,Vazqen bu qancığı almaq istəyəndə
mən nə dedim? Demədim ki, bu it oğlunun
qızını almayaq. Demədim ki, o qız albanlardandır?
Sən də dedin ki, nə olsun, onlar da erməniləşiblər?
Mən isə dedim ki, yox, biz bura köçüb gələndən
sonra onları zorla erməniləşdirmişik, albanlar da
türkdürlər. Damarlarında türk qanı axır...
Bu fahişənin babasının babası Nəzər bəy
olub. Vaxtı ilə Qarabağın adlı-sanlı bəylərindən
idi. Biz də onun soyadını götürüb Bek Nazaryan elədik...
Soyadını dəyişsək də qanını, genini dəyişdirəmmədik.
Budur, o qan, o gen özünü göstərdi. Bunda göstərdisə,
erməniləşdirdiyimiz albanlarda da nə vaxtsa göstərəcək.
Onda vay halımıza! Hamımızı bu yerlərdən
qovacaqlar. Yeganə çıxış yolumuz
ulularımızın gəldiyi yerə köçüb getmək
olacaq. Köçüb gəldiyimiz yer də Allah bilir
haradır? Alimlərin biri deyir ki, guya biz Balkanlardan, bir
başqası deyir ki, Hindistandan, bir başqası da deyir ki,
Şimali Fərat hövzəsindən gəlmişik. Deyirlər
də... Nə eləsinlər, bir şey deməlidirlər, ya
yox? Əslində, xaç haqqı, heç bilmirik biz
haralıyıq, haradan gəlmişik, nə millətik... Bir
onu bilirik ki, hansı yerdə yaşasaq, oranı qamarlayaq, hər
şeyinə yiyələnək. Vaxtı ilə burada - Qərbi
Azərbaycandakı "Arman" yaylasında "Arman"
adlı türk tayfaları yaşayıb. Yaşamayıb? Hə,
yaşayıb. Onlar əvvəlcə atəşpərəst
olublar, sonra xristianlığı qəbul ediblər. Biz
"hay"lar da bu yerlərə köçüb gəlmişik.
Sonra arman-ərmən türk tayfalarının dinini, tarixini,
mədəniyyətini mənimsəmişik. Yerli tayfaları
isə Güney Azərbaycanına, yəni müasir Azərbaycan
Respublikasının ərazilərinə
sıxışdırmışıq, bir qismini isə
assimlyasiyaya uğratmışıq. Gəl əyri oturaq,
düz danışaq. Məgər bizdə dolma, lavaş olub?
Yox! Amma deyirik olub. "Sarı gəlin", tar, kaman və
sair bizimdir? Əlbəttə ki, yox. Ancaq deyirik ki, bizimdir.
Qriqor təzəcə yandırılmış ocağa bənzəyirdi.
Getdikcə alışır, alovlanır-dı... Arvadı
Asmik də onun dediklərini başını tərpətməklə
təsdiqləyirdi. Aqnisanın əri Vazqen isə yöndəmsiz
iri başını iki əlinin arasına alıb
sıxırdı. Adama elə gəlirdi ki, başı indicə
qarpız kimi partlayacaq. İlk baxışda belə
görünürdü. Əslində isə onun
üçün nə qədər ağır olsa da,
Plutarxı - oğlunu necə öldürmək haqqında
düşünürdü. Hövsələsi daraldı, vəhşi
bir əda ilə ayağa qalxdı, əlini atıb masanın
üstündəki qırmızı çaxır
doldurulmuş qalın stəkanı
götürdü, Plutarxa sarı bir neçə addım
atdı. Nə fikirləşdisə dayandı, stəkanı
divara çırpıb otaqdan çıxdı. Stəkan
xıncım-xıncım oldu, çaxır divarda qana bənzər
bir iz açıb döşəməyə axdı...
...Gecəyarısı
Aqnisa oyanıb Plutarxı yanında görmədi.
Ətrafına key-key göz gəzdirdi. Birdən dəlicəsinə
çölə qaçdı. Qaranlıqda
qaça-qaça oğlunu harayladı:
-Oğlum,
Plutarx! Oğlum, hardasan?
Qəribə
olsa da, bu sözləri ermənicə yox, Qarabağ ləhcəsində
dedi. Və birdən əri Vazqenin dünən axşamkı vəziyyəti
- kəl başına oxşar başı, qorxunc sifəti, qan
sağılmış gözləri xəyalında
canlandı. Sövti-təbii olaraq yəqinləşdirdi ki,
oğlunu əri götürüb aparıb, boğub Araza
atıb.
...Aqnisa nəhəng
ilan kimi qıvrıla-qıvrıla,
fışıldaya-fışıldaya axan, bu qan
yatağından uzaqlaşmağa, Kürə qovuşmağa
can atan Araz boyu qaçır, şivən qoparırdı:
Xan Araz,
oy, xan Araz,
Sinən
dəftər, can Araz,
Götür
əlinə qələm,
Dərdlərimi
birər yaz.
Xan Araz,
oy, xan Araz...
... Səhər
Araz çayının sahilindən iki cəsəd
tapdılar. Biri uşaq cəsədi idi. Dedilər ki, bu, Plutarxın
cəsədidir. İkinci cəsəd isə qadın cəsədi
idi. Dedilər ki, bu da onun anası Aqnisanın cəsədidir...
Bayram İsgəndərli
Ədəbiyyat
qazeti.- 2018.- 19 may.- S.25.