Müəllifin filmi çəkməkdə məqsədi

festivalda qalib gəlməkdirsə, bu,

konyunkturadan başqa bir şey deyil.

 

Müsahibimiz rejissor, ssenarist Asif Rüstəmovdur

 

Müsahibəyə Rahim Dünyamalının "Tərsinə addımlayan kölgələr" kitabı ilə getmişdim. Asif Rüstəmov ilk sualımı gözləmədi:

- Təxminən 2-3 ildir ki, kitab oxumuram. Bəzən oxuduqlarımı təkrar oxuyuram. Amma, ümumilikdə oxuya bilmirəm.

- Vaxtınız olmur, yoxsa...

- Yox, istənilən qədər vaxtım var. Bir dostum deyirdi ki, mütaliəni dayandırmaq olmaz, dayandırdın, yenidən o prosesə qayıtmaq çətin olur. Yəqin elədi. Oxumalı kitabları alıram, yığılır, amma oxuya bilmirəm.

 - Götürürsüz kitabı əlinizə, oxuya bilmirsiz? Yoxsa ümumiyyətlə, kitaba yaxın dura bilmirsiz?

- Yox, heç götürmürəm. Amma olub ki, dəfələrlə "Uliss"i oxumaq istəmişəm, alınmayıb. Hardasa, 3 ildən çoxdu onu oxuyuram, daha doğrusu, oxumaq istəyirəm, hər oxuyanda 2-3 səhifədən o yana getmir. Mən kitabı 2 günə, maksimum 3 günə bitirirəm. Amma son vaxtlar alınmır.

- Bəlkə "problem" "Uliss"dədi. Axı, bütün dünya bu romandan "dad edir".

- Ola bilər. Amma işlə bağlı məcburiyyət qarşısında oxuduğum kitablar olub bu illər ərzində. Amma bədii ədəbiyyat oxuya bilmirəm.

- Filmlərə necə, baxa bilirsiz?

- Əvvəlki qədər baxmıram filmlərə . Təkrar daha çox baxıram. Nəsə elə bil, bu bir mərhələdi. Bəlkə , məndə belədir. Son vaxtlar təkrara daha çox yer verirəm. Bu vaxta qədər aldığım informasiyaları bir az analiz eləyirəm.

- Bəzi yaradıcı adamlar yazı, yaxud çəkiliş ərəfəsində oxumurlar, filmlərə baxmırlar. Bunu təsirə düşmək qorxusuyla əlaqələndirirlər.

- Yox, məncə, təsirdən qaçmaq mümkün deyil. Həm təsir hansısa konkret ərəfədə olmur. Olsa da, həmin ərəfədə olan təsir elə qorxulu deyil. Çünki artıq həmin ərəfədə düşüncələrini nəzarətdə saxlaya bilirsən. Biz anadan olandan təsir altındayıq. Nağılların, hekayətlərin, medianın təsiri altında böyüyürük bu reallıqda təsirdən qaçmaq mümkün deyil. Heç kim 30 yaşında mağaradan çıxıb sənətə gəlmir. Hər kəs təsir altındadır, yaratdığında da nəyinsə təsiri mütləqdir. Yəni ilkin məhsul yoxdur. Biz "Tövrat"ın, "İncil"in, "Quran"ın təsirindən çıxmışıq. Borxes deyir ki, biz 4 əhvalatı təkrarlayırıq, amma ayrı-ayrı formalarda. Amma dediyiniz məsələ mövcuddur, biz tələbə olanda da adamlar var idi ki, təsirdən qaçmaq istəyirdi həmin prosesdə, yaxud əksinə, işlədiyi mövzuya uyğun filmlərə baxanlar da var idi.  Təbii ki, söhbət təqliddən yox, təsirlənmədən gedirsə, bu labüddür.

- Amma Lars von Trieri Tarkovskinin təsiri altında olduğu üçün qınayırdılar.

- Məncə, bunu ona heç kim irad kimi deyə bilməzdi. Bu, fakt kimi deyilə bilər. İrad o vaxt ola bilər ki, təsir özünü təqlidə gətirib çıxara. Əgər söhbət ekran əsərindən gedirsə, filmdə rejissorun individual mənliyi yox, daha çox təqlid etdiyi şəxsin əməyi görünürsə, bu başqa məsələdir. Filmdə biz Trieri yox, Tarkovskini daha çox görərdiksə, hərçənd, mən düşünmürəm ki, Trier Tarkovskini təqlid edib, onda bu məqam onun mənfisinə yazılardı. Düzdür, Trier Tarkovskidən çox təsirlənib, bunu adi tamaşaçı da hiss eləyə bilər. Lakin mən bunu təqlid hesab eləmirəm.

- Asif müəllim, gəlin bu gün bir başqa siması ilə - yəni, daha çox kommersiya filmlərilə Azərbaycan kinoteatrlarına da ayaq açmağı bacarmış türk filmlərindən danışaq. "Kann", "Venessiya", "Berlin" digər kinofestivallarının qalibi olmuş türk filmlərini estetik kateqoriyada fərqləndirsək, "türk kinosu" anlayışı mövcud olarmı? Bu gün özünəməxsusluqları ilə diqqət çəkən, "türk kinosu" anlayışı varmı? Necə ki, biz "İran kinosu" dedikdə söhbətin nədən getdiyini ikinci sual vermədən başa düşürük.

- Ümumi bir cəhət tapıb kateqoriyalaşdırmaq olar. Məsələn, türk kinosunda xarakterik mövzulardan biri "atalar-oğullar"dır. Festivallarda biz baxırdıq, demək olar ki, həmişə bu mövzuda bir türk kinosu çıxırdı. Amma estetik olaraq mən türk kinosunun simasını hiss eləməmişəm. Doğrusu, mən həm türk kinosu izləyicilərindən deyiləm. Düzdü, bir çox filmlərinə baxmışam, rejissorların işlərinə bələdəm, amma dərindən analiz etməmişəm bu filmləri. Amma yenə deyim ki, əgər bu müqayisəni "İran kinosu" anlayışı ilə yanaşı təqdim ediriksə, biz öz poetikası, estetikası olan bir "türk kinosu" kateqoriyası görə bilməyəcəyik. İndividual olaraq öz dəsti-xətti olan rejissorları var. Amma bizim "məktəb" anlayışımız ki var, o müstəvidə qiymətləndirsək, az öncəki nəticəyə gələcəyik... Nəzərə almaq lazımdır ki, kino sənətlə yanaşı həm sənayedir. Elə bizdə kinonun sənaye tərəfi inkişafdan qalıb. Kinomuz proqram şəklində inkişaf etmir. Hazırda kinomuzun kommersiya qolu hərəkətdədir. Amma o da öz-özünə hərəkət edir, müəyyən bir proqram çərçivəsində inkişaf yoxdur.  Sualınıza cavab olaraq deyim ki, bu nəzəri olaraq mümkündür. Çünki bunun üçün kreativ resurslar var. Proqram şəklində inkişaf etdirilsə, təbii ki, mümkündür. "90"-larda qırıqlar olsa da, pis-yaxşı, kinoda nəsil keçidi var, bu yöndə universitetlər mövcuddur, dərs keçilir, yəni bütün elementlər var.

- Bu gün Azərbaycanda hansı mövzuda filmlər çəkilsə, sizcə, uğurlu alınar?

- Siz uğur deyəndə nəyi nəzərdə tutursunuz?

- Məsələn, beynəlxalq festivallar...

- Məncə, festivallar məqsəd olmalı deyil. Yaradıcı insan bunu özünə məqsəd seçməli deyil. Təbii ki, festivallarda qiymətləndirilsə, bu, müəllifi sevindirər. Düşünər ki, mənim fikrim qiymətləndirilir. Amma o müəllifin filmi çəkməkdə məqsədi festivalda qalib gəlməkdirsə, bu, konyunkturadan başqa bir şey deyil.

- Ümumiyyətlə, kino üçün "aktual mövzu" ola bilərmi? Əgər belə bir şey varsa, bu dönəmdə Azərbaycanda hansı mövzuların kinomuz üçün aktual olduğunu düşünürsünüz?

- Bu yenə gedib uğur məsələsinə dirənir. Əgər siz uğur deyirsinizsə bu uğurun göstəricisini festivallar hesab edirsinizsə, bu yöndə əsas mövzular sosial, siyasi mövzulardır. Əslində, belə mövzuların çəkilməsini çox gözləyirlər, çox istəyirlər. Yəni, biz kinonu iki istiqamətə bölsək, hansı ki, birinə incəsənət deyək, digərinə kommersiya yox, sənayə deyək. Yəni, məsələ maliyyədirsə, istənilən formada bu mövzularda film çəkib pul qazanmaq olar. Amma incəsənət qolunda mənim aləmimdə "aktual mövzu" anlayışı olmalı deyil. Çünki bu tip məsələlərdə aktuallıq bir az keçəridir. Bu gün aktual olan mövzu sabah olmaya bilər. Amma incəsənət daim aktualdır. Sənət əsəri yaratmaq istəyən şəxs bu cür təhlükəli fikirlərdən uzaqda durmalıdır.

- Bu gün sənətin qiymətləndirildiyi iddia edilən festivalların, məsələn, "Kann", "Venessiya", "Berlin" film festivallarının sənətdən kənar tələbləri var?

- Təbii ki, klişelər, stereotiplər var. Amma əsl sənət əsəri istənilən festivalda özünə yer tapa bilir. Amma qeyd etdiyim klişelərə, gözləntilərə əməl edib film çəkənlər, hətta bu yolla uğur qazananlar da var. Hansı ki, düşünürəm, bu tip filmlər 10 ildən sonra, ümumiyyətlə, aktual olmayacaq.

- Hər hansı rejissorun çəkdiyi filmdə öz ölkəsinin əxlaqını, mentalitetini, coğrafiyasını nümayiş etdirmək kimi bir borcu varmı?

- Bu detal xarici tamaşaçı tərəfindən müsbət qəbul olunur. Məsələn, bir fransız üçün bizim yaşayışımız maraqlıdır. Bundan rejissorlar çox tez-tez istifadə edirlər. Amma bu da konyunkturanın bir növüdür. Bu yoldan festivallara çıxmaq üçün çox istifadə edilir. Əgər bu detal filmin tərkib hissəsidirsə, filmin özündən doğursa, bu normaldır. Amma əksər hallarda bundan ekzotik bir tablo kimi yararlanırlar. Düzdür, ilk filmimdə mən bunu eləmişəm, amma yaxşı şey olduğunu düşünmürəm.

 

Söhbətləşdi: Sərdar AMİN

 

Ədəbiyyat qəzeti.- 2018.- 19 may.- S.31.